Bir cüt qanad (27-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 076
Səs ver:
(səs: 0)
Emmanuel, Jasmin, Elena, Daniel və onlara yenicə qoşulmuş Mason üç iblisin nəzarəti altında bağlı bir şəkildə oturmağa davam edirdilər. Digərlərini Luciferin Cənnətə qapı açması daha çox narahat etsə də, Emmanueldə bu tam başqaydı. O, Clara üçün narahat idi. Otaqdan iblislər tərəfindən çıxarıldığı zamankı qızın gözlərində gizlənən ifadə Emmanuelin yadından çıxmırdı. Dərhal buradan xilas olmaq və Claranı ailəsi ilə birlikdə iblislərin əlindən geri almaq istəyirdi.
Əslində bu düşüncə ona çox qəribə gəlirdi. Çünki dünyaya göndərildiyi zaman sadəcə bir məqsədi var idi – Urielin verdiyi işi yerinə yetirmək və bir cüt qanada sahib olaraq cəhənnəmdən sonsuza qədər uzaqlaşmaq. Baxmayaraq ki, məhz bu an həmin istək ona güc versə də, onu indi daha çox Claranın sağ qalması düşündürürdü. Emmanuel bilirdi ki, bu heç vaxt baş verməyəcək. Buradan onunla qaçsa belə, qızın içindəki Baş mələyin ruhu orada qaldığı müddətdə hər saniyə təhlükədə olacaqlar. Bu təhlükə yalnızca iblislər tərəfindən deyil, Uriel tərəfindən də gözlənilirdi. İşini yerinə yetirə bilmədiyi təqdirdə bədənindəki zəncirlərdən heç vaxt azad olmayıb yenidən işgəncələr diyarına geri qayıdacaqdı və sonra Clara isə...
Hekayə necə başlayıb, necə davam etməsindən aslı olmayaraq, sonu Emmanuel üçün məlum idi – Claranın ölümü. Amma Günahkar artıq bunu istəmirdi. Qorxduğu, gizlətməyə çalışdığı və həyatında ilk dəfə keçirdiyi hisslər ona sahib olmağa başlamışdı. Claranın qaçırıldığı gecə bunu anlayan Emmanuel, məhz bu an ona tamamilə yad olan həmin hissə daha çox əmin olmuşdu.
Emmanuel qorxurdu. Uriel ona bütün insan duyğularından azad etdiyini dediyi zaman, görünür, birinə aşiq olmağı unutmuşdu. Əlbəttə, bir mələk insan sevgisindən nə analaya bilərdi ki?
Dəmir qapının açılması ilə bağlı mələklərə nəzarət edən iblislər diqqətini ora yönəltdi. Qapı asta bir şəkildə açıldığı zaman içəri iki nəfər daxil oldu – iki iblis. Və bir anda yerə yıxıldılar.
İblislər yerə yıxıldığı zaman Samuel və digər mələklər içəri doluşub otaqdakı üç iblisin üzərinə hücum çəkdilər. Bunu gözləməyən iblislər özlərini itirdi və mələklər üstünlüyü ələ keçirərək bir neçə dəqiqə davam edən qarşıdurmanın ardından hər üç iblisin yenidən diriləcək cansız bədənlərini yerə tulladılar.
Samuel, Emmanuelin ağzını və əl-qolunu açarkən digər mələklər də öz növbəsində qalanlarını həbs olunduqları stullardan xilas etdilər.
Emmanuel ayağa qalxan kimi Claranın aparıldığı tərəfə qaçmağa hazırlaşmışdı ki, Elena onu saxlatdı. “ Cənnət bıçaqlarına ehtiyacımız var.” – dedi. “ İçəridə daha çox iblisin və
Mələzlərin olduğunu bilirik.”
Jasmin “ onların harada olduğunu, deyəsən, iblislər tərəfindən ələ keçirilməzdən əvvəl tapmışdım.” – dedi və önə düşdü.
“ Masonun etdiklərinə inana bilmirəm.” – deyə arxadan köks ötürdü Daniel.
Clara və iblislərin çıxdıqları qapıya yönəlib içəri daxil olduqları zaman başqa bir dəhlizlə rastlaşdılar. Jasmin arxadan gələnləri dayandırıb bıçaqların olduğu qapının qarşısındakı iki iblisi işarə etdi.
“ Onlar mənlikdir.” Elena sarı saçlarını arxaya atıb vücudunu dikləşdirərək dəhlizə çıxdı. Addımlarını tənzimləyib iblislər tərəfə getdi “ hey, donuzlar...” – deyə səsləndi. Divara söykəndi və dodaqlarını dili ilə yalayıb barmağıyla iblislərin gəlməsini işarə etdi.
Qızın saxladıqları məhbuslardan biri olduğunu görən iblislər onu yenidən həbs etməkdənsə, füsunkar vücudunun sehrinə qapılıb hər şeyi unutmuşdular. İri qırmızı gözləri ilə qabaqda gələn yekə cüssəli iblis qızın belindən yapışaraq özünə doğru çəkdi və dodaqlarını Elenanın boğazına yapışdırdı. Digər iblisin də yaxınlaşdığını görən kimi Elena onu qucaqlayan iblisin qarın boşluğundan dizi ilə vurub cəld bir hərəkətlə başını divara çırpdı və vaxt itirmədən digər iblisin üzərinə cumub boynunu qırdı. Əyilərək başını divara çırpdığı iblisin cibindən açarları çıxardıb digərlərinin gəlməsini işarə etdi.
Jasmin “ əla iş idi.” – deyərkən Elena qapını açıb içəri keçdi.
Qıraqda uzun stolun üzərinə düzülmüş bir neçə Cənnət
bıçağı və yanındakı digər stolun üstündə isə yay ilə oxlar var idi.

Samuel oxlar olan stola yaxınlaşıb birini əlinə götürdü. Əli ilə oxun başlığına vurub “ bunlar ki Cənnət bıçağından hazırlanıb.”
– dedi təəccüb içində.
Emmanuel əlindəki bıçağı stolun üzərinə qoyub digər tərəfdən bir oxu əlinə götürdü. Samuelin yanılmadığından əmin olub içi dolu olan bir oxqabı və yayı Jasminə, digərini isə Elenaya tullayaraq “ bunlar sizin.” – dedi.
Yerdə qalan yay və oxları isə Stephan götürdükdən sonra Emmanuel də daxil olmaqla digər mələklər hər əllərində biri olmaqla iki bıçaq götürdülər. Stolun üzərində qalan bıçaqları da götürməyi düşündülər, ancaq bunun onların döyüş qabiliyətini azaldacağından qorxuya düşərək orada qoymaq qərarına gəldilər. Üzlərindəki həyəcanlı ifadə ilə, sanki, sıraya düzülmüş gənclər bir-bir otaqdan çıxıb dəhlizdə dayandılar. İçlərində gücləri ilə fərqlənən Emamnuelə baxıb hara getməli olduqlarını soruşduqları zaman Günahkar gözlərini yumaraq saniyədən belə qısa müddət ərzində dayandı.
“ Bu tərəfdən.” Qaçaraq digərlərinə nisbətən daha iri olan dəmir qapını açıb çölə çıxdı.
Köhnə anbarın hündür dörd divarı ilə əhatə olunmuş bu boşluqda dayanan iblislər qapının səsinə başlarını arxaya çevirdilər.
“ Heç sakit dayanan deyilsiz, düzdü?” – səsləndi Lucifer.
Emmanuel otuza yaxın iblis arasından Claranın axtarışına çıxdı. “ Bizə aid olanları aldıqdan sonra.” Danielin cavabı ilə axtarışını davam etdirən Emmanuel, nəhayət ki, istəyinə çata bilmişdi.
“ Qızılsaç?”

“ Sizə aid olan?” Güldü Mason. “ Bunun nə olduğunu izah
edə bilərsiz?”
Kiçik qəfəsin içində oturmuş Clara düşüncələrinə pıçıldayan həmin səsi tanımışdı. Başını qaldırıb digər tərəfdə əlində qırmızı rəngdə parıldayan Cənnət bıçağı ilə dayanmış Emmanueli görüncə gülümsədi.
“ Qızılsaç, yaxşısan?”
Elena “ ən azından sənin kimi Cənnətə, mələklərə və Tanrıya xəyanət edib onun lənətlədiyi varlıqların tərəfində deyilik.” – dedi qəzəbli səs tonu ilə.
“ Həyatımın son anlarını yaşayıram. Əlbəttə ki,
mükəmmələm...”
“ Məncə, bu qədər söhbət kifayətdir.” Jasmin oxqabından bir ox götürüb yaya yerləşdirərək ən öndə duran iblisi nişan aldı. Yaydan çıxan ox son sürətlə iblisin ürəyinə girdi və iblis külə dönərək yoxa çıxdı.
Qızın bu hərəkəti savaşın başlaması üçün bir işarə oldu və hər iki tərəf bir-birinə doğru qaçmağa başladı. Hər kəsdən sürətli olan Emmanuel öndə gedənlərdən idi.
Jasmin, Elena və Stephen cəld hərəkətlərlə iblisləri ox yağışına tutsalar da, iblislər əllərindəki alov qırmızısına bürünmüş Cənnət bıçaqları ilə onlardan peşəkarcasına müdafiə oluna bilirdilər. Samuel ona doğru gələn bir iblisin bıçaq zərbəsindən qaçaraq öz bıçağı ilə başını bədənindən ayırdı. Yaranan ani alovun qarşısında əli ilə gözlərini tutub iblisin külləri havaya sovrulduqdan sonra yenidən qaldığı yerdən davam etməyə başladı.
“ Daniel...” Elena qışqıraraq onun qırağa çəkilməsini dedi və dərhal oxu ilə iblisi öldürdü. Daniel təşəkkür etməyi unutmadan gələn növbəti iblisə doğru qaçdı. Ağır zərbəsindən qorunarkən əlindəki bıçağı yerə düşürdü və vaxt itirmədən əyilərək onu götürməyə çalışdığı zaman iblis təpiklə onu yerə yıxdı. Bədəninə girmək üçün can atan bıçağı havadaca saxlayıb yerində fırlanan Daniel yanındakı bıçağı əlinə götürdü. Kiçik bıçaq bir anda böyüyərək parlaq mavi rəngini alar-almaz başqa iblisi daha aid olduğu yerə göndərdi.
Stephan arxadan Emmanuelə hücum etmək istəyən iblisi son anda görərək oxla işini bitirdi. Emmanuel arxadan gələn istiliklə geri dönərkən diqqəti dağıldı və bundan istifadə edən iblis bıçaqla üzündən bir yarıq açdı. Cənnət bıçağının açdığı kəsikdən qan əvəzi çıxan parlaq qırmızı işıq Emmanuelə nə olduğunu və əsl işini xatırlatdı bir anlıq. Bundan qəzəblənən Günahkar ona edilən əzabları gözünün önünə gətirib bıçağın dəstəyi ilə iblisin burnunun üzərindən bir zərbə ilişdirdi. Başı arxaya gedən iblis özünü ələ almadan bir neçə zərbə ilə daha qarşılaşdı. Emmanuel cəld bıçağı gicgahından keçirdərək qisasını az da olsa, almış oldu və saxlanıldığı qəfəsdən çıxarılan Claraya doğru qaçmağa başladı.
Elena bu yolda Emmanuelin qarşısında çıxan iblisləri bir-bir təmizləyərkən qabda oxunun bitdiyini görüb çiyinləri çarəsizcə aşağı düşsə də, vəziyyəti dərhal nəzarət altına ala bildi. Çox güman ki, iblislərdən birinə aid olan sahibsiz bıçağı əlinə alıb dostları kimi döyüş meydanına atıldı. Onunla eyni qədəri paylaşan Stephan da mübarizəsini bıçaqla davam etdirirdi.
Claranı xilas etməyinə bir neçə addım qalmışdı ki, göydən üzərinə bir şahin kimi nəyinsə şığıdığını gördü Emm. Geriyə tullanarkən bunun həmin Mələzlərdən biri olduğunu anladı. İblisin beynində sayəhətə çıxıb ilk dəfə Mələzləri uzaqdan görmüşdü, amma bu düşündüyündən daha qorxunc idi. İri alov saçan qanadları ilə yerə enən Mələzin yaratdığı kiçik toz dumanı yoxa çıxan kimi Emmanuel onunla üz-üzə gəldi. Başı bütün qırışlar içərisində qalmış, bir canavarınkına bənzəyən uzun sapsarı dişləri, yetmiş – səksəninci illərin qorxu filmlərindəki cadugərləri xatırladan uzun qapqara dırnaqları olan məxluqu daha qorxunc edən, heç şübhəsiz ki, qanadlarıydı. Alov saçan qanadlar üzündən nəinki onunla döyüşmək, heç yaxın getmək belə mümkün görünmürdü.
Mələz nərildəyərək yanan qanadlarını Emmanuelə çırpdı. Günahkar küləkdə sovrulan bir yarpaq kimi havada süzülüb yerə dəydi. Ayaqları üstünə qalxıb düşmüş bıçağını əlinə alarkən eşitdiyi qanad çırpınışlarının ardından, beşdən çox Mələzin yerə endiyini gördü. Bıçaqlarla onlara qarşı gəlməyin heç də mümkün olmadığını anlayan təkcə Emmanuel deyildi, çünki qızlar çoxdan yoxa çıxan iblis bədənlərinin ardından yerlərə səpələnmiş oxların toplanışına başlamışdılar.
Mələzlərin yerə enməsi ilə iblislər, sanki, bir addım geriyə çəkilib öz mövqelərini onlara buraxmışdılar. Bir Mələz düz Danielin qarşısına qonaraq qollarını irəli uzadıb alov qanadlarını bir neçə dəfə çırpdı. Yaranan qığılcım küləyinin təsirindən Daniel müvazinəti saxlaya bilməyib arxası üstə yerə yıxılsa da, dərhal ayağa qalxdı və Cənnət bıçağı ilə hücuma keçdi. Sadəcə qanadlarının kiçik hərəkəti ilə özünü bıçağın zərbələrindən qoruyan Mələz bir anda göydən tökülən oxları görərək qanadlarını özünə sipər etdi. Jasmin artıq çoxdan öz yaydakı vəzifəsinə geri qayıtmışdı. Daniel Mələzin bu çaşqınlığından istifadə edib açıqda qalan ayağına bıçağı sapladı. Bir ayı kimi nərildəyən Mələz qanadlarını açdı və Daniel özünü onun


qucağına ataraq bıçağı Mələzin ürəyinə vurdu. Alov qanadları dərhal sönərək geriyə özündən yalnızca yanmış budaqları xatırladan çıxıntılar qaldı. Mələzin bir zamanlar qovulmuş mələk olan vücudu yerə sərildi. Danielin bu cəsarətini görənlər daha da həvəslənib Mələzlərə qalib gəlməyin mümkünsüz olmadığını gördülər.
Jasmin və Elena yığdıqları oxlarla atəşi davam etdirərkən Stephanla döyüşən Mələz havaya qalxdı və qızların qarşısında dayandı. Qızlar hərəkət sürətlərini daha da tezləşdirməyə başladılar, lakin Mələzin dəmir qədər möhkəm qanadlarına dəyərək yerə düşən oxların sayı getdikcə artmaqda davam edirdi. Mələz əlinin tərsi ilə Jasmini divara çırpdı. Jasmin qalxmağa çalışdı, amma zərbənin təsirindən bunu edə bilmədi.
Mələz qanadlarını açaraq Elenanın ətrafında birləşdirdi. Elena ona olduqca yaxın olan alovların arasından qaçmağa çalışsa da, qanadlar buna imkan vermirdi. Mələz zəfər gülümsəməsi ilə qanadlarını özünə tərəf çəkərkən onların arasına həbs etdiyi Elena da ixtiyarsız bir şəkildə Mələzə doğru hərəkət etməyə başladı. Çırpınan Elenanın qanadlara dəyən qolları və bədəninin bir hissəsi yanıqlar içərisində qalsa da, qız sonuna qədər mübarizə aparmağa davam edirdi. Ağrı içində qışqıran Elena bir anda alov saçan qanadların və onu tutan Mələzin yox olduğunu gördü. Emmanuel vaxtında çataraq qızı xilas edə bilmişdi.
“ Yaxşısan, Elena?” – soruşdu Emmanuel bıçağı əlində bərk
sıxaraq.
Elena, üzü və bədəni kəsiklər içərisində qalsa da, artıq sağalmaqda olan Emmanuelə baxdı. “ Asan-asan ölən deyiləm.”


Divara söykənərək dərindən nəfəs aldı və sonra ağır addımlarla
Jasminə doğru getməyə başladı.
Emmanuel mələk güclərindən istifadə edib havaya sıçradı və yerə enməyə çalışan Mələzin belinə mindi. Mələz havada dövrə vurub Günahkarı üzərindən salmaq istəsə də, bunu bacarmayaraq daha hündürə qalxmağa başladı. Emmanuel buna icazə vermədən bıçağı belindən içəriyə doğru batırdı. Bədənindən çıxan qırmızı işıqla bağıran Mələz istifadədən çıxmış qanadları ilə ağırlıq qüvvəsinə qarşı gələ bilməyib yerə çırpıldı. Cansız bədənin belindən qalxan Emmanuel bir sərxoş kimi ilk anlarda səndələsə də, dərhal özünü ələ ala bildi.
İblis və Mələzlərə başı həddindən artıq qarışan Emmanuel divara çarpaz bir şəkildə qollarından və ayaq biləklərindən zəncirlənmiş Claranı gördü.
Lucifer Claranın qarşısında duraraq əlindəki parlaq qırmızıya boyanmış bıçağını qızın sinəsinə batırdı. Bir rəssam dəqiqliyi ilə dərisini cızmağa başladı. Emmanuel ağrıya dayana bilməyərək sızıldayan Claranı xilas etmək üçün can atsa da, bu o qədər də asan deyildi. Çünki Luciferə çata bilmək üçün qarşısında bir neçə iblis daha vardı. Bu onun üçün keçilməz bir sədd olmasa da, qızın Luciferlə daha çox vaxt keçirməsi və bu isə daha çox acı çəkməsi demək idi.
Claranın sinəsində çəkdiyi üçüncü simvolu da tamamladıqdan sonra Lucifer gözlərini yumub pıçıltı ilə nəsə deməyə başladı. Yalnızca həmin simvolun kənarlarından çıxan bəyaz işıq, qızın getdikcə bütün bədənini əhatə etdi. Bunu görən Masonla Baliel bir-birlərinə baxıb gülümsəməyi də unutmadılar. Lucifer gözlərini açdığı zaman qızın bədənində bir qara dəlikdən yalnızca tünd mavi rəngi ilə fərqlənən bir keçid açıldı.
“ Vaxt gəlib çatdı.” – deyə üzünü iblislərə tutub qışqırdı Lucifer. “ Qız buna daha çox dayana bilməyəcək və ona görə bacardığınız qədər sürətli olmaq lazımdır.” Üzünü yenidən Claraya döndərdi. Qışqıraraq tələyə düşmüş bir quş kimi çırpınan qızın yanağına sığal çəkdi və əlini, ardınca ayaqlarını, sonda isə bütün bədənini yaranmış keçiddən içəri ataraq yoxa çıxdı.

Yazar: Murad Cəfərov
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 076
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri