Səmimilik, yoxsa ailə xoşbəxtliyinin qiyməti? – HEKAYƏ

Müəllif: Diablo
Şərhlər: 4
Baxılıb: 4 882
Səs ver:
(səs: 0)
– Deyirlər Yusif peyğəmbərə (ə) bir nəfər hədiyyə gətirmək istəyir. Nə qədər axtarırsa, peyğəmbərin şəninə layiq bir şey tapa bilmir. Sonunda Yusif (ə) peyğəmbərə bir güzgü hədiyyə edir. Səbəbini isə belə izah edir ki, “Ya peyğəmbər, sizə sizin özünüzdən yaxşı bir şey vermək iqtidarında deyilk”, - Sabir yoldaşı Ruhəngizə ad günü üçün aldığı ətrafı işləməli kiçik bağlamada olan güzgünü uzatdı.

– Deməli, bu gün də maaşını vermədilər, – Ruhəngiz bağlamanı açmadan stolun üstünə qoydu, - Axı 15 gündən artıq keçib, bu müdiriyyət nə haqqında düşünür? Camaatın ailəsi nə yeyir, nə ilə dolanır? Mən artıq özümdən keçmişəm ee... Bu uşaqların adam içinə çıxmağa bir paltarı yoxdu.

Sabir işdən qayıdanda iş yoldaşından aldığı 20 manatın 10 manatına ətrafı naxışlı bir güzgü almışdı. Düşünürdü ki, Həzrət Yusif (ə) əhvalatı ilə mövzunu xoş ovqata bağlaya biləcək. Amma Ruhəngiz o halda deyildi.

Sabir pərtliyini gizlətmək üçün qarşısına çay gətirən Ruhəngizlə göz-gözə gəlməməyə çalışdı. Yorğunluqdan bütün bədəninin hər hissəsində əzginlik hiss edirdi. Sanki hər tərpənişində bir topa iynə vücuduna saplanırdı. İllərlə işləməyinə baxmayaraq, bugünkü iş xüsusi ağırlığı ilə seçilmişdi. Amma bilirdi ki, yorğunluğunu dilinə gətirən kimi, Ruhəngiz də gah baş ağrısından, gah da gün ərzində ev işlərinin çətinliyindən danışacaq. Bu səbəbdən ağrını susmaqla yola verməyi düşünürdü.

Ruhəngiz hazırladığı yeməyi stola düzürdü. Ortaya qəribə səssizlik çökmüşdü. Sabir bu səssizliyi pozmaq üçün elə bir mövzu axtarırdı ki, Ruhəngiz bu mövzunu gəriginliyə bağlaya bilməsin.

– Sabaha dəhşətli külək deyiblər. Bu payız yaman küləkli keçir. Yenə toz-torpaq aləmi bürüyəcək. Keçən ilin payızı... – Sabir nə qədər orta mövqeli söhbət açdığını düşünsə də, Ruhəngiz öz durumunu dəyişməyi düşünmürdü.

– Əşşi, küləyi qoy gəzmək haqqında düşünənlər dərd eləsin. Mən yazıq göydən daş yağsa da, xəbərim olmayacaq. Səhər durub işə başlayıram, ta axşama qədər. Axrıncı dəfə şəhəri gördüyüm yadıma gəlmir, – Ruhəngiz Sabirə baxıb, bir qədər düşüncəyə daldı:

– Doğurdan da, axırıncı dəfə şəhərə gəzmək adı ilə nə vaxt çıxmışıq? Əşşi nə fərqi var ee. Nəyi qoyub, nəyi axtarıram.

Sabir əlindəki qaşığı qabın içinə qoyub, alnını ovuşdurmağa başladı. Söhbətin bu dərəcədə əleyhinə yönələ biləcəyini təxmin belə etməmişdi. Bu gün yatana qədər susmağın ən doğru olduğunu düşündü.

Səhər o qədər gözəl hava var idi ki, küləkdən əsər-əlamət yox idi. Sabir mümkün qədər evdən tez çıxmağa çalışırdı ki, küləyin olmamasını görüb, Ruhəngiz dünənki söhbəti yada salıb, yeni mövzu çıxarda bilər. Sabir küləyin olmamasında özünü günahkar bilirmiş kimi, çayını içib çöl qapını açarla bağlayıb, evdən mümkün qədər uzaqlaşmaq istəyirdi. Avtobusa minib, arxa oturacağa keçdi. Telefonunun zəngi ətrafı bürüdü. Ekranı yerə düşməkdən çilik-çilik olan telefonunu açdı.

– Sabir, dünən deyirdin hava küləkli olacaq. Havanın küləkli olacağı görünmür axı. Paltar yumaq istəyirəm, külək olacaqsa yumayım. Məhəllənin bütün toz-torpağı paltarlara çökür. Amma hava da açıq görünür. Sən sözgəlişi demişdin, yoxsa həqiqətən güclü külək olacaq? Sabir, Sabir eşidirsən məni? – Ruhəngiz hövsələsiz halda fikirləni birnəfəsə dedi. Sabir bir qədər fasilə veridi. Nə deyəcəyini bilmirdi.

Sabir işdən bir qədər gec çıxmışdı. Yorğunluqdan taqəti olmayan Sabir, bir an öncə evə çatmaq istəyirdi. Amma dünənki söhbəti yada salanda, evə tələsən ayaqları süstləşirdi. Xanımını çox gözəl tanıdığından, bilirdi ki, ad günündə baş verən o hadisə Ruhəngiz üçün tez-bazar unudulan bir məsələ deyil. Zaman-zaman bu mövzunun üzərinə qayıdılacaq və heç bir qırılmalara baxmayaraq, sözlər birbaşa ürəyi dəlib keçəcək təsirə malik olacaq.

Sabir bütün bunları fikirləşə-fikirləşə evlərinin giriş qapısına gəlib çatdığının fərqinə vardı. Sanki “avtopilota” qoşulmuş bir mexanizm, onu illər uzunu çızılmış bu marşurutla yenidən geri qaytarmışdı. Sabirin həyatı o qədər yeknəsək keçirdi ki, ona bir həftə sonrakı durumu haqqında sual versəydilər, heç düşünmədən cavab verə bilərdi.

Səhər durub, özünə çay qoyacaq və şirniyyatla bir stəkan çay içib, evdən çıxacaq. Qapı ağzında həmişəki itlər onun erkən çıxmağından hürküb, qaçacaqlar. Binanın həyətini süpürən qoca nənələr onu görcək, əl saxlayıb salamlaşacaqlar. O, tez-tələsik həmişə 3-5 dəqiqə intervalında gecikən avtobusa minib, metroya gedəcəkdi. Metroda həmişəki kimi ikinci vaqona minib, qapı ağzında dayanacaqdı. 5 dayanacaq sonra düşüb, işlədiyi tikinti sahəsinə piyada 10 dəqiqəlik yolu qət edəcəkdi.

Sabir qapını döyüb, özünü baş verə biləcək bütün neqativ hallara hazırlayaraq, qapının açılmasını gözlədi. Ruhəngiz qapını açıb, Sabirə baxıb təbəssüm etdi və salam verdi. Sabir ani olaraq donub qaldı və arxaya çönüb baxdı. Düşündü ki, arxasında qonşu xanım dayanıb və Ruhəngiz təbəssüm edib onunla salamlaşır. Amma Ruhəngiz bu təbəssümlü simasını Sabir üçün təqdim etmişdi.

İçəridən Sabirin ən xoşladığı yeməyin qoxusu gəlirdi. Ruhəngiz Sabirin pencəyini alıb, asdı. Əlində dəsmal, hamamın qapısının ağzına gəldi. Sabir əllərini-üzünü yuyub, dəsmalla qurulandı.

“Yəqin evdə kimsə var. Həəə... Anam gəlib yəqin ki, Ruhəngiz də özünü şirin göstərmək istəyir” – deyə Sabir otağa, sonra isə mətbəxə boylandı. Yox, heç kəs yox idi.

Sabir artıq yavaş-yavaş təlaşlanırdı. Ruhəngiz bir stəkan pürrəngi çay verdi və özünə də bir stəkan çay süzüb, Sabirlə üzbəüz oturdu. “Aman Allah, o hələ də təbəssüm edir. İlahi, bir xanıma təbəssüm nə gözəl yaraşır. Bu anları uzatmaq üçün nələri verməzdim” – öz-özünə danışan Sabir, bu işin altından bir şeyin çıxacağını bilirdi. Amma hələ ki, ehtimal etdiyi heç bir şey özünün doğrultmamışdı.

Süfrəni düzəldən Ruhəngiz, arabir Sabirə sual verir və onun verəcəyi cavaba diqqətlə qulaq asırdı. Sabir də sualları daha dolğun və uzun cavablandıraraq, bu halın bir qədər də uzanması üçün əlindən gələni edirdi.

Birlikdə yemək yeyib, oturdular, söhbət etdilər. Sabir sanki, sirli aləmə düşmüdü. İçində qalan ən xoş sözləri Ruhəngizə deyir və onun saçlarını tumarlayırdı. Sabir özünü bu qədər dəyərli hiss etdiyini xatırlaya bilmirdi.

Sabir səhər duranda, sanki, gün həmişəkindən daha parlaq və işıqlı idi. Həyatda yaşamaq üçün Sabirin saysız-hesabsız səbəbləri var idi. Dodağının altında zümzümə edən Sabir, çaydanın altını yandırmaq istədi. “Çayı dəmləmişəm. Otur, sənə süfrə açım”, - Ruhəngiz arxadan səsləndi və gəlib Sabir üçün süfrə açdı.

Ruhəngizin siması azca dəyişmişdi. Sanki sözlü adama oxşayırdı. Sabir danışsa da, Ruhəngizin fikri fərqli yerdə idi. Sabir bunu hiss edib, söhbəti yarıda kəsdi və diqqətlə Ruhəngizə baxdı. Çünki, o, illərlə birgə yaşadığı yoldaşını tanıyırdı. Bu davranışlar heç də xoş mövzuların müjdəçisi deyildi.

– Sabir, mən dünən qonşularla bazara getmişdim. Oradan mebel dükanına getdik. Sədaqət evləri üçün şkaf alacaqdı... Orada çox münasib şərtlə künc divanı təklif edirdilər... Mən də bir dənə künc divanı sifariş etdim. Düzdü, bir az bahadı. Amma görsən, mat qalacaqsan – o qədər əla rəngi var ki, qonşular dedilər ki, bizim evə çox yaraşar, – Ruhəngiz sözlərinə bir qədər ara verib, Sabirin gözlərinə baxırdı.

Adətən Ruhəngiz ən kiçik bir şey almaq istəyəndə, Sabir bir neçə dəqiqə danışaraq alınacaq əşyanın zəruri olmadığını subut etməyə çalışrdı. Bu səbəbdən Sabirin 1500 manatlıq divanın alınma qərarına reaksiyasını əvvəlcədən bilən Ruhəngiz, bütün veriləcək reaksiyalara hazırlamışdı.

– Etiraz etməmişdən öncə, bir düşün. Ayda cəmi 55 azn verəcəyik, İlkin ödəniş də yoxdur. Ümumi 1500 azn edəcək. Nə olar, yox demə. Qonşular da, çox bəyənib, – Ruhəngiz bütün gücünü toplayıb, Sabiri razı salmağa çalışırdı.

Sabirin gözünün önündə dünən baş verən bütün xoş xatirələr canlanmağa başladı. Və anladı ki, Ruhəngizin bütün o davranışları bu xəbəri vermək üçün müqəddimə idi. Adəti üzrə Sabir Ruhəngizin bu qərarını ləğv etmək üçün ən axırıncı yollara qədər əl atmalı idi. Amma Sabir bir anlıq o emosiyalarını saxladı. Çünki, dünən baş verənləri yenidən yaşamaq üçün, Sabir bir çox şeylərini verməyə hazır idi. Evdəki o ab-hava Sabiri yenidən özünə qaytarmış və onda həyata bağlılığı artırmışdı.

"İlahi, evdəki aramlığın budəfəki qiyməti bir divan oldu. Mən illərlə axtardığım bu hüzuru bir divanın müqabilində əldə edəcəyimi, heç ağlıma da gətirməzdim” - Sabirin içində tüğyan edən emosiyalar, etirazlar bir an öncə çölə çıxmaqdan ötrü fırtına qopartmışdılar.

Reallıqda da dünən yoldaşına hədiyyə almaq üçün 20 manat borc alan birisi üçün 1500 manatlıq divan almaq – dəlilik sayılmalı idi. Amma Sabir fərqli düşünürdü. Ruhəngizin dünənki təbəssümünün, davranışlarının, yoldaşına olan diqqətinin qiyməti 1500 manat müqabilində o qədər də baha görünmürdü.

“İlahi, bir divan almaq üçün bu qədər dəyişilməyi bacaran bu xanıma mən “yox!” deyə bilmərəm. Buna dilim gəlməz. Mən üzərimə düşəni edəcəyəm, indi iş Sənə qalıb. Sən ki, insanların gümanlarının yanındasan. Ona görə də Sənin verəcəyim qərarın yanında olacağına əminəm. Mən onu qırmadım, Sən də məni qırma.

Ya Rəbbi, Səninlə axırıncı dəfə nə vaxt belə səmimi söhbət etdiyim heç yadıma gəlmir. Elə Ruhəngizin də mənimlə axırıncı dəfə nə vaxt elə davrandığını xatırlamıram. Mən onun üçün bütün qaydalarımı pozdum, Sən isə gümanımı yanıltma”.

– Ruhəngiz, məncə bizə otaq üçün bir stol və 6 stul də lazımdır. Divanı götürəndə onları da sifariş edərsən.

Qulaqlarına inanmayan Ruhəngiz ,təkrar sual verib eyni cavabı aldıqda, sevindiyindən uşaq kimi sevinməyə başladı.

– Pul məsələsini Sənə təvəkkül edirəm, İlahi! Sən Özün yetir, – Sabir dodağının altında pıçıldadı...

Mətləb Həmzəli
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 882
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri