Sənə yazmadım, Səni yazdım (17-ci bölüm)

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 1 780
Səs ver:
(səs: 0)
Səmra evə gələndə nə qədər gizlətmək istəsə də anası
onun gözlərinə baxan kimi ağladığını hiss etmişdi. Səmra
heç bir söz demədən hamamda üzünü yuyub otağına keçdi, anası arxasınca içəri keçib, nələr olduğunu soruşanda
o, yalnızca “tək qalmaq istəyirəm” deyib heç nə danışmaq
istəmədiyini bildirdi, anası da pərt halda otaqdan çıxıb atasının iş otağına keçdi, təbii ki, atasına gördüklərini danışacaqdı. Artıq heç nəyin Səmra üçün mənası yoxuydu, o
özünü çox təhqir olunmuş hiss edirdi, o valideynlərini nə
qədər çox istəyirdisə onların hörmətini bu istəkdən də üstün
tuturdu. Bu gün isə ona sevdiyi insan ürəyi istəyən kimi valideynləri haqqında sözlər demiş, o ki var təhqir etmişdi.
Və bu bağışlanacaq sözlər deyildi.
İki günü Səmra heç bilmədi necə keçirtdi, özü evdə olsa
da qəlbi orda – Atabəyin yanındaydı, zəng vurub onu axtarmaqdan asan heç nə olmadığı kimi onu axtarmaqdan da
mümkünsüz bir şey yoxuydu. İki gün keçsə də nə Atabəydən
xəbər varıydı, nə də Səmra axtarmışdı onu. Səmra hələ də
ürəyində düşünürdü ki, bəlkə axtardı, axı onun nə qədər
əzab çəkdiyini, onu necə alçaldıcı vəziyyətə saldığını bilirdi Atabəy?! O, fikirli, dalğın universitetdən qayıdırdı,
birdən telefonuna zəng gəldi, Nilgünün nömrəsiydi, Səmra
təəccüblə:
– Salam, Nilgün.
– Salam, Səmra, necəsən? – deyib duruxdu.
Onlar 11 il bir sinifdə oxumasına və bu illər ərzində həmişə bir-birlərinə hörmət bəsləmələrinə baxmayaraq aralarında elə bir pərdə vardı ki, Nilgün Atabəylə qohum olsa
da heç vaxt bu mövzuda söhbət açmamışdılar. Səmra üçün
Atabəygilin ailəsi nə qədər maraqlı olsa da, onlar haqqında məlumat toplamaq istəsə də heç vaxt ona bir kəlmə bu
haqda söz deməmişdi, daxilən onun özünün bu haqda danışmasını arzulasa da belə bir hal baş verməmişdi.
– Çox sağ ol, Nilgün, xeyir ola?
Mən əslində Atabəyə görə zəng vurmuşdum. Ən əvvəl
deyim ki, inan onun bu zəngdən xəbəri yoxdu. Dünən biz
mamayla onlara getmişdik, Atabəyin qanı çox qaraydı. Sara
xala dedi ki, nə yemək yeyir, nə söz eşidir.
– Niyə ki?
– Bilmirəm, elə mən də ona görə zəng vurmuşam, anası
çox narahatdı. Sara xala deyir bu belə əsgərlikdə neyləyəcək, aranızda nə olubsa o, çox ürəyinə salır, – birdən Səmra “yoxsa elə bilirsiz biz narahatlıq-filan nədir bilmirik”
demək istəsə də, tamam başqa sual verdi:
– Bilmirsənsə bil, Nilgün, biz danışmırıq. Buna görə də
onun neylədiyini bilmək istəmirəm, incimə.
– Yox, mən incimirəm, əslində sən məni bağışla ki, narahat etdim, – deyib bir az susduqdan sonra əlavə etdi: –
Atabəy bu gün axşam 5-ə qədər burdadır, sonra gedir...
Səmra saat 5-ə kimi hər dəqiqəni, hər saniyəni ürək döyüntüsüylə keçirdi. Atabəyin əzab çəkməsinə, bir sözlə,
onunla eyni vəziyyətdə olmasına rəğmən Atabəyə acıqlıydı,
o, Səmranın gözünün içinə baxa-baxa valideynlərini təhqir
etmişdi. Səmranın göz yaşlarına əhəmiyyət belə vermədən,
çəkinmədən ağzına gələni söyləyən adam bu gün əsgər gedir deyə necə bağışlayardı, ürəyində “əlbəttə, bağışlayacam, amma qoy hələ belə getsin, başa düşsün məni necə
incitdiyini, səhvini anlayıb üzr istəyəndə bağışlayacam”
deyirdi. Atabəydən əbədi ayrılığı o, heç vaxt özünə yaxın
qoymurdu. Atabəysiz həyat mümkün deyildi, Atabəy onun
arzusu, xəyalıydı...
Səmra dərs bəhanəsilə otaqdan çıxmır, bu anların ağırlığını yaşayırdı, nəhayət, saat 5 tamamdı, “getdi” kəlməsini
ürəyindən keçirib gözləri doldu Səmranın, elə bu an Səmranın telefonuna zəng gəldi. Atabəy idi. Zəng bir dəfə uzun
çaldı, cavab vermədi Səmra. O bilirdi ki, Atabəy ancaq
sağollaşmaq üçün zəng edir, Səmranın qüruru yol vermirdi
ki, heç nə olmamış kimi danışıb ona yaxşı yol desin. Telefonu açıb o gün baş verənlər haqqında danışıb valideynlərini
təhqir etməyi ona xatırlatmaqsa bu dəqiqə, onun getdiyi
an mövzu ola bilməzdi. O, telefona cavab verməməklə bilirdi ki, Atabəyi məhv edib, dəfələrlə “sənə özümdən çox
inanıram” deyən Atabəyin güvənini sarsıdıb. Həyatının ən vacib anında onu tək qoymaqla aralarında qırılmış bağlar
bəlkə də heç bir vəchlə bir-birinə yenidən bağlanmayacaqdı. Ancaq Atabəyin ondan incik getməyinin ağırlığı bir
tərəfə, Səmranın özünün də Atabəyə ehtiyacı varıydı, onun
yanında olub, onu hər dəqiqə, hər saniyə gözləyəcəyini
deməliydi axı... indisə artıq olan olmuşdu, “həyatım” dediyi insandan gələn zəngə cavab verməmişdi o. Bu dəqiqə
zəng etmək olardı əslində, bu onun ürəyinin ən böyük arzusu, qürurunun isə yox dediyi istək idi. Birdən-birə o, elə
həsrət duydu ki, təkcə göz yaşlarına gücü çatdı... ağladı,
bütün gecəni ağladı, ağlayaraq dönə-dönə “Niyə belə etdin,
Atabəy, axı mənim qürurumu niyə bu qədər qırdın, niyə
məni seçim qarşısında qoydun? Axı bilirdin... bilirdin ki,
mən səni sevirəm, bilirdin ki, bu həyatda mənim səndən və
valideynlərimdən başqa heç kimim yoxdu” dedi.
Atabəy gedəndən sonra Səmra üçün günlər çox ağır keçirdi, universitetdə özünü nə qədər dərslərə versə də, yenə
uzun gecələr varıydı ki, Səmra bu gecələri az qala səhərə
qədər Atabəyi düşünə-düşünə, göz yaşları içərisində keçirirdi. Gözü telefonunda qalmışdı, bəlkə zəng edər deyə...
dərsdən evə gələn kimi hər gün ev telefonunu yoxlayır, gələn
zənglərə baxırdı ki, bəlkə Atabəy zəng vurmuş ola, amma
heç bir səs-səmir yoxuydu. Səmra ruhi pərişanlığını evdə nə
qədər valideynlərindən gizləməyə çalışsa da valideynlərinin
gözündən heç nə yayınmırdı, baş vermiş hadisə haqqında bir kəlmə belə söhbət açmırdılar, bacardıqları qədər
Səmraya diqqət göstərib qayğıyla yanaşırdılar. Valideynləri
bir-birlərinə “zamanla keçəcək” deyib özlərini inandırsalar
da heç nə keçmirdi, əksinə, günlər, aylar onların əleyhinə
işləyirdi, bircə qızları gözləri önündə əriyib gedirdi. Onlar son vaxtlar Səmranın üzünün güldüyünü artıq xatırlamaz
olmuşdular. 6 ay belə vəziyyət evdə davam etdi, Səmra
valideynləri əzab çəkməsin deyə zorla yanlarında özünü ələ
alır, gecələr ağlamaqdan şişmiş gözlərini valideynlərindən
gizləyirdi, istəmirdi ki, anasıgil ağladığını bilsin, kədərini
məharətlə gizlətməsinə baxmayaraq valideynləri hər şeydən
xəbərdar idi. Valideynləri etdiklərinin yalnız indi nə qədər
yanlış addım olduğunu düşünürdü.
Əvvəldən Nailənin gözü tutmamışdı nə Atabəyi, nə
də onun ailəsini. İlk dəfə məzuniyyət günündə görmüşdü
bu ailəni, baxmayaraq ki, bu ailə kasıblığı ilə Nailənin öz
çıxdığı evi xatırladırdı, amma bu gün Nailə üçün qorxunc
mənzərəydi belə bir ailə ilə qohumluq, Atabəyin atasının
kobud görkəmi, anasının səliqəli olsa da nimdaş əyin-başı
ilk gördüyü gündən qıcıq yaratmışdı onlara qarşı özündə.
Bu üst-başlarından ehtiyac yağan insanların onun qızı ilə
nə işləri ola bilərdi axı? Əslində Atabəyin zahiri görkəmi,
özünü aparması Nailənin xoşuna da gəlirdi. Amma bu məziyyətlər nə qədər xoş olsa da, o, sözsüz ki, Səmranın tayı
deyildi. Səmra Atabəylə hər görüşəndə anasına xəbər verirdi, o, Səmranın görüşlərinə razılıq versə də ürəyində
Atabəyə o ki var qəzəblənirdi. Atabəyin həddini bilməzliyi
onu səbirdən çıxarırdı, amma Səmranın xətrinə dəymək
istəmədiyindən təmkinli aparırdı özünü, həm də nə qədər
ki qadağa zonasını keçməmişdilər, onlarla işi yox idi.
Ürəyindən dəfələrlə “nə deyim sənə, Səmra, bu qədər insanın içində gərək bu oğlanımı seçəydin” keçsə də qızına çox söz deyə bilmirdi. Əvvəllər qızının bu oğlanla
münasibətinə bir elə ciddi baxmırdı və öz-özünə “zamanla
hərə öz yoluna gedəcək” düşündükcə, onlar irəli gedirdi.
Onlar irəli getdikcə artıq Nailə uyğun məqam gözləyirdi ki, hansısa addımı atsın. Ən axırda Atabəyin atasının ölüm
günü, artıq Nailənin səbir kasası doldu. Gecə vaxtı qızının
özbaşına oğlanın evinə getməsi artıq ağ etmək idi, səbəbi nə
olur olsun, bu, yolverilməzdi onun üçün. Onlara ciddi dərs
vermək vaxtıdır deyib fəaliyyətə keçdi. Əlbəttə, o öz planını ərinə söyləyəndə əvvəlcə razı olmamışdı, ancaq sonra onu yola gətirə bilmişdi. Atabəyin atasının, qardaşının
narkotik üzündən həbs olunmasını bilmək elə bəs oldu ki,
o, arvadının planı ilə razılaşsın. Onlar yas yerinə gedəcək,
yas yerində düzgün olmasa da, Atabəyi səbirdən çıxaran, qürurunu incidən bir-iki kəlmə söz deyiləcək, Atabəy
də istənilən gənc kimi özünə nəzarəti itirəcək, onlara da,
Səmraya da ağzına gələni deyib, əsas adamın, Səmranın
qarşısında günahkar olacaq. Nailə bilirdi bu yanlış addımdı, amma bu addıma görə özünü yox, qızını və bu həddini
bilməyən oğlanı qınayırdı. Nailə düşünürdü ki, indi o bu addımı atmasa gələcəkdə qızı özü onu qınayacaqdı ki, bəs siz
hara baxırdız? Eyni hadisə təkrarlanırdı, övladı qədər sevdiyi bacısı Əminənin seçimi ürəyincə olmasa da, susmuşdu,
qarışmamışdı. Sonralar Əminə bədbəxt anlarının birində
üstüörtülü olsa da bacısına anlatmışdı ki, mən kor idim, bəs
siz niyə imkan verdiz... Bu üzdən də Nailə hansı yolla olur
olsun, qızını bu oğlandan ayıracaq, bacısı Əminənin taleyinin təkrarlanmasına yol verməyəcəkdi.
Hər şey düşünüldüyü kimi keçdi, işlər planlaşdırıldığından da uğurlu baş tutdu. İlk günlər Nailə öz qələbəsini
qeyd etsə də, sonradan Səmranın bitib-tükənməyən kədəri,
yuxusuz gecələri onları boğmağa başladı. Düz 6 ay idi ki,
evdə cəhənnəmə bənzər ab-hava var idi. Səmranın halı
pərişan idi... Tahir qızının əzabına dözə bilmir, yol verdiyi
böyük səhvə görə özünü qınayırdı. Nailə isə ərinin və qızının ətrafında günahkar-günahkar hərlənirdi. Günahkarlıq
hissi hər insanda olduğu kimi onu da xeyirxahlaşdırmışdı,
əvvəlki zabitəli, qətiyyətli Nailə yox idi artıq. Bilmirdi ki,
ərinin və qızının üzünü necə güldürsün. Onu heç kim qınamırdı əslində, heç kim üzünə vurmurdu ki, niyə belə etdin,
ya da sən düzgün eləmədin. Amma onu heç kim qınamasa da Nailə öz günahını tam anlamıyla dərk edirdi, evdəki
ağır vəziyyətin tək səbəbkarı özüydü. Və belə ağır günlərin
birində ər-arvad razılığa gəlir ki, bu çətin vəziyyəti aradan qaldırmağın yeganə yolu Atabəyə hər şeyi danışmaqdı. Yalnız ondan sonra Atabəy Səmranı axtarar, əlbəttə ki,
sonda barışıq olar. Uzun müzakirədən sonra, nəhayət, evdə
qərar qəbul olundu ki, Tahir özü şəxsən Atabəylə danışsın,
gərəkirsə üzr belə istənilsin, amma işlər yoluna qoyulsun.
Tahir öyrəndi ki, Atabəy Şəmkirdə hərbi xidmətdədi və
vaxt itirmədən yola düşdü. Tahir yola düşər-düşməz Nailə
qurduğu oyunu nə qədər çətin də olsa qızına etiraf etdi.
Səmra isə həqiqəti biləndə həmişə olduğu kimi gücü bircə
göz yaşlarına çatdı, əlbəttə, o indən sonra Atabəyi axtara
bilməzdi, onu axtarası üzü yox idi. Səmra düşünürdü, axtarıb ona nə deyə bilərəm axı? Mən səni indi tanıdım ki, sən
dürüst biri imişsən? Ya deyəcəm ki, mənim valideynlərim
sənin başına oyun açıbmış? O valideynlərinə nə qədər acıqlı olsa da onlar onun valideynləri idi, onların əməlini dilinə
almaq Səmra üçün xəcalət idi. Və düşündükcə əmin olurdu
ki, istənilən halda o Atabəyi axtara bilməyəcəkdi.

Müəllif:Dilşad Talıbova
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 780
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri