Düzdür
ki, peyğəmbərlər və imamlar insanların tərbiyəçiləri və nəfslərinin
təbibləridir, lakin nəfsin islah olunması, təbabəti və aludəliklərdən
təmizlənməsinin məsuliyyəti bizim öz öhdəmizə qoyulmuşdur. Peyğəmbərlər
və məsum imamlar insanlara təbabət dərsi verirlər, nəfsani xəstəlikləri,
onların əlamətlərini və pis təsirlərini, eləcə də müalicə yollarını
camaat üçün şərh edirlər ki, insanlar özlərinin nəfsani xəstəlikləri və
onların müalicə yolları ilə tanış olaraq nəfslərinin islah olunmasını öz
öhdələrinə götürsünlər. Çünki heç kəs insanın özünü ondan yaxşı
tanıyaraq xəstəlikləri ayırd edə bilməz və nəticədə müalicə məqamına
gələ bilməz. İnsan nəfsani xəstəlikləri və onların müalicə yollarını
vaizlərin dilindən eşidir, yaxud kitablarda oxuyur, lakin nəticə
etibarilə öz xəstəliyini dərk edərək xüsusi dərmanlardan istifadə etməli
olan şəxs insanın özüdür. İnsan özünün nə cür olduğunu hər bir başqa
adamdan daha yaxşı hiss edir. O, özünün daxilindəki məxfi yerlərdən daha
agahdır. Əgər öz nəfsini nəzarət altına almazsa başqalarının
öyüd-nəsihəti onda necə təsir qoya bilər?
İslam
nəzərincə islahat işlərini insan vücudunun daxilindən başlamaq,
nəfslərin özlərini aludəliklərdən təmizlənməyə, səhiyyə və psixoloji
işlərə riayət etməyə hazırlamaq və onlara özlərini nəzarət altında
saxlamaqlarına əmr etmək lazımdır. Bu da islamda ən mühüm tərbiyə
metodlarından biri hesab olunur. Allah-təala Quranda buyurur: "Xeyr,
insanın özü bəhanə gətirməsinə baxmayaraq öz yaxşılıq və pisliklərinə
daha agahdır.” ("Qiyamət" 15)
İmam
Cəfər Sadiq (ə) bir kişiyə buyurdu: "Sən öz nəfsinin təbibi qərar
verilmisən. Xəstəliklər də, sağlamlıq əlamətləri da sənin üçün bəyan
olunubdur. Onun dava-dərmanı da sənə deyilibdir. Belə isə bax gör
nəfsini müalicə etmək üçün necə tədbir görürsən.”(Kafi”, 2-ci cild,
səh.454)
İmam
Cəfər Sadiq (ə) yenə buyurur: "Hər kəs öz nəfsinə öyüd-nəsihət etməsə
başqalarının öyüd-nəsihətinin onun üçün heç bir faydası
olmayacaqdır.”("Biharul-ənvar”, 70-ci cild, səh.70)
İmam
Səccad (ə) buyurur: "Ey Adəm övladı! Sən öz nəfsinin öyüd-nəsihət
verəni olduğun müddətdə doğru yoldasan.”("Biharul-ənvar”, 70-ci cild,
səh.64)
Əmirəl-möminin
Əliyyibni Əbitalib (ə) buyurur: "İnsanların ən acizi o kəsdir ki, öz
nəfsini islah etməkdən aciz olsun.”("Ğurərul-hikəm”, 1-ci cild, səh.196)
O
Həzrət (ə) yenə buyurur: "Yaxşı olar ki, insan nəfsinin hakimiyyətini
öz öhdəsinə alsın, həmişə qəlbinin nəzarətçisi və dilinin mühafizəçisi
olsun.”("Ğurərul-hikəm”, 2-ci cild, səh.862)