Aparılan yeni
araşdırmalardan biri sübut edib ki, bir çox ölkələrin mədəniyyətində
dodaqdan öpüşmə davranışı yoxdur. Heyvanlarda da belə bir davranışın
olmadığı məlumdur. Elə isə ortaya maraqlı bir sual çıxır: öpüşmə necə
yaranıb?
Əslində, düşünəndə öpüşmək ilk baxışdan ilginc və bir az da
iyrənc davranış kimi görünə bilər. Kobud desək, qarşınızdakı
insanla uzun müddət tüpürcək mübadiləsi edirsiniz. Hətta araşdırmalar
sübut edib ki, bir öpüşlə insana 80 milyon bakteriya keçə bilər. Lakin
etiraf edək ki, hər kəs ilk öpüşməni detalları ilə xatırlayır. Yeni
romantik əlaqələrin başlamasında öpüşmənin əhəmiyyətli yeri var. Bəzi
cəmiyyətlərdə isə öpüşmə cütlüklərin münasibətində əhəmiyyətli dərəcədə
mühüm rol oynayır.
Qərb cəmiyyəti və düşüncə tərzi romantik öpüşmənin universal bir
insan davranışı olduğunu hesab edir. Hətta heyvanların bəzilərinin
öpüşmə və öpüşməyə yaxın hərəkətlər etməsi də müşahidə olunub. Ancaq bu,
bütün heyvanlara aid deyil. Fərqli mədəniyyətlərin bir çoxunda isə
öpüşmə tamamilə yad, qəbuledilməz nadir bir davranış növüdür.
Belə olduqda bu maraqlı davranışın
arxasında nə dayanır? Öpüşmənin açıqlaması nədir? Əgər faydalı bir
şeydirsə, niyə bütün insanlar və heyvanlar öpüşmür?
Öpüşmək dünyəvi deyil
Bu mövzuda dünyanın müxtəlif yerlərində 168 fərqli mədəniyyət
araşdırılıb və yalnız 46 faizində romantik öpüşmənin olduğu ortaya
çıxıb. Əvvəlki təxminlərdə isə bu nisbət 90 faiz idi. Yeni araşdırmalar
isə valideynlərin uşaqlarını öpməsini istisna etməklə, yalnız cütlüklər
arasındakı dodaq-dodağa öpüşmə üzərində aparılıb.
Ovçuluq və toplayıcılıqla məşğul olan bir çox insan qruplarında
öpüşmə hallarına rast gəlinməyib. Hətta bəzi cəmiyyətlər bu davranışı
iyrənc adlandırıb. Məsələn, Braziliyadakı Mehinaku qəbiləsi öpüşmənin
iyrənc olduğunu düşünür. Məlum olub ki, hələ də ibtidai həyat tərzi
sürən qəbilələrdə bir-birlərini öpmürlər. Bununla da sübut edilib ki,
hətta 21-ci əsrdə belə, öpüşmə dünyəvi davranış deyil.
Oksford Universitetinin mütəxəssisləri isə öpüşmənin son əsrlərin
yeni tapıntısı olduğunu deyir. Öpüşmə zamanla nəsil dəyişmələri
nəticəsində yaranıb. Öpüşmənin tarixi isə təxminən 3500 il əvvələ gedib
çıxır. Öpüşmə haqqında ilk yazılar Hindi Vedic Sanskritdə çıxıb. Bu
yazılarda öpüşmə insanların bir-birinin ruhunu içlərinə çəkməsi kimi
izah edilir. Misir heroqriflərində isə insanların cismani və ruhən
yaxınlığı dodaqlarını birləşdirmək yerinə, bir-birinə yaxın məsafədə
durmaqları ilə təsvir edilir.
Bəs görəsən, bu, öpüşmənin təbii bir davranış qaydası olduğunu,
sadəcə bəzi mədəniyyətlərin ondan imtina etdiyi anlamına gəlir?
Yoxsa öpüşmə müasir insanların icad etdiyi bir davranış növüdür? Bu
sualların cavabını heyvanlarla bağlı nümunələrə baxmaqla vermək olar.
Məməlilərin davranışı
İnsanın ən yaxın qohumu olan şimpanzelər və bonobo meymunları da
öpüşür. Araşdırmalar şimpanzelər arasında öpüşmə və sarılma hallarına da
tez-tez rast gəlindiyini sübut edib. Şimpanzelər üçün öpüşmə bir növ
razılıq mənasını verir. Bonobolar isə daha tez və dillərini istifadə
edərək öpüşür. Bu meymunların həyatında seks böyük bir yer tutduğu üçün
öpüşmələri də təəccüblü deyil.
İki insan qarşılaşdıqda əl-ələ görüşürlər. Bonobolarda isə bu cür
görüşmə seksə yönəlikdir. Yəni bu, onlar üçün qucaqlaşma kimi bir
haldır. Digər yaxınlaşma cəhdlərində də seksdən istifadə edərlər. Yəni
onların öpüşməsi də romantik deyil. Bu iki meymun növü istisna olmaqla
digər heyvanların öpüşmədiyi məlumdur. Bunun yerinə bir-birlərinin
burnuna, ya da üzünə sürtünə bilirlər, dodaqları olanlar belə
dodaq-dodağa öpüşmürlər. Çünki buna ehtiyac duymurlar.
Yabanı erkək donuzlar kəskin qoxu ifraz edirlər və dişi donuzlar üçün
bu, cazibədar hesab edilir. Bu qoxudakı feromon adı verilən kimyəvi
maddə dişide cütləşməyə cəhd yaradır. Dişilik baxımından bu, yaxşı bir
haldır. Çünki bu kimyəvi maddəyə ən çox sahib olan erkək çöl donuzunun
məhsuldarlıq gücü də yüksək olur. Dişinin qoxu alma gücü o qədər
güclüdür ki, öpüşəcək qədər yaxınlaşmaya ehtiyac qalmır. Digər
məməlilərdə də eyni şey keçərlidir. Bir çox məməlilər də qarşı cinsdə
həyəcan yaradan kimyəvi maddə ifraz edir.
Siçanların də bənzər kimyəvi izləri təqib etməsi genetik olaraq
fərqli yoldaş tapmalarına kömək olur və beləcə, ensest riskini
azaldaraq sağlam bala vermə şansını artırır. Heyvanlar bu qoxuları
yaradan kimyəvi maddələri əsasən sidik yolu ilə ifraz edirlər. Beləcə,
sidiyi iyləyərək uyğun yoldaş axtararlar.
Qoxu alma qabiliyyətinə malik olan yalnız məməlilər deyil. Erkək karadul hörümçəkləri dişilərin ac və ya tox olduğunu ifraz etdikləri qoxudan anlayır və onu yeməsin deyə yalnız tox olduğu zamanlarda onunla cütləşir. Qısası, heyvanların potensial yoldaşı iyləyərək tapmaları üçün bir-birlərinə yaxınlaşmalarına ehtiyac qalmır.
Bəlkə də buna görədir ki, insanların qoxu hiss etmə duyğuları çox
inkişaf etmədiyi üçün bir-birinə yaxınlaşmaq məcburiyyətində qalırlar.
Potensial yoldaşın nə qədər sağlam olduğunu anlamaq üçün qoxu ipucu
olmamaqla yanaşı, yoldaş seçimində də böyük rol oynayır.
Öpüşərkən iyləmək
1995-ci ildə nəşr olunan bir araşdırmaya görə, eynilə siçanlar kimi,
qadınlar da genetik olaraq özlərindən fərqli kişilərin qoxusuna üstünlük
verirlər. Beləcə, fərqli genlərə sahib insanlar cütləşərək, sağlam bala
əldə etmə ehtimalını artırmış olurlar. Tərəf müqabilinin genləri ilə
bağlı nəsə öyrənməyin ən yaxşı yolu isə öpüşərkən iyləməkdir.
2013-cü ildə Amerikada öpüşmə zamanı daha çox nəyə üstünlük verildiyi
araşdırılıb. Yüzlərlə insandan birini öpdükdə özünü necə hiss
etdiyi soruşulub. Məlum olub ki, insanların çoxu qoxu hissini vacib
hesab edir. Sirr deyil ki, hamilə və doğuşa hazırlaşan qadınlar üçün
qoxu əhəmiyyətli dərəcədə rol oynayır. Kişilərin tərindəki bir maddə də
eynilə çöl donuzlarında olduğu kimi qadınlarda cinsi istəyin artmasına
səbəb olur.
Bazı mədəniyyətlərdə iyləmə
davranışı fiziki dodaq kontaktına çevrilib. Özünüz üçün ən uyğun həyat
yoldaşı tapmaq istəyirsinizsə, öpüşmə ilə yanaşı iyləməyə də üstünlük
verməniz vacibdir. Öpüşmə yolu ilə keçəcək mikroblardan çəkinmək
istəyirsinizsə iyləməklə, özünüzə uyğun yoldaş tapa bilərsiniz. Lakin bu
zaman sizə baxan sual dolu baxışlardan çəkinməyin.