Xəyalımdakı dünyamı sevirdim, ta ki... (2-ci bölüm)

Şərhlər: 6
Baxılıb: 3 708
Səs ver:
(səs: 2)
Xəyalımdakı dünyamı sevirdim, ta ki, reallıqla qarşılaşana qədər (2-ci bölüm)

...Artıq, Albina orta məktəbi bitirirdi. Üç bacı bir-birinə hədsiz dərəcədə bənzəsə də, tamam fərqli xarakterdə idilər. Zuha hiss edirdi ki, bacısı, deyəsən, aşiq olmuşdu. Bir-birilərini çox sevsələr də, dərdlərini, sözlərini bölüşməzdilər. Hər üçünün fərqli rəfiqələri, fərqli dünyagörüşləri vardı. Zaman keçdikcə illər ərzində çox şey dəyişmişdi. Qızlar böyüdükcə çətinliklər də böyüyürdü. Harun kişinin qəflətən rəhmətə getməsi Ruqəyyə xanımı və Mələyi daha da çətinliyə salmışdı. Ancaq Ruqəyyə xanımın təqaüdü ilə keçinməyə çalışırdılar.

Mələk, qızlarının oxuduğu məktəbin kitabxanasında işləməyə başlamışdı. Nə qədər çətinliyə düşsə də, öz ailəsinə ağız açmırdı. Anası Zöhrə xanım əsəbi, zəhmli qadın idi. Hər dəfəsində qızının bədbəxt olmasında balaca qızları günahlandırırdı - "Zuhanı ver atasına, Elvira ilə Albinanı da, hərəsini bir qardaşına ver. Özün isə ərə get. O insandan olan uşaqlar sənə lazım deyil". Uşaqları da görməyə gözü yox idi. Digər nəvələrinin səs-küyünə əsəbiləşib, qızlara qışqırar və vurardı. Elə, qızlar da nənələrini sevməzdilər...

Bir dəfə Mələk qızlarının qarderobunu səliqəyə salanda Zuhanın geyimləri arasından pul tapdı. Çox pis olmuşdu. "Bu pul hardandı, bəlkə oğurluq edib? Off, mən dəli olaram, yox, yox eləməz. Bəs, onda hardandı bu pullar?" Axı, evdən də heç pul itməmişdi. Bəlkə əmiləri verib.Yox, elə olsaydı anasına deyərdi. İçi-içini yeyirdi. Ən yaxşısı soruşmaqdı. Qizlar zalda oturmuşdular. Özünü topladı və Zuhanı içəri çağırdı. "Zuha heç utanırsan? Nəyini əskik elədim sənin? Sən haçandan oğurluq eləməyə başlamısan, ay küçük?" Zuha özünü itirmişdi. Səsə Ruqəyyə xanım və qızlar da gəlmişdi. Zuhanın səssizliyi Mələyi özündən çıxarırdı. Bərk sinəsindən itələdi, hiddətlə "cavab ver də, ay yetimçə!"

"Mən oğurluq eləməmişəm" -deyirdi kiçik qız.
"Bəs, hardandı səndə o qədər pul?"

Ruqəyyə xanım əlini ağzına tutdu, nə baş verdiyini anlamırdı. "Ana, oğurluq edib. Haram olsun ona baxdığım, verdiyim əziyyət. Yaxşı deyiblər, sakitlərdən qorxacaqsan həmişə"
Zuha hıçqırırdı: "Mən oğurluq etməmişəm. Sənin mənə verdiyin bulku pullarıdır"

-Sən məktəbdə heç nə yemirsən? Mən sənə onu ac qalmayasan deyə verirem.
-Mən acmıram ki, ana, yığırdım ki, nənə ilə bazara gedəndə ona verəm, evə çox ərzaq alaq.

Mələk çox peşiman olmuşdu. Qızından necə şübhələnə bilərdi, axı?! Özünü qınamışdı. Daha, hər nə olursa olsun, qızına inanacaqdı.

Təəssüf ki, bu Mələyin ilk peşimanlığı olsa da, son olmadı.

Albina bu il məktəbi bitirəcəkdi. Onsuz da dərs oxumaqla arası yox idi. Mələk çox çalışırdı ki, qızı heç olmasa bir sənət yiyəsi olsun. Gənc qızlar yaxşı bilər, kənardan bəzi sözlər qulağa çatırdı. Albina çox gözəl idi. Uzun xurmayı saçları, dəniz mavisi gözləri, iri dodaqları vardı. Çox gəncin xəyalındakı qız idi. Təbii olaraq qızın arxasınca gəzənlər vardı. Albina bunları boynuna almırdı.

Ruqəyyə xanım evdə əsas söz sahibi idi. Bütün qərarları o verirdi.
Artıq, Albina haqqında öz arzularını həyata keçirirdi. Onu öz qardaşı oğluna verəcəyini dedi. Albina ağlamışdı o gün. Anasına etiraf etmişdi ki, o, qonşusu olan Rəsulu sevir. Rəsul ağıllı, sakit oğlan idi. Universiteti bitirmiş, əsgərliyini çəkmiş, bir ofisdə yazı-pozu işinə baxırdı. Mələk bunu Ruqəyyə xanıma dedikdə, qadın qəti şəkildə etiraz etdi, artıq gələn həftə qardaşıgilin gələcəyini söylədi. Mələk necə qarşı çıxa bilərdi ki?!

Kaş ki, o zaman qarşı çıxsaydı buna. İlkinin, gözəllər gözəli qızının başına gələcəklərdən xəbərsiz idi...

*****

...2011-ci il... Fevral ayı olsa da, havalar elə də soyuq keçmirdi. Zuha 9 gün idi ki, işə getmirdi. Yıxılıb, topuğunu zədələmişdi. Müdriyyət sağalanacan evdə qalmasına icazə versə də, artıq evdə qalmaqdan bezmişdi. Fevralın 21-i səhər qalxdi ki, işə getsin, Mələk narazı halda "hələ ayağını basa bilmirsən, bir az gözlə, necə gedəcəksən?" desə də, qızı fikrindən döndərə bilmədi. Onsuz da iş vaxtından keçmişdi, əynini geyindi, saçlarını və üzünü səliqəyə salıb, evden çıxdı. Çətinliklə yeriyirdi, ayağını güclə basırdı yerə. Dayanacağa doğru yeriməyə başladı. Küçədə sürətlə şütüyən maşınlardan başqa heç nə yox idi. Tini döndükdə tibbi müəssisənin qabağında bir oğlan telefonla danışırdı. Heç ağlına da gəlməzdi ki, bu oğlan onun həyatını dəyişəcək.

Yol kiçik çalalarla dolu idi, yeriməyinə mane olurdu. Onsuz da, güclə yeriyirdi, ayağının boşluqlara düşməsi ağrılarını artırırdı. Və budur, oğlanın yanına çatdıqda ayağı yenə çalaya düşdü, ağrıdan üzü turşudu, amma yenə də, yoluna davam elədi. Qarşıya keçmək üçün yol üstü keçiddən keçirdi. Hiss etdi ki, oğlan arxasınca gəlməyə başladı. Oğlan yaxınlaşıb:

-Xanım, sizə kömək edim mi? Deyəsən, ayağınız ağrıyır, çox pis oldum.
-Yox...
-İnanın pis niyyətim yoxdu, yazığım gəldi.
-Məni narahat edirsiniz, özüm gedirəm!
-Oldu, xanım, özünüz bilərsiniz.

Oğlan dayandı, geri qayıtdı. Zuha əsəbləşmişdi: "görünüşünə baxsan, elə bilərsən, adamdı. Utanmır, xəstə adama da ilişir. Yaxşi rədd oldu".

Və budur, heç də qızın düşündüyü kimi olmadı. Oğlan yenə yaxınlaşdı:

"Xanım, mən gedə bilmədim, icazə verin komək edim. Pis oluram belə..."
Zuha cavab vermədi, onsuz da, həm əsəb, həm də ayağının ağrısı onu birtəhər eləmişdi. Dayanacağa çatdı, avtobusu gözləməyə başladı. Avtobus isə gəlmək bilmirdi. Oglan qızdan aralandı, bir az irəlidə avtomobil dayanacağı vardı. Maşınların birinə mindi və düz qızın qarşısına sürdü. Sanki, 10 ildir tanıdığı biri kimi maşından endi, arxa qapını açdı. Zuhanı özündən çıxarırdı:
"Yox artıq, tərbiyəsizliyin bu qədəri də olmaz. Bu məni nə hesab edir?"

Oğlan getmək istəmirdi: "Xanım, siz məni niyə səhv anlayırsınız ki? Mən bir insan kimi sizə kömək eltmək istəyirəm".
Və budur avtobus gəldi. Zuha avtobusa doğru yeriməyə başladı. Oğlan: "Yaxşı, icazə ver yuxarı qalxmağına kömək edim" -dedi və qızın qolundan yapışdı. "Çəkil" -dedi, qolunu çəkdi. Avtobusa qalxdı, əli-ayağı əsirdi.

"Nə tərbiyəsiz adamlar var, Ay Allah, mən ki açıq geyinməmişəm, ya da pis nəsə eləmədim ki, o belə edir"...

İşin qarşısında endi avtobusdan. Və budur, maşın da burdadır, avtobusun arxasınca gəlibmiş. Zuha əsəbiləşsə də, tez keçdi əsəbi. "Onsuz da belələri çoxdur, üz verməyəndə özləri rədd olub gedirlər"...

Neçə gün işə gəlmədiyi üçün işlər tökülüb qalmışdı. O qədər məşğul idi ki, oğlanın aptekə girib, axşam neçədə bağlanacağını soruşduğunu da görməmişdi. Və axşam evə gedəndə oğlanı yenə gördü. Amma bu dəfə oğlan yaxınlaşmadı. Beləliklə, oğlan günlərlə gəlib getməyə başladı. Deyəsən, Zuhanın xoşuna gəlməyə başlayırdı. Bəlli etməsə də, artıq oğlanı gözü axtarırdı, hər gün onu görməyə öyrəşmişdi. Ayağı da tam sağalmışdı...

Aprelin 2-si yenə onu görəcəyinin sevinci ilə evden çıxdı. Bu dəfə oğlan yox idi .Ürəyində qəribə peşimanlıq hissi yarandı. "Yəqin, işi var, axşam görərəm" deyə düşündü. Beləliklə, tam bir həftə oğlanı görmədi .Çox qəribə hisslər keçirirdi. Sonra özünə haqq verirdi: "yaxşı ki, onunla tanış olmamışam, nə tez əl çəkdi, niyyəti bəlli imiş". Sonra fikirləşirdi ki, görəsən, başına iş gəlib? Adı nə idi, görəsən?

ARAS... Ağlına da gəlməzdi ki, əvvəl Allah, sonra Mələk, sonra da Aras adı həyatının müqəddəs adlarına çevriləcək...

Arasın dediklərindən: "Neçə vaxt idi ki, nazirlikdən tibbi müayinədən keçməyimiz üçün göstəriş verilmişdi. Artıq, hamı getmişdi, bircə məndən başqa. Fevralın 21-i artıq düşündüm ki, məsuliyyətsizlik etməyim gedim... Saat 08:00-da orda olmalı idim. Amma, gecikdim. Birdə gördüm ki, general da ordadır. İstəmədim məni görsün. Yoxsa deyəcəkdi ki, "sən nətəhər adamsan?" Çıxdım bayıra... Yolda gələrkən anamın zənginə cavab vermədiyim üçün ona zəng etdim. Birdən gördüm ki, uzaqdan bir qız güclə yeriyərək bu tərəfə gəlir. "Yazıq, cavan qızdır, Allah kömək olsun" düşündüm və danışmağıma davam etdim. Səki xaraba vəziyyətdə idi. Qız yanıma çatanda ayağı çalaya düşdü. Üzünü turşutdu. Yavaş-yavaş yeriyirdi. Nəsə, pis oldum. Düşündüm ki, ona kömək edim. Yaxınlaşdım, mənə sərt cavab verdi. Niyə belə etdiyini anlamadım, mən sadəcə kömək etmək istəyirdim. Rədd edincə isə, düşündüm ki, əşi, özü bilər. Geri qayıtdım, amma nə isə məni geriyə vadar edirdi. Biixtiyar yenə yaxınlaşdım və dediklərimə cavab vermirdi. Məni hansısa avaralarla səhv salırdı. Mən heç tanış olaq da demədim. Bu qızları anlamaq olmur, hər şeyi səhv anlayırlar. Getdim ki, maşını götürüm, hara gedəcəkdisə, mən aparım. Təbbi ki, bunu da rədd elədi. Hətta o qədər aqressiv idi ki, avtobusa qalxmağa da icazə vermədi...

Əslində, müayinə üçün qayıtmalı idim. Bu qız da nə isə vardı, məni çəkirdi, vadar edirdi ona yaxınlaşmağa. Deyəsən, gözləri də mavi idi. Nə isə, maşını avtobusun arxasınca sürdüm. İstəmədim ki, mənim gəldiyimi görsün. Uzun boyu vardı. Çox xoşuma gəlmişdi o. Bəs, ayağı niyə axsayır. Aha, budur, aptekin önündə düşdü... Düşündüm ki, yəqin nəsə alıb çıxacaq. Xeyli gözlədim, amma çıxmadı. Dedim, yəqin orda işləyir. Görəsən, arxasınca girim mi? Yox, deyəcək, nə sırtıq adamdır. Axşamacan gözləyə bilməzdim, həm də haçan çıxacağını da bilmirdim. İşlərim çox idi. Ən yaxşısı müştəri kimi gedim, aptekin haçan bağlanacağını soruşum. Bəxtimdən başı qarışıq idi . Məni görmədi. Axşam işdən çıxanda gəldim aptekin önünə, deyəsən, məni görmədi. Beləliklə, xeyli vaxt gedib gəlməyə başladım. Yaxınlaşmağa cəsarət edə bilmirdim. Köməyi rədd edən tanışlıq istəsəm, nə ederdi? Amma, deyəsən, mənim gəlib-getdiyimi görmürdü...." (Ardı var)

Müəllif: Aysel Abdullazadə
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 708
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri