Uca Allah buyurur: "Həqiqətən,
Allahın dərgahında qəbul olunan din, İslamdır!" (Ali İmran, 19). İslam
sözü ərəb dilində təslim olmaq, boyun əymək deməkdir. İslamı qəbul etmək
üçün insan Allahın təkliyini qəbul edib yalnız Allaha ibadət etməlidir.
Bəs elə isə ibadət nə deməkdir? İbadət sözü qul olmaq deməkdir.
Beləliklə, İslam dini insanları yalnız Allaha boyun əyərək Ona ibadət
eməyə çağırır. İslamdan xəbəri olmayanların əksəriyyəti İslamın 1400 il
bundan əvvəl yaranan yeni bir din və Muhəmməd peyğəmbərin də bu dinin
banisi olduğunu güman edirlər. Halbuki, Uca Allah Qurani Kərimdə bütün
insanları bu din üzərində yaratdığını bildirir: "Sən bir hənif kimi
üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq
kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək
olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir" (ər-Rum, 30).
Həmçinin, Allah İbrahim peyğəmbərin dini haqqında mübahisə edənlərə
cavab verərək belə buyurur: "Ey
kitab əhli, nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat da, İncil
də ancaq ondan sonra nazil edilmişdir, məgər başa düşmürsünüz? İbrahim
nə yəhudi, nə də xaçpərəst idi. O ancaq hənif (Tək Allaha ibadət edən)
müsəlman idi və Ona şərik qoşanlardan deyildi. Şübhəsiz ki, insanların
İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər (Muhəmməd)
və ona iman gətirənlərdir. Allah möminlərin dostudur!" (Ali İmran,
65-68). Həmçinin, bütün peyğəmbərlərin müsəlman olduğunu bəyan edərək
buyurur: "Səfeh olanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Biz
onu dünyada elçi seçdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdən
olacaqdır. Rəbbi ona: "Təslim ol!"– dedikdə, o: "Aləmlərin Rəbbinə
təslim oldum!"– demişdi. İbrahim də, Yaqub da bunu oğullarına vəsiyyət
etdilər: "Ey oğullarım! Həqiqətən, Allah bu dini sizin üçün seçmişdir.
Siz də ancaq müsəlman olaraq ölməlisiniz!" Yoxsa siz Yaquba ölüm
gəldikdə onun yanında idiniz? O zaman o, öz oğullarına dedi: "Məndən
sonra nəyə ibadət edəcəksiniz?" Onlar dedilər: "Sənin İlahına,
atalarının – İbrahimin, İsmailin və İshaqın İlahı olan Tək İlaha ibadət
edəcəyik. Biz yalnız Ona təslim olanlarıq!" (əl-Bəqərə, 130-133). Uca
Allah Qurani Kərimdə yəhudi və xaçpərəst xristianlara "Ey kitab əhli",
yəni "Ey Tövrat və İncil verilən kəslər!" deyə müraciət edir. Çünki,
Musa və ondan sonra göndərilən İsa peyğəmbər yəhudiliyi və xristianlığı
təbliğ etməmiş və öz dinlərinə belə ad verməmişdilər. Bu,
onlardan sonra gələnlərin öz kitablarını və dinlərini təhrif edərək
uydurduqları adlardır. Yer üzərində Allahın bəyənib seçdiyi və razı
qaldığı, habelə bütün insanlara əmr etdiyi həqiqi din yalnız İslamdır.
Allah buyurur: "Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan
nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim"
(əl-Maidə, 3). Həmçinin, İslamı qəbul etməyənlərə xəbərdarlıq edərək
buyurur:"İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul
olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar" (Ali İmran, 85).