Həsrətindəyəm (17-ci bölüm)

Müəllif: _Mrs_
Şərhlər: 9
Baxılıb: 5 118
Səs ver:
(səs: 0)
İlkin Elşadı güclə evdən çıxardı. Dilə tuta-tuta həyətə çardağın altındakı skamyaların yanına gətirdi.

Elşad özündə deyildi. Bütün bədəni onu saran əsəbdən uçunub gedirdi. İlkin onunla yanaşı oturub narahat halda onu bir xeyli süzdü. Sonra dözməyib dilləndi:

– Sən, yaxşısı budur, əsəbini müalicə etdir. Kənardan özünə baxsan dəhşətə gələrsən! Nə etdiyini bilmirsən!

Elşad cibindən siqaret qutusunu çıxardı. Birini götürüb damağına qoydu. Alışqanı titrəyən əlində güclə saxlayıb, yalnız üçüncü cəhddən sonra siqareti yandıra bildi. Gözlərini bir nöqtəyə zilləyib, əsəbi-əsəbi sümürdü.

Bütün bunları təəssüf içində seyr edən İlkin sözünə davam etdi:

– A kişi… Bu əsgər deyil e, əmrini yerinə yetirmədi, bir nöqsanı oldu vurasan, tab gətirə. Bu qadındır. Qadınla necə davranmağı əvvəl bir öyrən, sonra nə isə tələb et! Bir də, o yazıq qızın nə günahı var ki, ona belə zülm etmisən? Elə et ki, Allaha da xoş getsin! Allahına şükür et ki, belə alçaq zəmanədə bu cür təmiz qız çıxarıb qarşına. Mən onun hələ bir nalayiq hərəkətini görməmişəm. Qurana əl basaram onun yerinə! Bu qədər inamım, etibarım var ona! Nə oldu axı belə birdən-birə dəliyə döndün? Sən axı, bir az bundan əvvəl anamla mehribancasına söhbət edirdin. Anam nə isə deyib?

Elşad dizlərinə dirsəklənib baş barmaqlarıyla gicgahlarını sıxmışdı. İlkinin israrına:

– İlkin, sus! Susss! Başım çatlayır! – Qardaşına iradla səsini qaldırdı.

İlkin geri çəkilmədi.

– Uşaqsan məgər, hər sözə özündən çıxıb aləmi vurursan bir-birinə? Nə etmək istəyirsən e, sən? Qardaşın onsuz da rüsvay edib bizi millətə. Başımızı qaldırıb bir adamın üzünə baxa bilmirik. İndi də sən başladın? O da kiminsə balasıdır e… Vurarsan, əlindən bir xəta çıxar, sonra nə edəcəksən? Bunu bağışlaya biləcəksən özünə? Hərdən bir yadına sal ki, sən bu qızı hansı şəraitdə, necə gətirmisən bu evə! Belə edib, özünə nifrət qazanma! Əvvəl öz səhvlərini düzəlt, sonra onda səhv ara!

Elşad siqaretdən sümürüb, çəp-çəp qardaşına baxdı:

– Danışıb qurtardınsa, get gödəkcəmi gətir! – dedi. – Sən hələ fil qulağında yatmısan. Mənə məsləhət verənə bax!

İlkin ağır söz eşitməmək üçün əlacsız qalıb evə doğru getdi. Çox keçmədən geri qayıtdı. Elşadın gödəkcəsini və kəmərini ona uzadıb, narazılıqla başını buladı.

– Əcəb qəhrəmanlıq eləmisən! Götür!

– Elə etmə ki, qalan hirsimi də səndən çıxım! Onsuz da bu dəqiqə beynim qandır, gözüm ayağımın altını görmür! Sənlə söhbətim sonra olacaq! – Eşlad siqaretin kötüyünü hirslə yerə tullayıb, kəməri alıb belinə keçirdi. Gödəkcəsini geyinəndə İlkin soruşdu:

– Hara gedirsən?

– Cəhənnəmin dibinə! – Elşad acıqla ona çəmkirdi. Və amiranə bir səslə əlavə etdi. – Otur evdə! Gəlmə dalımca!

İlkin səsini çıxarmadı. Sadəcə narazılıqla başını buladı. Elşad getdikdən sonra evə qalxdı.

***

Çox keçmədən İlkin yenə otağın qapısı ağzında göründü. Mənə su gətirmişdi. Yanıma gəlib bardağı mənə uzatdı.

– Al iç. Yaman qorxudub səni.

Mən bunu duyanda özümü saxlaya bilməyib, hönkürdüm. İlkin saçlarımı sığalladı.

– Yaxşı… Ağlama… ağlama, keçib gedəcək. Su iç.

Mən titrək əlimdə bardağı güclə tutub, sudan bir qurtum aldım. Daha içməyə gücüm çatmadı. İlkin kədərlə məni süzüb, sonra dedi:

– O, getdi… Yoxdur evdə, gəl, üzünü yu.

Bir qədər sonra mən vanna otağına getmək üçün salona keçəndə buranı tanımadım. Salamat bir əşya qalmamışdı. İri dəyirmi masa çevrilmiş, stullar ətrafa səpələnmiş, digər əşyalar döşəməyə çırpılıb çilik-çilik olmuşdu.

İlkin qardaşının qarasına deyinə-deyinə salonu sahmana salırdı. Mən vanna otağında soyuq suyu açıb burnumun, dodağımın qanını yumağa başlayanda öz vəziyyətimə qarşımdakı güzgüdən tamaşa edib dözmədim. Yenidən hönkür-hönkür ağladım.

Həmin gecə Elşad evə gəlmədi. Mən öz otağımdan tez-tez İlkinin həyəcan dolu səsini eşidirdim.

– Götür də bunu! Götür bir cavab ver, ürəyim partladı! Nə tərs adammışsan sən! – Elşadın ünvanına deyindiyini eşidirdim.

İlkin durmadan Elşadın telefonuna zəng vursa da o, zənglərə cavab vermirdi.

***

Bütün gecəni gözümə yuxu getməmişdi. Həm qorxudan, həm də canımın ağrısından. Kəmərin dəydiyi yerlər kürəyimdə zolaq-zolaq qançır olmuşdu. Arxası üstə uzana bilmirdim. Sızıldayırdı.

Səhər mən arakəsməyə keçərkən yarı açıq qapıdan Elşadı İlkinin otağında, onun çarpayısında yatmış gördüm. Üzü üstə, gödəkcəsini belə çıxarmadan çarpayıya uzanmışdı. Hər iki əli ilə başını sıxmışdı. Bildim ki, bütün gecəni içib.

O, evdən çıxanadək gözünə görünmədim.

Səhərdən bir qurtum su belə içməmişdim. İlkin otağa gəlib:

– Nə vaxta qədər belə ac-susuz oturacaqsan? Gəlinbacı, olmaz axı belə, – dedi.

– İştaham yoxdur. Sən mənə görə narahat olma.

– Narahatam! – İlkin narazılıqla məni süzdü. – Bilirəm iştahan yoxdur, amma özünü məcbur elə, az da olsa ye. Mənim xətrimə, – deyə israr etdi. Və məni məcburi mətbəxə apardı. Mən yemək əvəzinə bir fincan çay süzüb, masanın arxasına keçib oturdum. Nə qədər ört-basdır etsəm də qayınanam dodağımdakı partlayıb göyərmiş zədəni görmüşdü. Onun salonda divanda uzanmış İlkinə dediklərini duydum. Məni işarə edib, kinayə ilə oğluna sual verdi:

– Hmm… Döyülüb yenə?

İlkindən səs çıxmadı. Qayınanam bu dəfə öz-özünə deyinməyə başladı:

– Allaha şükür, birinin izi getməmiş, o birini vurdurur. Salamat günü yoxdur! Özünə hörmət eləyən qadın elə oturub elə durar ki, döydürməz özünü! Nə vaxt baxırsan, didişirlər. Biz evdən çıxan kimi başladı müharibə?

İlkin dillənməsə də narazılıqla fısıldadı. Qayınanam yenə susmadı.

– Bilin ki, mənim könlüm olmayan ağac göyərməz! Bəs nə bilmişdi? Elə bilirdi xeyir-duasız bu evə gəlin gələndə üzü güləcək?

İlkin daha dözmədi. Anasına irad tutmağa başladı:

– Bəsdir, sən Allah! Odun üstünə barıtla getmə sən də!

– Nədir, bəlkə düz demirəm? Buna rast gələndən oğlumun günü qaradır, əppəyi para! Hələ bir xoş gün görməyib. Əsəbi də korlandı anası ölmüşün.

Mən iki əlli başımı tutub oturmuşdum. Bu qədər haqsızlığı eşitmək istəməsəm də, qayınanam bütün cəhdilə bunu mənə eşitdirirdi. Anasının sözlərinə İlkin özündən çıxdı:

– Sən qardaşımı mənə tanıtdırırsan? Xasiyyəti ağırdır də, hamımız bilirik bunu. Qız gəlib özündən nə isə icad etməyib ki. Elşadın ürəyi təmizdir. Mərddir. Sevdikləri üçün canını verər, bunu danmıram, amma o insan öz istəyini qarşısındakına necə çatdırmağı bacarmır. Əksinə, incidir. Deyir mən deyən olmalıdır, vəssalam! Bilir səhv yoldadır, səhv edir, ancaq inadı buraxmır.

– Mən bircə bunu bilirəm ki, bizə qulaq assaydı, indi adam kimi yaşayırdı, sakit həyatı vardı.

– Oğlun da sənə çəkib! Öz dediyinizi deyirsiz! Ay arvad, get nəzir payla, qurban kəs ki, bacın qızı bu evə gəlin gəlməyib. İndi üzünə o söz qalmamışdı ki, deyilməsin! Abrın çoxdan əldən getmişdi. Bu insan özü sevib-seçib aldığı qızı bu günə qoyursa, sənin alıb gətirdiyini nə edəcəkdi? Heç kim dözməz sənin oğlunla bir gün yaşamağa! Bircə gün! Bu qızın canı ya poladdandır, ya da şir ürəyi yeyib, ona tab gətirir. Sakit ol! Səndən artıq dərəcədə xahiş edirəm! Belə sözlər danışıb, bir az da qəlizləşdirmə məsələni! Ağsaqqal, ağbirçək qan yatışdırar, qan salmaz! – İlkin açıq eyham vurdu.

İlkinin son sözü məni silkələyib, sanki yuxudan oyatdı. Bu söz beynimdə şimşək kimi çaxdı. Elşadla anasını axrıncı dəfə mətbəxdə söhbət edən görmüşdüm. Demək, mənə olan nifrətindən Elşada elə bir söz deyib ki, Elşad buna görə dəliyə dönmüşdü. İndi də özünü bilməzliyə vurub, İlkini sorğu-sual edir.

İlahi, mən bu qadına sadəcə mat qalmışam. Deməyə söz tapmıram. Bu insan oğlunun əlinin qana batmasına razı olar, təki məndən qurtulsun. Bu qədər hər şeyi gözə alıb.

Mənsə… Onları barışdırmaq üçün bu qədər çırpınarkən heç düşünməzdim ki, öz əlimlə özümə quyu qazıram.

İlkinin sərt cavabından sonra qayınanam daha bir söz demədi. Bu sükut onun oğluna haqq verib dedikləri ilə razılaşması demək deyildi, sadəcə olaraq çox irəli gedib günahkar vəziyyətə düşmək istəmədi.

***

Evə gələn zənglərin tarixçəsini əks etdirən çıxarış artıq Elşadın əlində idi. O, maşına əyləşib hövsələsiz bir halda siyahını gözdən keçirməyə başladı. Qohum-qonşunun ev nömrələrindən başqa, Elşadın öz mobil nömrəsi və təkcə yad olan bir mobil nömrə var idi. Həmin nömrə Elşadın diqqətini o anda çəkdi. Zəngin gəlmə vaxtını – ayı, günü, saatı tez-tələsik nəzərdən keçirdi. Gərginliklə nəfəs alıb-verdi.

Həftənin bütün günləri müxtəlif saatlarda zəng vurulmuşdu. Nömrə ona tanış gəlsə də, bu anın ona vermiş olduğu sarsıntı ilə o, heç nə xatırlaya bilmirdi.

Telefonunu götürdü. Əlləri titrəyə-titrəyə telefonun kontaktlar bölməsində həmin nömrəni axtarmağa başladı. Bir neçə saniyə sonra dünya artıq Elşadın başına fırlanırdı. Dişlərini bir-birinə sıxıb durmuş, yumruğunu düyünləmişdi. Hirs onu boğurdu. O, evə zəng vuranın Rüfət olduğunu düşünüb, onun haqqında şübhəyə düşdüyü halda yanılmışdı. Bu nömrə Rüfətə məxsus deyildi.

Elşad üzünü əsəbi bir hərəkətlə ovuşdurub telefonun monitorunda görünən nömrəyə bir də baxdı. Bir də sarsıldı. Alt-üst oldu. Siyahıdakı nömrə kontaktlar bölməsində qeyd olunan mobil nömrənin eynisi idi. Sabir adlı birinə məxsusdur.

Sabir Elşadın anasının uzaq qohumu idi. Elşadla gec-gec görüşsələr də, arabir zəngləşib danışırdılar.

Elşad bir xeyli donmuş vəziyyətdə gözlərini bir nöqtəyə zilləyib dayandı. Handan-hana özünə gəlib, telefonu təkrar götürdü. Sabirə zəng vurdu. Xəttin o üzündən aldığı cavab bu oldu: “Bu nömrəyə zəng çatmır, telefon ya söndürülüb…” Elşadın sonadək dinləməyə hövsələsi çatmadı. Telefonu əsəblə yan oturacağa tulladı. Sabiri düşünüb: “Alçaq! Şərəfsiz! Sənin…” – dedi, söyüşün gerisini gətirmədən açarı burdu. Maşın hərəkətə gəldi. Elşad son sürətlə Sabirin dalınca yola düzəldi. Onun rayonun mərkəzindən xeyli kənarda çayxana işlətdiyini bilirdi.

…Bir qədər sonra o, artıq həmin ünvanda idi. Maşını yolun kənarında saxlayıb, düşdü. Çayxananın həyətinə daxil oldu. Sabiri xəbər aldı. Köməkçisi ona Sabirin sənəd işləri ilə əlaqədar rayonun mərkəzinə getdiyini dedi.

– Nə vaxt qayıdar? – Elşad oğlanı şübhələndirməmək üçün mümkün qədər mülayim görünməyə çalışdı.

– Dəqiq deyə bilmərəm. – Oğlan çiyinlərini çəkdi. – Bəlkə işi uzun çəkdi.

Elşad guya ki, təəssüflənib, fısıldadı.

– Nə pis oldu… Onunla mütləq görüşməliyəm, atam, vacib lazım idi. Yaxşı, bəs nə edək biz? Nömrəsi də məndə silinib… Bilmirsən?

Oğlan heç şübhə etmədən Sabirin nömrəsini Elşada əzbər söylədi.

– Sağ ol, atam, Allah razı olsun! – Elşad son dərəcə səmimi və mehriban bir səslə dilləndi. Əlini oğlanın çiyninə qoydu. Sabirin işini etibarlı tutmaq üçün ehtiyat nömrə işlətdiyini biləndə daxilən ona hiddətləndi: “İz itirirsən, alçaq? Darıxma!”

Köməkçisinin yanındaca Sabirə zəng vurdu. Tezliklə xəttin o üzündən Sabirin səsi duyuldu:

– Bəli.

Elşad onun səsini eşidəndə bütün bədənindən cərəyan keçibmiş kimi gərildi. Özü də hiss etmədən dilini-dodağını gəmirdi. Lakin oğlanın bütün diqqətinin onda olduğunu görüb, özünü yığışdırdı. Sabir bir də səsləndi:

– Bəli, eşidirəm. Kim idi?

– Qohumunu nə tez yaddan çıxardın? Elşaddır.

– Bayy… Elşad? Rayondasan?

Elşad bu suala bir az da gərildi:

– Obyektdəyəm! – Səsindəki əsəbiliyi güclə ört-basdır etdi. – Gəldim sənlə görüşüm, səni tapmadım. Nə vaxtdır görüşmürük…

– Gözləməyə vaxtın varsa, iki saata qayıdıram.

– Yoox, gəl belə edək də… – Elşad məqsədinə çatmaq üçün onu dilə tutmağa başladı. – Sən hansı tərəfdəsən? Notariusda? Əla! Mən gəlib səni oradan götürüm… Gedib oturaq bir yerdə şam edək. Həm də sənə bir işim düşüb, onu müzakirə edərik. Danışaq görək razılığa gəlirik, ya yox.

– Nə olub? Xeyirdir?

– Xeyir olmasa sənə ağız açmaram ki! Pullu işdir. – Elşad Sabirin pula həris olduğunu bildiyi üçün bunu xüsusi vurğuladı. Sonra da əlavə etdi. – Mən də istəyirəm xeyri öz qohumuma verim də. Bəlkə narazısan?

– Pul gələn yerə mən başımı qoyaram! – Sabir şəstlə dedi.

Elşad onu düşündürən suala cavab tapıbmış kimi əminliklə, ağır-ağır başını tərpətdi. Sabirə olan qəzəbi ilə yumruğu bir daha düyünləndi.

(Ardı var)
Müəllif Firuzə Davudqızı
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 5 118
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri