Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 20)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 429
Səs ver:
(səs: 0)
Birinci Dəftər
20

Dərya maşını böyük bir həyətin darvazasından ərklə içəri sürüb, küncdə saxladı ...
—Çatdıq,—dedi.
Aşağı endim. Yenə onun qara eynəyini taxmışdım. Liftlə beşinci mərtəbəyə, oradan da ensiz pilləkənlə taxtapuşa qalxdıq.
—Emalatxanam buradadır, Könül,—deyə Dərya kilidini açdığı balaca qapıdan məni irəli buraxdı. Sonra da zarafatyana sözünə əlavə etdi:
—Öz klassik əsərlərimi bu otaqda yaradıram. Gülüşdük. O da, mən də paltomuzu soyunduq.
—Harda xoşun gəlir, keçəyləş,—dedi.
 Güneyə divar boyu pəncərəsi olan trapesiyaşəkilli emalatxana, geniş, işıqlı bir otaqdan ibarətdi. Sol küncdə alçaq miz, divan, şkaf və üç-dörd həsir səndəli vardı. Burada, dolabça üstündəki qırmızı telefondan savayı hər şey köhnə idi. Pəncərənin haşiyəsindən asılmış ağcaqayın budağına təqlidən zolaqlı, güldandakı sarmaşıq da susuz qaldığından solub saralmışdı. Dərya şkafı açıb bir cüt balaca göy fincanla nəlbəki çıxartdı:
—Darıxma, Könülcan, bu dəqiqə yaxşı qəhvə dəmləyəcəyəm, oturub dərdləşəcəyik. Yolda mən Dəryaya Eminlə əlaqədar məsələdən söhbət açmamışdım. Təkcə, görüşə gəlmədiyimin səbəbini soruşanda, ikicə kəlmə ilə: "Sonra danışaram” demişdim. Indi də o, məyus olduğumu yəqin ki, hiss etməmiş deyildi. Güldana su tökdüm. Emalatxanadakı işlərə baxmağa başladım. Divarlara vurulmuş rəflərdə, əsli Ermitaj, Vatikan, Luvr muzeylərinin nadir inciləri sayılan qədim dövrün mərmərdən yonulmuş "Platon”, "Yatmış Endimiona”, "Homer” kimi məşhur əsərləri ilə yanaşı, Dəryanın gildən, gipsdən düzəltdiyi müxtəlif biçimli heykəllər, fiqurlar və eskizlər qoyulmuşdu. Atamın büstünün yöndəmsiz bir surəti də onların arasında idi.
—Hə, Könül...—deyə Dərya arxadan yaxınlaşıb ikiəlli çiyinlərimdən sıxdı.
—Murad kişidən başqa bunlardan kimi tanıyırsan?
Bu sual mənə yersiz göründü. Karıxdım. Ancaq qınamadım. Dərya elə bilirdi ki, mənim incəsənət aləmindən xəbərim yoxdur. Özümü sındırmadım. Cavab verdim:
—Bəzisini tanıyıram.
O, azacıq əyilib üzünü yanağıma söykədi:
—Mən buna şübhə etmirəm. Müasir adamın hər sahədən məlumatı olmalıdır. Elə deyilmi, Könül?
Dəryanın nəfəsindən yüngülcə spirt qoxudu. Dilim dinc durmadı:
—Canınçün, Könül, səninlə görüşdüm, ürəyim sevindi… Yoxsa, heç aylarla yadıma düşməz. Gəlib divanda əyləşdik. Dərya fincanlara qəhvə süzdü. Stola Moskvadan gətirdiyi konfet, şokolad, peçenye qutularını düzdü.
—Gərək bağışlayasan, Könülcan, mən səni ayrı cür qarşılamalıydım,—deyə o üzrxahlıq elədi.
Emalatxananın ortasında hündür bir dəzgah qurulmuşdu; üstündəki iri heykəl yaş xarala sarınmışdı.
—Bu təzə düzəltdiyin nədir?—soruşdum və fincanı götürüb qəhvədən bir qurtum içim.
—"Məcnun” un heykəlidir, yanında da bir ceyran. Çoxdan işləyirəm. Əldən salıb məni: Sağlıq olsun, bu yay qurtarmalıyam. Dərya bir az da mənə tərəf çəkildi, divana yayxanaraq xəbər aldı:
—Əgər məndən gizli deyilsə, danış görək evinizdə nə hadisə baş vermişdi… Niyə belə dalğınsan? Əvvəl utandım, dinmədim. Sonra söhbəti açmağa məcbur oldum:
—Məni qonşuluqdan bir oğlan üçün istəyirlər...
Dərya heçhalını da pozmadı:
—Bəs sən?
—Mən… mən "yox” demişəm.
—Vəssalam. Qurtardı getdi!
—Atam, anamsa razıdır.
Dərya siqaret çıxardıb yandırdı. Tüstünü asta-asta qırağa üfləyərək fikirləşdi.
—Deyinən, mən başqasını sevirəm. Utanma! Aç məsələni evdə.
Mən atamın hüzurunda bunu bacarardımmı? Əsla! Ikimiz də susduq. "… Mən başqasını sevirəm!?” Qəribədir! Bu gün Dəryanı tanımaq çətindi. Niyə təkid etmirdi ki, deyim: "Məni başqası sevir?” Yox, yox! Çox güman ki, o heç bunun fərqinə varmadı. Bəlkə də içdiyi konyak dilini çaşdırmışdı.
—Atamı ki, tanıyırsan,—dedim.—Eşitsə...
Dərya ayağa qalxdı. Siqaretini yerə atıb tapdaladı. Əllərinin şalvar cibinə qoyaraq emalatxanada gəzindi. Sonra gəlib qarşımda durdu:
—Səni başa düşürəm, Könül. Murad kişini yola gətirmək çətindir. Onda… bu günlərdə mən sizə elçi göndərərəm, razılığını verərsən, hər şey həll olunar.
Ürəyim yerindən oynadı. Dəryanın bu hökmü məni bir tərəfdən sakitləşdirdisə, digər tərəfdən kədərləndirdi. Zira qayğısız gənclikdən üzülüşüb nişanlanmağı belə tezliklə arzulamırdım. O nə düşündüsə geri döndü, gedib, yenə şkafı qurdaladı.
—Bax, gör xoşuna gəlirmi, Könül!—deyə oradan çıxardığı balaca, qırmızı qutunu gülə-gülə gətirib, qarşımda açdı.
—Moskvadan üzüyünü almışam, ancaq bilmirəm barmağına necə olacaq...
Mən utandım, başımı aşağı saldım. Dərya sol əlimi qaldırıb, əvvəlcə dodaqlarına yapışdırdı, sonra ehmalca üzüyü barmağıma taxdı.
—Yaxşıdır. Çox mübarəkdir.
Danışmadım.
—Bəyənmirsən, Könül?
Üzümü kənara çevirdim. Yanımda əyləşdi.
—Təbrik edirəm səni,—dedi və qolunu boynuma saldı. Çəkinmədim. Bir də gördüm ki.. emalatxanadakı heykəllər başıma fırlandı… Bəbəklərimdən qopan qığılcımlar ətrafımda ulduzlar kimi cövlan elədi. Çırpınmaq istədim… Lakin vaxtı ilə biləyimi yandıran odlu dodaqlarının təmasından bu dəfə qəlbimə elə sərməstedici ləziz bir duyğu süzüldü ki, bu nubar busənin təşnəsi kimi əzalarım sustaldı və başım ixtiyarsız halda divanın mütəkkəsinə düşdü.
—Dərya… neyləyirsən...—dedim. Ancaq müqavimət göstərməkdə aciz qaldım. O, yanaqlarımı ovuclarında bərk-bərk sıxaraq buraxmadı, təkrar-təkrar insafsızcasına şəhvətli öpüşlərə qərq etdi məni. İradəmin ehtirasa təslim olduğuna görəmi, yoxsa məsrurəliyimdənmi—bilmirəm, gözlərim doldu, ağladım. O isə məni pişik təki tumarlayıb güldü. Sonra saçlarımı arxaya hamarlayaraq öz dəsmalı ilə islanmış kirpiklərimi quruladı. Mən hıçqıra-hıçqıra, küskün ədada şikayətləndim:
—Bir də belə kobud rəftar eləsən,—dedim,—səni danışdırmayacağam...
O da sözümə zarafatla cavab verdi:
—Bir də öpməyə etiraz eləsən, mən inciyəcəyəm. Çünki bu mənə inamsızlıqdır.
 Eh!.. O gün Dəryadan heç ayrılmaq istəmirdim. Məhəbbətlə dolu ürəyim elə asudə döyünürdü ki... Evə gəlib öz otağıma girincə divardan asılmış oyuncaq meymun gözümə sataşdı. Yaxınlaşıb quyruğundan dartınca, mıxdan qoparaq yerə düşdü. Qaldırdım, baxdım. Ancaq daha ordan asmadım. Aparıb yazı stolunun yeşiklərindən birində gizlətdim.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 429
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri