Xəyalımdakı dünyamı sevirdim, ta ki... (3-cü bölüm)

Şərhlər: 3
Baxılıb: 2 634
Səs ver:
(səs: 0)
Xəyalımdakı dünyamı sevirdim, ta ki, reallıqla qarşılaşana qədər (3-cü bölüm)

...Aras nənəsinin yasına getdiyi üçün Zuha bir həftə onu görə bilmədi. Bəlkə, bir az da görünməsəydi, qızın yadından çıxacaqdı. Qərara gəldi ki, ilk işi qızı görmək olacaq. Bakıya axşam 20:00-da çatdı, daha evə getmədi, aptekin qarşısına gəlib gözləməyə başladı. İçəri boylansa da, qızı görmədi. Gözləməyə davam etdi, bəxtindən çox çəkmədi bu, qız aptekdən çıxdı.Tez maşından enib qızın yanına gəldi.

Zuha başını qaldırıb Arası qarşısında görəndə özündən asılı olmadan gülümsədi. Bu Arası daha da cəsarətləndirdi.
-Salam
-Salam...
-Necəsiniz, tərs qız?
-Siz neçə gün idi yox idiniz...
-Hə, nənəmin hüzründə idim, yəqin ki, evə gedirsiniz. Mən, əslində, sizi evəcən aparmaq istəyəcəm, amma bilirəm ki, rədd edəcəksiniz.

Və beləcə, Aras Zuhanın həyatına daxil oldu. Bir-birilərini tanımağa başladılar. Aras çox diqqətli, mülayim xasiyyətli, anlayışlı oğlan idi. Tez-tez zəng edir, mesaj yazırdılar. Hələ görüşməsələr də, bir-birilərinə isinişmişdilər.

Və nəhayət, aprelin 26-sı ilk görüşləri olacaqdı. Zuhanın yuxusu qaçmışdı. Nə xoş idi, xoşbəxtlikdən yuxunun qaçması. Elə hey, yerində qurdalanırdı, sonra qalxırdı, Arasla yazışmaları əzbər bilsə də, təkrar-təkrar oxuyurdu. Yadındadır, uşaq vaxtı da, harasa gedəndə, ya səhər vacib günlər olanda Zuha həmin gecələri diri gözlə açırdı. Gecə saat 02:00-dır, budur, Aras zəng edir.
- Zuha, yata bilmirəm, bağışla... Belə gec zəng etdim. Səni də oyatdım. Amma, yuxum qaçıb.
Zuha ona oyaq olduğunu demədi, bir az danışdıqdan sonra sağollaşdılar, o gecə səhərəcən yuxu getmədi gözünə...

Axşamtərəfi görüşəcəkdilər. Aras 18:00-da işdən çıxıb, İçərişəhərə gəlməli idi. Zuha günorta 15:00-da işdən çıxıb evə gəldi. Həyəcandan nə etdiyini bilmirdi, əli ayağına dolaşmışdı, hər şey tərs gəlirdi. Bu gün çox gözəl görünməli idi. Əvvəl duşa girdi, sonra saçlarını səliqəyə salmağa başlamışdı.

"Həmişə o məni makiyajsız, uşaq kimi gorub, görəsən, qara paltarımı geyinim? Bir az qısadır axı, birdən xoşuna gəlməz. Əşi, eybi yoxdu, geyinim..."

Artıq, 18:30 idi, vay- vay, Aras gəlmiş olar. Bax, ilk görüşə gecikirdi. Ayağını geyinib, çantasını yoxlayıb evdən çıxdı. Hava çox sərin idi, nazik geyinmişdi, üşüyürdü. Budur, Aras zəng edir. "Qoy, cavab verməyim, ona nə deyəcəyəm? Ora çatanda özüm zəng edərəm". Bəxtindən yollar açıq idi. Aras bir neçə dəfə zəng vurub dayanmışdı. Nəhayət, danışdıqları yerə çatdı. Aras maşına söykənib dayanmışdı, çox əsəbi görünürdü. Üzü yola idi, Zuhanı görmürdü...

-Aras, gəldim mən.

Aras narazı şəkildə geriyə çevrildi. İlahi, necə yaraşıqlı görünürdü, forma insana bu qədərmi yaraşar?! Qarşısında Zuhanı görüncə gülümsədi.

-Bağışla, Aras, səni gözlətdim.
-Çox qəşəngsən sən...

İlk şam yeməkləri idi. Yemək boyunca Aras gözlərini çəkə bilmirdi. Nə gözəl hisslər idi. Görəsən, Zuha haçansa özünü bundan xoşbəxt hiss edəcəkdimi?
Ən gözəl günlərin başlanğıcı idi, ya da ən pis günlərə atılan ilk addımlar.

Arasın gözəl yumor hissi var idi, elə həvəslə danışırdı ki, iri gözləri güldükcə qıyılırdı. Yanağında qəmzəsı var idi, onu daha yaraşıqlı göstərirdi. Zuha onun sözünü kəsmədən qulaq asırdı.

Birdən Aras dayandı:
- Zuha, mənə bax, gözlərini aç, amma qırpma.
Qız təəccüblə ona baxırdı. Aras əlini uzatdı gözlərinə toxundu:
- Gözlərin çox qəşəngdir, elə bil, muncuq içinə qoymusan...

Beləcə aylar keçdi, hər səhər Arasın mesajları ilə günə başlayır, elə, onun səsini eşidərək də yatırdı. Vaxt aşırı görüşürdülər. Artıq, ailələr də münasibəti bilirdi. Nədənsə, Mələk ilk gündən narazı idi, hər dəfəsində qızına tələsdiyini, onun qarşısına daha yaxşı adamlar çıxacağını deyirdi. Bu, Zuhanı kədərləndirsə də, heç vaxt ondan ayrılmağı ağlına gətirmirdi: "ana, mən daha yaxşısını istəmirəm. Sən onu tanımırsan, Aras çox yaxşı insandır" deyərək anasını yola gətirirdi.

Və nəhayət, artıq evlilik qərarı alınmışdı.

Dekabrın 21-i Zuhanın qonaqları gələcəkdi. Hər ikisinin ürəyi partlayırdı. Danışmışdılar ki, elə, ilk elçilikdə "həri" veriləcəkdi. Mələk hələ tez olduğunu deyib, narazılıq etsə də, sonradan nəslin ağsaqqalarını, qardaşlarını, qayınlarını çağırmışdı. Ruqəyyə xanım da narazı olsa da, Zuhanın xətrinə susmuşdu. Onu da Albina kimi öz qohumuna vermək istəyirdi. Amma Zuha inadcıl çıxmışdı, elə özu kimi...

Və budur, qonaqlar gəldilər. Az qalırdı həyəcandan ürəyi getsin. Arasla tez-tez zəngləşirdi. Arasın dostları da ona dəstək olmaq üçün gəlmişdilər, aşağıda "həri" xəbərini gözləyirdilər.

Xoşbəxtliyin arxasında nə isə Zuhaya çatmayan anormallıq vardi. Axı, bu qədər xoşbəxt olunmaz. Qonaqlar danışmağa başladı, bir-biriləri ilə tanış olurdular. İlahi, bir sual bütün xoşbəxtlikləri məhv edə bilərmiş. "Bəs, qızın atası hansınızsınız?"

Aras cəmi bir dəfə Zuhadan atası haqqında soruşsa da, qız danışmaq istəməmişdi, o da daha bu haqda sual verməmişdi. Arasın atası, Zuhanın oğluna yalan dediyini dedikdə Elton əmi özündən çıxmışdı...

Lənət olsun o günə... Zuha səsləri eşidirdi, amma anlaya bilmirdi, ölü kimi idi. Qonaqların getdiyini belə hiss etməmişdi. Donuq gözlərlə nə baş verdiyini anlamağa çalışırdı. Hamı evdə bir-birinə dəymişdi. Qapının qarşısında cəsəd kimi durmuşdu. Anası onu çağırırdı, cavab verəcək taqəti qalmamışdı. Mələk qolundan tutub qonaq otağına gətirdi, uzun- uzun nələrsə danışırdı, eşitdiyi tək cümlə: "eşidirsən, Aras söhbəti bitdi, utanmaz, gör nə hala saldın bizi. Onsuz da istəmirdik onu".

Mələyin sözləri qırılıb tökülmüş şüşə qırıqları kimi idi, bu yoldan keçərsə, ayaqları qanayacaqdı, başqa yol da yox idi....

*****

...Gecə saat 02:00-dır. Hələ də gözünə yuxu getmirdi. Bütün bədəni keyimişdi, nə baş verdiyini dərk edə bilmirdi. Evdə hamı yatmışdı. Yataqdan çıxdı, əynində nazik paltar vardı. Eyvana çıxdı... Bu gecə Bakı necə də qəmlidir, uzaqda arabir şütüyən maşınların səsindən başqa səs yox idi.

Dekabr soyuğu təsir etmirdi. Külək saçlarını üzünə çırparaq onu ayıltmağa çalışırdı. Aras hələ də zəng eləməmişdi. Soyuq, bədəninə, üzünə vurduqca ayılırdı, artıq gecənin vahiməsini his etməyə başlayırdı. Külək şinlərə toxunduqca qorxunc səslər gəlirdi. Özünü məzarlıqda ən doğmasını itirmiş insan kimi hiss edirdi, hər kəs getmişdi, onu tək qoymuşdu.Yavaş-yavaş üşüyürdü.

Vecinə də deyildi. Uçurum kənarında durmuşdu sanki, bütün səsi ilə bağırmaq istəyirdi, əsəbini tökmək, bütün qabları sındırmaq gəlirdi içindən. Yerə çökdü, dizlərini qucaqladı, bütün bədəni soyuqdan əsirdi. Sanki saçları başına ağırlıq edirdi, dodaqları
göyərmişdi. Yavaş-yavaş gözlərindən yaş axmağa başlayırdı. Yaşlar, sanki, qəlbinin içindən gözlərinə, yanaqlarına, dodaqlarına axırdı. Birdən bütün gücü ilə bağırmağa başladı... Bədbəxt olmuş qadının, körpəsini görmədən itirən ananın səsindəki fəryadla. Səsi küləyin uğultusuna qarışaraq lənətli şəhərə yayılırdı...

Qızın səsinə, nəinki evdəkilər, bütün qonşular oyandı. Mələk ağlayırdı, qızını sakitləşdirməyə çalışırdı, illər əvvəl də qızını belə qucaqlamışdı, çarəsizliklə, günah hissi ilə... O vaxt Zuha yatmış, səhər heç nə olmamış kimi həyatına davam etmişdi. Bəs indi? Səhər oyandığında həmin xoşbəxt qız olacaqdı mı? Özü, özünə inanmırdı...

Ruqəyyə xanım soyuqqanlılıqla: "heç nə olmaz, 3-5 gün ağlayıb yaddan çıxaracaq" dedi və öz otağına keçdi. Mələk qızını qucaqlayıb fikirə getmişdi. Artıq Zuha yuxuya gedirdi, bədəni hələ də soyuqdan titrəyirdi, bir az sonra yuxuya getdi, elə dərdli görünürdü ki...

Dodaqları çatlamışdı, qızın başını sinəsinə sıxdı: "görəsən, düz mü elədik? Aras yaxşı oğlandı, amma ailəsi qızıma görə deyil. Zuha çox sakitdi. Onlar incidərlər qızımı. Min əziyyətlə yetim balaya baxıb, bədbəxt edə bilməzdim"... Qızının saçlarından öpdü, bir az sonra yuxuya getdi.

Səhər Zuha 11:00-da yuxudan oyandı, gözləri dodaqları şişmişdi. İştahası yox idi, heç nə yemədi. Mələk qayınanasına heç nə deməməyi üçün xahiş eləmişdi. Özü isə işdə idi... Zuha telefonu axtardı, nə qədər cavabsız zəng və mesaj vardı. Aras xeyli zəng etmişdi. Amma danışacaq halda deyildi. Telefonu yatağın üstünə tulladı. Bir az keçməmişdi ki, Aras yenə zəng etdi. Nə qədər küssələr də, həmişə bir-birinin zəngini açardılar.
Zuha telefonu açdı.

- Aras?
- Hardasan?
- Evdə...
- Sizin məhəllədəyəm düş aşağı. Dünənə görə cavab verəcəksən...

Telefonu qapatdı. Zuha: "Bu nə danışır? Nə oldusa onun ailəsi elədi"... Üstdən jaketini geyindi, "nənə, indi qayıdıram" deyib, heç cavabı gözləmədən evdən çıxdı.
Ardı var
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 634
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri