Müxtəlif adlar altında
fəaliyyət göstərən masaj salonlarının sayı paytaxt Bakıda durmadan
artır. Bakıda təkcə Çin, tay masaj salonları deyil, həm də
azərbaycanlıların işlətdiyi masaj salonları az deyil. Amma müalicəvi bir
prosedur olan masaj tibbi personal tərəfindən deyil, adi insanlar
tərəfindən aparılır. Halbuki, masaj - xəstə və yorğun bir orqanın
yenidən əvvəlki durumuna qaytarılması üçün orqanizm üzərində tətbiq
edilən müalicə nümunəsidir. Günbəgün çoxalan və lisenziyasız fəaliyyət
göstərən masaj salonlarına heç bir nəzarət yoxdur. Son günlər isə masaj
salonları haqqında söz-söhbətlər çoxalıb. Hətta bir neçə gün qabaq Qadın
Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova açıqlamasında paytaxtda
yerləşən bir sıra masaj salonlarında yetkinlik yaşına çatmayan qızların
intimual xidmətlər göstərdiyini söyləyib.
Modern xəbər portalı paytaxtda masaj salonlarının hansı şərtlərdə fəaliyyət göstərdiyini araşdırıb.
Bu
məqsədlə paytaxtın mərkəzində yerləşən bir neçə masaj salonuna
yollandıq. Rastlaşdığımız masaj salonun daxil olan kimi maraqlandığımız
ilk şey qiymətlər oldu. Öyrəndik ki, bir nəfər üçün masaj 30 manatdır.
Xidmətin müddəti saat yarımdır. Masaj 40 dəqiqə davam edir. Masajçı
xanımlar isə bildirdilər ki, yerdə qalan vaxtda müştərini başqa şeylərlə
təmin edirlər. 2 nəfər 45 manat, 3 nəfər isə 70 manat ödəməlidir.
Menecerə "başqa şey dedikdə nəyi nəzərdə tutursunuz” sualını verdikdə
"Ürəyiniz nə istəsə, onu” cavabını aldıq. Salonda isə heç bir tibbi
masaj edilmədiyini də dedilər:
"Bizdə yalnız rahatlama masajları
edilir”. Baş çəkdiyimiz elə ilk masaj salonunun lisenziyasız fəaliyyət
göstərdiyini də öyrənə bildik.
Yollandığımız növbəti salon da maraqlı masajları ilə müştəriləri cəlb edirdi.
"Yalnız
kişilər üçün! Masaj (4 əllə, banka ilə, yağ, krem, maz və balla),
osteoxondroz, revmatizm və yorğunluğu aradan qaldırmaq üçün özünüzə vaxt
ayırın, bizə gəlin, razı qalın, süpürgə, pedikür, hovuz, buğlanma, duş,
velatrenajor, sulu qəlyan, çay, kofe kimi xidmətlər göstərilir”.
Elanda
yazılanları oxuyub içəri keçdik. Addımımızı içəri qoyan kimi
bildirdilər ki, bura kişilər üçün nəzərdə tutulub. Özümü sındırmayıb mən
də kişi xeylağı üçün qiymətlərlə maraqlanmaq istədiyimi bildirdim. Çox
çək-çevirdən sonra öyrəndim ki, masajın 1 saatı 30 manatdır.
Nə
qədər qəribə olsa da, araşdırmamız zamanı Bakıda masaj salonu adı
altında "qeyri-masaj xidmətləri” təklif edən yerlərə də rast gəldik.
Məsələn, "28 May” metrostansiyası yaxınlığında yerləşən "Səbinə”
salonunda masaj adı altında gizli işlər olduğunu da salona daxil olandan
sonra öyrəndik. Obyektin üstündəki lövhədə heç nə yazılmasa da,
vətəndaşlardan öyrəndik ki, zirzəmidə fəaliyyət göstərən "masaj
salonu”un adı "Səbinədir”. Dırnaqarası masaj salonunun girəcəyində isə
belə bir elanla rastlaşdıq "18-30 yaş arası qız işçilər axtarılır”.
İçəri keçər-keçməz siqaret tüstüsündən kimə, hara yaxınlaşacağımı
şaşırdım. Elə qapının ağzındaca məni qarşılayan bir nəfər "masajçı”
onlar da tibbi masajdan başqa bütün masaj xidmətlərinin olduğunu
söylədi. Nə qədər qəribə olsa da, masajın qiymətini xidmətdən sonra
danışdıqlarını dedilər.
Paytaxt küçələrindəki bu qısa
araşdırmamızdan sonra məlum oldu ki, müxtəlif adlarla masaj xidmətləri
təklif edən salonların heç birinə nəzarət olunmur. Baş çəkdiyimiz masaj
salonlarının bəzilərinin isə günün günorta çağı açıq-açığına əxlaqsızlıq
yuvası kimi fəaliyyət göstərdiyini öz gözlərimizlə gördük.
Tam masaj xidmətləri göstərən salonların nə lisenziyası var idi, nə də orda çalışan personalın sertifikatı.
Bu
cür salonlara nəzarətin vacibliyini vurğulayan tibb elmləri doktoru,
professor Adil Qeybullanın sözlərinə görə, xarici ölkələrdə masaj
salonlarına ciddi dövlət nəzarəti var: "Azərbaycanda da həm
qeyri-millətdən olanların, həm də azərbaycanlıların açdığı masaj
salonlarında mütəmadi yoxlamalar aparılmalıdır. Təəssüf ki, belə
yoxlamaların aparılmır. Paytaxtın ən mərkəz yerlərində açıq-aşkar
fəaliyyət göstərən masaj salonlarının heç birinə nəzarət edilmir”.
Səhiyyə
və Sağlam Həyat İctimai Birliyinin rəhbəri Lətafət Əlizadə də bildirdi
ki, masaj salonları Səhiyyə Nazirliyi tərəfindən nəzarətə
götürülməlidir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin
rəhbəri Anar Qədirli isə bildirdi ki, masaj salonlarına Səhiyyə
Nazirliyi nəzarət etmir: "Nazirlik heç bir masaj salonunu
lisenziyalaşdırmır. Əgər həmin salonlarda tibbi xidmət göstərilmirsə,
ona lisenziya verilmir. Əgər onlar sırf masajla məşğul olursa, bu başqa
məsələ”.
Anar Qədirli onu da bildirdi ki, kimsə evində tibbi müalicə ilə məşğul olursa, bu, qanunsuzdur.