Burunda poliplər niyə əmələ gəlir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 767
Səs ver:
(səs: 1)
Burun polipləri - şişvarı törəmələr xroniki allergik-iltihabi proseslər şəraitində əmələ gəlir. Poliplər kiçik, orta və böyük ölçülərdə olur.

Burunda poliplər niyə əmələ gəlir və onları necə müalicə etməli?

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) məzunu, LOR-həkim, tibb elmləri namizədi Səid Allahverdiyev məsələyə aydınlıq gətirir.

"Payız aylarında yuxarı nəfəs yolları xəstəliklərinə daha çox rast gəlinir. LOR-orqanların bu xəstəliklərinə kəskin respiratorlu virus yoluxmaları, allergiyalı rinit, qaymorit, burun və burunətrafı cib polipləri, xarici və orta otitlər, lakunar, follikulyar anginalar və s. aid edilir. Bu söhbətimizdə burun və burunətrafı cib polipləri barədə daha ətraflı danışacağam. Burun polipi olan xəstələr adətən burunla nəfəs almağın qismən və ya tamamilə çətinləşməsindən, iybilmə qabiliyyətinin itməsindən şikayət edirlər. Simptomlar özünü dərhal göstərmir. Hər şey yüngül burun tutulmasından, burunla nəfəs almağın çətinləşməsindən başlayır. İlkin mərhələdə bu simptomlar gah əmələ gəlir, gah da itir. Vaxt getdikcə xəstəliyin əlamətləri kəskinləşir, xəstənin burunla nəfəs alması daha da pisləşir. Bu, polipin ölçüsünün böyüməsi ilə bağlıdır. Bir çox pasiyentlər burun damarlarını daraldan damcılardan istifadə edirlər, lakin bu damcıların təsiri uzunmüddətli deyil, onlar burun tutulmalarını yalnız müvəqqəti aradan qaldırır", - deyə LOR-həkim söhbətimizin əvvəlində bildirdi.

-Poliplərin əmələgəlmə səbəbləri hansılardır və bu diaqnoz nəyə əsasən qoyulur?

-Poliplərin əmələgəlmə səbəbləri sonadək öyrənilməyib, burun ciblərinin əlavə törəmələrinin iltihabı olan, allergiyalı rinit, bronxial astma, burundaxili patologiyalarla, o cümlədən burunun çəpər əyriliyi, burun balıqqulağının hipertrofiyası və s. müşayiət olunan pasiyentlərdə daha çox rast gəlinir. Bundan əlavə, burunla nəfəsalma pozulduğundan müxtəlif viruslu və bakteriyalı yoluxmalar tez-tez baş verən soyuqdəymələr vasitəsilə xəstəliyə əlavə olunur. Həmçinin xorultunun əmələ gəlməsini qeyd etmək olar. Vaxtında müalicə almadıqda, yəni xəstə həkimə uzun müddət müraciət etmirsə, poliplər o dərəcədə böyüyür ki, burunla nəfəsalma gün ərzində keçmir, insan gecə-gündüz əziyyət çəkir, iybilmə qismən və ya tamamilə itir, daimi başağrıları olur. Burun poliplərinin diaqnozu burun boşluğunun endoskopik tədqiqatı və burunətrafı ciblərin kompüter tomoqrafiyası vasitəsilə qoyulur. Burunun endoskopiyası zamanı həkim ekranda polipoz toxumanı görür, tomoqrafiyada isə polipin lokallaşma və yayılma sahəsi dəqiqləşdirilir. Həmçinin polipin haradan - qaymor, alın, pazşəkilli boşluqlardan və ya qəfəsşəkilli labirintin hüceyrələrindən inkişaf etməsi təyin olunur. Planlaşdırılan cərrahi müdaxilənin həcmi bu diaqnozdan asılıdır. Burunda kiçik poliplər aşkarlandıqda konservativ, yəni dərmanların köməyi ilə müalicə aparırıq, poliplər orta və böyük ölçüdə olduqda cərrahi müdaxilə edirik. Burun polipinin daha müasir və az travmatik üsulla kəsilib götürülməsi endoskopik şeyver texnologiyası ilə (FESS - functional endoscopic sinus surgery) həyata keçirilir. Bu texnologiya vasitəsilə poliplər burunun içindən və burun boşluğundan kəsilir, selikli qişaya zərər vermədən və zahirdə heç bir kəsmə olmadan yerinə yetirilir.

-Polipi olan xəstə ilə əməliyyat necə aparılır?

-Əməliyyat ümumi narkoz altında aparılır, əməliyyatdan sonra xəstə heç bir ağrı hiss etmir. Endoskop cərraha burundaxili strukturları böyüdülmüş şəkildə daha yaxşı görməyə kömək edir, şeyver (mikrodebrider) polipoz hüceyrəni "yeyir", qanaxma və poliplərin təkrar böyüməsi ehtimalını azaldır. Əməliyyatdan sonra əvvəlki illərdə olduğu kimi burundaxili tamponlardan istifadə etmirik, yəni xəstə əməliyyatdan dərhal sonra burunla sərbəst nəfəs alır. Xəstə əməliyyat olunduğu gün və ya səhəri gün evə buraxılır. 2-3 gündən sonra onun işə başlamasına icazə veririk. Burunda polipin təkrar əmələ gəlməsinin qarşısını almaqdan ötrü xəstəyə dərman - intranazal topik steroidlər təyin edirik. Burun polipi olan xəstələrin bəziləri aspirinli triadadan - bronxial astmadan, analginə və aspirinə qarşı allergiyadan əziyyət çəkirlər. Belə xəstələrdə poliplərin təkrar böyüməsi ehtimalı astması və bu dərmanlara allergiyası olmayan xəstələrə nisbətdə yüksəkdir. LOR-həkim, allerqoloq və pulmonoloqdan bu cür xəstələrə ayrıca diqqət göstərmələri tələb olunur. Praktikamızda burun boşluğunda və burun cibləri boşluğunda çox iri poliplərə rast gəlmişik. Buna səbəb xəstələrimizin həkimə çox gec müraciət etməsidir. Yuxarıda sadaladığımız simptomlar olduqda diaqnozun dəqiqləşdirilməsi üçün həkimə müraciət etməyi məsləhət görərdik.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 767
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri