Bir cüt qanad (19-cu bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 379
Səs ver:
(səs: 0)
Luciferlə eyni maşında, digər iblislər isə bizim arxamızla tapmacanın göstərdiyi yerə doğru yol alırdıq. Gecə çoxdan düşmüşdü və şəhərin işıqları hər yeri daha da gözəlləşdirirdi. Ancaq mənim vəziyyətimdə olan biri üçün bu gözəlliyə heyran qalmaq kimi bir şansı yox idi. Məni daha çox anam və bacım narahat edirdi. Luciferin dediyinə görə, işi bitən kimi onları sərbəst buraxacaqdı.
Yol boyu davam edən səssizliyi pozmaq qərarına gəldim. Onunla bir kəlmə belə kəsmək istəmirdim, ancaq içimdə məni boğan qorxunu bir neçə saniyəlik unutmaq və qaranlıq qalan bəzi məsələlər barəsində daha ətraflı məlumat almaq istəyirdim. Ona görə də “ bu bıçağı dəyərli edən nədir axı?” – deyə soruşdum. Əslinə qalsa, bu sualın cavabını qismən də olsa, bilirdim. Buna baxmayaraq yenə də dəqiq bir məlumata yox deməzdim.
“ Mələkləri öldürməsi.”
“ Onu bilirəm.” – dedim. “ Bir mələklə qarşılaşmadığın müddətdə o bıçağın nə önəmi var ki?”

“ Bir mələklə qarşılaşmayacağımı kim dedi?” – bir qaşını qaldırıb üzümə baxdı. “ Belə baxanda, haqlısan. Bir mələklə qarşılaşmayacam. Sadəcə yüzlərcə...”
“ Anlamadım? Yüzlərcə?”
“ Clara, sənin daha ağıllı olduğunu zənn edirdim.” Gözünü yoldan ayırmadan əlavə etdi. “ Bir düşün.”
Və beynimdəki lampa məhz o an parlamağa başladı. “ Cənnətə hücum etməyi planlayırsan?” – deyə düşüncəmi dilə gətirdim. Günlərlə bağlı qaldığım otağın soyuqluğuna baxmayaraq, belə bir üşütmə ilk dəfə idi ki, bədənimə düşürdü.
Cənnətə hücum etmək.
“ Gördün? Demək ki, səni yaxşı tanıyırmışam, Clara.”
“ Amma mən səni heç tanımamışam...Lucifer...Bu qədər şərəfsiz, vicdansız olduğunu bilmirdim.”
Çiynini çəkdi. “ Nə edə bilərəm? Mən atəşdən yaradılmış
bir mələyəm.”
“ Cənnətə hücum etməyi də buna görə istəyirsən – qisas.”
“ O sadəcə ikinci plandadır.” – cavab verdi. “ İlk öncə məndən aldıqları bir cüt qanadımı geri qazanmalıyam. Clara, məni onlarla görməlisən.” Üzündə kiçik bir gülümsəmə və qürur ifadəsi yarandı. “ Hər an alışıb yanacaqmış kimi parıldayan alov rəngində bir cüt qanad.” Bir qədər dayandı. Sanki, əvvəlki halını xatırlamışdı. “ Ondan sonra da Cənnətdəki bütün mələklərin sonuna çıxaraq iblislərimlə oranı ələ keçirmək – ikinci ən böyük planım da budur.”
“ Amma Cənnətə hər kəs əlin-qolunu sallayıb bir parka girirmiş kimi daxil ola bilərmi?”
Başını iki yana salladı. “ Buna görə də sənə ehtiyacım var, Clara.”
“ Mənə?”

Mənə?
“ Cənnətə keçidi yalnızca nurdan yaradılmış bir mələk aça bilər.” Qarşısındakı maşının ani dayanması ilə siqnalı basıb qışqırdı. Maşını sola döndərib yoluna davam etdi. “ Urieli bir neçə ay əvvəl iblislərim ələ keçirmişdilər. Sənin bədənində. Mənə dərhal bunu xəbər etdikləri zaman Urieli görmək üçün geri qayıtdım. Amma iblislər bir baş mələyi saxlamaqda aciz qalmışdılar. Uriel onlardan xilas olub bədənini dərhal tərk etmək məcburiyyətində idi. Ona görə də ruhun bir qismi vaxtsız ayrılığa hazır olmadığı üçün bədənində qaldı. Yəni anladığın kimi mən qayıtdığım zaman nə Urieli, nə də səni görmüşdüm. İlk dəfə o gecədə - mənim çıxışım olan klubda qarşılaşdığımız zaman içindəki mələk ruhu səni ələ verdi. Və o gecə səni kiməsə bənzətdiyimi düşünmüşdüm, lakin əmin ola bilməmişdim. Sonra bizim evin qarşısında gördüyümdə anamın bizi tanış edərkən sənin, axmaq uşaqlığımdan qalma biri olduğunu öyrəndim.”
“ Milyon illər bundan öncə qovulduğunu deyirsən, ancaq xanım Noranı anan olaraq adlandırırsan və adi bir insan kimi hər bir yaş dövrünü keçirirsən.”
“ Tanrı məni belə cəzalandırıb.” – dedi. “ Normal uşaq kimi bir ailədə dünyaya gəlirəm. Onlara öyrəşib sevməyə başlayıram. Bəli, Tanrı mənə sevgi hissini mələklərdən və Adəm övladlarından daha güclü bir şəkildə bəxş edib. Bu da onun cəzasının bir hissəsidir.” Danışarkən üzündə buna peşiman olduğunu göstərən bir ifadə axtarmağım heç bir nəticə vermədi. “ Sonra isə ölürəm, hansı ki bu hər dəfə başqa yaşlarda, başqa yollarla baş verir. Və yenidən tam fərqli bir yerdə, tam fərqli bir ailədə gözümü açıram. Eyni həyat başqa simalarla birlikdə davam edir. Onlara yenidən bağlanmağa,

dəyər verməyə, ən əsası da sevməyə başlayıram, sonra isə puf... Hər şey mənim ölümümlə təzədən başlayır.” Bu ki dəhşət idi. Hər nə qədər pis və vicdansız olsa da, belə bir cəzaya heç kim layiq deyildi. Mən yalnızca atamın ölümünü gördüyüm o gecə nələr hiss etmişdim. Ancaq Lucas bütün bunları sürgün edildiyi andan bu yana yaşayırmış. Dəyər verir, sevir, bağlanır və sonra itirir. “ Bütün bunları bir insan olaraq yaşayıram. Heç bir mələk güclərim olmadan. Yəni bəzilərini çıxmaqla...” Yenidən davam etdi. “ Bu qədər əzab verən ikinci bir işgəncə növü düşünə bilmirəm, Clara.”
Maşını bir kilsənin qarşısında saxladı. “ Ona görə hər necə olursa, olsun, məndən alınan qanadlarımı geri qazanıb layiq olduğum yerə geri qayıdacam.” Və maşından düşdü.
Düşməyə heç niyyətim yox idi. Daha doğrusu, qapını açıb qaçmamaq üçün özümü güclə saxlayırdım. Əllərində sevdiklərim vardı və onları təhlükəyə ata bilməzdim.
Lucifer geri qayıdıb pəncərədən içəri boylandı. “ Sənə içəridə ehtiyacımız olacaq.”
Və bu bir xahişdən deyildi.
Qapını açıb maşından düşdüm. Ayaqyalın bir şəkildə və əynimdəki yığıncaqdan qalan qan ləkələri və cırıqlarla yeni bir hal almış qara paltarımla ətrafıma baxdım. Ay işığının və kilsənin qarşısındakı bir neçə süni işıq ətrafı çətinliklə də olsa, aydınlada bilmişdi.
Üzümü kilsəyə tərəf çevirdiyim zaman üzərində yazılan yazını gördüm. Yaradılmış hər bir canlı Onun üçün dəyərlidir. Bu yazı mənə tapmacanın ilk cümləsini xatırlatdı.
Tanrının gözündə hər kəs eynidir
İçəridə məni nəyin gözlədiyini təxmin etməyə çalışaraq Luciferin işarəsi ilə ona yaxınlaşdım. Elə bu zaman digər maşın

yanımızda dayandı və öndə Baliel olmaqda digər iblislər
düşərək bizimlə birlikdə kilsəyə daxil oldu.
Sonuncu dəfə bir il bundan öncə atamla birlikdə kilsəyə gəldiyim yadıma düşdü. Onunla birlikdə əyləşərək dualar edib Tanrıdan günahlarımızın bağışlanmasını istəmişdik. İndi isə kilsəyə yenidən gəlmişdim. Lakin bu dəfə atamla deyil, Tanrının lənətlədiyi varlıqlarla birlikdə.
İblislər oturub dua edən insanlara bir-bir yaxınlaşmağa başladılar. Onalara nə dediklərini eşidə bilmədim, amma insanların heç bir etiraz etmədən kilsədən çıxıdığını gördüm.
Keşiş narahat bir şəkildə dərhal öz otağından çıxıb yanımıza gəldi. Qırmızı gözlü insanabənzər varlıqları görən kimi qorxu dolu gözlərlə onları izlədi. “ Ata, oğul və müqəddəs ruh naminə... Siz...”
Lucas olduqca normal bir hərəkətlə əlini keşişə uzatdı. “ Mən Lucifer.”
“ Luc... Lucifer? Cənnətdən qovulan şeytan?”
Lucifer mənə və iblislərə baxdı. “ Şeytan? Mən mələyi
üstün tutardım.”
Keşiş bir neçə addım geri atıb boynundan asılmış xaçı irəli uzatdı. “ Məndən uzaq dur, lənətli məxluq. Sürgün edildiyin cəhənnəmə geri dön. Tanrının evindən rədd ol.” Olduqca cəsarətli imiş.
“ Sənə bir sirr verim.” Lucifer irəli uzanıb əlini ağzına yaxınlaşdıraraq keşişə tərəf pıçıldadı. “ Tanrı cəhənnəm deyə məni bura göndərib – siz axmaqların dünyasına.” Lucifer titrək əlləri ilə, sanki, bir vampiri qorxudurmuş kimi hələ də xaçı irəli uzadan keşişə yaxınlaşdı. “ Bütün günü söhbət edə bilərdim, amma...” Başından dirsəyi ilə bir zərbə endirdi. Keşiş yerə sərildi. “ ... görülməsi vacib olan işlərim var.” – dedi yerdə

huşunu itirmiş keşişə bir təpik vuraraq. “ Siz ikiniz qapıda durun və siz də Baliel ilə bizi izləyin.” İblislərə göstəriş verib qolumdan tutdu. Özü önə düşüb məni isə arxasınca dartaraq, üzərindəki rəngli şüşələrdə mələklərin və Müqəddəs Məryəmin rəsmi təsvir olunmuş pəncərələrə yaxınlaşdı və tapmacanın ikinci hissəsini yüksək səslə təkrarladı.
“ Və yalnızca Mələyin əlinə toxunanlar
İstədiyinə sahib ola biləcəklər.”
Amma Luciferin baxışını izlədiyim zaman onun digər pəncərəyə baxdığını anladım. Üzərində yalnızca əlini parlaq bir işığa uzatmış şəkildə mələk təsvir edilmişdi.
Mələyin əlinə toxunmaq. Amma bu təsvir əl çatmayacaq
dərəcədə hündürdəydi.
“ Ona toxunmaq üçün bir nərdivana ehtiyacımız ola bilər.” Görünür, Baliel də mənimlə həmfikir idi.
Ancaq Luifer heç nə demədən səssiz və düşüncəli baxışlarını pəncərədən ayırmadı. “ Lazım olmayacaq.” – deyə dilləndi. Dönərək divardan asılmış taxta xaça tərəf addımladı. “ Bura.”
“ Amma yalnızca mələyin əlinə toxunanlar istədiyinə sahib ola biləcəklər yazılmışdı və buradakı yeganə mələk isə...”
Lucifer kralları xatırladan bir əda ilə sevimli iblisinə yaxınlaşdı. Əlini çiyninə qoyub sıxdı və “ Baliel, Baliel...” – təkrarladı adını bir neçə dəfə. “ Bütün gününü cəhənnəmdə keçirdiyindən beynindəki bütün hüceyrələr yanaraq kül olub.” Əgər bunu digər yerdə və başqa bir zamanda desəydi, elə o andaca gülməkdən ölə bilərdim, lakin indi vəziyyət tamamilə fərqli idi. “ Uriel çox ağıllıdır.” Əlini iblisin çiynindən çəkib xaçın asıldığı divarı işarə etdi. “ Divara bax.” – dedi. “ Nə görürsən?”

Baliel ilə eyni anda mən də gözlərimi divara zillədim.
“ Kölgə.” – cavab verdi Baliel.
“ Nəyin kölgəsi?”
“ Pəncərədəki mələyin kölgəsi.” Çöldəki işıqlar ayın işığı ilə birlikdə pəncərədən kilsənin içini aydınlatması nəticəsində oradakı mələk təsvirinin kölgəsi xaçın asıldığı divarda əks olunmuşdu. “ Əlbəttə.” Baliel gülümsədi. Divara yaxınlaşıb əlini kölgənin üzərinə qoydu. “ Və bu da mələyin əli.” Pəncərədəki parlaq işığa doğru uzanmış mələyin əlinin gölgəsi isə həmin xaçın üzərinə düşmüşdü.
Lucifer kölgənin düşdüyü xaça toxunan Balieli görüb başını yellədi. “ Özünü yorma. Bir keçid, ya da qapı olsa belə, onu aça bilməyəcəksən, amma gözəllər gözəli sevimlimiz olan Clara bunu bizim üçün edəcək.” Üzünü mənə tərəf çevirdi. “ Elə deyilmi, Clara Pedersen?”
“ Bunu necə edəcəyimi bilmirəm.” – dedim dərhal.
“ Sadəcə əlini xaça toxundurmağın kifayətdir.”
Yəni bu qədər asan? Əlimi xaça toxunduracaqdım və bir qapı açılacaqdı, sonra isə iblislər istədiklərini əldə etmiş olacaqlardı?
Çılpaq ayaqlarımla, olacaqları düşünüb hərəkət etmək istəməyən bədənimi önə doğru atdım. Məni qırmızı gözləri ilə süzən Balielin yanından keçib xaçın qarşısında dayandım. Qapıya doğru birinin, daha doğrusu, Emmanuelin içəri girməsi və məni xilas etməsi ümidi ilə boylandım. Amma heç nə baş vermədi.
Lucifer, “ saatlarla səni gözləyən deyiləm, bir az cəld ol.” – qışqırdı. Əlində sevdiklərim olmasaydı, Emmdən öyrəndiyim döyüş dərslərini onun üzərində sevə-sevə tətbiq edərdim.
Barmaqlarımın ucuna qalxıb əlimi xaça toxundurdum.

Qəfldən gələn çatırtı səsi ilə kilsə silkələnməyə başladı. Getdikcə artan titrəməyə dayana bilməyib digərləri kimi mən də yerə sərildim. Xaçın asıldığı divardan qatı bir toz dumanı qalxmağa başladı. Bir an göz-gözü görməzkən buradan qaçmağı düşünsəm də, binanın hər an başıma uçma təhlükəsinə qarşı yerimdən tərpənmədim.
Deyəsən, bura bizi öldürmək üçün hazırlanıb – deyə düşünməyə başlamışdım ki, zəlzələnin şiddəti azalmağa başladı və bir neçə saniyənin içində tamamilə dayandı. İndi tək məsələ ətrafı görməyimizə mane olan toz dumanı idi.
Ayağıma yapışan soyuq əlin ardından eşitdiyim “ qaçmağı ağlından belə keçirmə.” – oldu.
Məni tutan əllər getdikcə yuxarı qalxıb son anda qolumdan yapışdı və məni ayağa qaldırdı.
Toz artıq yoxa çıxmışdı. Xaçın olduğu divar ikiyə ayrılaraq bir insanın keçə biləcəyi enlikdə qapı yaranmışdı.
Lucifer zəfər gülüşü ilə üzümə baxdı.
Baliel öndə gedərək keçidə doğru yaxınlaşıb içəri girdi. Sonra mən və arxamca isə Luciferle digər iblislər eynisini etdik.
Ayrılmış divarların arasından keçdim və önümdə aşağıya doğru uzanan dairəvi daş pilləkanlarla enməyə başladım. Pilləkanlar inanılmaz dərəcədə qorxuducu idi. Divarlarda yaşıl mamırlar və kif göbələyi belə əmələ gəlmişdi. Künclərdəki özlərinə krallıq qurmuş iri hörümcək yuvalarından isə bəhs etmək belə istəmirdim. Ən qəribəsi isə aşağı düşərkən bizdən öncə divardakı alovların hərəkətə həssas olan sensor işıqlar kimi yanmağa başlaması, yanlarından keçdikdən sonra isə sönməsiydi.

“ Əminəm ki, Uriel mənim onu tutan iblislərlə əlaqəli olduğumu anlamamışdı. Çünki bu tapmacanı mənim əlimə keçmə riskini gözə alıb belə sadə etməzdi.” Luciferin səs tonu artıq özünü çoxdan Cənnətin yeni hökmdarı etməsindən xəbər verirdi. “ Bilirsən, Cənnətdən qovulmazdan əvvəl, yəni siz axmaqlar yaradılmamışdan qabaq biz mələklərin o qədər də çox işləri yox idi, məhz buna görə də Urielin sirli sualları ilə vaxt keçirməyə çalışırdıq.”
Pilləkanlar yaş olduğuna görə yıxılmamaq üçün əlimlə divardan tutaraq aşağı düşürdüm. “ Aranızın bu qədər yaxşı olduğunu bilmirdim.”
“ Siz axmaqlardan öncə alovdan yaradılanlarla, nurdan yaradılanlar bir-biri ilə həddindən artıq mehriban idi. Mənlə Uriel isə...” Səsi kəsildi.
Birindən söhbət edərkən düşüncələrə dalmağın nə olduğunu oxuduğum onlarla kitab və baxdığım filmlərdən yaxşı bilirdim. “ Bir-birinizi sevirdiz.” – dedim. “ Sən və Uriel.”
“ Həm də çox.” – gözləmədiyim etirafı etdi. “ Amma indi onun evini məhv etmək və...”
“ Və onu öldürmək üçün buradayam.” – sözümü tamamladı. “ Unutma, Clara. Sevgi nə qədər güclü olsa da, ondan daha güclü hisslər də mövcuddur – nifrət və qisas. Axmaqlar diyarına sürgün edildiyim gündən bəri necə və hansı ailədə, harada doğulmağımdan aslı olmayaraq bu iki hiss mənim əbədi sirdaşım idi.”
Pilləkanların sonuna çatdığımız zaman Balielin bir qapının qarşısında dayandığını gördüm. “ Sənin sırandı.” – dedi mənə Baliel və qırağa çəkildi.
Önə keçib əlimi qapının dəstəyinə atdım və qapını kiçik bir güc sərfi ilə açmağı bacardım.

Önümdə, sanki, başqa bir dünya açılmışdı.
Çoxlu sayda iri daş sütunlardan ibarət, nəhəng iblis və onları öldürən böyük qanadları ilə mələk heykəllərindən ibarət bir yer idi. Tavan olduqca hündür olması ilə yanaşı, yuxumda gördüyüm işarələrə bənzər yazılarla örtülüydü.
“ Söz verirəm.” – dedi Lucifer məni itələyib içəri girərək. “ Cənnəti ələ keçirdiyimiz zaman - bu tezliklə baş verəcək - oranın hər qarışını bu heykəllərin tam tərsi ilə bəzədəcəm.” Ortadakı bir-birindən aralı yerləşmiş heykəlin qarşısında durub kinli baxışlarını zilləyərək beyin gücü ilə onları dağıtmağa çalışırdı, sanki. “ Mələkləri öldürən iblislər.”
“ Silahlar.” – dedi Baliel arxadan. “ Cənnət bıçaqları.” Ən sonda divarlardan sıra ilə asılmış olduqca kiçik dəmir parçalarını göstərdi. “ Nəhayət ki, əlahəzrət.” Baliel irəli atılıb ortadakı iki heykəlin arasından keçərək bıçaqlara tərəf getmək istədi. Lakin heykəllərin arası ilə ilk addımını atmışdı ki, görünməz bir qüvvə onu geriyə doğru itələyərək içəri girdiyimiz qapının yanındakı divara çırpdı sərt bir şəkildə.
İblislərdən biri dərhal Balielin yanına gedib “ yaxşısan?” – soruşdu.
Baliel başını yellədib iblisin köməyi ilə ayağa qalxarkən Lucifer “ əlbəttə...” – deyə mızıldandı. “ İblislər buradan keçə bilməzlər.” Və baxışlarını yenidən mənə tuşladı. Lənətə gəlsin ki, artıq bu baxışların nə demək olduğunu əzbər bilirdim. Bu, içində Baş mələyin ruhu ilişib qalan qızın işə düşdüyü zamanın gəldiyindən xəbər verən həmin məşhur baxış idi.
Çox təəssüf ki, o qız da mən idim.
Lucifer mənim buradan keçə biləcəyimi dəfələrlə vurğulasa da, az öncə divara çırpılan Balielin görüntüsünü unuda bilmirdim. Ya mənim də aqibətim onunku kimi olacaqsa?

“ İçəri girdiyin zaman heç nəyi ağlından keçirtmə. Ananla bacının əlimizdə olduğunu xatırlatmağa ehtiyac belə duymuram, əzizim.”
“ Onuz da burada olmağımın tək səbəbi onlardır.” – deyə cavab verib heykəllərin arasından keçdim hər ehtimala qarşı özümü hazırlayaraq.
Ancaq heç nə baş vermədi. Burnum belə qanamadan bir iblisi özündən uzaqlaşdıran heykəllərin arasından keçməyi bacarmışdım.
Arxaya boylanarkən Luciferin hədələyici baxışları ilə qarşılaşdım və bu mədəmdə ağrıların qopmasına kifayət etmişdi. Divardan asılmış bıçaqların olması, Emmanuelin hələ buranı tapa bilməməsi demək idi.
Girintili-çıxıntılı divara yaxınlaşdım. Bıçaqlar uzaqdan göründüyündən daha sadə və balaca idi. Daha doğrusu, bir qələmdən belə kiçik idilər. Bununla nəinki bir mələk, heç bir cücə belə öldürmək mümkün görünmürdü. Dillərə əfsanə olmuş məşhur Cənnət bıçağının belə bir görüntüsü olacağını yatsam, yuxumda belə görməzdim. Bilmirəm niyə, amma mən daha iri olacağını düşünmüşdüm və daha fərqli. Lakin bunlar...
Əlimi uzadıb asılmış bıçaqlardan birini götürdüm. Ovcumun içinə yerləşmiş kiçik dəstəyi əlimə gələn kimi içimi qəribə bir titrəmə bürüdü. Balielin mənə stulda cərəyan verdiyi anı xatırladım.
Bıçaq...
Əlimdəki bıçaq bir anda böyüməyə başladı. Qələm kiçiklikdə olan bıçaq bir qılınc qədər uzandı. Daha da ağırlaşacağını gözlədiyim halda, tam tərsi baş verdi. Bir quş tükündən belə yüngül və xəfif olmağa başladı. Barmaqlarımı dəmir tutacağına daha bərk sıxdım və bıçaq parlaq mavi rəngə

büründü. Sadə qəhvəyi dəstəyi bir anda bu günə qədər görmədiyim qəribə daşlarla bəzədilmişdi. Qulağımda çırpınan qanad səslərini eşitdim, sanki.
Əlimdəki bıçağın yeni halı məni valeh etmişdi. “ Bu ki möhtəşəmdir.”
Bıçaq məni ələ keçirmişdi, sanki. Bədənimi bürüyən güc “öldür onları”- deyə hayqıraraq iblislərin başını bədənindən ayırmağa can atırdı. Bıçağın sözünə qulaq asmağı hər şeydən çox istəsəm də, heyif ki, hal-hazırda şərtlər bunun əleyhinə idi.
Barmaqlarımı bıçağın dəstəyindən ayıran kimi bıçaq yenidən kiçilməyə, parlaq mavi işıq isə sönməyə başladı. Qollarımı açaraq divardakı bütün bıçaqları bir-bir qucağıma yığmağa başladım. Bunu bacardığım qədər yavaş bir şəkildə etməyə çalışırdım, çünki içimdə bir hiss Emmanuelin bu gecə bura gələcəyindən xəbər verirdi. Onu görəcəyimə və məni xilas edəcəyinə inanırdım.
Tanrım, səndən onunla keçirdiyim hər saniyədən nifrət etdiyim birini görməyi diləyirəm. Necə də acınacaqlı bir vəziyyətdəyəm.
“ Qırmızıbaş, bəlkə bir az sürətlənəsən?” Qışqırdı Baliel.
Ona ölümcül baxışlarımla bir qədər nəzər yetirib işimi davam etdim. Divardan asılmış sonuncu bıçağı da qucağıma qoyub oradan uzaqlaşdım. İblislərə doğru atdığım hər addımda, sanki, divarlar belə mənə bunu etməməyimi yalvarırdılar. Yanından keçdiyim hər mələk heykəli baxışları ilə geri dönməyimi xahiş edirdilər. Ancaq bunu edə bilməyəcəkdim. Sevdiklərimin həyatı bu lənətə gəlmiş bıçaqlara bağlı ikən bunu edə bilməyəcəkdim.
Sonuncu iki heykəlin arasından keçərək iblislərə istədiklərini əldə etmək üçün kömək etdim. Onlara Cənnəti

məhv etmək üçün kömək etdim. Hər mələyi öldürüb ikinci bir cəhənnəmi yaratmaq üçün kömək etdim. Və nəhayət, bəlkə də insanlığın sonunun gəlməsi üçün kömək etdim.
AFƏRİN MƏNƏ !!!
Baliel dərhal qucağımdakı bıçaqları götürüb Luciferə təqdim etmək üçün onun qarşısına keçdi. Lucifer bıçaqlardan birini əlinə götürdü.
Böyüyən bıçaq az öncə mənim əlimdə olarkən göründüyündən tamamilə fərqli bir hala büründü. Füsunkar gözəllik bəxş edən əsrarəngiz daşlardan geriyə kömür qarası qırıntılar qalmışdı. Parlaq mavi rəngi isə alov qırmızısında alışıb yanırdı.
“ Amma bayaq...” Əlimlə arxanı göstərdim. “ ... orada bıçaq...”
“ Orada bıçaq fərqli görünürdü.” – dedi Lucifer. “ Cənnət bıçağının əsas əlaməti də budur. Nurdan əmələ gələnlərlə, atəşdən yarananları ayırmağı bacarır. Sənin də içində mələk ruhu olduğu üçün əlində başqa bir hal almışdı.”
Baliel qucağındakı kiçik dəmir parçasından fərqlənməyən bıçaqlara baxaraq “ əsas vəzifəsi dəyişmədikdən sonra nə rəngdə parıldamasının bir fərqi yoxdur.” – deyib çiynini çəkdi.
“ Əsas vəzifə də mələkləri öldürməkdir.” – dedim.
“ Heç bir düzəlişə ehtiyac qalmayan inanılmaz dərəcədə düzgün ifadə edilmiş bir cümlə.” – gülümsədi Lucifer.
Elə bu anda yuxarıdan bir gurultu səsi qopdu. Hər kəs dərhal qapıya tərəf döndü.
Baliel qucağındakı bıçaqları yerə qoyub birini əlinə götürdü. Gözlərindən daha qırmızı olan bıçağı havada fırladıb “ deyəsən, dəvətsiz qonağımız var.” – dedi və qapının qarşısında əlindəki Cənnət bıçağı ilə dayanan iblisin arxasında öz yerini aldı.

Yazar: Murad Cəfərov
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 379
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri