Kartof cipsilərinə, qarğıdalı çöplərinə, suxariklərə «yox» deyək...
Kartof cipsiləri yalnız ölkəmizdə deyil, bütün dünyada istər uşaqların,
istərsə də böyüklərin ən çox sevdiyi və tükətdiyi məhsullar içində yer
alır. Sevildiyi və çox satıldığı üçün, bu gün müxtəlif tərkibli cipsilər
dükanların vitrinlərini bəzəyirlər. Qiymətləri 40 qəpikdən başlayaraq
artan bu məhsulları bir çox ekspertlər uşaqların həyatında əsl təhlükə
mənbəyi hesab edir. Bütün uşaqların sevimli qidasına çevrilən kartof
cipsiləri əslində bu kiçik bədənlər üçün zəhərə bərabərdir. Təsadüfi
deyil ki, insan orqanizmi üçün təhlükəli və yararsız qida məhsulları
siyahısında cipsilər birinci yer tutur. Mütəxəssislər hesab edir ki,
kartof çipsiləri ürək xəstəlikləri, piylənmə, sonsuzluq və xərçəng
riskini artıraraq uşaqların gələcəyini məhv edir.
Cipsilər piylənməyə səbəb olur
Pediatr Mehriban Cəlilovanın sözlərinə görə, uşaqlarda yaranan piylənmə
onların həyatında yaşlılara nisbətən daha təhlükəli fəsadlar törədir:
"Araşdırmalara görə, cipsinin uşaqlarda yaratdığı ən böyük fəsad
piylənmədir. Uşaq orqanizmi yenicə inkişaf etməyə başladığı üçün bu
dövrdə piylənmə gələcəkdə səhhətində ciddi problemlər yaradır. Onlarda
piylənmənin yaratdığı problemlər zaman keçdikdən sonra şəkər və başqa
ciddi xəstəliklərə yol aça bilər. Bununla yanaşı piylənmə qanda
xolesterinin miqdarını artırır”.
Siqaret qədər təhlükəlidir
Dünya Sağlamlıq Təşkilatı və Amerika Qida və Dərman Təşkilatı hesab
edir ki, bir yetkinin gündə ən çox 6 qram duz alması və 65 qram yağ
istehlak etməsi lazımdır. Lakin, gündə 2 paket cipsi yeyən uşaq bu
nisbətləri həddən çox aşır. Bu iki təşkilatın mütəxəssislərinə görə,
onların qəbul etdiyi yağ miqdarının içində ürəyə zərərli olan doymuş yağ
nisbətinin 20 qramı aşmaması lazımdır. "Siqaret qədər təhlükəli olan”
işlənmiş yağların isə heç istehlak edilməməsi vurğulanır. Uşaqlarımızın
yediyi 100 qramlıq paket kartof cipsində 25-33 qram arasında yağ var.
Dünyada satılan kartof cipsilərinin üzərində yazılmadığı üçün hansı
nisbətdə işlənmiş yağdan istifadə edildiyini öyrənə bilmirik. Ancaq
İngiltərə Ürək Sağlamlığı Təşkilatının məlumatlarına görə, 100 qramlıq
kartof cipsilərindəki doymuş yağ nisbəti 10, işlənmiş yağ nisbəti isə 3
qrama qədər ola bilir. Duz nisbəti də 3 qrama qədər yüksəlir. Başqa cür
desək, gündə 100 qramlıq iki paket cipsi yeyən uşaq əslində bir yetkin
şəxsin alması lazım olan yağ və duz nisbətini istehlak etmiş olur.
Doymuş yağ istehlakı 20 qramı aşdığı zaman piylənmə riskini 80 faiz,
ürək xəstəliklərinə tutulma riskini isə 60 faiz artırır. Bununla yanaşı,
kartof cipslərinin yağda qızardılması əsnasında ortaya çıxan
"akrilamid" adlı maddənin xərçəngə gətirib çıxardığı istiqamətində elmi
müzakirələr aparılır.
"Cipsi yemək yağ içməyə bərabərdir”
Xatırladaq ki, bu araşdırmalardan sonra Böyük Britaniya ölkədə cipsi
satışını qadağan etdi və "Cipsi yemək yağ içməyə bərabərdir” şüarıyla
kompaniya başlatdı. Təşkilata görə, 35 qramlıq cipsi paketində 2,5 çay
qaşığı yeməli yağdan istifadə edilir. Hər il dünyada 36 milyarda paket
cipsi satılır, bu o deməkdir ki, cipsilərdə istifadə edilən yağ ilə
gündə iki Olimpik üzmə hovuzu doldurula bilər.
Azərbaycanda da cipsilərə olan tələbat ürək açan deyil. Belə ki, ərzaq
məhsulları satılan mağazalara yollandıq və cipsi satışı ilə bağlı
satıcılarla söhbətləşdik. Onlar bizimlə söhbətində, cipsilərin ən çox
satılan qidalar arasında olduğunu söylədilər: "Cipsilərin müştəriləri ən
çox məktəb uşaqları olur və ən çox ədviyyatlı cipsilər, suxarilər
alırlar”.
Qeyd edək ki, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsi məktəb bufetlərində və uşaq bağçalarında istifadəsinə
icazə verilməyən qidaların siyahısını açıqlayıb. Məktəblərdə və
bağçalarda qadağan edilən siyahıların içində cipsilər də yer alır.
Məktəb bufetlərindən cipsi ala bilməyən uşaqlar dükanlardan alaraq
ehtiyaclarını ödəyirlər.
"Cipsi satışı dayandırılmalıdır”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bizimlə söhbətində
cipsilərin istehsalında genetik modifikasiya olunmuş (GMO) kartofdan
istifadə edildiyini bildirdi: "Bu mövzuda daim bu işlə məşğul olan
dünyanın bütün təşkilatları, o cümlədən beynəlxalq istehlakçılar
təşkilatı Azad İstehlakçılar Birliyinə və digər yerli nümayəndələrə
məlumatlar verirlər ki, uşaq müəssisələrində, məktəb bufetlərində o
cümlədən «Mc Donalds» şəbəkələrində kartof cipsilərinə, qarğıdalı
çöplərinə, suxariklərə son qoyulsun. Çünki, bu cür şəbəkələrdə satılan
cipsilər GMO məhsullardır və üstəlik duzlu və qovurulmuşdur. Bunlar
orqanizmdə müəyyən fəsadlar yaratdığı üçün Dövlət orqanlarının məktəb
bufetlərində apardığı araşdırmaları və yaratdığı standartı mən zəruri
hesab edirəm”.
E.Hüseynovun sözlərinə görə, təşkilat olaraq belə məhsulların satışının
qarşısını almaq üçün müəyyən işlər görülməsinə baxmayaraq yaxşı
nailiyyət əldə etmək mümkün deyil: "Çünki, istehlakçı hüquqlarını
qoruyan dövlət orqanlarının bu sahədə işlərini çox zəif hesab edirəm.
Dövlətin orqanlarını kiçik yaşlı uşaqların xeyrinə qərarlar qəbul edir,
lakin onu icra edən orqanlar işlərini düzgün yerinə yetirmirlər. Mən
düşünürəm ki, cipsilər yalnız məktəb bufetlərində deyil, ölkədə də
tamamilə ləğv edilməlidir”.