İnkişaf
edən texnologiya sayəsində az qala hamımız ağıllı telefon, planşet və
ya ən azından kompüter istifadəçisi olmuşuq. Texnologiyanın həyatı
asanlaşdırıcı rolu ilə yanaşı, bir sıra sağlamlıq problemlərini də özü
ilə gətirdiyi sirr deyil. Çox sayda yazışma, mesajlaşma nəticəsində baş
önə və aşağı doğru əyilir, nəticədə boyun, çiyin, kürək və baş ağrıları
ortaya çıxır. Əslində bu vəziyyət "overuse sindromu", yəni başın davamlı
önə əyilən mövqedə uzun müddət qalması ilə bağlıdır. Qadınlar.biz boyun
ağrısının səbəbləri və qorunma üsulları haqda məsləhətlər təqdim edir.
Boynumuz
normalda təxminən 5 kq ağırlığında başımızı daşıyır. Başı önə əymək və
ya uzun müddət cib telefonu ilə oynamaq boyun bölgəsinə yüklənən
ağırlığın 10-15 kq-a qədər artmasına səbəb olur. Boyun bölgəsinin
anormal mövqedə tutulması əzələlər üzərində stressi artıraraq,
yorğunluq, əzələ spazmı və hətta stress tipli baş ağrısına səbəb olur.
Finlandiyada kompüter istifadə edən 1500 işçi üzərində aparılan
araşdırma sübut edib ki, qadınlarda daha çox olmaqla gənc və
yeniyetmələrin 53%-i boyun bölgəsində ağrı və keyimə, 32 %-i isə omba və
bel bölgəsində ağrı olduğunu bildiriblər. Bu problemlərin uzun müddət
davam etməsi boyun bölgəsindəki əzələ, sümük və disklərdə bir çox
problemə gətirib çıxarır.
Boyun
ağrıları zamanı ağrı, tutulma və boyun hərəkətlərinin azalması ən mühüm
şikayətlərdəndir. Əvvəlcə boyun kökündə, başın arxasında ağrı hiss
edilir. Bununla yanaşı baş ağrısı da yaşana bilər. Ağrıkəsici ilə yola
verilən ağrılar zamanla artır və boyun hərəkət etdirilə bilmir. Boyun
damarlarında dartılma hissi, çiyində hiss edilən sərtlik, gərginlik
səhərlər yorğun qalxmanıza səbəb olur.
Əgər
gün ərzində hərəkətsiz və ya uzun müddət oturaraq işləyirsinizsə, düz
oturmağı öyrənin. Bu, boyun ağrılarının qarşısını almaq üçün ən mühüm
amildir. Çünki yanlış oturmaq bədənin arxaya, boynun önə doğru getməsinə
səbəb olur. Bu zaman boyun və peysər bölgəsinə daha çox yük düşür.
Əzələlər saatlarla bu cür yüklənəndə bir müddət sonra başınızı daşıya
bilməyəcək halda olursuz. Belə halda boyun ağrıları da qaçılmazdır.
Uzun
müddət boyun ağrıları çəkən, sıx boyun tutulması yaşayanlar gələcəkdə
boyun yırtığından əziyyət çəkirlər. Onurğada uzun müddət geri dönüşü
olmayan fəsadlar olur. Odur ki, bu problemə məsuliyyətlə yanaşın və
həkimə müraciət edin.
Ağrılardan bir az olsun xilas olmaq və qorunmaq üçün bir neçə yol təklif edilir:
1. Düzgün oturuş qaydalarına riayət edin
2. İstifadə etdiyiniz cihazın mümkün qədər göz xəttinizə yaxın, başınızı önə doğru ən az əyəcək mövqedə olmasına diqqət yetirin
3. İş əsnasında ara verin və tez-tez mövqe dəyişdirin
4. Əzələləriniz üzərindəki gərginliyi azaltmaq üçün məşq edin
5. Mobil telefonunuzdan qulaqlıq və ya bluetooth köməyilə istifadə edin.
6. Bilək dəstəkli maus və klaviaturadan istifadə edin.
7. Bədəninizin sərt hissələrinə istilik tətbiq edin.