1.Qarşısını
almaq. Ruhun sağlamlığına riayət etmək, günah və çirkin əxlaqın
qarşısını almaq nəfsin saflaşdırılması mərhələlərində ən yaxşı və ən
asan yoldan ibarətdir. Nəfs hələ günaha aludə olmadığı bir zamanda fitri
nuraniyyətə, səfaya malikdir, onda yaxşı işləri görməyə, gözəl əxlaqla
zinətlənməyə daha artıq hazırlıq vardır. Hələ qaralmamışdır, şeytan ora
yol açmamış və o da pis işlərə adət etməmişdir. Buna görə də günahın
tərk edilməsi üçün daha artıq hazırlığa malikdir. Yeniyetmələr və
cavanlar əgər öz nəfslərini saflaşdırıb günaha, rəzil xüsusiyyətlərə
mürtəkib olmaqdan çəkinmək istəsələr onlar üçün bu müəyyən qədər
asandır. Çünki bu iş qarşısı alınma yönünə malikdir və bir şeyin
qarşısını almaq ona adətin tərk edilməsindən qat-qat asandır. Deməli,
cavanlıq, yeniyetməlik hətta uşaqlıq dövrü belə nəfsin
saflaşdırılmasının ən yaxşı dövrüdür. Eləcə də insan məxsus bir günaha
batmayınca həmin günahın tərk edilməsi onun üçün daha asandır. Deməli
cavanlar, yeniyetmələr, eləcə də bəzi günahlara mürtəkib olmayan şəxslər
fürsəti çox mühüm və qənimətli hesab etməli, ümumiyyətlə, günah
etməməyə çalışmalı, nəfslərini elə olduğu vəziyyətdə saxlamalıdırlar.
Çünki bir şeyin qarşısının alınması onu etdikdən sonra tərk etməkdən
daha asandır. Bu məsələyə diqqət yetirilməlidir ki, əgər bir kəs bir
günaha mürtəkib olarsa, yaxud, çirkin əxlaqa sahib olarsa və bununla da
şeytanı öz nəfsinə buraxmış olarsa o günahı tərk etmək hökmən daha çətin
olacaqdır. Şeytan və nəfsi-əmmarə daim çalışır ki, günaha bir iki dəfə
mürtəkib olmağı kiçik və əhəmiyyətsiz cilvələndirsin ki, bunun
vasitəsilə qəlbə nüfuz edərək nəfsi günah işlərə adət etdirsin. Deməli,
öz xoşbəxtliyini fikirləşən bir insan nəfsin istəkləri müqabilində ciddi
şəkildə müqavimət göstərməli, günah işə bir dəfə olsa belə mürtəkib
olmaqdan ciddi şəkildə çəkinməlidir. Əmirəl-möminin Əliyyibni Əbitalib
(ə) buyurur: "Öz nəfsinə pis bir işə, yaxud əmələ mürtəkib olmağa belə
icazə vermə.”("Ğurərul-hikəm”, 2-ci cild, səh.801)
O
Həzrət (ə) başqa yerdə belə buyurur: "Həvayi-nəfs sənə qələbə çalıb
güclənməmişdən öncə sən ona qələbə çal. Əgər güclənərsə səni öz
ixtiyarına keçirəcək və istədiyi tərəfə çəkəcəkdir. Belə olan halda sən
onun müqabilində müqavimət göstərə bilməyəcəksən.”("Ğurərul-hikəm”,
səh.411)
Yenə
buyurur: "Adət insanı öz ixtiyarına keçirən bir
düşməndir.”("Ğurərul-hikəm, səh.33) "Adət insan üçün ikinci növ təbiət
olur.”("Ğurərul-hikəm”, səh.26) Düşmən düşmənə qələbə çaldığı kimi sən
də öz həvayi-nəfsinə qələbə çal, düşmən düşmənlə mübarizə apardığı kimi
sən də onunla mübarizə apar. Bəlkə bu yolla öz nəfsini cilovlaya
biləsən.”("Ğurərul-hikəm”, səh.409)
Yenə
buyurur: "Günahı tərk etmək tövbə etməkdən daha asandır. Çox hallarda
bir saatlıq şəhvət uzun-uzadı qəm-qüssəyə səbəb olur. Ölüm dünyanın iç
üzünü aşkar və rüsvay olmasına səbəb olur və əql sahibi üçün heç bir
sevinc və şadlıq qoymur.”("Kafi" c.2, səh.451)
İmam
Cəfər Sadiq (ə) buyurur: "Ruhun bədənindən ayrılmamış (ölməmiş)
nəfsini, özün üçün zərərli olan şeylərdən hesab et. Güzəranını və həyat
vəsaitlərini təmin etmək üçün çalışdığın kimi, nəfsinin (nəfsani
istəklərdən) azadlığı yolunda da çalış. Həqiqətən sənin nəfsin
əməllərinin girovundadır.”("Kafi”, 2-ci cild,,səh.455)
Allah-təala
Qurani-Kərimdə buyurur: "Amma hər kəs öz Pərvərdigarının məqamından
qorxaraq nəfsini ehtiraslardan, nəfsani istəklərdən saxlasa həqiqətən
behişt onun yeri olacaqdır.” ("Naziat” surəsi, 40-cı ayə)
Hər
bir halda nəfsin bu işlərə qurşanmasının qarşısını almaq ən yaxşı və ən
asan yoldur. İnsan bu yolda bacardığı qədər çalışıb ciddiyyət
göstərməlidir. Xoş olsun o cavanların halına ki, həyatın əvvəllərində öz
əmmarə nəfslərini cilovlayaraq onlara günaha mürtəkib olmaq icazəsini
vermir və ömürlərinin axırına qədər pak-pakizə olub Allah dərgahına
yaxınlaşmaq yolunda qədəm götürür və Allah dərgahında yüksək mərtəbələrə
nail olurlar.
2.Birdən-birə
tərk etmək. Əgər qarşısını almaq mərhələsindən keçsə və nəfs günahlara
aludə olsa onda onun paklanması növbəsi çatıb. Paklamağı bir neçə cür
başlamaq olar. Onların ən yaxşısı mənən və daxilən dəyişiklik etmək,
günahı külli şəkildə tərk etməkdir. Günaha, çirkin və rəzil xislətlərə
aludə olan bir şəxs birdəfəlik tövbə edib Allah dərgahına qayıdaraq
qəlbini günahlardan və aludəliklərdən yuyub, pak-pakizə ola bilər. O,
qəti bir qərarla şeytanı öz qəlbindən çıxarıb qəlbin qapılarını əbədi
olaraq onun üzünə bağlaya bilər, qəlb evini Allah dərgahına yaxın olan
mələklərin nazil olma yerinə, ilahi nurların saçma mərkəzinə çevirə
bilər, ciddi bir çevrilişlə şeytanı və əmmarə nəfsini məğlub edib,
nəfsin cilovunu möhkəm-möhkəm və həmişəlik olaraq öz əlinə ala bilər.
Çoxlarını görmək olar ki, öz nəfslərinə məhz bu yolla qələbə çalmış, onu
tam şəkildə təmizləməyə və saflaşdırmağa nail olmuş və həyatlarının
axırına qədər öz sözlərinə vəfalı qalmışlar. Bu batini dəyişiklik bəzən
bir tərbiyəçidən, yaxud özünün nəfsi saf olan əxlaq ustadından qısa bir
cümlə eşitmək, yaxud, ilahi şəxsiyyətin bir işarəsi, yaxud qeyri-adi bir
hadisənin baş verməsi, dua və zikr məclisində iştirak etməklə, ayə,
rəvayət dinləməklə, bir neçə anlığa qısa təfəkkür etməklə hasil olur.
Bəzən kiçik bir hadisə bir qığılcım kimi qəlbi büsbütün dəyişərək ona
nuranilik gətirir. Bəzi şəxslər bu yolla öz nəfslərini saflaşdırmağa
müvəffəq olmuş və Allah dərgahına seyr edənlər qrupunda qərar tutmuşlar.
Nümunə olaraq aşağıdakı hadisələrə diqqət yetirin:
Bişr
Hafi Allahın layiqli bəndələrindən, dövrünün abid və zahidlərindən idi.
Onun həyatı barəsində qeyd olunur ki, əvvəllər ə”yan-əşraflardan idi.
Gecə-gündüz əyyaşlıqla, pis və günah işlərlə məşğul olurdu. Onun evi
fəsad, eyş-işrət, rəqs, ğina mərkəzi idi. Bu səslər həmişə onun evindən
eşidilirdi. Lakin sonralar tövbə edərək zahidlər və abidlər cərgəsinə
keçmişdi. Onun necə tövbə etməsilə əlaqədar yazırlar: Bir gün Bişrin
kənizi zibil qabını boşaltmaq üçün evin qapısına gəlir. Bu zaman Həzrət
Musa ibni Cəfər (ə) evin qapısından keçəndə avaz və rəqs səsini eşidir.
Kənizdən soruşur: «Bu evin sahibi azad adamdır, yoxsa qul?» Kəniz deyir:
«Əlbəttə, azaddır və ağadır.» Həzrət (ə) buyurur: «Düz deyirsən, çünki
əgər bəndə olsaydı və öz mövlasından qorxsaydı günah və mə”siyətə bu
qədər cürətli olmazdı.»
Kəniz
evə gedir. Şərab süfrəsinin kənarında əyləşən Bişr ondan soruşur: «Nə
üçün gec gəldin?» Kəniz hadisəni danışır. Bişr soruşur: «O kişi axırda
nə dedi?» Kəniz dedi: O kişinin axırıncı sözü bu oldu: «Düz dedin, əgər
evin sahibi azad olmasaydı (yəni özünü Allahın bəndəsi hesab etsəydi) öz
mövlasından qorxar və günah işlərdə bu qədər cürətli olmazdı.»
İmam
Musa ibni Cəfərin (ə) qısa sözü ox kimi Bişrin qəlbinə sancılır və bir
qığılcım kimi qəlbini nuraniləşdirib tamamilə dəyişir. Şərab süfrəsini
yığışdırıb, ayaqyalın qaçaraq özünü həmin şəxsə – Musa ibni Cəfərə (ə)
çatdıraraq deyir: «Ey mənim ağam! Allahdan və sizdən üzr istəyirəm!
Bəli, mən Allahın bəndəsiyəm. Lakin öz bəndəliyimi unutmuşdum. Buna görə
də belə günah işlər görürdüm. Amma indi öz bəndəliyimi dərk elədim və
keçmiş əməllərimdən tövbə etdim. Mənim tövbəm qəbul olunurmu?» İmam (ə)
buyurur: «Bəli, Allah sənin tövbəni qəbul edər. Öz günah işlərindən
xaric ol və həmişəlik olaraq günahları tərk et.»
Bişr
tövbə edərək Allah övliyaları, abid və zahidlərin cərgəsinə keçir, bu
nemətin şükrün yerinə yetirmək məqsədilə ömrünün axırına qədər ayaqyalın
gəzir.("Müntəhəl-amal”, 2-ci cild, səh.126)
Əbu
Bəsir deyir: «Mənim qonşuluğumda zalım padşahların məmurlarından biri
yaşayırdı. Haram yolla çoxlu mal-dövlət yığmışdı. Onun evi fəsad,
eyş-işrət və ğina mərkəzi idi. Mən onun qonşuluğunda, daim
əzab-əziyyətdə yaşayırdım, lakin heç bir çıxış yolum yox idi. Dəfələrlə
ona nəsihət etmişdim, amma faydası olmamışdı. Nəhayət bir gün bu işləri
tərk etməsinə dair çox israr etdim. Mənə dedi: Filankəs! Mən şeytanın
əlində əsirəm, eyş-işrətə, günaha adət etmişəm, onu tərk edə bilmirəm.
Xəstəyəm, lakin özümü müalicə edə bilmirəm. Sən mənim üçün yaxşı bir
qonşusan, lakin mən sənin üçün pis qonşu olmuşam. Nə edə bilərəm? Axı
mən həvayi-nəfsimin əsiriyəm! Nicat üçün bir yol da görmürəm. İmam Cəfər
Sadiqin (ə) hüzuruna gedəndə mənim vəziyyətimi ona de. Bəlkə mənim üçün
bir çıxış yolu göstərsin.»
Əbu
Bəsir deyir: O kişinin sözündən çox təsirləndim. Bir müddətdən sonra
İmam Cəfər Sadiqi (ə) ziyarət etmək məqsədilə Kufədən Mədinəyə yola
düşdüm. İmamın (ə) hüzuruna çatdıqda qonşumun sözlərini ona çatdırdım.
Buyurdu: «Kufəyə qayıdandan sonra o kişi sənin görüşünə gələcək. Ona
deyərsən: "Cəfər ibni Muhəmməd dedi: Sən günahlardan əl çək ki, mən də
sənin üçün behiştə zamin olum.”»
İşlərimi
qurtardıqdan sonra Kufəyə qayıtdım. Camaat mənim görüşümə gəlirdi.
Qonşum da gəldi. Hal-əhval soruşduqdan sonra getmək istədi. Mən işarə
ilə ona oturmasını, onunla işim olduğunu başa saldım. Hamı getdikdən
sonra ona dedim: «Mən sənin vəziyyətini İmam Cəfər Sadiqə (ə) dedim.
Buyurdu: Kufəyə qayıtdıqdan sonra mənim salamımı ona çatdır və de: Sən
günahlardan əl çək, mən də sənə cənnəti zamin olum.»
O
Həzrətin (ə) qısa cümlələri bu kişinin qəlbinə elə təsir etdi ki,
hönkür-hönkür ağlamağa başladı. Sonra mənə dedi: «Filankəs! Səni and
verirəm Allaha, de görüm, doğrudanmı Cəfər ibni Muhəmməd belə dedi?» Mən
and içib dediyim sözün eynilə imamın sözü olduğunu bildirdim. Dedi: Elə
bu söz mənə kifayətdir.»
Bunu
deyib evimdən çıxdı. Bir neçə gün ondan xəbərim olmadı. Bir gün mənə
xəbər göndərdib onun yanına getməyimi və mənimlə işi olduğunu bildirdi.
Xahişini qəbul edib onun evinə getdim, qapının arxasından məni səsləyib
dedi: «Ey Əbu Bəsir! Yığdığım bütün haram mal-dövlətləri sahiblərinə
qaytardım. Hətta paltarlarımı da çıxardıb vermişəm. İndi çılpaq halda
qapının dalındayam. Ey Əbu Bəsir, mən imamın göstərişlərinə əməl etdim
və bütün günahlardan əl çəkdim.»
Əbu
Bəsir deyir. Qonşumun tövbə edib Allah dərgahına qayıtmasından sevindim
və imamın sözünün təsirindən heyrətləndim. Evə qayıdıb bir qədər
paltar, yemək hazırladım və onun üçün apardım. Bir müddətdən sonra
yenidən məni çağırdı. Evinə getdikdə xəstə olduğunu gördüm. Bir müddət
xəstə yatdı. Mən də daim onun vəziyyətini soruşmağa gedir, lazım olan
köməkləri edirdim. Lakin müalicənin heç bir faydası olmurdu. Nəhayət bir
gün vəziyyəti çox ağırlaşdı. Ehtizar (can verən insan) halına düşdü.
Başı üstündə oturmuşdum. O da can üstündə idi. Birdən huşa gəlib dedi:
"Ey Əbu Bəsir! İmam Cəfər Sadiq öz vədəsinə əməl etdi!” Bunu deyib
həmişəlik gözlərini yumdu.
Bir
müddətdən sonra həcc səfərində İmam Cəfər Sadiqin (ə) hüzuruna getdim.
Bir ayağım dalanda, digər ayağım isə həyətdə ikən İmam (ə) buyurdu: "Ey
Əbu Bəsir! Biz sənin qonşuna verdiyimiz əhdə vəfa etdik: onun üçün zamin
olduğumuz behişti ona verdik.”("Müntəhəl-amal”, 2-ci cild, səh.86)
Belə
insanlar həmişə olmuş və hal-hazırda da vardır ki, qəti bir qərar,
şücaətli bir tədbirlə əmmarə nəfsi məğlub edərək onun cilovunu əlinə
alır və batini bir inqilabla nəfsini hər növ çirkinliklərdən
təmizləyirlər. Deməli, bu yolu ötmək bizim hamımız üçün mümkündür.
Əmirəl-möminin
Əliyyibni Əbitalib (ə) buyurur: "Adəti tərk etmək üçün öz nəfslərinizə
qələbə çalın və onun istəkləri ilə mübarizə aparın. Bəlkə bu yolla
nəfsinizi öz ixtiyarınıza keçirə biləsiniz.”("Ğurərul-hikəm”, səh.508)
Əmirəl-möminin
Əliyyibni Əbitalib (ə) yenə buyurur: "İbadətlərin ən yaxşısı adətlərə
qələbə çalmaqdır.”("Ğurərul-hikəm”, səh.176)
İmam Məhəmməd Baqir (ə) buyurur: "Qiyamətdə üç gözdən başqa bütün gözlər ağlayar:
1.Gecələr Allah yolunda ayıq qalan gözlər.
2.Allah qorxusundan ağlayan gözlər.
3.Allahın haram buyurduğu şeylərdən yumulan gözlər.”("Kafi”, 2-ci cild, səh.80)
İmam
Cəfər Sadiq (ə) buyurur: "Allah-təala Musaya (ə) belə vəhy etdi: «Heç
kəs Mənim dərgahıma haramlardan çəkinməklə yaxınlaşdığı qədər başqa bir
yolla yaxınlaşa bilməz. Həqiqətən Ədn behiştini onlar üçün mübah edərəm
və onlardan başqa şəxsləri oraya daxil etmərəm.”("Kafi”, 2-ci cild,
səh.80)
Əlbəttə,
əmmarə nəfsini cilovlamaq və günahları tərk etmək ümumi halda asan iş
deyildir. Lakin əgər bu barədə agahlıq, təfəkkür, aqibəti düşünmək,
himmət və iradə olsa çox da çətin olmaz. Çünki bu barədə Allah
tərəfindən də kömək olunur.("Ənkəbut” surəsi, 69-cu ayə)
3.Tədricən
tərk etmək. Əgər günahları bir dəfəyə tərk etmək üçün himmət və
bacarığımız yoxdursa bu əməli tədricən tərk etmək barədə qərara gələ
bilərik. Əvvəlcə nümunə olaraq bir, yaxud bir neçə günahı tərk etməyə
başlayır və bu işi o qədər davam etdiririk ki, onları tərk etmək barədə
nəfsimizə qələbə çalaraq onların kökünü kəsə bilək. Bundan sonra həmin
əməliyyatı digər bir və ya bir neçə günahla əlaqədar başlayır və ona
qələbə çalana qədər davam etdiririk. Eyni halda tam ehtiyatlı olmaq
lazımdır ki, tərk olunan günahlar yenidən təkrar olunmasın. Məlum olduğu
kimi günahların tərk olunması ilə bərabər nəfsi-əmmarə və şeytan da
zəifləyir. Qəlbdən hər bir şeytan çıxdıqca onun yerinə mələk keçir.
Qəlbin səhifəsindən hər günah qaraltısı aradan getdikcə həmin qədər də
onun ağlığı və nuraniliyi artır.
Bu
minvalla günahların tərk edilməsini davam etdirir, nəfsi kamil
saflaşdırır, nəfsani istəkləri kamil şəkildə cilovlayıb tam qələbəyə
nail oluruq. Bu məsələ ilə əlaqədar elə bir həddə çatmaq olar ki,
özümüzdə bütün günahların bir dəfəlik olaraq tərk edilməsinə qüdrət də
görə bilərik. Bu halda biz fürsətlərdən istifadə etməli və bütün
günahları bir dəfəlik tərk etməliyik. Şeytanı qəlbimizdən çıxarıb
nəfsi-əmmarəni cilovlamaqla qəlbi Allah və Onun dərgahına məxsus olan
müqərrəb mələklərə aid edərik. Əgər bu barədə çox çalışıb cihad etsək
şübhəsiz qələbə çalacağıq. Nəfs ilə aparılan cihad eynilə düşmənlə
aparılan mübarizəyə bənzəyir. Mücahid insan həmişə düşməni nəzarət
altına alıb öz qüvvələrini düşmənin imkanları ilə müqayisə etməli, öz
qüvvələrini gücləndirməli, fürsətlərdən istifadə edərək mümkün olan hər
bir yolla düşmənə hücum etməli və onun ordusunu dağıtmalı, yaxud nəfs
ölkəsindən çölə çıxarmalıdır.