Hallüsinasiya
ilə bağlı zarafatlar əyləncəli və gülməli gələ bilər. Lakin bu
hallüsinasiyalar sizdə baş verdikdə artıq elə də gülməli olmur.
İndiki zamanda daimi stress hallüsinasiyalara gətirib çıxarda bilər.
Amma bunlardan qurtulmaq elə də asan deyil. Bəs hallüsinasiya nədir?
Hallüsinasiya — mövcud olmayan bəzi obyektləri görmək, eşitmək,
qoxusunu hiss etmək, toxuna bilmək kimi səhv duyğuların beyin tərəfindən
gərçək kimi qəbul edilməsidir. Hallüsinasiya termini illüziya ilə
bənzərlik təşkil edir. İllüziya müəyyən bir görüntünün göz tərəfindən
səhv qəbul edilməsinə deyilir. İllüziyalar insanın görmə bucağı
dəyişdiyi zaman baş verir. Hallüsinasiyalarda isə adam gördüyü şeylərin
həqiqi olduğuna inanır və onları realda hiss edirmiş kimi yaşayır.
Psixoz xəstəliklərində hallüsinasiya hallarına tez-tez rast gəlinir.
Xəstə səhv, real olmayan bir çox şeyi gerçəklik kimi qavrayır.
Paranoid-şizofreniyaya tutulmuş xəstələr mələk, cin və şeytanlara oxşar
varlıqların onu öldürməyə və ya yaxşılıq etməyə gəldiklərini iddia
edirlər. Hipnoz yuxusu altında da bəzən müvəqqəti hallüsinasiyalar
yaranır. Hallüsinasiyaların təsiri altına düşən xəstə intihar edə bilər.
Gözə görünən hallüsinasiyalara əsasən müxtəlif şəkillər aiddir. Onlar
qəribə, qeyri-adi heyvanlar, qorxunc başlı insanlar və s. görürlər.
Hallüsinasiyaya tutulan xəstələrdə yanlış qavrayış üstünlük təşkil
edir. Onlar öz qavrayış hissinə əmindirlər. Onlara elə gəlir ki, onların
gördüyü və düşündüyü qeyri-real hadisələr ətraf mühitdə gərçəkdən
mövcuddur.
Psevdohallüsinasiya anlayışı da mövcuddur. Psevdohallüsinasiyada
xəstələr öz yanlış xarakterini dərk edirlər. Hallüsinasiyanı illüziyadan
fərqləndirmək lazımdır. İllüziya (latınca illusio — yanlış fikir,
yalan) — real, mövcud olan obyektin və ya hadisənin təhrif olunmuş
qavrayışıdır. Amma hallüsinasiya zamanı yanlış qavrayış subyekt özü
olmadığı halda yaranır.
Hallüsinasiya sağlam insanda da yarana bilər. Həddindən çox işləmək,
sistematik yuxusuzluq müəyyən vaxtdan sonra hallüsinasiyanın yaranmasına
gətirib çıxarır.
Kiçik uşaqlar, hətta bəzi böyüklər də yatmazdan əvvəl və ya yuxudan
oyananda hallüsinasiyaya tutulur. Buna səbəb isə gözlərin erkən sürətli
hərəkəti adlı yuxu fazasıdır. Bu fazada insanlar parlaq yuxular
görürlər. Hallüsinasiya psixoloji və ya somatik xəstəliklər zamanı, bəzi
dərmanların, spirtli içki və ya narkotik maddələrin qəbulu nəticəsində
də yarana bilər. Həmçinin, psixoloji depressiya da bura aiddir.
Depressiyanın bu ağır formasına adətən hamiləlikdən sonrakı dövrdə və
yaşlı xəstələrdə tez-tez rast gəlinir.
Hallüsinasiyanın təzahürü vaxtında müalicə edilməzsə, bu xəstəlik
tərəqqi edə bilər. Mütləq həkimə, psixoloq və ya psixiatra müraciət
etmək lazımdır. Müasir preparatlar uğurla bu işin öhdəsindən gələ bilir.
Bu psixi pozuntunun öhdəsindən daha yaxşı nəticəni isə psixiatr və
psixoloqun birgə fəaliyyətindən əldə etmək olar. Özünüzü və
sağlamlığınızı qoruyun. Sağlamlıq insan üçün çox vacib və
əhəmiyyətlidir.