Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 25)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 591
Səs ver:
(səs: 0)
İkinci dəftər
25


"...Əziz, hörmətli, mehriban dostlar, qonaqlar və qohumlar! Soruşsalar, biz bu geniş səadət sarayına nə üçün toplaşmışıq, səbəbi nədir? Mən deyərdim ki: körpü salmağa. Bəli! Gülməyin, yoldaşlar! Sözümün canı var. Nəzərdə tuturam iki ailənin arasındakı möhkəm bir qohumluq körpüsünü. Maraqlansalar: Bu nəhəng tikintinin fəhlələri, prorabları kimdir? Mən deyərdim ki, işçi qüvvəsi cəmi-cümlətanı iki nəfərdən ibarətdir; əcəba, bu körpü hansı növ materialdan inşa olunur: daşdan, torpaqdan, dəmirdən, betondan, kərpicdən, palçıqdan? Mən deyərdim ki, məhəbbətdən! Yox… görsəm, yaxamdan əl çəkmirlər, yenə də məndən xəbər alırlar: Ay Mirzə Muxtar, soruşmaq ayıb olmasın, bu mübarək körpünü hardan hara uzadırsınız? Mən deyərdim ki, Muradın damından, Kövsərin damına, həm də arxayın ola bilərsiniz, planı vaxtında və artıqlaması ilə yerinə yetirəcəyik…
Gülməyin, yoldaşlar, sözümün canı var… Indi gəlin baxaq, görək kimdir Murad kişi və onun arvadı, yaxud kimdir Kövsər xanım və onun əri. Mətləbə keçməzdən əvvəl Muradın tündməcazlığı haqqında, ikicə kəlmə aşağıdan tənqid demək istəridim. Ancaq bu axşam fikrimdən daşınıram onunçün ki, sağlıqla nekroloda tənqid olmaz. Keçirəm tərifə. Xahiş edirəm, diqqətlərinizi mərkəzləşdirin məclisin yuxarı başında oturmuş, zahirən arıq, daxilən isə qranit kimi möhkəm, bığlı kişinin sifətinə. İlk baxışda Murad nisbətən qarabağlı… üzr istəyirəm, qaraqabaq insana bənzəyir. Lakin, xeyr. Əsil mənzərə bizim gördüyümüz və düşündüyümüz kimi deyil. Tərsinədir. O, yəni Murad, içində hamıdan çox sevinir. Sanki bu sazəndələr səadət sarayında stul üstdə yox… onun qəlbində, ürəyinin səkisində oturub çalırlar.
Murad! Bu sadə, fəqət çox mənalı ad təkcə neftçilər arasında deyil, hər yerdə, mən deyərdim ki, hətta biz inşaatçılar arasında da fəxrlə çəkilir. Bu jelezobetonnıy hörməti onunçün mən qazanmamışam, yoldaşlar, o özü qabarlı əlləri, ağlı, şüuru, kəlləsi, əməyi ilə buna nail olub.
Mərhəba! Min yaşasın!.. Bu belə… Soruşsalar, bəs o sol yanındakı ağ kəlağayılı, gözəl-göyçək qadınciyəz kimdir? Mən deyərdim ki, anam-bacım olsun, Muradın arvadıdır. Mərmər xanım. Qutab bişirməkdə tayı-bərabəri yoxdur. Həm də necə bir yaxşı kitabxana işçisi. Ayağa dursa, görərsiniz ki, elə özü də, göz dəyməsin, nədir, söz məsələtün, hündür bir mədəniyyət sarayının mərmər sütunudur. Bu da belə...
Baxış istiqamətimizin səmtini dəyişəndə görürük ki, üzümüzə mələksayaq başqa bir qadın da gülümsəyir. Sual etsələr, aya, Mirzə Muxtar, tanışlıq verirsənsə təqdim et görək bu kimdir? Mən deyərdim ki, Kövsərdir—abi-kövsər. Dəryanın anası, Mərmərin qudası, təzəgəlinin isə… Hazırda daş-divarları arasında oturduğumuz bu möhtəşəm səadət və kef sarayının ipək pərdələri kimi yumşaq xasiyyətli qayınanası. Eyni zamanda cəbhələrdə, şübhə etmirəm ki, qəhrəmanlıqla həlak olan, üzr istəyirəm, adını deyə bilməyəcəyəm, sabiq ərinin, sadiq arvadı.
Bu da belə… Bircə dəqiqə, yoldaşlar, tələsməyin, sözümün canı var. Xəbər alsalar, yaxşı indi bəs sonra nə olsun? Mən deyərdim ki,… sakit… qurtarıram!.. Mən deyərdim ki, məharətli sazəndələrimiz bir "vağzalı” çalsın, biz də xoş təranələr altında içək həmin bayaq yuxarıda xatırlatdığımız o məhəbbət körpüsünün sağlığına, hansının ki, bir ucu bu damdadır, bir  ucu o damda—oğlan eviynən qız evinin arasında!.. Urra!..”
Atam, toyumuzda çalınan musiqilərin, oxunan mahnıların, deyilən sözlərin hamısını, hamısını  əvvəldən-axıra kimi maqnitafon lentinə yazdırıb. İndi qulaq asdığım da, inşaatçı qohumumuz Mirzə Muxtarın səsidir. Həmin axşam o, bu sağlığa içəndən sonra başını qoyub gecəyədək yatmışdı...
Mən, hər könlüm istəyəndə, maqnitafonu qururam, toyumuzu təkrar edirəm, səadət sarayını evimizə köçürürəm.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 591
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri