Məhəbbət
elə bir hissdir ki, o, yaşından, cinsindən asılı olmayaraq hər kəsin
könül qapısını açır. Sizin aranızda da elələri var ki, bu hiss artıq
onun varlığına kövrəkcəsinə qədəm basmışdır. Sən də gec-tez məhəbbəti
xoş bir duyğu kimi salamlayacaqsan. Budur, artıq nəsə səni narahat edir,
gecələr yuxun qaçır, baxışlarını tavana zilləyib fikrə gedirsən. Yadına
həmin qız (oğlan) düşür. Axı niyə onunla danışanda səsin titrəyir,
üzbəüz gələndə özünü itirir, görməyəndə darıxırsan?Hərdən oğrun-oğrun
baxışırsınız, qəflətən nəzərləriniz toqquşur, yanaqlarınız xəfifcə
allanır..... Bəlkə bu məhəbbətdir?
Əlbəttə,
sevirsən. Amma yadında saxla ki, məhəbbətinizin uğurlu olması əsasən
özünüzdən asılıdır. Hisslərinizin möhkəmliyindən, qarşılıqlı
münasibətlərinizin xarakterindən asılıdır.
Yüksək
davranış mədəniyyətinə yiyələnmək, ünsiyyət prosesində müəyyən əxlaq
qaydalarına əməl etmək sevgililərin bir-birinə münasibətini daha da
yaxşılaşdırır. Qıza qarşı kobudluq oğlan üçün bağışlanılmaz səhvdir.
Oğlan başa düşməlidir ki, bu gün onunla eyni parta arxasında oturan qız
sabah ər evində bir anadır!
İlk gənclik
məhəbbətində hiss əsas rol oynayır, gənclər sevgilini çox vaxt gözəl
olduğu üçün seçib bəyənir. Yetkin məhəbbətdə tərəflər çox vaxt
ölçüb-biçir, götür-qoy edir.Bu dövrdə onların seçicilik duyumu və
tənqidi yanaşma qabiliyyəti, məntiqi təfəkkürü formalaşır.
Sevənlər
bir-birinə qarşılıqlı tərbiyəvi təsir göstərirlər. Biri digərinə öz
nöqsanını düzəltməkdə, çətinlikləri aradan qaldırmaqda lazımi məsləhət
verir. Bir sözlə, oğlan və qız seçdiyi şəxsin xatirinə özünü
təkmilləşdirir. Buna görə də deyirlər ki, məhəbbət insanı nəcibləşdirir,
xeyirxah və səmimi edir.Lakin bəzən oğlan və qız sevgilisinin haqlı
iradlarından nəticə çıxartmır, öz qüsurlarını aradan qaldırmaq istəmir.
Məhəbbətdə
mühüm cəhətlərdən biri öz hissini qorumağı bacarmaqdır. Oğlan sevgilisi
ilə küçədə, kinoteatrda, nəqliyyatda və digər yerlərdə müəyyən həddi,
normanı gözləməklə rəftar etməlidir. Yersiz hərəkətlərə yol
verilməməlidir. Bəzən parklarda, dənizkənarı bulvarda hamının gözü
qarşısında qızla oğlanın bir-biri ilə qol-boyun olduğunun şahidi
olursan.
Əlbəttə,
bir-birinə həqiqətən könül vermiş gənclər belə iş tutmaz, pak və ülvi
bir hissi təhqir etməzlər. Lazım gələn təqdirdə oğlan qızın, qız oğlanın
şərəf və ləyaqətini qorumalıdır. Həqiqi məhəbbət əxlaqsızlıqla, əks
cinsə hörmətsiz münasibətlə bir araya sığmır. O, « gün keçrmək » zövqünə
sığınan yalançı məhəbbətdən əsaslı fərqlənir. Həqiqi məhəbbət əbədi,
sönməz, yalançı məhəbbət ötəri, aldadıcı və mənafegüdəndir. Belə
məhəbbətdə tərəflərdən biri digərini şüurlu aldadır, vədlər verir, şirin
sözlər söyləyir. Qız yalan vədlərə inanır, şirin sözlərdən xoşlanır və
səhv edir.
Gənclər
münasibətin mahiyyət etibarilə nə ilə nəticələnəcəyini qabaqcadan
təsəvvür etməyi bacarmalıdır. Fiziki yaxınlıq, xüsusilə qızlar üçün ağır
nəticələr törədə bilər. Qızlar nikah bağlanana və gərdək qurulanadək öz
ismətlərini qorumalıdır.Ər evinə qızların pak və alnıaçıq getməsi, ailə
həyatının pozulmaz qanunu, gələcək ailə təməlinin mohkəmliyinin
rəmzidir.