Həsrətindəyəm (7-ci bölüm)

Müəllif: _Mrs_
Şərhlər: 13
Baxılıb: 5 686
Səs ver:
(səs: 0)
Aradan bir neçə ay keçdi…

Qayınanam artıq hər fürsətdə məni acılayıb incidir, gün vermirdi. Səsimi çıxarmayıb dözsəm də, bunu Elşada bildirməsəm də, geridə qoyduğumuz bu 8 ayda artıq cana doymuşdum. Bütün günü yorulub əldən düşənədək onun tapşırıqlarını yerinə yetirdiyim halda, o, yenə də məndən narazı idi. Onun alçaldıcı, təhqiredici, həqarət dolu sözlərini eşitməkdən təngə gəlmişdim. Yaxşı bilirdim ki, məni bezdirib evdən getməyimə çalışır. Elə ki Elşad şəhərdən gəldi, qapıdan içəri girdi, quzuya dönürdü. Elşad evdə olanda mənə heç vaxt dillənib bir söz deməzdi. Amma o ki evdən çıxdı, qara günlərim başlayırdı.

Hər şey İlkinin gözü önündə baş verdiyi üçün bəzən o, anasının haqsızlıqlarına dözmür, irad bildirirdi. Ümumiyyətlə bu evdə məni hər kəsdən, lap Elşadın özündən belə müdafiə edən yeganə insan İlkin idi. Yanıb yaxıla-yaxıla anasına belə deyirdi:

– Niyə incidirsən bu qızı? O da kiminsə balasıdı e… hər şeydən əvvəl o, sənin gəlinindir. Bu ailənin bir üzvüdür. Elə et ki, Allaha da xoş getsin! Oğlun onu sənə əmanət edib gedib. Belə muğayat olursan?

Qayınanam oğlundan bunları duyanda ağzından od püskürürdü:

– Mənim o adda oğlum yoxdur! Ata-anasını saymayıb əzib keçən oğul mənə lazım deyil! Əmanəti də başına dəysin! Özbaşına necə gedib alıbsa, zəhmət çəksin, özü də qorusun! Aparıb harda saxlayır, saxlasın! Hələ sevinsinlər ki, yanına salıb gətirəndə ikisini də qovmadım. Bu qədər vaxtı evimdə yer vermişəm. Görəndə elə bilirəm başımdan aşağı qaynar qazanla su ələnir. İnşallah, bu elədikləri çıxacaq qabaqlarına. Onda biləcəklər mən nələr çəkmişəm!

– Hmm… Mən, deyəsən, subay qalası olacam! Səni belə görürəm, evlənməkdən vaz keçdim! – İlkin kinayə ilə deyirdi.

Arvadı bir az da od götürürdü. Məzəmmətlə oğlunu süzüb deyirdi:

– Arvad almaq asandır e… Onu saxlamaq, qorumaq çətindir. Hər kişinin işi deyil! Gərək dörd gözün olsun, dörd qulağın. Sonra beş kişinin içində başı dik gəzə biləsən!

– Bu nə sözlərdir danışırsan?! – İlkin narazılıqla üz-gözünü turşudub başını bulayırdı.

– Mən nə danışdığımı yaxşı bilirəm!

Onun eyhamı, kinayəli sözləri canıma vəlvələ salırdı. Artıq bu qadından sözün əsl mənasında qorxmağa başlayırdım. “İlahi, məni bu qadının şərindən qoru!” – deyib, Allahı yardımıma çağırırdım.

İlkindən fərqli olaraq qayınatam mən bu evə gəlin gələn gündən nə üzümə baxır, nə də mənlə kəlmə kəsirdi. Süzdüyüm çayı içir, bişirdiyim xörəyi yeyirdi, amma dindirmirdi. Onlar, ər və arvad bir yerdə oturub söhbətə dalanda, ya da televizor qarşısında hansısa bir verilişi seyr edərkən aradakı buzları əridib onların mehr-məhəbbətini qazanmaq üçün əlimdən gələni etməyə çalışırdım.

Çay dəmləyib, aparıb masaya düzəndə kişi gözünün ucuyla oğrun-oğrun məni süzssə də, qayınanam mən hələ yanlarından ayrılmamış, əliylə vurub qaynar çayı kənara itələyir, kin-küdurətli bir səslə:

– Lazım deyil sənin mənə qulluğun! – deyirdi. – Özünü zəhmətə salma! Mənə yalnız gəlinim qulluq edə bilər, səni də ki, özümə gəlin saymıram! Bilmiş ol!

Elədiyim hörmətin qarşılığında belə tikanlı sözləri duyaraq dolub-doluxsunmuş halda mətbəxə keçir, səssiz-sədasız göz yaşı tökürdüm. Bütün bunlara tab gətirmək çox ağır idi mənimçün. Üstəlik, öz istəyimlə gəlməmişdim bu evə. Müqabilində haqsız yerə alçaldılırdım. Amma yenə də səbrimi basıb, bir gəlin kimi öhdəmə düşən vəzifəni yerinə yetirir, bütün acı sözləri udub, hər şeyi sinəyə çəkirdim. Çünki bu insanlar hər şeydən əvvəl Elşadın valideynləri idilər. Məni qəbul etməsələr belə, mən taleyimə boyun əyib, ömrümün axırına kimi onları və onların oğlunu qəbul etməliydim. Bu artıq həyatın dəyişə bilməyəcəyim bir gerçəyi idi.

Qayınatam arvadının bütün əməllərini görsə də, onun nə məkr və hiylənin sahibi olduğunu bilsə də, səsini çıxarmırdı. Sadəcə, belə vaxtlarda iradla ona baxıb, narazılıqla başını bulayırdı. Evdə hökmranlıq qayınanamın əlində idi və o, kişinin gözünün odunu necə almışdısa, hiss edirdim kişi ondan ehtiyat edir. Əslində qonşulardan ayıb bilib, evdə gündəlik səs-küy qopmaması naminə, odun üzərinə barıtla getmək istəmirdi. Özünü onun tərəfindəymiş kimi göstərirdi. Çünki qayınanam öz hökmünə, hikkəsinə arxalanıb, evdə hamının ona itaət etməsini istəyirdi. Lakin Elşad heç bir vəchlə bu istəyə boyun əymirdi. Buna görə də anasının onu görməyə gözü yox idi.

Bir müddət keçdi…

Yayın əvvəlləri idi. Belə günlərin birində yenə qayınanamın qəzəbinə tuş gəlmişdim. Məni o ki var acılayıb, ürəyini boşaltmış, bircə əl qaldırmamışdı. Artıq dözə bilmirdim. İçərimə vurub susmaqdan məndə taqət də qalmamışdı. Cavab qaytarmayım deyə çarəni onun qarşısından çəkilib getməkdə görmüşdüm.

Bir az vardı ki, həyətə enib, gül kollarının yanındakı skamyada oturmuşdum. Onun zəhərdən acı sözləri məni necə incitmiş, necə yaralamışdısa göz yaşlarımı saxlaya bilmir, hönkür- hönkür ağlayırdım. Sakitləşə bilmirdim. Bir yandan da ata-anam, bacım üçün qəribsəmişdim deyə kənardan deyilən adi bir söz belə mənə tez toxunurdu. 9 aya yaxındı ki, nə üzlərini görürdüm, nə səslərini eşidirdim. Xiffətdən şam kimi əriyirdim…

Nə qədər keçdi bilmirəm, mən hələ də evə keçmədən skamyada oturub qalmışdım. Bu vaxt, birdən lap yaxınımda tanış bir səs xüsusi ahəng və təntənə ilə mənə səsləndi:

– Salam, əsgər!

Əlimin tərsiylə gözümün yaşını silib, çevrilib baxdım. Donub qaldım. Elşad hərbi geyimdə qarşımda dayanmışdı. Gözlərini qıyıb, xəfif təbəssümlə mənə baxırdı. Onu bu geyimdə heç vaxt görməmişdim. O, hündürboy, cüssəli, bir az da ətli-canlı olduğu üçün bu geyimdə əsl hərbiçi görkəmi ilə daha məğrur və qorxmaz görünürdü. Onunla evli olduğumuz bu qədər vaxt ərzində sanki Elşadı ilk dəfə indi gördüm. O an özümə belə etiraf etməyə çəkindiyim qəribə hisslər keçirdim. Mənə nə oldu bilmirəm, amma ürəyim şiddətlə vurmağa başladı.

O, əlini gicgahına aparıb, hərbi salam verdi. Və eyni təntənə ilə dedi:

– Azərbaycan Silahlı Qüvvələrində xidmət edirəm! Leytenant Hüseynov!

Elşadın zarafatı dodağımı belə qaçırtmadı. Əksinə, onu görüb bir az da kövrəldim. Qərib yerdə doğmasını görən adam sayağı üstünə qaçıb, ona sarılmamaq üçün özümü güclə saxladım. Necə kövrəlmişdimsə, bir anlıq Elşada olan nifrətim, qəzəbim də sanki yox olmuşdu.

O, hərbi papağı başından götürüb, yaxın gəldi. Bir gözü evin pəncərəsində, məni yüngülcə özünə sıxıb alnımdan öpdü. Bu zaman istifadə etdiyi ətirin qoxusu burnuma vurdu. Bu mənimçün artıq tanış bir qoxu idi. Birtəhər oldum. Bilmirəm niyə, amma nədənsə baxışlarımı qaldırıb bu an ona baxdım. Onun üzünə belə zəndlə hələ-hələ baxmazdım. Yalnız o özü tələb edəndə.

– Deyəsən gözləmirdin…

Haqlı idi. Həqiqətən gözləmirdim. Bu gün həftənin çərşənbə günü idi. O, işdə olmalı idi. Amma başqa vaxt da evə gələndə heç vaxt öncədən xəbər etmirdi ki, gəlirəm. Qəfil gəlirdi.

– İstədim sənə sürpriz edim… Əlinə düşəndə məni cırmaqlasa da pişiyim üçün darıxmışam! – deyib, başımı sinəsinə sıxdı. Sonra birdən sanki ayıldı. – Sən ağlamısan?! – Üzümü əllərinin arasına aldı. – Nolub?

Mən gözlərimi onun gözlərindən qaçırıb, heç nə demədim. Həmişəki kimi, əlindən çıxıb ondan aralı dayandım. Elşadın üzündəki ifadə bir anda dəyişdi. Şübhə ilə mənə səsləndi:

– Xətrinə dəyiblər?

Aylardır bu əzabları Elşadın ucbatından çəkib, ona görə alçalıb təhqir olunduğum üçün, anasına olan hirsimi özüm də hiss etmədən ona tökdüm.

– Sənə nə!

– Başa düşmədim… – Qaşları çatıldı. – Necə yəni sənə nə!

– Nə mənası var, mənim xətrimə dəyən olub, ya olmayıb?

– Mənası var ki, soruşuram!

– Mənim bir düşmənim var, o da sənsən! Heç kimin mənlə işi yoxdur!

Tutulub qaldı. Yenə də özünü toplayıb məzəmmətlə, gözucu məni süzdü.

– Sən ümumiyyətlə yaxşısan?

– Həbsxanadakı dustaq kimiyəm! Günümü sayıram ki, səndən, sənin bu evindən qurtulam!

– Bu nə danışıqdır?! – Elşad gərgin göründü. Rəng verib, rəng aldı. Mən durmayıb getmək istədim. Çevriləndə evin pəncərəsində qayınanamı gördüm. Dayanıb, kin-küdurətlə bizi süzürdü. Elşad onun yanından aralanmağıma fürsət belə vermədi. Qolumdan yapışıb, məni saxladı. Həmişəki sərt ifadəsi, sərt səsiylə əmiranə tərzdə:

– Dayan görüm! – dedi.

– Burax qolumu, incidirsən! – Var qüvvəmlə onun qoluma kilidlənmiş barmaqlarını bir-bir açmağa çalışdım. Amma müvəffəq ola bilmədim. O məni buraxmadan laqeydliklə:

– Eyib etməz… Sən mənim ürəyimi incidirsən, heç uf da demirsən! – dedi. Bir anlıq sükutdan sonra əsəbi üzünə yansımış bir halda baxışlarını ətrafda dolandırıb, dişlərini bir-birinə sıxa- sıxa sözünə davam etdi. – Yadında saxla, bu evdən bir gün nə vaxtsa qurtula bilərsən, amma məndən heç vaxt! Ayrılmağı ağlına belə gətirmə! Ümidlə yaşama ki, bir gün səni boşayaram! Xeyir! Mən səni qaçırmamışam ki, nə vaxtsa boşayım! Oyun-oyuncaq oynamırıq! Bunu birdəfəlik həkk elə bu boş başına! – deyə barmağıyla gicgahıma döyəclədi. – Sən o dünyada da məndən qurtula bilməyəcəksən! Qəbirdə də sənlə birgə yatacam! Bunu unutma!

Hiddətlə üzünə baxıb, ondan ayrıldım. İti addımlarla evə doğru getdim. Pilləkənə çatanda ixtiyarsız olaraq çevrilib bir anlıq ona baxdım. Elşad mən yanından ayrılan kimi siqaret alışdırıb yandırdı. Əsəbi-əsəbi sümürdü.

Mən evə keçən kimi qayınanam qarşıma keçib, qəzəblə üzümə baxdı. Və dilindən od tökməyə başladı:

– Ürəyini boşaltdın, rahatlandın? Bir-bir məruzə edərsən də, hər halda. Başını hansı yalanlarla doldururdun? Oğlumu mənə qarşı hazırlayırsan?!

Diqqətlə üzünə baxsam da, dinmədim. Nə deyəydim axı. Söz tapmırdım bu qədər haqsızlığa. Sadəcə Allahdan özümçün səbir və dözüm istəyib, köks ötürdüm. Sükutum arvadı bir az da özündən çıxardı:

– Nə edirsən et, bil ki, istəyinə çata bilməyəcəksən! Ətlə dırnağın arasına girən iylənib çıxar, bunu yadında saxla! Sən dünən gəlmisən bu evə, mən onu dünyaya gətirmişəm! Havadan bu boyda, bu yaşda olmayıb e, ona zəhmət çəkmişəm! Zəhmətimin əvəzi də bu oldu! Böyüdüb verdim sənin qucağına!

Gerisini dinləməmək üçün bütün bədənim uçunub gedə-gedə otağıma keçdim. Hələ özümə gələ bilməmişdim ki, qayınanam qapını zərblə açıb içəri girdi. Əllərini belinə qoyub, hikkə ilə mənə səsini qaldırdı:

– Nə forslanıb oturmusan burda? Şah qızısan də sən, sənə söz deyə bilmərik… Görmürsən ərin yoldan gəlib? Dur gəl, maraqlan nə yeyib-nə içir! Acdır, susuzdur? Yanına düşüb gəlməyi, qoynuna girməyi bacardığın kimi, qulluğunda da dur! Qalx ayağa görüm! Gözünün suyunu az axıt bu evdə! Gedib atan evində istədiyin qədər ağlarsan! – Tərs-tərs məni süzdü. Gəldiyi qaydada da çıxıb getdi.

Mən özümü toplayıb mətbəxə keçdim. Elşad yemək yeməyəcəyini ağızucu xəbərdarlıq etdiyi üçün onun istəyinə görə çay dəmlədim. Masanı hazırlamağa başladım. Elşad salonda divanda əyləşmişdi. Hər iki əliylə başını tutub səssiz dayanmışdı. Bu vaxt evə gələn İlkin onu görüb sevindi.

– Elşad?.. Nə yaxşı gəlmisən! – İrəli gedib onu qucaqladı.

Elşad qardaşını bağrına basdı. Eyni zamanda da onun sualını cavablandırdı:

– Bir-iki saatlıq gəlmişəm. Bir azdan qayıdıram. Komissarlıqda bir balaca işim vardı. Hospitala da getməliyəm. Dedim gəlmişkən, yolüstü evə də baş çəkim. – Elşad qardaşı ilə danışsa da düyünlənmiş qaşlarının altından anasını, onun hərəkət və davranışlarını izləyirdi.

– Əcəb eləmisən! – İlkin əlini onun kürəyinə vurdu. – Özün necəsən? Xidmət edə bilirsiz Vətənə?

– Özüməm də… – Bütün fikri anasında olan Elşad onun soyuqluğuna, ögey münasibətinə etiraz əlaməti olaraq narazılıqla başını buladı.

– Özünə fikir ver. Qalanı düzələndir. – İlkin fərəhlə qardaşını süzdü.

Bir qədər sonra Elşad yola düşməzdən əvvəl, vidalaşmaq üçün otağımıza, mənim yanıma gəldi.

Gəlib məni belə görməsi onu çox narahat etmişdi. Gəldiyinə peşman olmuşdu.

Ağır addımlarla mənə yaxınlaşıb, taxtın kənarında yanımda əyləşdi. Saçlarımı əliylə qulağımın ardına keçirib, mehr-məhəbbətlə məni süzdü.

– Sakitləşdin?

Dillənmədim. Elşad başımı köksünə sıxdı. Saçlarımdan öpüb, yubanmadan ayağa qalxdı.

– Getməliyəm. Uşaqlar məni gözləyir. Özünə yaxşı bax!

Qapıya yaxınlaşdı. Dönüb bir də mənə baxdı. Bu baxışda məndən qətiyyən ayrılmaq istəməyən, amma məcbur qalan bir adamın çarəsizliyini gördüm. Qapını açıb getmək istəyəndə tez yerimdən qalxıb ona tərəf getdim. Qolundan yapışıb, yalvarış dolu bir səslə dedim:

– Məni də özünlə apar.

İndi artıq o vəziyyətdə idim ki, burda onun anasıyla qalmaqdansa, Elşadla bir yerdə yaşamağı qəbul edirdim. Elşad duruxdu. Çaşbaş halda:

– Necə aparım səni, əvvəlcə ev tutmaq lazımdır, – dedi.

Mən tez həyəcanla dedim.

– Özün harda qalırsansa, ora apar.

– Biz o evdə iş yoldaşlarımızla birgə qalırıq. Hərə bir yerdən gəlmədir. Beş kişinin içinə hara aparım səni? – Qaşları çatıldı. – Özün də bir fikirləş də… Düzgün işdir bu? Gərək əvvəl məsləhətli bir yerdə ev axtarıb-arayım… Onsuz da burda qalan deyilik. Bir az səbirli ol.

– Mənə bəhanə gətirmə! – Hirslə üzünə baxdım. – Açıq de ki, mane olaram da sənə! Gözəlçələrinlə görüşlərinə! Burda qalsam yaxşıdır! Əl-ayağına dolaşmayım!

– Məsləhət bilmirəm. Biləndə gedəcəksən! – O, səbri tükənmiş halda, özü də hiss etmədən səsini qaldırdı.

Acı istehza ilə onu süzüb, dedim:

– Məndən olsa sənin üzünü də görmək istəmirəm! Amma neyniyim… Çarəm yoxdur!

Elşad gərginliklə məni dinləyib, dodaqlarını yenə adəti üzrə bir-birinə sıxdı, fısıldadı. Mən onun susmasını fürsət bilib, ürəyimi boşaltdım:

– Bilirsən nə var? Özünü yola vurub, hər həftə bu qədər uzaq yolu boş yerə gəlmə! Məndən sənə xeyir yoxdur! Başını orda da qata bilərsən! Maşallah, səni darıxmağa qoymayanlar çoxdur! Mən sənə ehtiyatda saxladığın oyuncağın deyiləm!

Elşad bu sözlərimə bir az da gərildi. Amma heç bir söz demədən otaqdan çıxdı. Ağlaya-ağlaya qaldım…

***

Elşad əsəbi addımlarla salona çatanda anasını divanda oturub kefikök halda televizorda konsert proqramını izlədiyini gördü. O, Elşadı görər-görməz televizorun səsini qaldırdı. Salonu oynaq musiqi səsi bürüdü. Onun belə etməsi qanının qara vaxtında Elşadı daha da hiddətləndirdi. Dişlərini bir-birinə sıxdı, yumruğu özündən asılı olmadan düyünləndi. İstədi dillənib bir söz desin, İlkin qoluna girib onu evdən çıxartdı, sakitləşdirməyə çalışdı.

Küçəyə çıxanda Elşad qardaşına:

– Onu sənə tapşırıram! – dedi. Əsəbini qovmaq üçün əliylə üz-gözünü ovuşdurdu. – Gedirəm, fikrim qalacaq burda…

– Arxayın ol.

– Evdə vəziyyətə nəzarət elə. Sakitlik olsun. Onsuz da əsəblərim gərgindir, İlkin. Yorulmuşam…

– Narahat olma.

– Bilirəm ki, anam onu incidir… Şəkk-şübhəsiz bilirəm! Qız özü deməsə də, mən uşaq deyiləm. Hamısı mənim ucbatımdandır! Xahiş eləyirəm səndən, İlkin, imkan vermə çox irəli getsin.

– A kişi… Yolundan qalma də… Rahat ol! – İlkin gülümsəyib qardaşını bir daha əmin etdi. – Sağ-salamat! Yaxşı yol!

Bir qədər sonra Elşad artıq şəhərə doğru yol gedirdi. Maşında onunla gəlmiş iş yoldaşları deyib-gülür, zarafatlaşır, maşındakı musiqi səsindən qulaq tutulurdu. Amma Elşad bu qədər səsin heç birini eşitmirdi. Evdə qarşılaşdığı mənzərə onu alt-üst etmişdi. Barmaqlarıyla düyünlənmiş qaşlarının ortasını sıxıb, səssiz dayanmışdı. Bir əli sükanda, gözü uzanıb gedən yolda olsa da fikri evdə qalmışdı. Mələyin səsi qulaqlarından çəkilib getmirdi. “Məni də özünlə apar!”

Hərbiçilərdən biri Elşadın durğun əhvalını görüb, səbəbini öyrənmək üçün ona sataşıb, zarafatlaşmaq istədi.

– Təzə bəy… Nolub? Bakıya az qalmışıq, sənin hələ səsini eşitməmişik.

Elşadla yanaşı oturmuş başqa biri çiyninin üstündən arxaya – həmkarına göz vurdu.

– Darıxdı da yəqin. İşiniz yoxdur.

– Ə, bunun təzə bəyliyi çoxdan keçib. Onun indi ata olmağa hazırlaşan vaxtıdır. Hələ gecikib.

Gülüşdülər. Elşad söhbətin ondan getdiyini bilsə də, özünü eşitməzliyə vurmuşdu. Zarafat edəcək, zarafat götürəcək halda deyildi. Amma yoldaşları onu danışdırmağı qarşılarına sanki məqsəd qoymuşdular.

– Yoldaş leytenant… – Hərbiçi onun çiyninə toxundu. Elşad könülsüz-könülsüz çiyninin üstündən geriyə, arxa oturacaqda oturmuş yoldaşlarına baxdı. Oğlanlar bunu görcək bir ağızdan ona irad tutdular:

– Ə, bir səsini çıxart da! Bahoo!..

– Nə qəm dəryasına batmısan, a kişi!

– Sevdiyindən ayrı düşən bir sənsən bəyəm? Bizim canımız daşdan-dəmirdən deyil ki…

Elşad ağır-ağır başını bulayıb, yenidən qabağa baxdı. Onlarlarla həmsöhbət olmadı. Arxada oturan hərbiçilərdən biri yenə ona səsləndi:

– Bura bax, nə vaxt yığışırıq şad xəbərin qonaqlığına? Vaxt ötür e… Tərpən!

Elşad bu sözdən sonra yanında oturmuş hərbiçi yoldaşının təbəssümlə gözucu onu süzdüyünü gördüsə də, səsi çıxmadı. Arxadan oğlanların yenə zarafat dolu səsi duyuldu.

– Sənin tayların çoxdan ata olublar. Bizə əsgər lazımdır e, brat!

– Mən səni heç belə passiv bilməzdim. Ümidlərimi puç elədin! Eeehh!

– Bir az səbirli ol. – Elşad ciddi-ciddi, amma kinayə ilə dedi. – Bakıya çataq, şəxsən sevindərəcəm səni!

Hərbiçi yoldaşları onu cırnadıb danışdırmağa nail olduqları üçün, Elşadın sözünə qəhqəhə çəkdilər.

(Ardı var)

MüəllifFiruzə Davudqızı
(səs: 0)
Şərhlər: 13
Baxılıb: 5 686
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri