Sənə yazmadım, Səni yazdım (25-ci bölüm)

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 2 026
Səs ver:
(səs: 0)
– Nə mənasız söhbətdi, mama, buna görə məni çağırmısan?
– Mənasız, nədi mənasız? Sənin həyatın?
– Mama, xahiş edirəm, sən bilirsən ki...
– Nəyi bilirəm, nəyi? – Əsəbi halda danışmağa başladı, – mən bir şeyi bilirəm ki, sən özünü məhv edirsən,
5 ildən çoxdu oldu bitdi, bizim səhvimizdən oldu, nədən
oldu, amma bitdi, mən bu günahın cəzasını 5 ildə hər gün
yaşadım, amma sənin, heç nədə günahın yoxdu, sən mənim
səhvimi öz həyatınla ödəyə bilməzsən, buna izin vermərəm.
Sənin kədərli baxışını, qəmgin üzünü görəndə mən də, atan
da özümüzə yer tapa bilmirik. Bu illər ərzində biz hamımız
əzab çəkdik, ancaq daha bəsdi... – sonra bir az dayanıb: – O
belə özünə ailə qurub, öz xoşbəxtliyinə qovuşub, sənsə hələ
uşaqlıq illərində qalıbsan.
– Kim ailə qurub? – Boğazı qurumuş halda anasından
soruşdu.
Qızının üzünə baxanda beş il əvvəlki o ağır günlərin iztirabını əks etdirən, artıq yadırğamaq üzrə olduğu ifadəni
təkrar gördü. Qızına yazığı gəldi, o bu xəbəri 2 ay olardı
bilsə də, Səmraya əzab verməmək üçün deməmişdi, imkanı
olsa hamının ağzını yumardı ki, Səmra eşitməsin. İndi isə
vəziyyət elə gətirdi ki, Səmranın öz həyatını düşünməsi vacibliyini bildirən xəbər kimi bəlkə də heç fikirləşmədən özü
ona söylədi.
– Nə vaxtdan bilirsən? Kimlə? – Boğuq bir səslə anasından soruşdu.
– Bizim iş yerindəki Mətanət onlarla qonşu idi axı, o
dedi ki, anası, qardaşı köçüb gediblər burdan, Türkiyədə
yaşayacaqlar.
– Burda evlənib?
Hə, deyəsən, burda olub. Mən soruşmadım heç nə,
bircə bildim ki, evlənib burdan gediblər.
Nailə əslində hər şeyi bilirdi Atabəy haqqında, Atabəyin
əsgərlikdən sonra Türkiyədə hərbi təhsil almasını, hərbi
rütbəsinin yüksəlməsini, hətta bu ilin aprelində Azərbaycan
və Ermənistan arasında baş vermiş dördgünlük hərbi münaqişədə Atabəyin əsl qəhrəmanlıq nümayiş etdirməsini də
bilirdi. Həmin vaxtlar Nailə də əri ilə hər bir azərbaycanlı
ailəsi kimi narahat idi. Bütün gün xəbərləri izləyir, baş verən
hadisələri dəqiqliklə öyrənmək istəyirdi. Dörd gün ərzində
Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy
və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi
ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini
azad edib, Füzuli rayonu istiqamətində yerləşən Lələ təpə
adlandırılan yüksəkliyə nəzarəti ələ keçirmiş, döyüşlərin
nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Maladiz
istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etmişdi. Bu döyüşlərdə Azərbaycan əsgərlərinin əldə etdiyi uğurlar, döyüşlərdə açıq-aydın üstünlük göstərməsi
nəinki Azərbaycanın, bütün dünya mediası tərəfindən
işıqlandı. Döyüşlərdə həqiqi şücaətlik göstərən hərbçilər
Azərbaycan Respublikasının Prezidenti tərəfindən mükafatlandırıldı. Nailə və Tahir xəbərləri izləyərkən mükafatlanan hərbçilərin sırasında Atabəyi görməkləri onlar üçün
ən gözlənilməz hadisə idi. Xəbərlərin aparıcısı həyəcanla
bu insanların qəhrəmanlığını danışırdı, növbə Atabəyə
gələndə, o, məğrur görkəmdə mükafatını alır. Burada onun
bir neçə strateji əhəmiyyətli obyektlərin araşdırılmasında
peşəkar xidmətlərindən, düşmənin silah-sursat və hərbi sirr
kimi gizlədilən məlumatlarını çox ustalıqla ələ keçirməsini
qeyd edirlər. Nailə qulağınadək qızarmışdı, əri isə bir söz danışmadan reportajı axıra qədər izlədi. 6 il bundan əvvəl,
Ər-arvad bu oğlanı gələcəkdə həbsxanada görəcəklərinə
ümid edərkən, indi onu ən sayılıb-seçilən insanlar alqışlayırdılar, polkovnik-leytenant rütbəsi ilə mükafatlandırırdılar. Onların bu oğlanın gələcəyi haqqında bütün illüziyaları
alt-üst olmuşdu.
Azərbaycanda hansısa günah iş görüləndə adətən deyilir,
görən axirətini düşünmürmü? Ancaq axirətdə bu ata-ananı
nə gözləyir, yalnız Allaha məlum idi, onlar öz əməllərinin
cəzasını bu dünyada alırdılar. Səmranın əbədi kədərinin
səbəbi onlara cəza deyildimi? Bəs övlad valideynin günahının bədəlini ödəməliydimi? Yoxsa övlad ağrısı daha sərt
olduğundan valideynə kəsilmiş cəzanın istiqaməti övlada
ünvanlanırdı? Ödəniləcək ən yaxşı dərs övlad vasitəsilə verilirdi? Cavabı olmayan suallar çoxuydu. Ümumiyyətlə, taleyin işindən baş çıxarmadığın suallar çox olur. Cavab üçün
baş sındırmaq da lazım deyildi. Həyat özü sırayla cavab
verəcəkdi.
Nə az, nə çox, düz altı il bundan əvvəl ekranda gördükləri
bu gəncin arzularını ürəyində qoymuşdular, ona çirkab
atıb, qara yaxmışdılar. Düzdü, az müddət içində peşman
olsalar da, görünür, bəzi səhvlər bağışlanmırdı, həyat istehzasını davam etdirirdi...
Nailə onu da bilirdi ki, Atabəy Türkiyədə tibb təhsili almış yaxşı bir ailənin qızıyla evlənmişdi. O, ürəyində şükür edirdi ki, Səmra olanlardan xəbərsizdi və bunları bildiyini ona demək Səmraya ürək ağrısından başqa heç nə
verməyəcəkdi.
Anası otaqdan çıxdıqdan sonra Səmra özündə deyildi.
Düzdü, beş il keçmişdi, amma elə bil hər şey dünən olub,
bəlkə də sevgidə zaman-məkan anlayışı yoxdu? İllər keçir,
amma hisslər dəyişmir ki, dəyişmir, kimsə təsadüfən belə
onun adını çəkəndə ürəyi az qala yerindən çıxır. Bəs nə
dəyişir, o öz-özünə düşündü, dəyişən, sadəcə, bizim formamız olur, yəqin ki, insan bu şəkildən digər şəklə düşür,
saçlar ağarır, üz qırışır, kilolar artır, və bir də hadisələrə
baxışımız dəyişir yəqin, ürək isə daima eyni qalır. Bu illər
ərzində Atabəyi düşünmədən bircə günü belə olmamışdı
Səmranın. Kədərinin, qəminin başında hər zaman o gəlib,
səbəbsiz kədərin də səbəbi o olub, bununla belə, Atabəy
özü demiş, ən xoşbəxt günündə də yadında olub. Bəs indi
o, necə evlənib?! Bir zamanlar Səmraya elə gəlirdi ki,
Atabəyə Səmradan başqa heç kim lazım deyil. O, heç kimlə
birlikdə ola bilməz, bunu düşünərkən dərindən ah çəkdi
Səmra. Əlbəttə, bir gün evlənəcəyi gün kimi aydın idi,
amma Səmranın ürəyində özünə belə etiraf edə bilmədiyi
gözlənti varıydı, bu gözlənti ona hərdən “bəlkə də” pıçıldayırdı. Onun Atabəyi artıq bir başqasının olmuşdu, ona dediyi sözləri indi başqasına deyir, o gözəl gülüşü, insanı dəli
edən baxışı, üsyan edən ruhu başqasına aidiydi, ağlayırdı
Səmra... Gizli arzular, xoşbəxtliklə bağlı bütün xəyallar
məhv olub getmişdi. Ürəyində baş qaldırmış ağrı yavaş-yavaş bütün bədəninə yayılırdı, onu bilirdi ki, artıq onlar üçün
hər şey bitib, Atabəyin evliliyi bunu zalımca təsdiq edirdi. O özünə təsəlli vermək üçün düşünürdü ki, bəlkə də lap
yaxşısı elə budur, eşitdiyi xəbərlə içindəki gərəksiz ümid
yox olub gedər, və illərlə uzanan işgəncə də bitər.
Sabirgil gələn zaman Səmra otaqdan çıxmamış, valideynləri onlara işdə vacib bir toplantıda olduğunu söyləmişdilər.
Səmra onların üzünə çıxası halda olmadığından anası özü
belə yalan söyləməyə məcbur olmuşdu, elçilik zamanı
dəqiq hə cavabı verilməsə də, yox da deyilməmişdi. Anası bu evliliyin baş tutmasını nə qədər ürəkdən istəsə də
Səmradan arxayın deyildi, əri də ona dönə-dönə qızla danış,
sonra desə də, Səmranın ruh halının bu söhbət üçün uyğun
olmadığına görə Nailə qızına hələ heç nə demirdi. Sabirgil
cavab gözləsə də, Cəbrayılovlar susurdu, bəzən işləri yoluna qoymaq üçün hər hansı addım atılmayanda tale özü işə
qarışır.
Atasının infarkt xəbərini anası zəng vurub deyəndə
Səmra işə heç çatmamışdı. Səmra klinikaya çatanda anasını göz yaşları içində reanimasiya palatasının qarşısında
idi. Səmranın gəlişini görən Nailə daha da hönkürtü ilə ağlamağa başladı. Üzüntüdən halı əməllicə pisləşən anasını
sakitləşdirməyə çalışan Səmra özünü itirmişdi.
– Atanı itirsək biz neyləyərik, Səmra? – o, göz yaşı
içində Səmraya deyirdi.
Səmra anası kimi təmkinli qadının belə vəziyyətə düşməsindən bildi ki, vəziyyət ağırdı. Əvvəl Səmra gələndə
dəhlizdə sürücü, Afət xala idisə, bir saat keçməmiş dəhliz
adamla doldu. Atasının dostları, eşidən qohum-əqrəba, Sabir arvadıyla və tanımadığı adamlar varıydı, hansı ki, yalnız sonralar anasının danışdıqlarından bu adamların kim olduğunu bilmişdi. Onlar həyatdakı uğurlarına görə özlərini
atasına borclu sayırdılar. Hər kəs Nailəni sakitləşdirməyə
çalışırdılar. Səmra burdakı həkimlərdən vəziyyəti dəqiq
öyrənə bildi, təcili ürək əməliyyatı, əməliyyat uzun müddət
davam etdi. Səmra elə indi öyrəndi ki, Rəşad da əməliyyata
girib, həyatı təhlükəsi davam edir, hər kəs dua edirdi. Solmazın xüsusi qayğısı isə ən yaxın adam kimi Səmranın
üzərindəydi, əməliyyat ağır keçsə də uğurlu oldu, artıq
axşama reanimasiyadan çıxıb adi palataya yerləşdi, indən
belə pəhrizinə ciddi nəzarət etməli, əsəbdən, stresdən uzaq olmalıydı. Atasını itirmədiyi üçün Səmra Allaha dua edir,
şükür oxuyurdu. Nailə və Səmra bütün günü Tahirin qulluğunda durur, ancaq ürəkaçan söhbətlər edir, onu həyata,
yaşamağa həvəsləndirməyi bacarırdılar, haqsızlıq olsa da
demək lazımıydı ki, 26 illik ailə həyatında onlar üçü birbirləri ilə bu qədər isti, mehriban münasibətdə olmamışdılar. Bu müddət ərzində Rəşad da oğul kimi Tahirin qayğısına qalırdı. Düzdü, elçilikdən sonra onun mesajlarını cavabsız qoyan Səmra ilə soyuq davranırdı Rəşad, ancaq bu küsülü münasibəti elə səliqəli edirdi ki, Səmradan başqa heç
kəs bilmirdi, 10 gün xəstəxanada qaldıqdan sonra həkimlər
müalicəni evdə davam etdirmək şərtilə Tahirin evə buraxılmasına razılıq verdilər.
Nailə xanım işə getmir, ərinin yeməyini, dərmanlarını özü
verir, xəstə ziyarətlərinə nəzarət edir, hər evə gələn adamla görüşdürmürdü. İlk dəfə olaraq xəstəliyinin ciddiliyini
tam anlamıyla dərk edən Tahir qızıyla ciddi söhbət etməyin
zamanı yetişdiyini haqlı olaraq anladığından Səmranı otağına çağırıb ikilikdə söhbət etmək istədiyini bildirdi. Səmra
söhbətin mövzusunu tam olaraq anlamasa da atasının ona
nəsə ciddi söz demək istədiyini həmən dəqiqə anlamışdı.
Atası ciddi, lakin qayğılı bir tonda:
– Gəl otur, ata-bala bir söhbət edək, – deyib, seyfindən
içində qalın sənədlər olan qovluq çıxardı, qovluğu masanın
üstünə qoyub Səmraya dedi: – Bu qovluğun içində bizim
sərvətimizin yazılı siyahısı və mənim vəsiyyətnaməm var,
bizim yeganə varisimiz olduğundan bütün bu qovluğun
içindəki əmlaklar sənindi.
Səmra qovluğu əlinə alıb gözucu baxdı, ilk dəfə idi evlərində belə bir siyahı görürdü. Sərvətin miqdarı onu heyrətə
saldı. Bu günə qədər ona bu zənginliyin görünən tərəfləri məlum idi, məsələn, bilirdi ki, atası özəl klinikanın direktorudu. Bura onun rəsmi iş yeridi. Bir də Sabir müəllimlə
şərik otellərinin olduğunu bilirdi, ancaq əsli isə Bakının
mərkəzində obyektlər, evlər, dəniz kənarı istirahət mərkəzi,
dəniz kənarında otel. Bütün bunlar sənədlə Səmranın adına idi. Səmra təəccüblənməyə bilmirdi, atasıgil heç vaxt
ifrat zəngin həyat yaşamamışdılar, doğrudur, yaşadıqları
ev kifayət qədər rahat, müasir tələblərə cavab verirdi. Ancaq bu evdə bir dəfə də olsun iş söhbəti olmamış, məsələn,
obyektlərdən ayda gələn gəlir heç vaxt müzakirə mövzusu
olmamışdı. İndi atasının istədiyi bütün əmlakların mövcudluğu, və idarəsi haqqında qızına məlumat vermək idi. Hər
şey vəsiyyətnamədə göstərilmişdi. Atasının ona göstərdiyi
siyahı hardasa onu qorxutmuşdu da, onun belə bir idarəçiliyi,
bu qədər ağır yükü cavan yaşında onun çiyinlərinə qoymaq
istəməsi onu qorxudurdu. Atası elə bil Səmranın həyəcanını
anladı, və əmlaklar haqqında qızını məlumatlandırdıqdan
sonra ona bu işləri aparıcı mühasiblərin, ailə vəkilləri və
dostu Sabirin də bildiyini, hər zaman Səmraya dəstək olacaqlarına inandığını söylədi. Əlbəttə ki, anası hər şeydən
xəbərdar idi, ancaq indi bütün bunları Səmraya anlatmaqda
əsas məqsədi artıq 25 yaşlı qızın öz sərvətindən xəbərdar
olmasının labüdlüyü idi. Sonda atası üzünü qızına tutub:
Mən sənə bu sərvəti dişimlə-dırnağımla yığdığımı deməyəcəm, bu gün əlimdə olanların yarısını zamanında atam
mənə, bax bu gün mən sənə verdiyim kimi vermişdi, mən
isə bu yolda, sadəcə, doğru addımlayıb bu sərvətə sərvət
qatmışam, heç vaxt və heç vaxt pul hər şeydi deməmişəm.
Atam Fraklinin bir sözünü deyərdi tez-tez: “Fırıldaqçılar
düzlükdən gələn xeyri bilsəydilər qazanc xətrinə düz adam
olardılar”. Hələ yeniyetməlikdən bu şüar məni izləyib və nail olduğum hər şey üçün birmənalı olaraq düzgünlüyə
borcluyam. – Bu yerdə o qızının gözlərinə baxmadan başını
aşağı salıb söhbətinə davam etdi. – Mən özüm gülmək üçün
başqasını ağladanlardan olmamışam. Amma bir dəfə qızım
üçün başqasına acımadım. Övlad bambaşqa şeydi, mövzu
övlad olanda ədalət tərəzisi çaşa bilir, mən də, səhv olsa belə,
o zaman üçün bu addımı düz bilib atdım. Ancaq zamanla insan anlayır ki, həmişə düz etmək də düz deyilmiş. Bu addım
mənə izah olunmaz dərəcədə baha başa gəldi. Ən xırda, ən
əhəmiyyətsiz hadisələrdə ədalətli olmağa çalışarkən, mən
bircə övladımın gözündə etibarımı, hörmətimi itirdim. Bir
səhv addımla mən qızımı mənəvi olaraq itirdim. Təəssüf
ki, səhv atılmış bircə addım sənin əzab-əziyyətlə yaratdığın
möhtəşəm bir qəsri alt-üst edə bilir. – deyəndə Səmra onun
həyəcanlandığını görüb artıq əzab çəkməsinə dözə bilmirdi.

Müəllif:Dilşad Talıbova[/i]
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 026
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri