Həsrətindəyəm (6-cı bölüm)

Müəllif: _Mrs_
Şərhlər: 10
Baxılıb: 6 820
Səs ver:
(səs: 0)
Elşad çardağın altında evdən xeyli aralı dayanmışdı. İlkin ağır addımlarla ona yaxınlaşdı.

Elşad siqareti çəkib bitirənədək dinmədi. İlkin də dayanıb səbirlə onun nə deyəcəyini gözlədi. Nəhayət, o, siqaretin kötüyünü hirslə yerə tulladı. Çevrilib, gərgin bir ifadə ilə qardaşına baxdı:

– Kim zəng eləyir evə?! Anam nə deyirdi?! – şübhəylə soruşdu. – Bəs sən hara baxırsan? Mən burda yoxam! Sənə nə tapşırmışam?!

– Əşi, anandı da… Hər işə qarışmasa sakit duran deyil. Bilmirsən xasiyyətini?

– Səndən anamın xasiyyətnaməsini xəbər almıram e… Soruşuram hansı it balasıdır bu evə zəng edən?! – Elşad özü də hiss etmədən səsini qaldırdı. İlkin tutulub qaldı.

– Ayə, yavaş… Nolub?! – narazılıqla qardaşını süzdü və tez də əlavə etdi. – Bilmək istəyirsən, deyim də kimdir… Mənimkidir zəng edən!

– Səninki kimdir? – Elşad gözləmədiyi bu cavabdan karıxan kimi oldu.

– Bilmirsən kim? – İlkin utana-utana başını aşağı saldı. – Keçən dəfə danışdım ki, sənə.

Elşad onu saran əsəbdən qardaşının kim və nə haqda danışdığını aydınlaşdırmaq üçün fikrini cəmləyib diqqətlə İlkini dinlədi.

– Atamın yanında nə deyim? Nəyi açıb ağardım? Sən də ki, maşallah, o dəqiqə döyüş paltarını geyinib, hazır dayanmısan e… Qan axtarırsan. Birdən yadıma düşdü ki, telefonum bağlıdır. O da yəqin ki, görüb telefonuma zəng çatmır, dinc durmayıb də… Lənət şeytana! Əcəb işə düşdük.

– İlkin… – Elşad onun sözünü kəsib, şübhəylə qardaşına baxdı.

– Nə?

– Birdən nəsə bilərsən, məndən gizlədərsən. Bax, ondan sonra səni bağışlamaram!

İlkini heyrət götürdü. Mat-məəttəl onu süzdü:

– Ayıbdır! Bu sözü bir də ağzına alma, heç ağlından da keçirmə! – dedi. – Başın xarab olub sənin? Get… Get yat, yorğunluğun çıxsın! O dəqiqə bilinir ki, yorğunsan. Nə danışdığını özün də bilmirsən! – Məzəmmətlə təkrar qardaşına baxıb, narazılıqla başını buladı.

Elşaddan səs çıxmadı. Dilini-dodağını gəmirə-gəmirə susdu. İlkin onun üzündəki ifadəni izləyib, astadan öz-özünə deyindi:

– Demişəm evə zəng etmə də… Söz dinləmir tərsin qızı!

Elşad durmayıb ağır addımlarla darvazaya tərəf getməyə başladı. İlkin arxasınca ona səsləndi:

– Hara gedirsən?

– Uşaqlarla görüşəcəm.

Dostlarıyla bir neçə saat vaxt keçirən Elşad evə qayıdıb gələndə gecəyarısı idi. O, səs salmadan sakitcə öz otağına keçdi. Mələk çoxdan yuxuya getmişdi. Yerinə uzanıb, gecə lampasının alatoran işığında dərin nəzərlərlə onu süzməyə başladı. Xumar yatışını bir xeyli seyr elədi. Onun yuxuya dalmış, uzun, sıx qara kirpikli iri badamı gözlərinə, yumru, ağbəniz çöhrəsinə, balaca burnuna və dodaqlarına ilk dəfə görürmüş kimi uzun-uzadı baxdı. Gözlərini onun üzündən ayırmadı. Özünü saxlaya bilməyib alnından, dodaqlarından ehmalca öpdü. Amma oyadacağından ehtiyatlanıb, çox irəli getmədi. Yastığın üstünə səpələnmiş uzun qara saçlarını burnuna tutub qoxusunu ciyərlərinə çəkdi. İçərisini odlayan dərin bir köks ötürdü. Barmaqlarının təması ilə yanağını oxşamağa başladı. Ona heç cür rahatlıq verməyən şübhənin pəncəsində çırpına-çırpına düşündüklərinin təsiri altında xəyalən Mələklə danışdı: “Səni görən gündən aşiqi olduğum bu gözlərlə mənə nifrətlə bax, razıyam! Amma bu gözlər bir başqasına baxmasın! Mənə xəyanət etməsin! Bunu düşünmək belə məni dəli edir. Tab gətirə bilmərəm. – Dodaqlarını bir-birinə sıxıb, qısqanclığın ona vermiş olduğu bir gərginliklə fısıldadı. – Kaş ki, biləydin səni nə qədər çox sevirəm! Bir gün bunu anlayaydın. Məni bağışlaya biləydin”.

***

Səhər yuxudan oyananda özümü onun qolları arasında görüb, duruxdum.

Elşada hələ öyrəşə bilməmişdim, nəinki ona sarılıb ağuşunda yatam. Onunla bir yataqda yatsam da, çünki ayrı yolum yox idi, yad adamlar kimi aramızda xeyli məsafə qalırdı. İndi isə gördüklərim məni təəccübləndirdi. Elşadın qolunu sinəmin üstündən götürüb, çaşqın halda bir anlıq üzünə baxdım. Yatmışdı. Nə qədər ki, oyanmayıb, geyinib otaqdan çıxmağı düşündüm. Bu vaxt onun səsinə geri çevrildim.

– Sabahın xeyir!

Dillənməyib başımı tərpətdim.

– Nolub? Dilini kəsiblər? – O, yerində gərnəşdi. – İki kəlmə sözü də adama çox görürsən…

Əsl hərbiçi xüsusiyyətiylə həmişə ayıq-sayıq yatırdı. Yanından qalxan kimi hiss edib oyanmışdı.

Mən yenə dillənmədim. Artıq ər-arvad olsaq da, onun gözünün önündə soyunub, geyinməyə hələ də sıxılırdım. Odur ki, dolabın qapısını açıq qoyub, qapının arxasında divarın küncünə sıxılıb tez-tələsik əynimi dəyişməkdə idim. O, birdən mənə eşitdirdi.

– Heç bilirsən bu gecə başıma nə iş gəlib?

Mən dayanıb gözlədim ki, görüm nə deyəcək. O, tamam ciddi halda sözünə davam elədi:

– Gecənin bir aləmi… bir də görrəm forslu bir pişik… – Bu sözü xüsusi vurğu ilə dedi. – Gəlib girib qolumun altına… Bilmirəm yolu azmışdı, yoxsa soyuqdan donurdu. Başqa vaxt yaxınıma belə gəlmir axı… – deyə mənə sataşdı.

Mən səsimi çıxarmayıb, alt dodağımı dişlərimin arasında sıxdım. Bayaqdan məni düşündürən sualın cavabını o, vermişdi. Demək, özüm gedib girmişəm qoynuna.

Bu, Allahın bir hikməti idi sanki. Anası onun qəlbində mənə qarşı şübhə toxumları əkməyə çalışdığı bir vaxtda mən bunun əksi olaraq özüm öz ayağımla, xəbərim belə olmadan ona doğru bir addım atmışdım.

Tutduğum işə bir anlıq elə utandım ki… Özüm də bilmədim nə vaxt dilləndim:

– Yəqin yuxulu olub. Yoxsa belə səhv eləməzdi…

Bu sözümdən sonra Elşadı birinci dəfə mənim yanımda gülən gördüm.

– Nə məsələ idi bilmirəm, amma bircə onu bilirəm ki, bu gecə, nəhayət, adam kimi yuxu yatmışam. – Elşad üzündən hələ də silinib getməyən güləş ifadə ilə dedi. – İstədim qovam, deyəm uzaq dur məndən… Amma ürəyim dözmədi. Aldım qollarımın arasına…

– Bilirəm. Olduqca ürəyi yumşaqsan… – deyə eyham vurdum. – Bəlli olur…

Dodağı qaçdı:

– Məndən ürəyi yumşaq insan yoxdu bu dünyada. Məni tanıyan məndən qopmaq istəmir. Sadəcə, sən damarımı tuta bilmirsən… – Sonra da başladı məndən gileylənməyə. – Yatağın bu hissəsi, – baxışlarıyla özü yatdığı tərəfi göstərdi, – minalanmış sahədir, nədir, bilmirəm, elə bil bomba bağlamışam üstümə… Məndən bir kilometr aralı yatır zalımın qızı.

Tərs-tərs onu süzdümsə də, səsimi çıxarmadım.

Bir qədər sonra mən duşdan çıxıb otağımıza keçmək istəyirdim ki, qapını açanda onunla üz-üzə gəldim. Geyinib-kecinmişdi, harasa gedirdi.

Məni hamam xalatında, başımda hamam dəsmalıyla görən Elşadın ifadəsi dəyişdi, gözlərinin içi güldü. Dünən gecə aramızda yaşananlar onu ümidləndirmiş, kefi kökəlmişdi. Başdan-ayağa məni iştaha ilə süzüb, yanından ötüb keçmək istəyəndə qolumdan tutdu, saxladı. Qolunu belimə dolayıb, bir həmlədə özünə doğru çəkdi. Geri dartındım. Əlindən çıxmaq istədiyimi görəndə:

– Mənə bax… – dedi, məni bir az da özünə sıxdı. Əməl etmədiyimi, gözlərimi ondan qaçırdığımı görüb, israr etdi. – Eşitmirsən nə deyirəm? Mənə bax!

İstəməyə-istəməyə ona, gözlərinin içinə baxdım.

– Bax belə! – deyib, çənəmi ovcunun içinə alaraq bərk-bərk öpməyə başladı.

Az qaldı nəfəsimi kəsə. Sinəsindən geri itələyib əlindən təkrar çıxmaq istədim, yenə çıxa bilmədim. O, məni divara sıxıb, boynumu-boğazımı qoxuladı. Dərin bir nəfəs aldı və meyxoş halda asta səslə dedi:

– Bəh-bəh… Əcəb parçalayıb yeməli körpə quzudur! Dəli şeytan deyir, getmə, elə indi çək dişinə!

– Burax! – Tərs-tərs onu süzdüm.

O, güləş bir ifadə ilə qulağıma pıçıldadı:

– İndidən deyim bil, bu gecə səndən adam olmayacaq! Parca-parca edəcəm səni, incimə!

– Offf… əl çək! – Səbrim tükənmiş halda geri çəkilib, otağa keçmək istədim. Əlini məndən əvvəl qapıya atıb saxladı. Açmağa mane oldu. Şeytani bir təbəssümlə gözlərimin içinə baxdı. Bir də öpmək istəyirdi ki, bu vaxt gözü anasına sataşdı. Onu görən kimi məni dərhal buraxdı. İkimiz də pərt halda özümüzü yığışdırdıq.

Qayınanam qanlı-qanlı bizi süzüb, üzünü çevirib getdi. Amma gedə-gedə oğlunun qarasına deyindi:

– Arvadağız! Arvad qabağında əriyib gedir alçaq! Daha ata-anadan da həya etmirlər! Utanmazlar!

Qayınanam bizi mehriban görüb, özündən çıxmışdı. Bu ona necə yer eləmişdisə, ən alçaldıcı sözlər tapıb deyir, Elşadı qıcıqlandırırdı. Elşad gözümün içinə baxıb, dodaqlarını bir-birinə sıxdı, fısıldayaraq narazılıqla başını buladı. Mən durmayıb, tez otağa keçdim. Cəmi bir neçə saniyə sonra Elşadın kinayə dolu acıqlı səsi gəldi qulağıma. Anasına müraciətlə:

– Oxşamışam da, arvadağız qohumlarına! Siz tərəfə çəkmişəm! Sizin nəsil arvad tərəfə yıxılan olur axı! – Bunu deyib, qapını çırpıb getdi.

O, anası ilə yola getmirdi. Ona qarşı çıxdığı üçün anasından ürəyi sınmışdı.

Həmin axşam Elşad evə gələndən özündə-sözündə deyildi. Divanın bir küncündə oturub özü-özlüyündə nə isə götür-qoy edib fikirləşir, tez-tez narazılıqla fısıldayırdı. Bu, İlkinin də nəzərindən yayınmamışdı. Marağını boğa bilməyib, ona yaxın oturdu.

– Nolub, qaqa? Qanın niyə qaradı? – Qayğıkeş bir hərəkətlə əlini qardaşının kürəyinə qoydu. – Nəsə problem var?

Elşad:

– Heç… – deyib söhbətdən yayınmaq istədi.

Rahat danışsınlar deyə mən durub getmək istədim. İlkin qoymadı.

– Gəlinbacı, sən özünü bizdən saymırsan?! – İncik tərzdə mənə baxdı. – Əyləş.

Mən bir gözüm Elşadda, yerimə oturdum. İlkin üzünü Elşada tutub, dedi:

– Sən boş yerə belə dilxor olmazsan. Bir səbəbi var.

Elşad bunu mənim yanımda açıb-ağartmaq istəməsə də, qardaşının israrına dayana bilməyib, astadan qanıqara halda dedi:

– Nə bilim e… Üç gündür zəng vurub baş-qulağımı aparır. Bir az bundan əvvəl yenə zəng vurmuşdu. Heç bilmirəm nə edim. Başımı tamam itirmişəm!

– Kim? – İlkini şübhə götürdü.

– Zeynal.

Elşadgil üç qardaş idilər. Böyük qardaşları Zeynal narkotik aludəçisi idi və bu yolda da həbs olunmuşdu. Hətta eşitdiyimə görə, onun həbsə düşməyi Elşada işiylə bağlı problemlər də yaratmışdı. Yalnız əmisinin sayəsində Elşad hələ də ordu sıralarında idi. Həm də o, hərbini hədsiz çox sevirdi. Özünü bir başqa sahədə görə bilmirdi. İlkindən duymuşdum ki, hərbiçi olmaq həvəsi və fikri Elşadda hələ uşaq yaşlarından yaranıbmış. Əmisini hərbi geyimdə hər görəndə Elşadın hərbiyə olan marağı günü-gündən daha da güclənirmiş.

Elşad ortancıl idi. Sonbeşikləri İlkindi.

İlkinin üzü gərgin bir ifadə aldı:

– İndi nə istəyir?

– Həmişə nə istəyir? Pul!

– Göndərmə! – İlkin qəti və əsəbi səslə dedi.

– Necə göndərməyim? Əl çəkmir. Dayanmadan zəng vurur. Keçən həftə maaşı alıb, diri göndərdim. Bir qəpiyinə də toxunmadım. And-aman elədi ki, bununla da qurtardı. Üç gündür yenə zəng vurur ki, pul göndər.

– Əclaf! – İlkin hirsindən dil-dodağını gəmirdi. Qardaşının dediyi sonuncu sözlərin fərqinə sanki indi varıb, elə bil yuxudan oyandı. Elşada irad tutaraq: – Ayə, sənin başın xarab olub? – dedi. – Maaşı diri göndərdim nə deməkdir? A kişi, birdəfəlik sözünü de ki, mən ailə sahibiyəm, mənim də öhdəliklərim var. Sabah oğul-uşaq sahibi olacaqsan. Bunun zibillərini nə vaxta qədər ört-basdır edib, təmizləyəcəksən?

Elşad ikiəlli başını tutub, oturdu:

– Birdən-birə kəsib atmaq olmur də…

– Ata-anasının zəhmətini yerə vuran sənin elədiklərinə nə qiymət verəcək? Yəqin yenə qumar oynayıb də… Ağız-burnunu dağıdırlar içəridə! Ya da iynə pulu gəzir oğ… – İlkin birdən məni xatırlayıb, ağzına aldığı söyüşü güclə geri qaytardı. – Tfu!

– Bilmirəm, nə zibili varsa ilan dili çıxarıb yalvarır. O qədər pulu hardan, kimdən, necə tapım, heç bilmirəm.

– A kişi, tapım nədir e! – İlkin özündən çıxdı. – Bu, hələ “tapım” dərdindədir e…

– Neyniyim? Öldürsünlər?! – Elşad tərs-tərs qardaşını süzdü. – Bir bu qalmışdı.

– Qoy öldürsünlər! Bəlkə hamının canı qurtara! Qulaq as mənə. Nömrəni dəyiş! Nə qədər zəng vurur, vursun! Ondan ötrü gedib ona-buna ağız açacaqsan? Kimlərinsə qarşısında kiçiləcəksən?

Elşad narazılıqla başını buladı, bir söz demədi. Elə bu vaxt mətbəxdən çıxan qayınanam hikkə ilə Elşada dedi:

– Qardaşına 5-10 manat pul göndərdiyini nə tez dilinə gətirirsən?! Sən eləməlisən də. Kim eləməlidi? Qardaşın deyil? Ehtiyacı olmasa, ağız açmaz! Arvadına bir şey lazım olsa, nə tez edirsən?! Dünyanı dağıdırsan ondan ötrü! Bir dəfə əlidolu gəlməsən, ürəyin sıxılar! Bu da qardaşındır!

– Ay arvad… Sən sakit ol! – İlkin iradla anasına baxdı.

Elşad hirs onu boğa-boğa anasını süzüb, mənə başının işarəsiylə otağımıza getməyi bildirdi.

Səhər gördükləri qayınanamı necə odlamışdısa, indi fürsəti əldən verməyib acıq çıxırdı. Mən Elşadın zəif nöqtəsi idim. Bunu bildiyi üçün Elşadı mənlə vurub, onu dava-dalaşa təhrik edirdi.

Mən Elşadın sözünü yerə salmayıb, otağımıza keçdim. Amma onların nə danışdıqlarını, istəmədiyim halda buradan da duyurdum. Qayınanam səsini ucaldaraq hələ də Elşadı qınayırdı.

– Nədir, dünənə kimi qardaşın idi, evləndin, daha sənə lazım olmadı?

– Qanım onsuz da qaradır, bilib-bilmədən danışıb, ağzımı açdırma mənim! – Elşad anasına bozardı.

– Sənin danışmağa hələ bir dilin də var, üstümə hökküldəyirsən?! – Qayınanam səsini bir az da qaldırdı.

Söz məni tutdu. Amma görünür, Elşad o anın əsəbiylə bunun fərqinə varmadı. Qayınanam susmaq bilmirdi.

– Yorğan altında ərizə yazanın gəlib də… O yazır, sən qol çəkirsən! Daha sənə nə ata-ana lazımdır, nə də qardaş! Yanında bircə arvadın olsun, bəsindir! Arvad şirin olur!

– Lənət sənə, kor şeytan! – Elşadın səsi gərildi. Nə isə divara çırpılıb çilikləndi. Mən bu səsə öz otağımda diksindim. Və çox keçmədən evin qapısı möhkəm çırpıldı. Bildim ki, Elşad əsəbini cilovlaya bilməyəcəyini anlayıb, çarəni evdən çıxmaqda gördü.

Bu anlar nə edəcəyimi bilmədən qayınanamın Elşadın dalınca dediklərini dinləmək məcburiyyətində qalmışdım.

Həmin gecə Elşad evə gəlmədi. O axşamkı söhbətdən sonra isə qayınanam bizə açıq müharibə elan etdi.

(Ardı var)
Müəllif Firuzə Davudqızı
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 6 820
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri