"Rum" surəsi, 49-cu ayənin təfsiri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 1 680
Səs ver:
(səs: 0)
"Rum" surəsi, 49-cu ayənin təfsiri

Qurani-Kərimin "Rum" surəsində buyurulur:

"(Ya Muhəmməd!) Şübhəsiz, səndən öncə də (bəzi) qövmlərə peyğəmbərlər göndərdik, onlara (Allah tərəfindən) aydın dəlillər gətirdilər (onların bəzisi kafir və bəzisi mömin oldular), bu zaman Biz günahkarlardan intiqam aldıq. Möminlərə daim kömək etmək Bizim öhdəmizdə olan bir haqdır və vacibdir." (Rum 49)

Bu ayədə bir neçə məsələyə işarə olunur:

1.
Allah Təala insanları düz yola yönəltmək üçün həmişə elçilər göndərmişdir və heç zaman insanları öz başına buraxmamışdır.

2. Peyğəmbərlər insanları Allahın yoluna çox aydın və aşkar dəlillərlə dəvət etmişlər.

3. Tarix boyu peyğəmbərlərin dəvətini qəbul edənlər və etməyənlər qarşı-qarşıya gəlmişlər, onlar arasında hətta müharibələr də baş vermişdir. Ayədə bu iki cəbhənin mənsubları "mucrim" (cinayət və günah işləyən dəstə) və "mömin" olaraq tanıtdırılır.

4. "Biz mucrimlərdən intiqam aldıq" ifadəsinin "Möminlərə daim kömək etmək öhdəmizdə olan bir haqdır" ifafəsindən qabağa keçməsi onun göstəricisidir ki, bu qarşıdurmanın əsas səbəbkarları mucrimlərdir.

5. Allah Təala bəndələrinin əməllərinə biganə qalmamışdır, O, həmişə zalımları cəzalandırmış, möminlərin intiqamını onlardan almışdır.

Bu ayəni oxuduqda bəzi insanlarda suallar da yarana bilər.

Sual 1:
Allah yenilməz qüdrət sahibidir, intiqam məfhumunun özəyində isə bir ilkin məğlubiyyət dayanır. Yəni "biz intiqam aldıq" deyərkən harada isə məğlub olmağını qəbul etmək demək deyilmi? Bu Allahın qüdrəti ilə necə sığışır?

Cavab:
Allah Təalanın mübarək adlarından biri "əl-Müntəqim"dir, yəni "intiqam alan". Qurani-Kərimdə bu məfhum "zu-intiqam" (zuntiqam), yəni "intiqam sahibi" kimi ifadə olunur. Misal olaraq Ali-İmran surəsinin 4, Maidə surəsinin 95 və İbrahim surəsinin 47-ci ayələrini göstərmək olar.

Bu ad Allahın feli adlarından (sifətlərindən) biridir, feli adlar isə, sırf bəndələrin (və bütün yaranmışların) işləri və əməlləri ilə bağlı adlardır. Allahın öz bəndələri ilə olan hər bir münasibəti bir ad, sifət və ya xüsusiyyət kimi təzahur edir. Xaliq adı, xəlq etməsi və yaratması, Raziq adı ruzi verməsi, Muhyi adı diriltməsi, Mumit adı öldürməsi, Nasir adı yardım etməsi, Muntəqim adı zalımlardan intiqam alması və s. ilə əlaqədardır. Bütün bu feli adların hər biri Onun zati adlarından qaynaqlandığı kimi (məsələn, xaliqliyi Onun qadirliyindən və alimliyindən qaynaqlanır), bəzi feli adlar da digər bir feli addan qaynaqlana bilir. Məsələn, Yardım etmək (nasirliyi), yardımını kəsmək (xazilliyi), hidayət etmək (hadiliyi), azdırmaq (mudilliyi) Onun ədalət və hikmətindən qaynaqlanır. Bu isə, bəndələrin əməllərindən asılıdır. Allah insanları öz əməllərində ixtiyar sahibi etdiyi üçün (İnsan surəsi 3) onların əməlləri onların taleyində rol oynayır. Yəni insan öz əməli ilə Allahın yardımını da cəlb edə bilər, qəzəbini də. İnsan zülm etdikdə Allahın qəzəbini cəlb edir, Allah bu zülmü yerdə qoymur və məzlumun intiqamını zalımdan alır. Çünki, O, ədalətli və hikmətlidir. Müntəqim adı məhz bu yerdə təzahur edir.

Sual 2:

Möminlərə yardım etməyi Allah özünə borc bilirsə, bəs niyə möminlər zülmə məruz qalıb və qalır?

Cavab:
Yuxarıdakı cavabda qeyd etdiyimiz səbəblər burada da keçərlidir. İnsanın yaxşı əməli Allahın yardımını cəlb edə bilər. "Təkcə iman etdik" deməklə iş qurtarmır (Ənkəbut sutəsinin ilk ayələri), təqvalı, səbrli olmaq, saleh rəhbərin ətrafında bir yumruq kimi birləşmək (Tövbə surəsi 119), Allahı, Onun rəsulunu və Onun yolunda cihad etməyi dünya həyatından daha çox sevmək (Tövbə 24) və digər lazım olan şərtlərə riayət etmək Allahın yardımını cəlb edən səbəblərdir. Bu səbəblər olmadıqda isə, məğlubiyyət qaçılmazdır.

Qeyd: Peyğəmbərlər, imamlar və övliyalar da zülmə məruz qalmışlar, hətta bəziləri qətlə yetirlimişlər. Allah Təala onların qisasını zülm edənlərdən və qatillərdən almışdır. Onlara bəla və əzab göndərmiş, onları həlak etmişdir.

Əlbəttə, Allah istəsəydi, o peyğəmbərləri xilas edərdi, onlara xüsusi yardımlar edərdi (necə ki, bəzilərinə xüsusi yardım etmişdir). Lakin, unutmayaq ki, Allahın bir adı da "Həkim"dir (hikmət sahibi). O, hər bir şəraitə uyğun və hikmətinin tələb etdiyi işi görür.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 680
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri