Hazırlanması: Xəmir: Qatığı 1 st. bitki yağı və yumurta ilə qarışdırın. 1 x.q. limon şirəsi əlavə edin. Qabartma tozu və duzla qarışdırılmış unu az-az əlavə edib yumşaq, elastik, ələ yapışmayan xəmir yoğurun.
Xəmiri 24 bərabər hissəyə bölüb kündələyin.
Üzərinə nişasta səpib (2-3 ç.q.) dəsmal çəkin, otaq temperaturunda 1 saat saxlayın. İç: Tavada 3 x.q. şəkər tozu, vanilli şəkər, mannı və 1 ç.q. nişastanı qarışdırın, üzərinə süd töküb qarışdıraraq orta itilikli ocağa qoyun. Qarışdıraraq qatılaşınca bişirin, soyudun.
Şərbət: Qazanda su ilə şəkər tozunun qalanını qarışdırın, ocağa qoyun. Qaynara düşəndən sonra 10 dəqiqə qaynadın. Limon şirəsi qatın, yenidən qaynara düşəndə ocaqdan götürün, tam soyudun.
Hər kündəni təxminən 1 mm qalınlıqda yayın. Aralarına nişasta səpərək 12-12 üst-üstə yığın.
Hər iki dəsti (12 yuxa olmaqla) ayrılıqda 3-4 mm qalınlıqda yayın, 5x5 ölçüdə kvadratlara bölün.
Kərə yağını əridib qalan bitki yağı ilə qarışdırın. Hər kvadratın üzərinə bu qarışıqdan çəkin. Bir tərəfinə iç qoyub üzərinə qoz ləpəsinin 1/4-ni yerləşdirin. Digər tərəfini üzərinə qatlayın. Formanı yağlayın. Şöbiyetləri düzün. Üzərinə bolluca yağ qarışığından çəkin.
200 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə, üzəri qızarınca bişirin. Qaynar şöbiyetlərin üzərinə soyuq şərbət töküb 2-3 saat saxlayın.