"Ərimə dedim ki, sevgilimi sevirəm, səni yox"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 21 464
Səs ver:
(səs: 7)

Onu təxminən iki ildir tanıyıram. Facebook-da hansısa statusda sözümüz çəp gəlmişdi. Sonra inboksda sərt şəkildə iradını yazdı, oxudum və sadəcə gülümsədim. Axı çoxları bu virtual aləmdə aslana dönürlər. Reallıqda qarşına çıxanda isə hər şey tam tərsinə olur-üzrxahlıq, xahiş...
Elə buna görə də 2-3 gün yazdıqlarına cavab vermədim. Amma hər Facebooka girdiyimdə statuslarına baxdım. Maraqlı düşüncələri var bu xanımın. Tibb sahəsində çalışır.

Budəfəki qəhrəmanım Sənəmin (ad şərtidir-İ.V) 28 yaşı var. On ildir ki özündən 12 yaş böyük biri ilə ailə qurub. Həyat yoldaşı hərbçidir. İki övladı var 8-10 yaşlarında. Qalanını özü danışır:


"18 yaşımda bu insanla ailə qurdum. Həmin vaxt tibb texnikumunda oxuyurdum. Sevmək anlayışı mənə çatmırdı. Bircə şərtim oldu ki, təhsilimə mane olmasın. Oxudum və sonra valideynlərimin köməyi ilə işə düzəldim tibb bacısı kimi. Zaman keçdikcə başa düşdüm ki, mən nəinki sevmədiyim, ümumiyyətlə heç vaxt sevə bilməyəcəyim insanla ailə qurmuşam. Əvvəla məndən 12 yaş böyükdür. İkincisi də elə bir sahədə çalışır ki, bəzən günlərlə üzünü görmək olmur. Gah gecə növbəsində qalır, gah harasa ezam olunur. Bir sözlə qiyabi ər-arvadlıq yaşayırıq. Həm də yaş məsələsini özümə sığışdıra bilmirdim. Sonra iş yoldaşlarımdan eşitdim ki, belə bir sosial şəbəkə var-Facebook. O vaxta kimi internetlə aram olmayıb. Uzun sözün qısası bura əvvəlcə başqa adla girirdim. Çox insanlar yazırdılar, amma əhəmiyyət vermirdim. Günlərin birində bir nəfər mənə yazdı. Fikirləri çox çəkmişdi diqqətimi. Məndən iki yaş kiçikdir. Bir müddət sonra telefon nömrəmi ona verdim. Amma bir şeyi deyim ki, o vaxta qədər ailəli qadının kiməsə telefon nömrəsi verməsinə, roman yaşamasına bəlkə də hamıdan pis baxmışam. Nömrəmi bu oğlana niyə verdiyim özümə də çatmırdı. Danışdıqca elə bil məni ovsunlayırdı. İçimdəki boşluğu onunla doldura bilirdim sanki. Məni görüşə dəvət elədi. Əvvəlcə istəmədim. Etiraf edim ki, həm fikirləri həm də görkəmi ilə çox xoşuma gəlirdi. Sadəcə, qorxurdum ki, kimsə bilər. Günlərin birində görüşməyə razılıq verdim. O Facebookda gördüyümdən daha maraqlı insan idi. Hər dəfə uşaqları məktəbə aparandan sonra evə qayıdanda imkan tapıb hardasa söhbətləşirdik. O bakılı deyil, rayonların birindən gəlib, burda işləyir. Bir neçə dəfə görüşəndən sonra məni evinə dəvət elədi. Həmin vaxta qədər olan görüşlərimizdə bircə dəfə də olsun mənə toxunmamışdı. Sadəcə söhbətlər edirdik, iç dünyalarımızı danışırdıq, paylaşırdıq. Ona görə də, kirayədə yaşadığı evinə getməyə razılıq verdim. Bir neçə dəfə onun evində görüşdük, söhbət elədik. Amma yenə də heç bir yaxınlığımız yox idi. Hiss edirdim ki, mənə qarşı ehtirası olsa da, artıq hərəkət eləmir. Zaman keçdikcə bir-birimizə daha çox bağlanırdıq və onunla danışdıqca həyat yoldaşıma olan münasibətim daha da pisləşirdi. Başa düşürdüm ki, biz eyni düşüncənin insanları deyilik. Ən azından aramızda 12 yaş fərq var. Təxminən 2 ay baş tutan görüşlərimizdən sonra aramızda intim münasibət yarandı. Hər bir qadının xəyalında yaşamaq istədiyi şeylər var. O insanın bütün hərəkətləri, hətta intimdəki jestləri də mənim xəyallarım idi. Üç-dörd aydan sonra mənə dedi ki, boşanım onunla ailə qurum. Uşaqlarımı da qəbul etməyə razı idi. Sonra isə mənə qadağalar qoymağa başladı ki, ərimlə heç bir intim münasibətim olmasın. Düzünü deyim ki, o deməsə də bu insanla yaşadıqlarımdan sonra ərim mənə yaxın duranda çox pis olurdum. Bir ay bəhanələrlə ərimlə intim münasibətdən yayındım. Artıq evdə münasibətlərimiz də soyumuşdu. Sevdiyim insanla görüşdüyüm gün isə evə qayıtmaq istəmirdim. Bircə uşaqlarım gəlirdi gözümün qarşısına. Dəfələrlə mənə demişdi ki, Bakıdan gedək. Amma razı olmadım uşaqlarıma görə. Günlərin birində şəhərdə onunla gəzişəndə yoldaşımın yaxın qohumlarından biri bizi görmüşdü. Onun bizi gördüyünü hiss elədim. Sevdiyim oğlan mənə dedi ki, evə getsən səni öldürəcək. Ona qoşulub Şəkiyə qaçdım. Üç gün orda mehmanxanada qaldıq. Yoldaşım isə burda polisə müraciət eləmişdi. Üç gündən sonra gəlib boşanma üçün ərizə verdim. Boşanmaq istəmədiyini bildirdi. Dedi ki, ölsən də sizi bir yerdə olmağa qoymayacağam. Çox təkid elədim boşanmaq üçün, onu sevmədiyimi dedim. Bildirdi ki, boşansam, sevdiyim insanın cibinə nəşə atıb tutduracaq. Yalnız sevdiyim insana bir şey olmasın deyə boşanmadım. Amma baş verənlərdən həm onun, həm də mənim qohumlarımın xəbəri var. Anasıgil onu danışdırmırlar”.

Sənəm baş verən hər şeyə rəğmən indi də sevdiyi insanla əlaqələrini kəsmir. Həftədə bir dəfə imkan tapıb sevgilisinə zəng vurur:

"O indi də mənə deyir ki, boşanım onunla ailə qurum. Amma bilirəm ki, belə bir şey etsəm, yoldaşım uşaqlar mənim əlimdən alacaq. İnanın ki, başımı itirmişəm. Düzdür, o insanla bir yerdə olmasam da, xəyaları ilə yaşamaq belə məni xoşbəxt edir. Artıq heç nə gözümdə deyil. Axır vaxtlar iki-üç dəfə mübahisəmiz olub. Ərimə dedim ki, sevgilimi sevirəm, səni yox. Buna görə məni neçə dəfə pis döyüb, ölümlə hədələyib. Gözümdə qorxu deyilən bir şey qalmayıb. Sevgilim və uşaqlarım yanımda olsun heç nə istəmirəm. Mən ailə quranda düşünmüşdüm ki, evi, işi var, ağlı başında olan adamdır. Amma zaman göstərdi ki, xoşbəxt olmaq üçün bunlar bəs eləmir”
(səs: 7)
Şərhlər: 9
Baxılıb: 21 464
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri