Azərbaycanda kişilərin saxladığı kişilər

Müəllif: Nigar
Şərhlər: 1
Baxılıb: 2 139
Səs ver:
(səs: 0)
Rayon məktəbi. Yaşı altmışı haqlamış məktəb direktoru. Dələduzun biri qapısını döyür və pul tələb edir: "Ya 3000 manat verəcəksən, ya da çılpaq şəkillərini qəzetimdə yayımlayıram".

Yaşlı məktəb direktoru dələduzu inandırmağa çalışır ki, onun çılpaq şəkillərini 40 illik ömür-gün yoldaşı belə görməyib:

"Ay oğul, özünü işə salma... Yaşlı qadınam, sənin montaj şəkillərinə kim inanar axı? 3000 manat məndə haradandır? Qoy işimi görüm".

Dələduzun cavabı öldürücüdür:

"Ay xala, bu balaca rayonda birini inandıracaqsan, ikisini inandıracaqsan. Mütləq inanmayan üçüncü tapılacaq. O da orda-burda deyəcək. Günlərin birində də oğlun bu söhbətə görə kimisə bıçaqlayıb öldürəcək. Salamatı, pulumu ver, gedim".

Məktəb direktoru bu istedadın qarşısında aciz qalır. Möhtəşəm dialoq 1000:0 dələduzun xeyrinə sona yetir.

İşsizliyin üzü qara olsun. Hamını istedada çevirdi. Məsələn, əvvəllər Azərbaycanda özünü tapa bilməyən kişilər Rusiyaya üz tuturdularsa, indi mətbuata, mediaya daraşıblar. Sayt açırlar, yazı yazırlar, pul qazanırlar. Hazırda "Çerkessk" bazarında alverini eləməli olduğu halda, mediada meydan sulayan adamlar var.

Hərə bacardığı kimi oxucuya, biznes sektora, siyasətçiyə, məmura fırladır. Reket, şantaj, hədə-qorxu, yazının anonsunu verib, ardını yazmaqla şəxsdən pul tələb etmək... İllərdir ki, yerli mediamızda belə allı-güllü hadisələr baş verir, rövnəqlənir.

Adıçəkilənlər kiçik miqyaslı "reketciklər"dir. Onlara pul verənlər isə gözükölgəli, özündən və işindən arxayın olmayan, hər işi rüşvətlə həll edən yazıqlardır.

Jurnalistin yeganə problemi mövzu tapmaq, yazı yazmaq olmalıdır. Oxunma sayı, reklam üçün hər yola getmək media orqanının menecerinin, reklamçısının işi olmalıdır. Əks halda jurnalist media orqanına yaradıcılıq kimi yox, bir qarın çörək kimi baxacaq.

Reket bir olmur, atam balası... Balacası var, yekəsi var.

Xəbər saytı reklam almaq üçün biznes sektora saxta oxunma sayı təqdim edirsə, dələduzdur.

Xəbər saytı yazının anonsunu yerləşdirib, pul aldıqdan sonra yazını vermirsə, dələduzdur.

Xəbər saytı yerləşdirdiyi xəbəri pul aldıqdan sonra saytdan yığışdırırsa, dələduzdur.

Xəbər saytı qanunların başkəsən kimi tanıdığı adamın qohum-əqrəbasından pul alıb, başkəsəni mələk kimi təqdim edirsə, dələduzdur.

Xəbər saytı "qanuni oğru"nu pul qarşılığında xalq qəhrəmanı kimi təqdim edirsə, təkcə dələduz, "reket" yox, həm də millətin düşməni olan əxlaqsızdır.

İndi əlimizə 3-4 fağır, yiyəsiz "reket", dələduz keçib, sağına da döşəyirik, soluna da. Bu məsələdə media nümayəndələrinin "bala reketlər"i top atəşinə tutması "Mənim anam sənin ananı fahişəxanada görüb" ittihamına bənzəyir. Hamı süddən çıxmış ağ qaşıq kimi günahlandırır.

Yem bölünür. Böyümüş, ətə-qana gəlmiş, özünü medianın elitası, xaç atası elan edən "reketlər" "bala reket"lərin sayının artmağından təlaş hissi keçirir. Əlimyandıda müsahibələr verir, xəbərlər qoyur. Bu "reket"lərin varlığından indi niyə xəbər tutduq? Yuxarıda sadaladıqlarım dələduzluqdursa, niyə tədbir görülmür? Necə ola bilir ki, "bala reketlər" regionlarda yaşı 20 ildən çox olan media qurumlarının adından oyun çıxarırlar? Necə olur ki, icra başçısı, "JEK" müdiri, vergidən yayınan biznesmen illərin qəzeti, saytı olan media qurumlarının da pul tələb edəcəyinə inanıb, küçədən keçən avaraya pul verir? Çünki at izi it izinə qarışıb. Biz palanı döyürük. Media artıq yazı-pozu yeri, yaradıcılıq guşəsi deyil. Odur ki, kiminsə xəbərə yaradıcı yanaşmasını gözləmək gülməlidir. Şərait xəbəri at kimi ürküdüb qovmağı tələb edir.

Özü dələduzun yekəsidir, reklam verməyən şirkətləri şantaj edir. Di gəl ki, "reket" daş-qalağına qalxıb. Buradan baxanda bir balaca duzsuz görünür.

Dəhşətlidir. Bizim atalarımızın dövründə kişilər borc almaqdan utanırdılar. Fikirləşirdilər ki, kişi digər kişidən artıq deyil. Ortada ölüm-dirim məsələsi yoxdursa, əl açmaq, pul, kömək istəmək olmaz. İndi isə əksinədir. Kişilər nəinki borc almaqdan, başqa kişinin onu saxlamağından belə utanmırlar. Əvvəllər media qurumları gələn ianə və yardımları gizlədirdilər. Kənardan müdaxiləni, kiminsə təsiri altında olmağı özlərinə sığışdırmırdılar. Dəyərlər dəyişib...

Azərbaycan mediasında yazının mürəkkəbinə anasının südü qədər müqəddəs nəsnə kimi yanaşan jurnalistlər var. Onlar illərdir ki, işlədikləri qəzetlərdə, saytlarda maaşa işləyiblər. Bir qarnı ac, bir qarnı tox maaşla yaşayıblar. Heç kimin cibini güdməyiblər.

Kişi kişini saxlamaz. Hansısa kişinin cibinə göz dikməz. Amma belələri indi nadir tapıntıdır.

P.S.: Mütəmadi olaraq "reket jurnalist" ifadəsi səsləndirilir. Adam ya "reket" olur, ya jurnalist... İkisi bir yerdə getmir.
Azərbaycanda kişilərin saxladığı kişilər
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 139
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri