Həsrətindəyəm (3-cü bölüm)

Müəllif: _Mrs_
Şərhlər: 10
Baxılıb: 6 579
Səs ver:
(səs: 0)
…Elşad həyətə enmişdi. Siqaret çəkirdi. Canındakı hirsi qovmağa çalışır, bundan sonrası barədə götür-qoy edirdi. Atasıgilin bu xəbəri eşidəndə necə reaksiya verəcəklərini gözüyumulu bilirdi. Amma nəyin bahasına olursa-olsun, geri çəkilməyəcəkdi. Mələyi onun əlindən artıq heç bir qüvvə ala bilməzdi…

Bu vaxt şadlığından uça-uça ona doğru qaçan bibisi qızı Elnarənin səsinə fikirdən ayrıldı. Elnarə Elşadın boynuna sarılıb:

– Bacı qurban sənə! Təbrik edirəm! – dedi. – Doğrudan qızı bizə gətirmisən? Yoxsa bunlar mənlə zarafat edirlər?

– Sən keç evə, bir bax də…

– Həmin qızdı?

– Xətrimə dəyirsən ha, bibiqızı… – Elşad adəti üzrə qaşının birini alnına qaldırıb, məğrur baxışlarla Elnarəyə baxdı, xəfifcə gülümsədi. – Başqa kim olmalı idi?

– Halaldı qardaşıma! – Elnarə fərəhi köksünə sığmayan bir ədayla Elşadın qolunu sıxdı. Və sevincək əlini-əlinə vurdu. – Əlaaaa… Toy olacaq!

– Ona kimi salamat qalsam, yəqin ki, olacaq!

– Niyə? – Elnarəni gülmək tutdu.

– Gələndən başıma çırpmadığı bir şey qalmayıb…

Elnarə qəhqəhə çəkdi. Bu vaxt Elnarənin qardaşları da gəlib çıxdılar. Elşadla görüşüb, qucaqlaşdılar.

***

Mən üzü gülə-gülə içəri girən qızın şən səsinə başımı qaldırdım.

– Qardaşımın Mələyi bizə xoş gəlib!

O, irəli yeriyib, yüz ilin doğması kimi mənə sarıldı. Dönə-dönə öpdü.

– Allah xoşbəxt eləsin sizi! Dayan, bir baxım sənə! – Məni başdan-ayağa süzdü. Gülümsədi. – Elşadı nə qınayım? Mən görən kimi vuruldum sənə. Dəli-divanəydi dərdindən bizim bu uşaq… Bilmiş ol! Deyirdi, Elnarə, ya o, ya da heç kim! Gəlib, ürəyini mənə açırdı. Sənin barəndə o qədər danışıb ki, mənə… Adım Elnarədi. Elşadın bibisi qızıyam. Dayım oğlu deyil e, canım-ciyərimdi o, mənim. Onu bir başqa çox istəyirəm. Bəlkə qardaşlarımdan da artıq! Necə sevindim, ilahi! Şükür sənə!

Elnarə yaşda məndən böyük idi. Çox mehriban və istiqanlı bir qız idi. Danışa-danışa mənim ağlamaqdan qızarıb şişmiş gözlərimə diqqət etdi, yanağımı oxşadı:

– Caan… Qorxudublar səni? Qıymaram… Ağlama, bu gözlərinə göz yaşı heç yaraşmır…

Çox keçmədi Elşad qapının ağzında göründü. İçəri keçmədən gözucu məni süzüb, əhval-ruhiyyəmi izlədi. Sakitləşdiyimi görmək, bilmək istədi. Onu görən kimi əhvalım dəyişdi. Məni saran əsəbdən bütün bədənimə od-alov gəldi. Gözlərimi süzdürüb, baxışlarımı ondan qaçırdım.

Bir qədər sonra həyətdə kişilər üçün, evdə isə qız-gəlin üçün naz-nemət dolu süfrə açıldı. Xuraman bibi, gəlinlər, Elnarə nə qədər israr etsələr də dilimə heç nə vurmadım. Təkcə bir bardaq su içdim. O da istidən boğazım qurumuşdu, ona görə.

Artıq hamıya məlum olmuşdu ki, Elşad məni zorla qaçırıb. Ona görə də davranışlarımı təbii qəbul edirdilər. Elşad nədənsə fikrindən daşınıb, burada qalası olmuşdu. Bu isə məni onun bayaqkı sözlərindən sonra açıq-aşkar narahat edirdi. Ürəyim qəfəsə salınmış quş kimi çırpınırdı.

Arada o, əmisi oğlundan geyinməyə köynək istəyib, əynini dəyişdi. Elnarə onun qolundakı cırmaq izlərini görüb, səbəbini təxmin etsə də ərkyanalıqla ona sataşdı:

– Ay Elşad… Bu nədi? Bu nə gün-ruzigardı?

Elşad bir gözü məndə, məzəmmətlə üz-gözünü turşutdu. Özünü sındırmayıb, son dərəcə ciddi tonda:

– Kəndə gələndə canavarlar üstümə hücum çəkmişdi. – dedi. – Güclə canımı qurtardım. Sabah şəhərə qayıtmalıyam. İşdə olmalıyam. Amma bu kökdə adam içinə necə çıxacam, heç bilmirəm.

Elnarəni gülmək tutdu:

– Sənə bu da azdır. Bəs nə bilmişdin? Mələk oğurlamaq asan işdi?

Mən heyfimi almış bir adam sayağı altdan-altdan gülümsündüm. Sonra Elnarəyə məni vanna otağına aparmasını işarə etdim. Əl-üzümə su vurub, özümə gəlmək istəyirdim. Biz qapıdan çıxanda Elşad o dəqiqə Elnarəyə:

– Hara? – deyib, qaşlarını düyünlədi. Elnarə hara getdiyimizi ona başa salanda, onun göz-qaş işarəsiylə məni qəti şəkildə gözdən qoymamağı, yanımdan ayrılmamağı tapşırdığını gördüm.

Vanna otağında suyu açıb üzümə çırpdım. Bunu bir neçə dəfə təkrarladım. Amma bu anda ürəyimin başında sanki tonqal qalamışdılar. Sərinlik hiss eləmədim. Başıma nə gəldiyini, harada olduğumu saatlar bir-birini əvəz etdikcə dərk etməyə başlayırdım. Və bu da məni yandırıb-yaxır, əlimdən isə bir şey gəlmirdi. Ata-anamı, bacımı xatırlayanda ixtiyarsız olaraq məni yenə hönkürtü tutdu. Səsim eşidilməsin deyə suyu bağlamadan için-için hönkürüb ağladım. Amma Elnarə səsimi duyub, tez yanıma gəldi:

– Yaxşı, özünü ələ al. Ağlama. Hərənin bir cür qisməti var də. Sizinki də belə imiş. Yaxşı olacaq hər şey, bax, görərsən. Özünü üzmə bu qədər. Elşad pis oğlan deyil. Səni də dəlicəsinə sevir. Ona görə də belə dəlilik edib. Keç təqsirindən. Vallah, yaxşı olacaq.

Mən bir qədər toxtayıb, sonra havaya çıxdım. Bu zaman həyətdə açılmış masa arxasında yeyib-içənlərə yenicə qoşulmuş bir nəfərin səsi qulaqlarıma doldu. Səs, danışıq tərzi mənə tanış gəldi. Həmin gülüşdü…

Bu, Elşadın əmisi oğlu idi. Elşad məni qaçıranda o da maşında idi. Hiddətimdən gərginliklə nəfəs alıb-verdim. Dayanmayıb, tez evə keçdim. Elşad da həyətdə idi. Arabir səsi gəlirdi qulağıma. Telefonu susmaq bilmirdi. Kənara çəkilib, ona zəng vuranlarla danışır, hərdən də bəxtiyarlıqla gülürdü.

Mən Elnarəyə Elşadı işarə edib, axırda dilə gəldim.

– Bu niyə çıxıb getmir? Gecəni burda qalacaq?

Elnarə narahatlığımın səbəbini göydə tutdu. Şeytan-şeytan gülümsünüb, qulağıma pıçıldadı:

– Qorxma, sən mənim otağımda qalacaqsan. Toydan əvvəl icazə verməzlər. Ürəyini buz kimi sərin saxla. Dayıoğlu gözləməli olacaq…

Amma mən nədənsə yenə də rahat ola bilmədim.

Səhər yuxudan oyananda, çarpayıda bir xeyli yarıyuxulu otağı süzdüm. Elə zənn etdim evimizdəyəm. Və dünən baş verənlər sadəcə gördüyüm bir kabusdu. Amma bu hiss cəmi bir neçə saniyə çəkdi. Çünki bu bir gerçək idi. Dana bilməyəcəyim bir gerçək… Dünən Elşad məni qaçırıb bura gətirmişdi. Bunu bir daha dərk edəndə yenidən göz yaşlarına boğuldum. Üstəlik, anamı da yuxuda görmüşdüm. Ağlayırdı… Bu səbəbdən daha da kövrəldim.

Bir qədər sonra mənə məlum oldu ki, Elşad gecə yarısı çıxıb rayona, atası evinə gedib. Burda qalmayıb.

Axşam tərəfi Elşad öz maşınında, yanında böyük əmisi Əhməd və onun həyat yoldaşı Nəcibə xala dalımca gəldilər. Məni rayona, Elşadın babası evinə gətirdilər. Qapıdan içəri girəndə Elşadın anasının mənə dikilən qanlı baxışları bu gün də gözüm önündədir. Əlində ixtiyarı olsaydı, məni bir qaşıq suda boğardı. Hiss etdim ki, bu izdivaca razı deyil. Bundan belə məni yaxşı heç nəyin gözləmədiyini qapıdan içəri atdığım ilk addımda bildim.

2 saat sonra Elşad hazırlanıb, şəhərə qayıtdı. Getməmiş xəlvətcə yanıma gəlib, qapıdan mənə xəbərdarlıq etdi:

– Mən gedirəm. Bir-iki günə qayıdacam. Ağıllı ol!

Sözün mənasını gözəl bilsəm də, özümü eşitməzliyə vurdum. Elşad uzun, dərin baxışlarla gözümün içinə baxıb, dillənmədiyimi görəndə çıxıb getdi.

Gecə yarısı qaçmaq istəsəm də alınmadı. Duyuq düşüb imkan vermədilər. Otağa salıb qapını arxadan bağladılar. Mənimçün ayrılmış bu otaqda çarpayıya uzanıb ata-anamı, bacımı düşünərək o ki var ağladım. Kim bilir, haqqımda nə düşünürdülər. Və çox güman ki, məni günahkar bilirdilər. Haqlı idilər. El içində xar olmuşdular. Atam məni bu yaxınlarda qohumlarımızdan birinin oğluna vermiş və artıq bu dəfə fikrimi soruşmamışdı. İstəməsəm də səsimi çıxarmamışdım. Bir həftəyə nişan olacaqdı. Hər iki evdə hazırlıq görülürdü. Mən Rüfətdən sonra çətin ki, birini sevə biləydim. Qəlbim də, ruhum da çoxdan ölmüşdü. Amma atamın sözünün üstünə daha söz deyə bilməmişdim. Çünki artıq sevgisinə arxalandığım o, yox idi. Məni özünə lazım bilməmişdi.

Mənə üzük gətirəcək oğlan da xar oldu. Sevməsəm də, o da özünə görə bir kişi idi. İndi bu xəbəri öyrəndikdən sonra dost-tanış içinə çıxa bilməyəcəkdi…

Beş gün sonra Elşad rayona gəldi. Burda artıq toya hazırlıq gedirdi. O, rayona çatan kimi birbaşa babası evinə gəlmişdi. Məni görmək istəyirdi. Amma mən onu görəndə yatmış qəzəbim sanki yenidən oyandı.

Qaçırıldığım gündən yemək yeməmişdim. Təkid və israrlara rəğmən rədd edirdim. Buna görə də artıq başağrısı, halsızlıq başlamışdı məndə. Beləsi daha yaxşı idi. Onsuz da yaşamaq istəmirdim.

Elşada xəbər vermişdilər. Yanıma gəlib məni danlayırdı. Mənsə arxamı ona çevirərək hər iki əlimlə qulaqlarımı qapamışdım ki, nə üzünü görüm, nə də səsini eşidim… Ona olan hirsim hələ soyumamışdı. Üzünü görəndə qutuda ilan görürdüm sanki. Fikirləşəndə ki, tezliklə bu adamın arvadı olacam, onunla bir yatağa girəcəm, dəli olmaq dərəcəsinə gəlirdim…

O, mənim soyuq və düşmən rəftarımı gördükcə hirsindən dilini-dodağını gəmirir, mənə eşitdirirdi:

– Eybi yox, hələ səbir edirəm. Necə olsa, sənin də bəyliyin toya qədərdi. Ondan sonra mən sənə həyatı başa salacam! Onda tanıyacaqsan məni! Hərbi rejim keçərəm sənə, adam olarsan! Hələ bildiyini oxu! – deyib, qapını çırpıb gedirdi…

Mən növbəti dəfə qaçmağa cəhd etmişdim, amma bu dəfə də istəyim baş tutmamışdı. Elşadın əmisi arvadı Gülsüm məni o ki var danlayıb, başa salmağa çalışmışdı:

– Ağlını başına yığ. Sənin adın artıq belə çıxdı. Hamı düşünür ki, sən onun arvadısan. Nə olsun ki, əli-əlinə dəyməyib. Amma hamı belə düşünür. Balaca rayondu, hamı bir-birini tanıyır. İndən belə qayıtsan nə edəcəksən? Bu ad üstündə ikən, kim yaxın durar sənə? Ağıllı ol.

– Heç istəmirəm də! – deyib, gözümün yaşını tökdüm.

– Deyirsən də… Hələ hirsin soyumayıb. Ay qız, qismətin belə imiş. Qəbul etməkdən başqa çarən yoxdu! Çalış başını aşağı salıb, yola gedəsən. Evlənəndən sonra öyrəşəcəksən.

Toya bir neçə gün qalmışdı. Mən onunla bir ömür həyat sürməmək üçün qaça bilməyəcəyimi anlayıb, başqa yola əl atmışdım. İntihar etmək istəyirdim. Amma…

Onun səsinə geri çevrildim. Qapının ağzında dayanmışdı.

– Bunu axtarırsan?! – deyə əlindəki balaca şüşə qabı mənə göstərdi. Kinayə ilə gülümsündü.

Donub qaldım. Niyyətimdən nə vaxt xəbər tutub, həblə dolu şüşəni götürdüyünü bilməmişdim. O, bir addım irəli gəlib, özünə hakim ola bilmədi, mənə şillə çəkdi.

– Toy ərəfəsi məni zibilə salmaq istəyirsən?! – səsini göyərtdi.

Qulaqlarım uğuldadı. Sifətim od tutub yandı. Səsimi içərimə vurub, səssiz-sədasız göz yaşı tökdüm. Bu kobudluğu ona olan nifrətimi daha da artırırdı. O isə mənim ona sərt üz göstərib acıladığımı gördükcə bir az da dəliyə dönürdü.

Elşad otaqdan çıxandan cəmi bir neçə saniyə sonra əmisi Əhmədin ona iradla səsini qaldırdığını duydum:

– Köpəyoğlu! Səni bir də o qıza əl qaldıran görsəm, məndən incimə! Bu nə qudurğanlıqdır edirsən?! Əcəb yaxşı iş tutmusan, hələ bir zülm də edəsən?!

Gözümün yaşını silib, otağın pəncərəsinə yaxınlaşdım. Pərdəni bir balaca aralayıb baxanda Elşadı əmisinin qarşısında cücə kimi büzüşmüş gördüm. Əmisi necə hiddətlənmişdisə ağzından od tökürdü. Elşad rəng verib-rəng alır, dilini-dodağını gəmirirdi. Dinmirdi.

– Siz nə vaxt adam olacaqsız?! Ayə, boyundan utan, istəmirəm əl qaldıram. Çəkərəm o şillənin birini sənə, bilərsən ləzzətini!

Elşad gərginliklə fısıldadı. Əmisi isə tamam ciddiyyətlə onu hədələdi:

– Elə et ki, bu qızı verim sənə! Baxmaram ha, heç nəyə! Üç gün bu qapıda “Vağzalı” çaldırasan, gəlib bu evdən çöp də apara bilməzsən, bilirsən ki, əlacın mənim əlimdədi! Özünü adam kimi apar!

– Eybi yox, burdan da qaçıraram! – Elşad dilini dinc saxlamadı.

Əmisi tərs-tərs onu süzüb, tənbeh etdi:

– Toya qədər səni buralarda görməyim! Ayıb bil, böyüklərdən! Heç olmasa gözə görünmə! Bu nədi, yuxarı başa keçib qoçuluq edirsən!

Elşad durmayıb, əsəbi addımlarla evdən çıxdı. Sən demə, o, məni vuranda əmisi təsadüfən salonda imiş. Nə baş verdiyini duyub. Kişinin onu danlayıb, yaxşıca tənbeh etməsi ürəyimdən tikan çıxardı sanki. Amma bu məqamdan sonra mənim üzərimdə nəzarət bir az da artdı. Elşad isə toya qədər bir də bura gəlmədi.

(Ardı var)

Müəllif Firuzə Davudqızı
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 6 579
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri