Tərxun (avropalılar bu bitkini "estraqon" adlandırırlar) qədim vaxtlardan müalicəvi bitki kimi çox geniş istifadə olunurdu.
Qədim vaxtlarda tərxunun köməyi ilə sinqa (vitaminsizlik nəticəsində
dişlərin laxlanması və tökülməsi), baş ağrıları, cinsi zəiflik və bir
çox digər xəstəlikləri müalicə edirdilər.
Müasir tibbdə də tərxun istifadə olunur, onu dərman preparatların tərkibinə daxil edirlər.
Tərxun orqanizmə möhkəmləndirici təsir edir, immun sistemini
möhkəmləndirir. Ev şəraitində tərxundan çox yaxşı təbii
immunostimulyator hazırlamaq olar. Bunun üçün 200 qr tərxun 3 limonla
birlikdə (limonlar qabıqlı olmalıdır) blenderdə xırdalanır, ora 3 xörək
qaşığı təbii bal əlavə olunur və yaxşı qarışdırılır. Hər gün səhər
tezdən acqarına bu vasitədən 1 çay qaşığı yeyin. Müalicə kursu - 2
həftə.
Tərxun insanın sinir sisteminə də çox müsbət təsir edir, sakitləşdirir,
əhval-ruhiyyəni yaxşılaşdırır, insanı daha gümrah edir, iş qabiliyyətini
artırır, depressiyalar, streslərlə mübarizə etməyə kömək edir.
Tərxundan çox yaxşı enerji içki hazırlamaq olar. Lakin dükanlarda
satılan enerji içkilərdən fərqli olaraq bu təbii vasitə sizə yalnız
xeyir gətirəcək. Bunun üçün 100 qr tərxun, 2 orta ölçüdə limon, şəkər
tozu (zövgünüzə görə) istifadə olunur. Tərxunu xırda doğrayın, limonu
2-3 sm ölçüdə doqrayın (qabıqlı), üzərinə 2 l su əlavə edin. Vam odda
qaynayana kimi qızdırın, 1-2 dəqiqə ərzində qaynadın və sonra oddan
götürüb termosa tökün də 1-2 saat ərzində dəmləyin. Daha sonra şüşə
qabına tökün, soyudun və gün ərzində 1-2 stəkan olmaqla için.
Tərxun həmçinin orqanizmə qurdəleyhinə təsir edir. Bu xüsusilə uşaqlara üçün vacibdir. Tərxunu salatlara, qidalara əlavə edin.
Tərxun mədə-bağırsaq sisteminə də çox müsbət təsir edir. Tərxun
dəmləməsi mədə şirəsinin və ödün ifrazını artırır, iştahanı
yaxşılaşdırır, meteorizmlə (köp) mübarizə aparır. Tərxun dəmləməsini
hazırlamaq üçün 1 xörək qaşığı xırda doğranmış tərxun 1 stəkan qaynar
suda 1 saat ərzində dəmlənilir, süzülür və gün ərzində stəkanın 1/3
hissəsi olmaqla yeməkdən əvvəl qəbul olunur.
Tərxun orqanizmə yüngül sidikqovucu təsir edir və həmçinin
iltihabəleyhinə xüsusiyyətinə malikdir. Bu xüsusiyyətlər tərxunu sidik
kisəsi və sidik yolları iltihabları zamanı çox təsirli müalicəvi vasitə
edir.
Ağız boşluğu iltihabları zamanı tərxunun dəmləməsi çox yaxşı müalicəvi
təsir edir. Tərxun dəmləməsi həmçinin damaqları möhkəmləndirir,
damaqların qanamasını və diş ağrılarını azaldır.
Müxtəlif dermatitlər, ekzema və s. dəri xəstəlikləri zamanı tərxun
dəmləməsi ilə islatmalar çox yaxşı kömək edir. Dəmləmədə steril tənzif
isladın və dəriyə qoyub 20-30 dəqiqə ərzində saxlayın.
Tərxun damarları və kapilyarları möhkəmləndirir, onların elastikliyini artırır, aterosklerozun inkişafının qarşısını alır.
Tərxun antioksidantlarla zəngindir. Bu maddələr orqanizmi cavanlaşdırır
və ziyanlı maddələrin orqanizmdən xaric olunmasını sürətləndirir.