Paskal görkəmli fransız riyaziyyatçısı, fiziki və filosofudur.
O, 19 iyun 1623-cü ildə Fransanın Klermon-Ferran şəhərində riyaziyyatçı ailəsində anadan olub.
Paskal atasının rəhbərliyi ilə riyazi təhsil almış və istedadlı olduğunu gənc yaşlarında büruzə vermişdir.
Riyaziyyata
daha çox maraq göstərən Paskal 16 yaşında Konik kəsişmələrə həsr
edilmiş proyektiv həndəsənin əsas teoremlərindən birini yazmışdır
/Paskal teoremi/. O dövrün alimlərinin çoxu bu gənc riyaziyyatçının belə
bir əsəri özü yazmasına inanmırdılar.18 yaşında Paskal Blez hesaba aid
toplayıcı maşın ixtira edir. 20 yaşı olanda gənc alimin hesaba, ədədlər
nəzəriyyəsinə, cəbrə və ehtimal nəzəriyyəsinə aid bir sıra əsərləri nəşr
olunmuşdur.
O, binom açılışında binomial əmsallarının və m elementdən n element olan birləşmənin hesablanması üsulunu vermişdir.
Paskal
atmosfer təzyiqinin Torriçelli tərəfindən kəşf edildiyini eşitdikdə
1644-cü ildə Torriçelli təcrübəsini müxtəlif mayelərlə /civə, su, çaxır/
təkrar etmiş, əlavə təcrübələr aparmış və aşağıdakı suallara cavab
axtarmışdır: Torriçelli təcrübəsindəki borunun içərisindəki civənin
üstündəki fəza nə ilə doludur? Borudakı civənin hamısı nə üçün çanağa
tökülmür və onu bu səviyyədə nə saxlayır? Hava təzyiq edirmi, edirsə bu
təzyiq necə verilir?
Paskal
isbat etdi ki, Torriçelli təcrübəsi havanın təzyiqini doğrudan aşkar
edib, bu həqiqətdir. Boruda civənin səviyyəsinin dəyişməsi izah edir ki,
təzyiq havanın temperaturundan və nəmliyindən asılıdır.
Paskal
belə qərara gəlir ki, atmosfer təzyiqinin mövcud olduğunu qəti isbat
etmək üçün daha bir həlledici təcrübə qoymaq lazımdır. Bu məqsədlə o,
Pyui de Dom dağının ətəyində və zirvəsində Torriçelli təcrübəsini təkrar
edib, hər iki halda civə sütununun hündürlüyünü yoxlayıb, fərqini
müəyyən etməyi qərara alır.
O,
bu təcrübə ilə müəyyən edir ki, dağın zirvəsində civənin səviyyəsi
ətəyindəkinə nisbətən aşağı düşür. Bu, gözlənilən nəticə idi. Beləliklə
məlum olur ki, havanın təzyiqi dağın ətəyində çox, zirvəsində isə azdır.
Buradan
Paskal müəyyən edir ki, yuxarı qalxdıqca havanın sıxlığı azalır. Paskal
belə nəticəyə gəlir ki, borudakı civə atmosfer təzyiqinin təsiri ilə
səviyyəsini hündürdə
saxlayır.
1647-ci
ildə Paskal «Boşluqda yeni eksperiment» adlı əsərini çap elətdirir. O;
göstərir ki, Torriçelli borusunda civənin üstündəki fəza nə hava nə də
hər hansı maddə ilə dolu deyil, boşluqdur. Buradan yeni fiziki anlayış
vakuum aşkar edildi.
Paskal Blez 1648-ci ildə müasirlərini heyrətə gətirən paradoksal bir təcrübə aparmışdır. /Paskal təcrübəsi/.
Su
ilə dolu olan çəlləyə nazik uzun boru birləşdirilir. Borunu bir az su
ilə doldurduqda çəlləyin divarlarında taxtalar birləşən yerlərdən su
fəvvarə vurub axmağa başlayır.
Fizika üzrə Paskalın əsas tədqiqatı hidrostatikaya aid olub. O, 1653-cü ildə aşağıdakı qanunu vermişdir:
«Maye
və qazlar üzərinə düşən təzyiq dəyişmədən onların bütün nöqtələrinə
verilir». Bu qanun Paskal qanunu adı ilə məşhur olub hidrostatikanın
əsas qanunlarındandır.
Birləşmiş qablar qanunu və hidravlik presin nəzəriyyəsini də Paskal vermişdir.
Elmdəki xidmətlərini nəzərə alaraq BS sistemində təzyiq vahidini Paskalın adı ilə adlandırmışlar.
Paskal
havanın elastikliyini müəyyən edərək, isbat et¬mişdir ki, havanın
çəkisi var. O, təzyiqin havanın rütubətindən və temperaturundan asılı
olduğunu kəşf etmiş və bunlardan gələcəkdə hava haqqında qabaqcadan
məlumat verməyin mümkünlüyünü söyləmişdir.