Bir cüt qanad (17-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 256
Səs ver:
(səs: 0)
“ Clara?”
Anamın səsi ilə yuxudan oyandım. Dərhal ətrafıma nəzər yetirdim. Yeni evdə, yeni otağımda idim. Əlimə baxdım, kəsiklərin heç birindən iz yox idi.
Yoxsa, onlar bir yuxu idi?
Yatağımdan çıxıb otağın havasını dəyişmək və əsən küləyi hiss etmək üçün pəncərəni açdım. “ Clara?” Anamın yenidən çağırması ilə paltarlarımı geyinib aşağı düşərək birbaşa mətbəxə keçdim. Jessica mətbəx masasında oturub qarşısındakı yeməyini yeyirdi. Anam isə eyniylə mənim kimi qırmızı saçlarını arxadan yığmış və çay süzməkdə idi.
“ Sabahın xeyir, gözəlim.” Gözəlim? Anam nə vaxtdan mənə gözəlim deyə xitab etməyə başlamışdı?
“ Sabahın xeyir.”
Stulu çəkib bacımın yanında oturdum. Yanağından öpüb anamın çayları gətirməsini gözlədim. Anam çayın birini mənim, digərini isə öz qarşısına qoyaraq başdakı stulda əyləşdi. “ Sən heç vaxt o stulda oturmurdun.” Əvvəllər başda hər zaman atam əyləşərdi. Onun ölümündən sonra, yəni mən evə qayıdandan bu vaxta qədər anamı orada oturan görməmişdim.

Soruşanda isə, ora hər zaman atanızın yeri olaraq qalacaq
deyərdi.
“ Unutmuşam.” – dedi və qarşımdakı stula keçib əyləşdi. “ Hər şey qaydasındadır, gözəlim?”
Ona zillədiyim qəribə baxışlarımı çəkmədən “ bunu səndən soruşmaq lazımdır,” – deyə cavabladım. “ Hər şey qaydasındadır, ana?”
“ Əlbəttə.” Gülümsəyib çayından içdi.
Şokoladdan çörəyin üzərinə çəkib bir neçə diş götürdüm.
“ Emmanuel bu gün səhər tezdən səni axtarırdı.” – dedi anam birdən.
“ Emmanuel?” Ona Emm haqqında nəsə danışmışdım? Düzünə qalsa, bunu xatırlamırdım. Hətta deyərdim ki, bu barədə olduqca əmin idim. “ Onu haradan tanıyırsan?”
Stəkanı yerə qoyaraq dayandı. “ İki gün öncə söhbət etdiyimiz zamanı nə tez unutdun?”
İki gün öncə onunla söhbət etmişdim? Həm də Emm
haqqında? “ Bəs nə istəyirdi?”
“ Bilmirəm, gözəlim. Amma bir yazıdan danışdı.” – dedi. “ Uriel adlı birinin sənə göstərdiyi yazı var imiş və sən də onu Emmanuelə verməli imişsən. Amma dünən səni nə qədər gözləsə də, bir xəbər çıxmayıb.”
Tanrım... Əlbəttə, gecə Lucasla getdiyim yığıncaqdan qayıdarkən Emmanuelə yazını verəcəyimi demişdim. Ona çöldə gözləməyini tapşırmışdım. Amma sonra... Sonra, deyəsən, otağıma çıxmış və elə oradaca yorğunluqdan yuxuya gedərək Emmanueli unutmuşdum.
“ Başqa nəsə demədi? Nə vaxt gələcəyini, ya...”

Başını yellədi. “ Yazını ona çatdırmaq üçün mənə verməyini istədi. Dediyinə görə iki saat sonra yenidən gəlib onu götürəcəkmiş.”
“ O yazını sənə verim? Belə dediyinə əminsən?” “ Anlamadım? Yoxsa mənə inanmırsan?”
Yanımdakı bacıma və qarşımdakı anama baxdım. Sonra da olduğum mətbəxə.
Dərhal stuldan qalxdım. Burada nəsə tərs gedən bir şeylər olmalı idi. Çünki tanıdığım Emmanuel o yazını kiməsə etibar etməzdi. Və tanıdığım anam bütün bunlardan xəbərsiz idi.
“ Sən kimsən?” – dedim geri addım ataraq. “ Sən kimsən?”
Anam, ya da anama bənzəyən qadın ayağa qalxdı. “ Sənin anan.”
Şiddətlə bunu inkar etdim. “ Mənim anam ola bilməzsən.” Mətbəx dəzgahının üzərindəki bıçaq gözümə sataşdı və onun üzərinə atılaraq götürdüm. Əlimdə bərk sıxaraq anama doğru uzatdım. “ Birincisi, anam mənə gözəlim deməz, ikincisi, anam o masanın başındakı yer atamın olduğu üçün orada heç vaxt oturmaz və üçüncüsü, anam az öncə dediklərin haqqında heç nə bilməməklə yanaşı, Emmanuelin belə kim olduğundan xəbərsizdir.” Bıçağı bir az daha irəli uzatdım. “ İndi mənə kim olduğunu və anama nə etdiyini de.”
“ Clara, heç yaxşı görünmürsən.” Qadın üzərimə gəlməyə davam edirdi addımbaaddım.
“ Anam kimi davranmağı dayandır.” – qışqırdım sərt şəkildə. “ Sən kimsən? Ya da... İblis. Sən iblissən. Və bura da... Bunlar həqiqət deyil. Düzdü? ” Başımı iki yana tərpədərkən bıçağı hələ də əlimdə irəli uzatmışdım.
Ev bir anda silkələnməyə başladı. Mətbəxin işıqları
partlayaraq ətrafa səpələndi. Dolablardakı qab-qacaqlar yerlə

bir oldu. Yıxılmamaq üçün divardan dəstək almaq istəsəm də, sanki, divarlar belə öz yerində dayanmırdı.
Və sonra....
Tənginəfəs bir şəkildə soyuq otaqda oyandım. Gördüklərimin təsirindən dərhal qurtulub ətrafıma baxdım. İblisin mənə işgəncə etdiyi həmin boş otaqdaydım. Dəmir stula bağlı bir şəkildə... İblisdən və onun alətlərindən heç bir xəbər yox idi. Başımdakı iynələrlə dolu maska da götürülmüşdü. Üzərimdə və yerdəki qurumuş qan ləkələrindən başqa mənə əzab verildiyinə dair bir sübut yoxuydu. Əlimə batırılan bıçaqların izləri sağalmış, baş ağrılarım keçmişdi. Görünür, uzun müddət idi ki, o yuxunun içində idim və bunun iblislərin işi olduğuna heç bir şübhəm qalmamışdı. Beynimə girərək bir dünya yaratmışdılar. Anamdan, bacımdan – mənim zəif yerlərimdən istifadə edərək Cənnət bıçağının harada olduğunu öyrənməyə çalışırdılar.
Buna inanmışdım da. Kiçik xətalar olmasaydı, iblislərin oyununun qurbanına çevriləcəkdim.
Əgər səhv etmirəmsə, iki gün idi ki, burada idim və bu vaxt ərzində anam məndən bir xəbər almamışdı. Yazıq qadın yenidən mənim üçün çox qorxmuş olmalı idi. Bütün bunlar üçün iblislərə nə qədər lənət oxusam da, az idi.
Artıq eşitməkdən bezdiyim qapının şaqqıltısı məni düşüncələrimdən ayıraraq öz soyuq divarları ilə insanı boğan köhnə otağa qaytardı.
Qapının açılması ilə içəri girəcək həmin iblisi görməyə özümü hazırlasam da, bu baş vermədi. İçəri girənin həmin iblislə heç bir əlaqəsi yox idi. O...

O Lucas idi...
“ Tanrım, Lucas....” Onu görən kimi gözlərimə bir an işıq gəldi, sanki. Ölməkdə olan ümidlərim yenidən baş qaldıraraq cücərməyə başladı. Onun bura necə və haradan gəldiyinin bir mənası yox idi. Əsas vacib olan məni xilas etmək üçün burada olmasıydı. “ Lucas, tələs. İblis hər an gələ bilər. Tez qollarımı və ayaqlarımı aç, tələs...”
Amma... Amma Lucas heç tələsənə oxşamırdı.
“ Lucas! Mənə kömək et. Məni buradan çıxart.” Lucas əllərini cibinə yerləşdirib quru üz ifadəsi ilə bir neçə addım atdı. “ Səninləyəm, Lucas. Eşitmirsən? Məni buradan xilas et.” Artıq səsim bir xahişdən çox, yalvarma dərəcəsində çıxırdı. Həqiqətən də, ona yalvarırdım. “ Lucas. ”
Güvəndiyiniz, etibar etdiyiniz biri, ona ehtiyacınız olduğu zaman uzatdığınız kömək əlini geri çevirərsə, nələr hiss edərdiniz? Bunun barəsində bir düşünün. Əminəm ki, məhz o an mənim nələr yaşadığımı anlayacaqsınız.
Gözümdən bir damla yaş süzüldü ixiyarsızcasına. Və ardınca damlalar bir-birini əvəz etməyə başladı.
“ Lucas...” Yoxsa o Lucas deyildi? Amma yox, bu ola bilməzdi. Çünki qarşımdakı heç bir tərəddüdsüz Lucas idi. Eyni saman rəngli saçlar, eyni bədən quruluşu, eyni duruş və gözündə isə hər zamankı gün eynəklərdən biri...
Lakin tanıdığım Lucasdan dünyalar qədər fərqlənirdi. Düzü, sadəcə qarşımda dayanıb eynəyinin arxasında gizlənmişdi, amma fərqliydi. Bunu hiss edə bilirdim. Bir neçə günü birlikdə keçirdiyim həmin Lucas deyildi. Sanki, onun bədəninə bürünmüş bir başqası idi.
“ Haqlısan. ” – dedi nəhayət, danışmağa başlayaraq. “ Mən
sənin tanıdığın, daha doğrusu, sənin tanımağını istədiyim

həmin Lucas deyiləm.” Eynəyi çıxartdı. Yaşıl gözlərindəki qaranlığı bu günə qədər görməmişdim. Bir bataqlığı xatırladırdı. Səni əsir alan, nə qədər yalvarmağına baxmayaraq səni buraxmayan bataqlığa bənzəyirdi.
“ Heç nə anlamıram.” Burnumu çəkdim. Danışmaq heç bu qədər çətin olmamışdı. “ Bu bir oyundu, düzdü? Mənə sadəcə zarafat edirsən. Hə?” Ondan bir cavab gəlmədi. “ Zarafat üçün vaxtımız yoxdur, Lucas. Bəlkə buranın hara olduğunu və məni burada saxlayanların kim, yaxud nə olduğunu bilmirsən. İnan mənə, zənn etdiyindən daha təhlükəlidirlər. İndi səndən bir daha xahiş edirəm, məni bu lənətə gəlmiş dəmir stuldan qurtar və buradan çıxıb gedək.”
“ Bu istədiyin heç vaxt baş verməyəcək, Clara Pedersen.” “ Lucas...”
“ Kəs səsini, Clara.” – qışqırdı Lucas eynəyini yerə çırparaq. Səsi iblisin səsindən daha qorxunc və daha şiddətli çıxmışdı. Hətta bataqlıq rəngi gözlərindəki qaranlıqda bir qığılcım belə gördüyümə and içə bilərdim.
Göz yaşlarım yanağımdaca qurudu. Nə aşağı düşməyə, nə də geri qayıdıb gözlərimdə yenidən gizlənməyə cəsarət edə bilmirdilər.
“ Kəs səsini.”
Səsə digər iblis qapını açaraq içəri girdi. “ Hər şey qaydasındadır, əlahəzrət?”
Əlahəzrət? Yoxsa, o...
Tanrım...
Lucas əli ilə işarə edib iblisi göndərdikdən sonra üzünü
yenidən mənə çevirdi. “ Düşüncələrində haqlısan, Clara.” “ Axı... Axı bu necə ola bilər?”

“ Bax, Clara...” Lucas yüksək səs tonu ilə danışmağa başladı. “ Səninlə heç bir problemim yoxdur. Mənə sadəcə Cənnət bıçağının yerini bilmək lazımdır.”
“ Mən sənə inanmışdım. Sənə güvənmişdim. Səni dostum
hesab etmişdim.”
“ Ah, Clara. Unutma, bu dünyada yalnızca bir nəfərə inanmaq və güvənmək lazımdır ” – dedi Lucas. “ O da güzgüdəki əksindir.” Yerə tulladığı eynəyin yanına gəlib sağ ayağı ilə qırıq şüşə parçalarını əzməyə başladı. “ Bu qədər söhbət kifayətdir. Urielin sənə nə göstərdiyini mənə de.”
Mən hələ də qarşımdakının tanıdığım Lucas olmadığına inana bilmirdim. Daha doğrusu, buna inanmaq istəmirdim. “ Uşaqlığımız birlikdə keçmişdi. Eyni həyətdə günün çox hissəsini birlikdə oynayırdıq.”
“ Lənət olsun !!!” Yenidən özündən çıxdı Lucas. “ Mən sənin tanıdığın Lucas deyiləm.” İki barmağı ilə gicgahıma vurdu bir neçə dəfə. “ Bunu o quşbeyninə daxil etsən, yaxşı olar. Və siz insanlardan nifrət edirəm.” Dayandı və gözlərini boşluğa zilləyərək düşüncələrə daldı. “ Əslində sizdən çox sizi yaradaraq biz mələklərin bu aciz varlıqlara itaət etməsini istəyən Tanrıya nifrət edirəm.” – dedi. “ Bir düşün. Düşün ki, ailən sonradan yetimxanadan gətirdiyi birini daha çox sevərək, səndən ona xidmət etməyini istəyir. Sən o zaman nələr yaşayardın? Nələr hiss edərdin? O ailənin əsl övladının sən olduğunu bildiyin, ən böyük və ən güclü olduğun halda , necə yad birinin qulluqçusuna çevrilə bilərdin? Hə, Clara? Bunu edə bilərdinmi?”
Buna verəcək bir cavab tapa bilmədim. Əslində bu barədə düşünmədim də. Əminəm ki, düşünsəydim, bir açıqlama tapa bilərdim. Lakin qarşımdakının nə olduğu mənim bütün

hislərimə, düşüncələrimə bir virus tək hücum çəkib onların hamısını çökdürmüşdü.
“ Bax, görürsən, bir cavab tapa bilmədin. Məhz məndən də bu istənmişdi. Sizin Tanrınız, sizin kimi acizləri yaradaraq məndən onlara baş əyməmi istədi. Başa düşürsən? Məndən. Ən güclü və ən qüdrətli Baş mələk olan Luciferdən.” Lucifer. Bunu Lucasın ağzından eşitməyim mədəmdə bir sancının qopmasına səbəb oldu. Tanıdığım Lucas, bütün dünyanın qorxduğu, Tanrının Cənnətdən qovduğu qaranlıqlar şahzadəsi Lucifer idi. Amansız, qorxusuz və rəhmsiz Lucifer.
Bütün gücümü toplayıb dodaqlarımı bir-birindən araladım. “ Amma bu Tanrıya qarşı çıxmaq üçün bir səbəb deyildi. Bəlkə də o sadəcə sizi sınamaq istəyirdi. Yaratdığı hansı varlığın ona daha sadiq olduğunu öyrənmək istəyirdi. Kimə güvənə biləcəyini bilmək istəyirdi.”
Güldü Lucifer. Yuxunuzda belə eşidəcəyiniz zaman qorxudan günlər boyu gözünüzü yummağa icazə verməyəcək tərzdə bir gülüş idi bu. Kin dolu kabuslardan ibarət bir gülüş. “ Tanrı...” Yenidən güldü Lucifer. “ Ona niyə bu qədər inandığınızı anlamıram. Gecə-gündüz ona dua edirsiniz, amma səndən soruşuram – bu günə etdiyin dualardan neçəsi qəbul olunub? Neçə istəyini yerinə yetirib sənin Tanrın? Heç birini, düzdü? Elə bilirsən, onun üçün dəyərlisiniz? Tanrı sizin heç səsinizi belə eşitmir. Öz sarayında oturub bütün işlərini ona xidmət edən sizdən belə daha çox aciz olan mələklərə gördürür. Və içlərindən biri baş qaldıranda, azadlıq istəyəndə onları cəzalandırır. Mənə də bunu etmədimi? Ona baş qaldıran kimi məni sürgün etdi və hətta bu azmış kimi, özünü haqlı çıxartmaq üçün minlərlə yalanlar, bəhanələr uydurdu. Siz isə hələ də onun mərhəmət dolu müqəddəs biri olduğuna inanırsız. Çox

acınacaqlı bir vəziyyətdəsiniz. Həm də çox...” Başını istehza ilə
tərpətdi.
“ Luciferin Qiyamət Gününə qədər Cəhənnəmə sürgün
edildiyini bilirdim. Amma sən...”
Qollarını açıb öz ətrafında fırlandı. “ İnan mənə, bura düşündüyün hər Cəhənnəmdən daha betərdi.” – cavabladı. “ Amma artıq əlimdə bir şans olduğuna görə buradan xilas ola biləcəm.” Cəld bir hərəkətlə əlini saçlarıma dolayıb aşağı doğru çəkərək üzümü tavana doğru qaldırdı. Bunu o qədər sərt bir şəkildə etmişdi ki, onun düşündüyü qədər aciz görünməməyə çalışsam da, ağrıdan qışqırmağımın qarşısını ala bilməmişdim. “ Danışmaqdan bezdim, Clara Pedersen. Mənə bıçağın yerini deyəcəksən, ya yox?”
“ O sevimli və şirin köməkçin olan Baliel kimi mənə işgəncələr edə bilərsən, amma ağzımdan bir kəlimə belə çıxmayacaq.”
Əlini doladığı saçlarımdan açıb başımı buraxdı. “ Sənin yerində olsaydım, bu qədər böyük danışmazdım.” Dişlərini sərgiyə çıxardırmış kimi güldü. Üzündəki bu ifadə bir neçə gün əvvəl olduqca xoşuma gəlirdi, ancaq indi... İndi gördüyüm zaman isə ağlıma gələn ilk şey onun üzünə tüpürməkdən başqa heç nə deyildi. “ Bir azdan yenə görüşəcəyik, Clara və o zaman öz istəyinlə Urielin göstərdiklərini nöqtə-vergülünə qədər mənə çatdıracaqsan.”
Üzünü çevirib iri addımlarla qapıya yaxınlaşdı və otaqdan
çıxdı.
Mən isə Lucasın, ya da Luciferin nə edəcəyi düşüncəsi ilə az öncə olanları və eşitdiklərimin hər birini yavaş-yavaş çeynəyərək udmağa başladım. Bütün bunlar mənə həddindən

çox gəlmişdi. Normal həyatdan bir anda belə bir həyata keçid etmişdim.
Əvvəlcə Uriel, sonra Emmanuel, indi isə Lucifer...

Yazar: Murad Cəfərov
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 256
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri