Sənə yazmadım, Səni yazdım (8-ci bölüm)

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 2 431
Səs ver:
(səs: 0)
Gülüşünlə ötüb keçən bir an üçün
Tale səndən göz yaşları alır hər gün.
O ağladır deyib-gülmək istəyəni,
Kədərliyəm, şad görürəm çünki səni.
M. Lermontov

Qəbul imtahanı Səmra üçün həyəcansız, çox rahat keçdi, imtahandan sonra Səmra müəllimlərlə birlikdə sualları
yoxladıqdan sonra əmin oldular ki, balı 500-ü keçir, Səmra
elə xoşbəxt idi ki, neçə müddətdi çəkdiyi əziyyət hədər
getməmişdi, və ən əsası, sevdiyi psixologiya ixtisasına qəbul olacaqdı, o öz uğuru ilə valideynlərini elə xoşbəxt etmişdi ki, bütün qohumlar, tanışlar zəng vurub təbrik edirdi, amma o bu sevinci tam yaşaya bilmirdi. Atabəydən bir
xəbər yoxuydu, nə qədər zəng edib, mesaj yazsa da cavab
gəlmirdi. Məktəbdə, sinif yoldaşları ondan xəbərsiz idi.
O valideynlərinin yanında onlara hiss etdirmədən bütün
günü narahat gözlədi, nəhayət, Atabəydən mesaj gəldi:
“Təbrik edirəm, səninlə fəxr edirəm. Bir də ki, səni çoxxxx
istəyirəm!”
Səmra mesajı görən kimi tez telefonu götürüb, Atabəyə
zəng etsə də telefon bağlı idi. Bir neçə ardı-ardına mesajlar
yazsa da, cavab gəlmədi. Atabəy niyə belə edirdi axı, Səmra
nə qədər düşünsə də cavab tapa bilmirdi. Ən birinci ağlına gəldi ki, yəqin imtahanı yaxşı yaza bilməyib, ona görə
heç kimlə danışmaq istəmir, sonra da düşündü ki, məktəb
Atabəydən 700 bal gözlədiyi halda Atabəyin imtahanı
yaza bilməməsi mümkünsüzdü. Başqa nəsə var idi. Yoxsa
Atabəy heç vaxt Səmranı belə nigaran qoymazdı.
“Bəlkə atasına nəsə olub” – deyə düşündü. Səmra bilirdi
ki, Atabəyin atası son vaxtlar xəstəydi, sonra tez fikirləşdi ki, yox, atası əgər xəstələnsəydi telefonda açıqca yazardı, nəsə
başqa bir şey olub, beləcə cavabsız suallar düşünə-düşünə,
axırda qərara gəldi ki, səbəbi nə olursa olsun, o, Səmranı
belə narahat qoymamalıydı, belə məsuliyyətsizliyin heç bir
izahı yoxdu.
Yalnız 3 gündən sonra Atabəydən xəbər çıxdı. O, Səmraya zəng vurub həmişə görüşdükləri parkda onu gözləyəcəyini söylədi. Səmra elə nigaran idi ki, görüş vaxtından da
yarım saat əvvəl gəlmişdi. Burda onların “bizim” dediyi bir
ağac varıydı. Atabəy üzərinə adlarını cızmışdı.
Atabəy Səmranı görən kimi sevincək qucaqlayıb:
– Nə yaxşı gördüm səni, az qala dəli olacaqdım, gör neçə
gündü nə üzünü görürəm, nə səsini eşidirəm, – deyəndə
Səmra tez:
– Darıxmaqdan danışma, de görüm imtahan necə oldu?
3 gündü mən də dəli olmuşam.
Səmranın onun sözlərinə soyuq yanaşıb ondan ancaq
imtahan haqqında cavab gözləməsinə tutulsa da, o üzə vurmadan:
– Mən imtahana getmədim, – deyərək sözə başladı, –
atamın Türkiyəyə tır sürdüyünü bilirdin də sən, başlarına iş
gəlib, yolda şərə düşüblər, ya nəsə anlaşılmazlıq olub, heç
nə bilinmir, hələ ki, atamla qardaşımı tutublar, xəbəri alaralmaz anamla yola düşdük, belə vəziyyətdə nə imtahan?
Gözümə heç nə görükmür. Anam çox çarəsizdi, mənim də
əlimdən heç nə gəlmir ki, onu bir az sakitləşdirim.
Onun sözlərindən təsirlənən Səmra, Atabəyin əlini sıxıb:
– Çox təəssüf edirəm, heç bilmirəm nə deyim, özü də
tərsliyə bax ki, sənin imtahanınla eyni ərəfədə, ancaq maman gərək səni aparmayaydı, bilə-bilə ki, sənin imtahanın
var, – deyəndə Atabəy əlini onun əlindən ayırıb:
Mən onu aparmışam, o məni aparmayıb. Mən uşaq
deyiləm ki, məni anam aparsın. Heç mən qoyaram ki, anam
tək getsin?! – o, əsəbi halda cavab verdi.
– Hirslənmə, sadəcə, başqa yolu ola bilməzdimi düşünürəm, məsələn, imtahandan bir gün sonra gedəydin.
– Nə imtahan-imtahan düşübsən, ailəmin ən ağır günləridi, imtahan düşünmək vaxtıdı? Cəhənnəm olsun imtahan.
– Atabəy əsəbi halda dilləndi.
– Bəs sən bir il geri düşməyini heç düşünmürsən? O qədər hazırlıqlar hamısı boşa getdi yəni?
Artıq hövsələdən çıxmış Atabəy səsini yuxarı qaldırmışdı, həmişə gülümsər ifadə olan üzünə tamam yad bir
qəribəlik çökmüşdü. O, ilk dəfəydi ki, Səmrayla bu tərzdə
danışırdı.
– Sən başa düşmürsən, mənim necə çətin vəziyyətdə
olduğumu anlamırsan. Mənim üçün bu imtahanın heç bir
önəmi yoxdu, – sonra o, daha sakit səslə əlavə etdi: – bir
də ki, dünyanın sonu deyil hələ, gələn il gedərəm imtahana.
Səmra onu başa düşmürdü, Atabəyə açıq deməsə də o, anlamırdı ki, valideynləri Atabəyin bir il geri düşməsinə niyə
göz görə-görə imkan veriblər. O səbəbdən də bu vəziyyətlə
barışa bilmirdi. Aradakı bir müddət sükutdan sonra Səmra
sükutu pozaraq Atabəyin gözlərinə baxıb:
– Bəs əsgərlik?
– Nə əsgərlik? Nə demək istəyirsən?
– Onu demək istəyirəm ki, sən gələn il imtahan verə
bilməyəcəksən, əsgər gedəcəksən, heç kim də əsgərlikdən
sonra gəlib oxumaq, universitetə girmək havasına düşmür.
Atabəy Səmranın onun vəziyyətini başa düşməməsindən
dəhşətə gəlirdi. Səmra niyə onu başa düşmək istəmirdi,
axı? Yəni ailə vəziyyətinə görə nələrdənsə imtina etmək o qədərmi dəhşətli bir şey idi onunçün? Birdən ona elə gəldi
ki, Səmra qəsdən Atabəyin səbrinin həddini yoxlayır.
Atabəy həqiqətən imtahan düşünəsi halda deyildi, amma
yenə də özünü ələ alıb, onu sakitləşdirmək üçün dedi:
– Narahat olma, gələn il imtahanda iştirak edə bilmək
üçün əsgərlikdən saxlanma yollarını öyrənəcəm. Ən bəd
ayaqda əsgərlikdən sonra hazırlaşıb yenidən imtahan verəcəm, – deyərək onun sözlərindən bir az rahatlanan Səmraya
baxıb daha yumşaq səslə: – Xahiş edirəm, qurtaraq bu imtahan söhbətini, bir az özümüzdən danışaq. Danış görüm
neylədin? Mən neçə gündür elə əziyyət çəkdim ki, inan,
imtahan, təhsilim, öz həyatım – heç nə gözümdə deyil bu
dəqiqə. Atamın xəstə-xəstə həbsxanaya düşməsi, qardaşımın, anamın fikri məni rahat buraxmır. Əgər qısa müddətə
çıxa bilməsələr qardaşım deyəsən universitetdən qovulacaq.
– Onlar 2 saata yaxın parkda oturduqları müddət Atabəy ancaq ailəsinə aid söhbətlər etdi, hərdən də Səmranın əllərini
öpüb “yaxşı ki sən varsan” deyirdi. Atabəyin danışdıqlarında gələcək üçün planlarında, ən çox yeri atası, anası,
qardaşı tuturdu, ilk dəfəydi ki, onun söhbəti Səmranı belə
qıcıqlandırırdı. O, Atabəyin ailəsinə olan hədsiz sevgisinin qarşısında öz yerinin nə qədər cılız olduğunu hiss edib
Atabəyin üzünə baxmadan:
– Deyəsən heç mən də gözündə deyiləm bu dəqiqə, – özözünə danışırmış kimi dilləndi.
Onun sözlərindən karıxmış Atabəy, təəccüblə, bir az da
əsəbi, Səmraya üzünü tutub:
– Bu nə deməkdi? Sən nə demək istəyirsən, heç bilirsən
nə danışırsan?
Səmra gözləri dolmuş halda:
– Heç... istəyirəm deyəm ki, bizim arzularımız varıydı, biz bir universitetə gedəcəkdik, biz tələbəlik illərini bir
keçirəcəkdik, amma indi sən bütün bunlar yox imiş kimi
danışırsan, bütün bunlar boş sözləriydi yəni?
Atabəy ürəyində Səmranın onun ailəsinə olan laqeydliyini qınasa da, onu anlamağa çalışdı, və içindən gəlməyən,
hətta bayağı hesab etdiyi sözlərlə onu sakitləşdirmək istədi:
– Heç nə boş deyildi, heç nə. Xahiş edirəm məni başa
düş və mənə inan, inan ki, hər şey yaxşı olacaq, bütün arzularımız həqiqətə çevriləcək, mən inanıram, xahiş edirəm sən də
inan, – deyib, ümidsiz nəzərlərə ona baxan Səmranın boynunu
qucaqladı.
Bu onların arasında olan ilk anlaşılmazlıq idi, Atabəy
Səmranı sakitləşdirib könlünü alsa da, qəlbinin dərinliyində
Səmranı qınamaqdan özünü saxlaya bilmirdi. Belə bir vəziyyətdə Səmra necə yalnız özünü düşünə bilirdi, gələcək
haqqında danışa bilirdi, onun ailəsinin başına gələnlər
Səmra üçün o qədərmi önəmsiz idi?! Atabəy anlayırdı ki,
Səmra açıq-aşkar gələcək üçün narahatdı, yoxsa ali təhsilsiz
Atabəyi özünə yaraşdırmırdı artıq? Atabəy Səmranı elə sevirdi ki, bəs o, necə deyə bilərdi sən məni düşünmürsən?
Səmra necə ayırırdı onu özündən? O, Səmranı özü bilirdi
axı... Atabəy elə sevənlərdən idi ki, onun sevgisində sənin,
mənim yox, sadəcə, “biz” varıydı.

Müəllif:Dilşad Talıbova[/i]
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 431
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri