Çarxımdakı İSA

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 915
Səs ver:
(səs: 1)
Mən sənin oğlunam bu yer üzündə, həsrətinlə göyə çox baxdım, Allah.
Axır ki, arzuma çatdım deyəsən, ayağım üzüldü torpaqdan, Allah.

Daha yerlə göyün arasındayam, çarmıxa çəkilib qalmışam daha.
Mismarlanıb ayaqlarım, əllərim, özüm öz tabutum olmuşam daha.

Gəzir, qarışqatək gəzir canımda, dalayır canımı bu gün işığı.
Qıyıb gözlərini baxır xanımlar, baxır, süzür məni beldən aşağı.

Ölüm deyilən şey son yuxudursa, əgər yatmışamsa – yuxum ağrıyır.
Çarmıxa çəkilən quru canımdı, bəs niyə görəsən ruhum ağrıyır?!

Bu ağrı uzanır bir kəndir kimi, bağlayır ruhumu canıma, Allah.
Ruhum bədənimdən ayrıla bilmir,b uçub gələ bilmir yanına, Allah.

Bu ağrı –b canımın əziyyətidi, Ruhuma atılan qarmaqdı yoxsa?
Bu ağrı – dünyanın son ləzzətidi,
Bu ağrı – sonuncu günahdı yoxsa?

Yox, mən bu ləzzətə dözmürəm daha, mənə bu çarmıxdan qaçmağa güc ver.
Güc ver bu ağrıdan can qurtarmağa, quş olub yanına uçmağa güc ver.

Dostlar göz yaşını silir gizlicə, onlar qaranlığı gözləyəcəklər.
Çarmıxdan qurtarıb məni bu gecə bəlkə də, hardasa gizləyəcəklər.
Harda? Niyə? Kimdən? Necə gizlənim? Mən öz taleyimdən necə gizlənim?!

Yüz yol əllərimlə örtsəm də, – heç vaxt gizləyə bilmərəm üz-gözümü mən.
Hamı görər məni ovuclarımda qaralan o mismar deşiklərindən.

Mən o cür yaşayıb ölə bilmərəm – azardan, bezardan, ya qocalıqdan.
Yox, mən bu çarmıxdan enə bilmərəm, mən enə bilmərəm bu ucalıqdan.

Amma dözəmmirəm, – ya canımı al, ya da al canımdan ağrını, Allah.
Yada sal, yada sal, məni yada sal, yoxsa unutmusan oğlunu, Allah?!

…Qəflətən gün batdı, dünya qaraldı, amma səni gördüm birdən-birə mən.
Əllərin ruhumu çarmıxdan aldı, tapşırdım ruhumu o əllərə mən.

Gördüm – qaranlığın içində sənin əllərin ay kimi, günəş kimidi.
Gördüm – mənim ruhum ovcunda sənin özünə dən gəzən bir quş kimidi.

Daha bu çarmıxdan azaddı ruhum, daha bu canım da ağrımır, Allah.
Ovcunda gör necə rahatdı ruhum, bəs niyə ovcundan qan damır, Allah?!..

Müəllif : Ramiz Rövşən
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1 915
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri