Gənc yazar Humay Nurun kiçik müsahibəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 825
Səs ver:
(səs: 0)
Gənc yazar Humay Nurun kiçik müsahibəsi və şeirlərini Qadınla.Com olaraq təqdim edirik:

- Humay Nur özünü oxuculara necə təqdim edər?

- Mən Humay Nur. Adımın çox mənası var. Mənalarından biri 14 günlük Ay deməkdir. Humay Nur isə Ayın nuru mənasındadır. Qaranlıq gecəyə işıq saçan, gecəni aydınladan o möhtəşəm Ay işığı. Yəni ki, bütün qaranlıqlarda bir işıq, bir yol mütləq vardır. Əsas olan isə o işığı, nuru görməkdir.

- İlk şeirinizi neçə yaşınızda yazmısınız və mövzusu nə idi?

- İlk şeirimi ikinci sinifdə oxuyanda, səkkiz yaşımda yazmışdım. Nənəm uzaqda qalırdı. Az-az görürdüm deyə, nənəmə yazmışdım ilk şeirimi.

- Sizi daha çox hansı mövzular ilhamlandırır?

- Xəyanət, qəmli mövzular daha çox ilham vericidir. Sırf eşq xəyanəti deyil, dost xəyanəti də.

- Şeir kitablarınızdan sizə ən çox uğur gətirən hansı olub?

- Aynur xanım, şeir kitablarım mənim, sanki, əlim, gözüm kimidir. İnsan sağ əlini sol əlindən, sol gözünü sağ gözündən çox sevərmi? Təbii ki, xeyr. İkisi də mənim üçün dəyərlidir. Çünki onların hamısında hiss var, duyğu var.

- Ən çox oxuduğunuz şairlər, yazıçılar kimlərdir?

- Fərqliliyi sevən biri olsam da, mənim öz dəsti-xəttim var. Mən, adətən, heca vəznində yazıram və heca vəznində yazan bütün şairlərin kitabını oxuyuram. Təbii ki, gözəl yazan şairlərin. Əsasən, Nüsrət Kəsəmənli, Məmməd Araz, Səməd Vurğun, Bəxtiyar Vahabzadə. Müasirlərdən Ramiz Rövşən, Aqşin Yenisey, Aqşin Evrən və başqalarını.

- Kişi yazarlar xanım yazarlardan daha güclü yazır kimi fikirlərə münasibətiniz necədir?

- Bəli. Mənim zənnimcə də, elədir. Çünki belə məntiqlə götürək. Xanımlar incəliyi sevən, hər şeyi dərindən yaşayan və dərindən fikir verən varlıqlardır. Xanımların gün ərzində çox şeylə məşğul olmaq, çox danışmaq, çox fəaliyyətdə olmaq bacarığı vardır. Bu isə kədəri, qəmi az da olsa azaldır, təsirini öldürür. Kişilərdə isə həyat düzdür. Sadəcə, iş, ev. Çox danışmırlar və onlardakı kədər hissi daha qüvvətli olur. Təbii ki, bu da bədii yaradıcılığa gözəl təsir edir. Bu, tamamilə, mənim düşüncəmdir. (gülür)

- Digər xalqların ədəbiyyatı ilə bizim ədəbiyyat arasında hansı fərqləri görürsünüz?

- Fantastik əsərlər, romanlar bizdə daha azdır. Demək olar ki, yoxdur. Şeirlərdə isə, məsələn türk ədəbiyyatında heca vəzni çox az işlənir. Adətən, sərbəst vəzndə yazılır.

- Ədəbiyyatda hərdən yaşlı nəslin nümayəndələri ilə gənc nəsil arasında narazılıq baş verir. Bu cür hallara münasibətiniz necədir?

- Mən öz bildiyim yolu gedirəm. Səhvdirsə də bu mənim səhvimdir. Əsas odur ki, nəticə çıxarıram və mübahisə etmək, zənnimcə, doğru deyil. Hamı dövrün tələbinə uyğun yazır. Mən texnologiya əsrində göyərçinin məktub gətirməsinə şeir yazsam, nə dərəcədə doğru olar ki? Xülasə, məncə, bu mübahisə yersizdir. Müdrik şair, ağıllı qoca narazılıq etməz, nəsihət edər.

- Son olaraq oxuculara sözünüz nədir?

- Sırf reklam olsun deyə, kimsə "Aa buna bax, nə çox kitab oxuyur" desin deyə, hər önünə keçəni oxumasınlar. Nəsə öyrənə biləcəyi bir kitabı oxusunlar. Kitab bitəndə desinlər ki, mən nəsə öyrəndim, ya yox?! Unutmayaq ki, məşhur olan hər şey gözəl, əxlaqlı, mənəviyyatı zənginləşdirən deyil! (gülür)

Yaşımdan yorğunam, elə yorğunam
Bəxtimə həsrətdən yollar çəkiblər.
Bax, necə saralmış, necə solğunam
Ömrümə rəngsiz çiçəklər əkibkər

Kimdən hesab sorum, kimi qınayım?!
Can bildiklərimdir canımı alan.
Hər şey aydın, daha nəyi sınayım?!
Yarımçıq xəyallar əlimdə qalan.

Doğmalarım o qədər incidir ki,
Özgədən küsməyə haqqım olmayır
Mən elə bilərdim qohumlar düzdür
Dostlar isə heç vaxt satqın olmayır!!!

Bir gün olmayacağam...
Sonsuz, əbədi bir yola çıxıb bir də heç vaxt qayıtmayacağam.
Gördüyüm bu yuxu bir gün sona yetəcək.
Yuxu mu, kabus mu bilmirəm hələ...
Nə qədər ilimi qurban vermişəm mən tufana, yelə
Bəlkə cəhənnəmimdir bu dünya?
Bəlkə hələ başlayacaq?
Bəlkə də o qədər pisəm ki, şeytan məni daşlayacaq?
Bəlkə də yaxşıyam, mələklər alqışlayacaq?!
Bir gün mən də gedəcəyəm ya işıq, ya zülmətə
Ya Rəbb, dünyadan incidim barı göndər cənnətə.
Xəyallarım yarım -yarım.
Varmı mənim kimi görən, tapammadlm tayım, yarım.
Bəzən ölməkdən qorxuram, bəzən ölmək istəyirəm.
Hərdən elə yoruluram çıxıb getmək istəyirəm...
Sonu olan bu dünyada mən də bitmək istəyirəm.
Amma bilmək istəyirəm, ölsəm kimlər ağlayacaq?
Gözü açıq köçüb getsəm gözümü kim bağlayacaq?
İnsanları tanımıram, bilmirəm heç kəsin için.
Bilmirəm kim sevinəcək, kimlər qəlbi dağlayacaq.
Ölməkdən çox da qorxmuram...bəlkə də az, bircə millim
Arzularım var olmamış canımı alma, Ey Rəbbim.
Bir gün mən də gedəcəyəm sonu olmayan sonsuza.
Bədənim dönəcək buza
Bilmirəm necə bəndəyəm?!
Ya dönəcəm torpaq, toza
Ya da qalxacam ulduza.
Ey Aləmin Uca Rəbbi
Həm burda,həm o dünyada
Mərhəmət eylə bu qıza!!!

"Xəyalları olan deyil, xəyalları ölənəm mən"

Mənə daha təsir etmir, xəyanətə alışmışam
Zərrə-zərrə parçalanıb, toz-dumana qarışmışam.
Əsl yaşım az olsa da səksən ilə barışmışam
Gələn dərdə, bəlaya da yerli-yersiz gülənəm mən
Xəyalları olan deyil, xəyalları ölənəm mən

Taleyimi heç sevmədim, "Uca Tanrım" sən bir də yaz.
Məndə hər fəsil olmayır, ya borandır, ya da ayaz
Ruhumda yaralar dərin, hamı saxta, hamı dayaz
Yuxuları "Bismillah"la, qan-tər ilə bölənəm mən.
Xəyalları olan deyil, xəyalları ölənəm mən.

Heç sarmayın, lazım deyil, təki açmayın yaramı.
Taleyimdən incimişəm, kimsə düzəltmir aranı
Məndə göy qurşağı yoxdur, sadəcə sevdim qaranı
Əhdi qara, taxtı qara, baxtı qara gələnəm mən.
Xəyalları olan deyil, xəyalları ölənəm mən.

Sarılmağa kimsə yoxdur, ey rüzgar, sən də əsmə sərt.
Üzümə yarpaq yerinə əsən yellər gətirir dərd.
Bivəfalar, biganələr adlarını qoyubdur "mərd"
Gərək sizin qarşınızda bir toz olam, ələnəm mən.
Xəyalları olan deyil, xəyalları ölənəm mən.

Ay vəfasız, nankor insan yalan dolu digər üzün
Önüm, arxam, sağım, solum ya təəssüf ya da hüzün.
Mənim qəlbim qap-qaradır, fərqi yox gecə-gündüzün
Çiçəkləri əllərində quruyan bir gəlinəm mən.
Xəyalları olan deyil, xəyalları ölənəm mən.

Dünənimə heyfslənir, heç bilmirəm sabahımı.
Sizlərə yazığım gəlir, bəsdir, almayın ahımı.
Bu şeirim də üsyan dolu, Allah, əfv et günahımı
Dizlərimi vurub yerə səndən rəhmət dilənəm mən
Xəyalları olan deyil, xəyalları ölənəm mən.

Hazırladı: AYNUR HAQVERDİ
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 825
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri