MƏN SEVGİYƏ SUSAYARKƏN...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 478
Səs ver:
(səs: 0)

 

Uzun yolçuluqdan gəlirəm,
yəni ömrüm yollarda keçdi.
Ömrüm özü də bir yoldu deyə
sığınıb bir sevgiyə
adımbaaddım ölçdüm
bu yolları..
Bəlkə də yolları deyil
yollarla ömrümü,
sənəcən olan
sevgimin böyüklüyünü ölçdüm,
kim bilir…

Mən sevgiyə susayarkən
yolları içdim,
Yollar mənə susayarkən
ömrümü…

Beləcə yorulduq;
yorulduqca durulduq.
durulduqca daha da vurulduq-
sevgilərin böyüklüyünə-
çiyin-çiyinə
bu yollarla…

İnanmasalar belə
çəkinmədən, qorxmadan
İnandım Tanrının həm də
bir uzun,
bir sonsuz yol olduğuğuna…

İndi
uzaqdan
çıxmaq istədiyin
bir uzun yol kimi görünürəm sənə
mən də.
Qorxudur səni bu yolçuluq
Və bu uzun yol.
Ama fərqində deyilsən
ayaqların altından keçən
Bu yolun bir ucunun hələ də…

***

Otağımda sakitləşdiricilərin iyrənc qoxusu,
başımda ağlımı itirmək qorxusu.
Masanın üstündəki kirli qablar kimidi həyatım,
bir qadın əli kimi uzaqdı mənə bu dünya indilərdə.
İndilərdə sənə daha çox bənzəyir yoxluğun,
"Daha çox mənə bənzəyir sənsizliyim.”
İndilərdə damla-damla əriyir kipriklərimdə
ayrılıqların daşlaşmış yuxusu.
Və bu aralarda səni yamsılayır neçə-neçə qəm.
Və mən
Divara dikilmiş gözlərimlə pıçıldayıram şəklinə:
- Qayıdarkən mənə sevgi gətirərmisən, "mem”?!.

***

Silkələnir
sahildə qumdan hördüyümüz evcik…
Bir qağayı cığırtısına
qabarır sinəsi dənizin…
Suların üzərinə hopmuş Gün işığı
üfüqlərə qovuşan yeganə cığır…
Ha bağır, ha çığır,
dalğaların səsində boğulur
bir sevdaya can atan iki səs…
Oysa çox uzaq,
əllərimizi uzatsaq belə
barmaqlarımızın ucu toxunmayacaq
qədər uzaq…
Və budur,
çökür hördüyümüz evcik,
qaçır ayağımız altından yer-
bir sevgiyə.
Hə, dostum,
yıxılmayasan deyə
yapış,
möhkəmcə yapış
kürəyimə saplanan bıçaq dəstəyindən-
məni yıxılmağa qoyma nə olur…

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 478
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri