Salam Qədirzadə - 46 Bənövşə (2-ci dəftər - 44)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 198
Səs ver:
(səs: 1)
İkinci dəftər
44


Fəzilə bilməyən şeyə qurd düşər. Səhər ikinci imtahana gedirdim. Nədənsə, ürəyim rahat idi. Qorxmurdum. Küçədə arxadan kimsə əlləri ilə gözlərimi qapadı və özünü saxlaya bilməyib gülmək əvəzinə nazik səslə ciyildədi.
—Fəzilə!—deyə o dəqiqə tanıdım.
Məni qucaqlayıb, qırağa çəkdi.
—Aaz… sən atlı olmusan, mən piyada. Bax… Məmmədağam ölmüşü, evinizə gəlirəm—yoxsan. Deyirlər, yəqin anasıgildədir. Anangilə gedirəm—qonşular, xəbər verir: Buzovnadasan. Bağınızı da, Allaha şükür, tanımıram ki, yolumu salım bir salxım üzümünüzdən yeyim. Yaxşı, bunlar heç, necəsən a?..
—Görürsən də...
 Fəzilə tumanını bir az da qısaltmışdı. Krujeva koftası altından ağ sinəsi, çiyinləri və kürəyi görünürdü. Bu dəfə saçlarını saman rənginə saldırmışdı. Saqqızını çeynəyə-çeynəyə sözünə davam etdi:
—O məsələni də eşitdim… Aaz, mən o vaxt kitabda sənə nə yazmışdım: "Məhəbbətin ləzzəti zaqsın kandarına kimidir!” Hə? Salaməleyküm! Yalandır? Canın sağ olsun. Heçbir tikə də vecinə alma. Qocalmamısan ki… Kukla kimi qızsan. Allah vurmuşdu onu, gündüzün günorta çağında, goburnat bağında! Şəhərdə oğlan qəhətdir! İtüvə tök. Odur ey… keçən həftə bir illik zəhməti fız çıxdı. Məmmədağam ölmüşü! "Məcnun” heykəlini deyirəm ey… Komisiya gözünə döndüyüm baxıb, dodaq büzüb. İndi yan tökül! "Qalayçıoğlu” əfsanəsi yadıma düşdü. Axı, doğrudan da Dərya dərdli bir aşiqin iztirablarını necə duyacaqdı? Özü ki, məhəbbətin oduna yanmamışdı, ancaq istisində qızışmışdı.
—Aaz… fikrə getdin,—deyə Fəzilə məni ani xəyaldan ayırdı.—Amma filfaka girməkdə nə ağıllı iş görmüsən. Məmmədağam ölmüşü, bu yay sessiyalarda sümük adı əzbərləməkdən dilim qabar çıxarıb. Yaxşı da… Görüşərik. O, dal-dalı addımlayaraq, əlini qaldırıb barmaqlarını çiyninin üstə əsdirdi:
—Xudahafiz...
 İmtahan biletindəki suallara əməlli cavab verdim. Qiymətim, aşağısı dörd olacaqdı. Otaqdan... çıxanda müəllimlərdən biri gülə-gülə dedi:
—Bilmirəm sənin üçün niyə narahatdırlar. Kaş ədəbiyyatı hamı bu dərəcədə mənimsəyəydi. Əvvəl bu sözlərin fərqinə varmadım. Sonradan fikir məni götürdü. Dəhlizdə bir guşəyə çəkilib özlüyümdə araşdırdım: o canıyananlıq edəm kim idi? Atammı? Yox! Dünya dağılsa da o, minnətə gəlməzdi. Müəllim yaxın qohumu da olsa, telefonla belə zəng çalıb mənə güzəşt diləməzdi. Anam, dayılarım, əmim… Hakəza, onlar bu işə qətiyyən qarışmazdılar. Çarəm kəsildi. Səbirsizliklə durub imtahanın qurtarmasını gözlədim. Həmin cavan müəllim qapıdan çıxcaq irəli yeridim:
—Bağışlayın,—deyə ətrafdakı tələbələrin eşidəcəyindən çəkinmədən həyəcanla xəbər aldım:
—Məni sizə tapşıran o şəxs kimdir?
Müəllim xəfifcə gülümsədi. Gözləri qıyıldı. Məhrəm bir adam ərkyanalığı ilə xeyli üzümə baxdı.
—Səni mənə tapşırmayıblar, Könül,—dedi.—Elə nigarançılığını çəkiblər. Mən yenə sakitləşmədim.
—Axı, bilmək olmazmı o kimdir?
Müəllimin sifəti birdən-birə ciddiləşdi:
—Mənim jurnalist dostumdur: Emin.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 198
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri