Həsrətindəyəm (27-ci bölüm)

Müəllif: _Mrs_
Şərhlər: 11
Baxılıb: 5 671
Səs ver:
(səs: 1)
Elşad xəstəxanada olduğu müddətdə mən də onun yanında qaldım. İlkinin xahiş və israrlarına rəğmən Elşad bir gecəliyə də olsa atası evinə getmək istəmədi.

Ayağa qalxıb bir az özünə gələn kimi işlədiyi bölgəyə yola düşdü, baxmayaraq ki, yaraları hələ tamam sağalmamışdı. Gedərkən məni də özüylə apardı. Daha doğrusu, mən bunu ondan təkidlə istədim. Qayınanamın yanına yenidən qayıtmaqdansa güllənin, bombanın altında yaşamağı üstün saydım.

Xəstəxanadan birbaşa yola düşdük. Əvvəlcə Elşadın həmin bölgədən olan dostunun evinə getdik. İki gün sonra isə Elşad iş yerinə yaxın bir ərazidə ev kirayələyib, məni gəlib oradan götürdü.

Gəlməyinə gəlmişdik, amma Elşad hələ işə çıxmamışdı. Səhhəti buna imkan vermirdi.

Düşmən bizdən cəmi bir neçə kilometr aralı idi. Bəzən atışma səsləri eşidilirdi. Elşad belə hallarda altdan-altdan məni süzür, sual verirdi:

– Qorxmursan ki?

– Yox, – deyə qətiyyətlə dillənirdim, – sən yanımda olanda heç nədən qorxmuram!

Elşad isə başlayırdı özünü qınamağa:

– Mən hansı ağılla səni bura gətirdim. Gərək qulaq asmayaydım sənə!

– Mənə bura xoşdur, Elşad!

Əlimdən gəldiyi qədər ona qulluq edirdim ki, tez sağalsın. Yaralarının sarğısını dəyişir, iynə-dərmanlarını vaxtlı-vaxtında edirdim. Bir yerdə olsaq da bir-birimizdən uzaq qalmışdıq. Bu vəziyyət onu sıxırdı, halından anlayırdım. Amma o, bu halda ikən, əldən bir şey gəlməzdi.

Bir gecə sarğısını dəyişdikdən sonra futbolkasını ona uzadanda gözüm Elşadın gözlərinə sataşdı. Onun məğrur baxışları, yarıçılpaq əzələli bədəni ürəyimə od saldı. Onsuz da yarasını sarıyarkən ona toxunanda, işimi görərkən belə barmaqlarım bədənində gəzişəndə özümü birtəhər hiss edirdim. İndi də buna bənzər hisslər keçirdim. Lakin özümü ələ alıb, dedim:

– Geyin.

Əlimi yumaq bəhanəsi ilə otaqdan çıxdım. Bir qədər sonra Elşadın məni çağırdığını duyub, yenidən yataq otağına qayıtdım.

– Bura gəl görüm, sözüm var sənə.

– Nə söz?

– Yaxın gəl, deyəcəm də.

Dediyinə əməl etdim. Gedib qarşısında dayanaraq maraqla üzünə baxanda o, əyilib boynumdan öpdü. Davam etmək istəyəndə mən onu özümdən kənar saxladım. İstehzayla:

– Sən əməliyyat olunana heç bənzəmirsən, – dedim.

Şeytani bir təbəssümlə dodağı qaçan Elşad altdan yuxarı iştahla mənə baxa-baxa dedi:

– Əməliyyat olunan başqa yerlərdir. Bundan əməliyyata nə?

Məni gülmək tutdu.

– Nəyə gülürsən? – O, ciddi halda üzümə baxıb, qolumdan tutaraq özünə doğru çəkdi. – Ağzımın suyu axa-axa nə vaxtacan kənardan baxacağam? Gözlərim kor oldu!

– Sən dəqiq dəlisən!

– Sənə görədir, keç! – dedi və ehtirasla dodaqlarımdan öpə-öpə sözünə davam etdi. – Güllənin altında sevişməyin də ayrı bir ləzzəti var ha…

– Nədən bilirsən? Olmaya burada da təcrübə keçmisən? – eyhamla, tərs-tərs onu süzdüm.

– Yox, ilk dəfədir. – O, tamam arxayın bir halda dilləndi. – Sınaqdan keçirmək istəyirəm. Filmlərdə görmüşdüm. Sən söhbəti uzadıb, mənim fikrimi yayındırma.

– Biz real həyatdayıq da, unutma. Sən də ki yaralısan.

Yanından ayrılmaq istədim. Çevik tərpənib əlimdən tutan Elşad barmaqlarını barmaqlarımın arasına keçirərək əlimi yüngülcə sıxdı. Təkrar özünə sarı çəkdi.

– Düz tapdın, yaralı pələngəm! Və hazırlaşıram bu ceyranı parçalamağa! Gəlib dayanıb pəncəmin altında! – O, asta hərəkətlə məni soyundurmağa başladı. Eyni zamanda qulağıma pıçıltılı səsi doldu. – Bu gecə naryadda sənsən də, xidmətini elə!

Çırağın alatoran işığında Elşadın mənə zillənmiş ehtiraslı baxışları mənə izah edə bilmədiyim bir həyəcan gətirdi. Boynuma qonan busəsi xoş giziltiyə dönüb bütün bədənimə yayıldı. Pıçıltısı yenidən qulağımı oxşadı.

– Tələs, pis gündəyəm!

Bir qədər sonra mən də ona biganə qala bilmədim. Onun təbirincə desək, pişik kimi ağuşuna sığınıb, ehtiyatla boynundan, boğazından, dodaqlarından öpdüm. Futbolkasını çıxarıb əllərimi bədənində gəzdirəndə bilmədən bir ara yarasına toxundum. Üzünü cüzi turşutdu, amma gözləri qorxudan böyümüş gözlərimə sataşan kimi onu gülmək tutdu. Bir az da məhəbbətlə mənə sarıldı.

6 AY SONRA

Bir gün sübh tezdən mən vanna otağında həyəcanla testin nə göstərəcəyini gözləyərkən nəticəni görəndə sevincimdən qışqırmamaq üçün özümü güclə saxlamışdım. HAMİLƏYDİM.

Bir az sakitləşib özümü bu şad xəbərə inandırdıqdan sonra vanna otağından çıxdım. Ürəyim necə şiddətlə vururdu, ilahi…

Allah-təala bu qədər əzablardan sonra bizi mükafatlandırmışdı. Üzümüzü güldürəcək bir hədiyyə bəxş eləmişdi.

Elşad hələ oyanmamışdı. Necə sevincək olmuşdumsa, Elşadın nə vaxtsa oyanacağını gözləməyə səbrim çatmadı. Bu xəbəri elə bu dəqiqə almasını istəyirdim. Yatağın üstünə çıxıb, onun üzündən öpdüm. Oyandırmağa çalışaraq:

– Elşad… – deyə çiyninə toxundum.

O, handan-hana gözlərini açıb:

– Hmm… – deyə arxası üstə çevrildi.

Mən təbəssümlə onu süzdüm. Sözü dilimin ucunda dolandıra-dolandıra tam ayılmasını gözlədim. Elşad gözlərini ovuşdurdu:

– Nə olub, zəng gəlib mənə?

– Yox, ismarış gəlib! – deyə gözlərimin içi gülə-gülə dilləndim. – Bir vacib ismarışınız var.

– Nə ismarış? Gətir telefonu görüm.

– Telefonda deyil! Burdadır! – deyə hamiləlik testini xalatımın cibindən çıxarıb onun gözləri önündə tutdum. – İsmarış gəlib ki, tezliklə ata olacaqsan!

Elşad bir neçə anlıq çaşqın baxışlarla üzümə baxdı. Qaşlarını çatıb soruşdu:

– Nə olub dedin?

Qaşqabağımı tökdüm:

– Off… Sən, kim bilir, neçənci yuxudasan. Yat, yuxunu al!

– Bu xəbərdən sonra yuxu qalar məndə? – O, birdən məni qamarlayıb, gülə-gülə yatağa yıxdı. Dəli-dəli öpüb, əlindən çıxmağa çalışsam da buraxmadı. Daha dərin bir məhəbbətlə mənə sarıldı. Fərəhi köksünə sığmırdı. Mən onu heç vaxt belə bəxtiyar görməmişdim.

…Günlər, aylar ötür, hamiləliyim irəliləyib qarnım bəlli olmağa başladıqca həyəcanım bir az da artırdı.

Elşad isə məndən fərqli olaraq həmin günü az qala iplə çəkirdi. Pərvanə kimi başıma dolanır, məni əlinin içində saxlayırdı. Hər şeydən qoruyub, az qala yatanda da keşiyimi çəkirdi. Bu vaxta qədər görmədiyim müdhiş qayğını, nəvazişi görürdüm ondan. Belə günlərin birində ona sataşaraq dedim:

– Səni belə gördükcə ömrümün sonuna kimi hamilə qalmaq istəyirəm, Elşad. Düz sözümdür. Bu canfəşanlıq yəqin ki, uşağa görədir də, hə? Mənə görə olmaz.

Elşad tərs-tərs məni süzdü:

– Naşükür olma!

– Yəni kaş ki, həmişə belə mülayim, mehriban olasan.

O özünü qətiyyən sındırmadı:

– Yavaş-yavaş də… Xasiyyətimi bir anda dəyişə bilmərəm axı. Moskva birdən qurulub bəyəm? Hərdən özümə mat qalıram, mən də nə vaxtsa bu qədər həlim xasiyyətli bir adam olarammış. Bax gör də, necə güclü qadınsan. – Onun dodağı qaçdı. – Məni muma döndərdin. Mənsumə bunları görsəydi, bilirsən də bu yerdə bədahətən nə deyərdi. – Elşad sözünün gerisini gətirməyib məzəli bir əda ilə mənə göz vurdu.

Narazılıqla onu süzüb, başımı buladım:

– Sən heç dəyişməyəcəksən, Elşad. Ürəyini sıxma! Həmişə belə kobud qalacaqsan! Vay mənim halıma!

Elşad sözlərimə şirin-şirin güldü.

Bu minvalla ayları başa vurub, körpəmizin dünyaya gələcəyi günü sonsuz bir sevinc içində, səbirsizliklə gözləməkdə idik.

Vaxt ötdü, vədə yetişdi, bir axşam qəfil tutan sancı məni diksindirdi. Bəxtim onda gətirmişdi ki, Elşad evdə idi, növbədə deyildi. Əvvəl bundan Elşada söz açmadım. Daha erkəndir düşündüm, ilk sancıdan gedib doğum evində saatları ötürmək istəmirdim. Amma ağrılar məni az qala divara dırmaşdırmağa başlayanda dözümüm qırıldı.

Mənim halıma-təhrimə fikir verən Elşadı sonda şübhə götürdü:

– Nə olub? Nə tinə-bucağa çəkilirsən tez-tez?

Mən ufuldayıb gözümün yaşını saxlaya bilmədim:

– Ağrım tutub. – Dodağımı dişlərimin arasında bərk-bərk sıxdım.

Elşadın rəngi dəyişdi. Həyəcanla məni süzdü:

– Lap belə ciddi?

Başımı tərpətdim. Özümü sıxıb durduğumdan daha dillənə bilmədim. Elşad iradla üzümə baxdı:

– Bəs onda nəyi gözləyirsən? Nə vaxt dillənəcəkdin?

Səbəbini ona izah etməyə qüvvəm qalmadığı üçün ağlaya-ağlaya çiynimi çəkdim. Əslində canımı qorxu almışdı. Halbuki bunun qaçılmaz olduğunu gözəl bilirdim.

Elşad amiranə bir səslə:

– Hazırlaş! – deyib divandan qalxdı. Telefona əl atdı. Taksi çağırdı.

Doğum evində ağrılara tab gətirməyə çalışa-çalışa, gözümün yaşını tökə-tökə anamı düşünür, daha da kövrəlirdim. Anaya ehtiyacım olan bu məqamda o, yanımda deyildi.

Saatlar sürən əzab və işgəncədən sonra sübh çağı, nəhayət, yolunu gözlədiyim körpəm dünyaya gəldi. Mamaça əlləri arasında tutduğu yumru sifətli, totuq-motuq, gözləri belə açılmamış çağanı mənə göstərib gülümsədi:

– Gözün aydın, oğlun oldu!

Mən yorğun halda başımı dikəldib, sinəmin üstünə qoyulan və durmadan çığıran körpəmə baxıb, onun zəif səsinə kövrələrək hönkür-hönkür ağladım. Amma bu sevinc göz yaşları idi. İlk dəfə olaraq sevincdən ağlayırdım. Mənə yalnız qara günlər bəxş edən taleyimə bir işıq doğmuşdu. Üzümü körpəmin islaq qəhvəyi saçlarına söykədim. İlahi, bundan gözəl bir duyğu tanımamışdım mən bu ana qədər.

Bir qədər sonra məni palataya köçürdülər. Məndən başqa burada üç gəlin daha vardı. Hər üçünün qız övladı dünyaya gəlmişdi.

Bizlə maraqlanan tibb bacısı mənə yaxınlaşıb vəziyyətimi xəbər alanda, mən razılıq etdikdən sonra marağımı boğa bilməyib soruşdum:

– Atası bildi? Xəbər verdiniz?

– Bilir, xəbəri var. – Tibb bacısı şeytan-şeytan gülümsədi. Sonra maraq içində soruşdu. – O hündürboy, enlikürək oğlan sənin ərindir, eləmi? Həkim hərbiçi olduğunu dedi.

– Aha, elədir. Nə olub ki?

Tibb bacısını gülmək tutdu:

– Heç bilirsənmi haradan endiriblər onu?

– Başa düşmədim.

– Sən doğuşda olanda gəlib xəbər öyrənmək istəyirmiş, həkimi soruşub, həkim doğuş qəbul edir deyiblər, içəri buraxmayıblar. Bu da eləməyib tənbəllik, çıxıb eşiyə, dırmaşıb binanın divarı, pəncərələri ilə üzüyuxarı.

Mən pərt halda:

– Bu dəliliyi edirsə, dəqiq mənim ərimdir, – dedim.

Tibb bacısı gülə-gülə nağıl elədi:

– Bir də nə görsək yaxşıdır? Ərin keçib pəncərədən dəhlizə. Həkim də bunu görüb, ağzına gələni deyib. O da əvəzində “Mənə bir xəbər deyin, rahat oturum yerimdə də!” deyib. Bizim bu həkim bir az sərtdir… – Sözün bu yerində tibb bacısı səsini bir qədər alçaltdı. – Onu işindən savayı heç nə maraqlandırmır. Tərs-tərs buna baxıb “Nə qədər lazımdırsa gözləyəcəksən. Bu işlər sifarişlə olmur! Vaxtı-vədəsi var!” deyib.

Mən gözlərim irilənmiş halda tibb bacısını dinləyirdim. İstər-istəməz:

– Off, Elşad! Bir bura qalmışdı! – deyib onu qınadım. – Dəlidir də bu insan!

– Narahat olma, göstərdik oğlunu, gördü. – Tibb bacısı gülümsündü. – Səni soruşurdu, dedik narahat olma. İlk uşaqda həyəcanlı olur kişilər. Biz öyrəncəliyik.

Mən bu duyduqlarımdan sonra pərt halda sıxıla-sıxıla tibb bacısına baxdım.

Elşadın bu hərəkəti yadıma beş il bundan qabaq onun daha bir çılğınlığını saldı. Həmin vaxt anam əməliyyat olunmuşdu və Bakıda xəstəxanada yatırdı. Ona baş çəkməyə getdiyim bir gün xəstəxananın dəhlizində duyulan səs-küy marağımı cəlb elədi. Palatadan çıxıb qapının ağzında dayandım. Dəhlizin girişində qapıya nəzarət edən yaşlı bir qadın kiminləsə bərk mübahisə edir, heç vəchlə ona içəri daxil olmağa imkan vermirdi. Mən dayandığım yerdən onun bütün dəhlizə yayılan sərt səsini aydın eşidirdim:

– Olmaz dedim! Aaa!.. Sən sözünü deginən, mən ona çatdıraram.

Dəhlizdə dayananların çoxunun üzündə təbəssüm vardı. Bu zaman iri şüşə qapı çırpılıb örtüldü. Nəzarətçi qadının dəhlizdəkilərə verdiyi qəfil sual isə məni əməlli-başlı yerimdə dondurdu:

– Mələk kimdir burda? Oğlan deyir nişanlımdır. Deyiləsi sözü varmış.

Anam bu sözləri duymasın deyə çevik bir hərəkətlə həyəcan içində palatanın açıq qalmış qapısını örtdüm.

– Bu oğlanın vəziyyəti heç ürəkaçan deyil. Eşq başına necə vurubsa az qalırdı əlimi-ayağımı öpə. Təki qızı bir dəfə görsün. Ağlı başından çıxıb camaatın balasının. – Qadın danışa-danışa yanımdan ötüb keçdi.

Artıq əmin oldum. Gələn Elşad idi. Mənim Bakıda olduğumu necəsə öyrənmiş, taksiyə oturub Sumqayıtdan birbaşa bura gəlmişdi. Əlbəttə, o öz fikrincə məni görməsinə, onunla kəlmə kəsəcəyimə razılıq verəcəyimi düşünüb, üstəlik, qadını yola gətirmək üçün “Nişanlımdır” demişdi. Həmin vaxt ona bərk hiddətlənmişdim – məni qarabaqara izləyib, zəli kimi yaxamdan yapışdığına görə.

Bu gün isə həmin günləri təbəssümlə anıram.

Bu gün həyatımızın ən əlamətdar günüdür. Elşadla məni bir-birimizə bağlayan, ikimizdən bir parça daşıyan körpəmiz dünyaya gəlib. Və öz gəlişi ilə bu günədək tamarzı olduğumuz xoşbəxtliyi gətirib qədəmlərində.

Həyatda sevinməyin, sevinə bilməyin nə demək olduğunu ilk çığırtısıyla bizə hiss etdirib.

Bir neçə gün sonra biz artıq evdə idik. Bu şad günümüzdə doğmalarımız yanımızda olmasa da, xoşbəxt idik. Allahın bizə nəsib etdiyi bu möcüzəyə şükür edib, hər keçən gün bir-birimizə daha sıx bağlanırdıq.

Elşad oğlumuza öz istəyi, öz arzusu ilə HÜSEYN adını verdi.

Nəfəsi onunla alıb-verirdi, uşağa həddindən ziyadə bağlı idi. İşdən evə bəlkə də qaça-qaça gəlirdi. İçəri girəndə ilk sözü bu olurdu: “Hüseynim neyləyir?”

Bəzən uşağı qucağına alıb, öpüb qoxulaya-qoxulaya onunla danışırmış kimi, əslində mənə eşitdirirdi:

– Sən atanın nəfəsisən, anan da həyatı! Deməli, siz olmadan bir heçəm də mən. Sizsiz bir günüm belə olmasın!

(Ardı var)
Müəllif Firuzə Davudqızı
(səs: 1)
Şərhlər: 11
Baxılıb: 5 671
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri