Bir cüt qanad (24-cü bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 321
Səs ver:
(səs: 0)
İlk dəfə gördüyümə dair and içə biləcəyim biri, sürətlə iblis tərəfə qaçaraq qarnından qucaqlayıb onu yanlarındakı kiçik yük maşınına çırpdı. İblisin başının dəyməsi ilə maşının qapısının şüşəsi çilik-çilik oldu. Oğlan iblisin qarın boşluğundan güclü bir yumruq vurdu və cəld əyilərək yerdəki qırıq şüşələrdən ən böyüyünü əlinə götürdü.
“ Bunun mənə təsir etməyəcəyini demək istərdim.”
“ Bildiyimə əmin ola bilərsən.” – deyərək oğlan şüşə ilə iblisin boğazını bir insanın elə o an öləcəyi dərəcədə dərin şəkildə kəsdi.
Dizləri qırılaraq yerə yıxılan iblis dayanmadan axan qanın qarşısında gözlərini yumdu.
Əlindəki qanlı şüşə ilə geriyə dönüb mənə baxdığı zaman güc gələn qorxu hissi bir addım geri atmağımı təklif etdi. Və sözəbaxan bir qız olduğum üçün hətta iki addım geriyə getdim. Əlindəki şüşəni yerə tullayaraq “ qorxma.” – dedi və məsum bir gülümsəməyə büründü. “ Mən onlardan deyiləm.” Əli ilə yerdə hərəkətsiz uzanan və ətrafında iri bir qan gölü yaranmış
iblisi işarə etdi.
“ Bəs...” Qorxu hələ də məni tərk etməmişdi.

“ Bir mələyəm...” – dedi. “ Daha doğrusu, mələk idim.”
“ Mələkləri nə qədər sevdiyimi təsəvvür belə edə bilməzsən.” – dediyim zaman Emamnueli xatırladım. “ Köməyinə ehtiyacım ola bilər.” Bilmirəm niyə, amma ona güvənməyi seçmişdim. Bəlkə də bu, qarşımda bir iblisi zərərsiz hala saldığı üçün idi. Son zamanlarda heç kimin göründüyü kimi olmadığı həqiqətini dəfələrlə sübut edən biri olaraq etdiyim hərəkətin ağılsızlıq olduğunu qəbul edirdim. Amma Emmanuelə kömək edə biləcəyi düşüncəsi hər şeyi üstələmişdi və deyəsən, ona güvənməyi seçməyə məhz bu səbəb olmuşdu.
Oğlan iblisi yerdən qaldırıb sinəsindən tutaraq sürüməyə başladı. “ İçəri girdiyin zaman...” – ona evin sirrini demək istəyirdim ki, oğlan sözümü yarıda kəsdi.
“ ... gözlərimi yummalıyam.” – dedi. “ Bilirəm.” Və yenidən o məsum gülümsəməsini qucaqladı.
Gözlərimi yumub içəri girərkən birbaşa yerdəki qapını açıb
zirzəmiyə endim.
Lənət olsun !!! İşıq gətirməyi unutmuşdum.
Zirzəmini işıqlandırmağa nəsə tapa bilmək üçün geri qayıtmağa hazırlaşırdım ki, aşağı düşən oğlanın əlindəki fənəri görüb dayandım. Arxadan düşən işıq ətrafı aydınlatmışdı və bu, yerdə yatan Emmanueli görə bilməyimə kifayət idi.
Ona doğru qaçaraq yanıq qoxusuna fikir vermədən yerdən qaldırdım. Başını dizimin üstünə qoydum və sağ olub- olmadığını yoxladım. Bunun üçün qulağımı sinəsinə yaxınlaşdırarkən oğlan əlindəki işığı Emmanuelin üzərinə saldı. O anda böyüyən göz hədəqəlirimi yerindən çıxmaması üçün nəzarət altına aldım. Bədəni düşündüyümdən belə pis vəziyyətdəydi. Hal-hazırda üzərində tikanlı zəncirlərin olmaması onu bir Günahkardan fərqləndirən yeganə amil idi.

“ Bir dəqiqə.” Oğlan aşağı əyilərək fənəri yerə qoydu. Bir əlini Emmanuelin boynundan, digərini isə belindən keçirib onu qucağına qaldırdı. Başının zirzəminin tavanına dəyməməsi üçün ikiqat bir şəkildə pilləkanlara doğru addımladı. Ondan önə keçərək qapını açdım və oğlanın çıxmasına kömək etdim.
Oğlan Emmanueli otağa aparıb ehtiyatla çarpayının üzərinə qoyarkən gözüm yerdəki iblisə sataşdı. Zalın döşəməsi qan içində idi. İblisin hələ özünə gəlmədiyini yoxlayıb Emmanuelin yanına getdim.
Çarpayıya yaxınlaşdım. Otaq işıqlı olduğu üçün onu daha yaxşı görə bilirdim. Yanıqlar içərisində qalan bədənində kiçik bir hərəkət belə nəzərə çarpmırdı.
“ O...”
“ Ölməyib.” – dedi oğlan. “ Sadəcə həddindən artıq xəsarət aldığı üçün bədəni çox zəifdi. Amma Urielin ona bəxş etdiyi özünü sağalda bilmə bacarığı ilə bir – iki günün içərisində yenidən əvvəlki kimi ayaq üstə dura biləcək.”
İki gün...
Emmanuelin ölmədiyinə sevinim, yoxsa bu günün ailəm üçün çox uzun olma ehtimalına kədərlənim, bilmədim.
Lakin içimdə bir yerlərdə sağ olduğuna görə Tanrıya təşəkkürlər yağdırdım, təbii ki, bu günlər içərisində ailəmin yanında olması üçün dualar etməyi də unutmadım.
Bütün diqqətimi zaldakı iblisə verdiyimi görən oğlan “ onu
mən həll edərəm.” – deyə dilləndi. “ Amma...”
“ Zirzəmidə onun saxlaya biləcək zəncirlər mövcuddur.”
“ İndi qayıdıram.” Saralmış payız yarpağını xatırladan gözləri ilə gülümsəyib otaqdan çıxdıqdan sonra qapını örtdü.

Axı o kim idi? Bizim burada olduğumuzu haradan bilirdi və nə üçün bizə kömək edirdi? Düzdü, bir mələk olduğunu söyləmişdi, amma nə istəyirdi ki?
Emmanuelə gözlərimi zilləyib onun dərhal sağalmasını gözləyirdim, lakin bunun bir andaca olmayacağını da bilirdim.
Əlindən heç nə gəlmədiyi halda, oturub gözləmək necə də bərbad bir hiss imiş !!!
Bir neçə dəqiqə ola bildiyim qədər diqqətlə onu izlədikdən sonra sinəsinin cüzi hərəkətini görüb rahatladım. Onun üçün gözləməkdən başqa heç nə edə bilməyəcəyimi qəbul etmişdim.
Məndən qabağa düşmüş çiyinlərimi və yerlərdə sürünərək çətinliklə hərəkət edən ayaqlarımı otaqdan çıxmağa məcbur etdim.
Otaqdan çıxdığım zaman artıq kresloların öz yerində olduğunu, döşəmədəki xalça ilə birlikdə qan izinin olmadığının şahidi oldum. Hamamdan çıxdığını gördüyüm mələyə başımın kiçik hərəkəti ilə təşəkkür etdim.
Gülümsəyərək “ dəyməz.” – cavabını verdi olduqca səmimi bir səs tonu ilə. “ Ac olduğuna əminəm. Çünki mən aclıqdan ölmək üzrəyəm.” Mətbəxə keçib soyuducunun qapısını açdı. Xiyar, pomidor, kahı, pendir, zeytun yağı və çörək çıxartdı. “ İşlədiyim yerdə bunlardan gündə bəlkə də yüz ədəd hazırlayıram.” Yenidən soyuducunun içinə başını saldı. “ Bəzi ərzaqlar olmasa da...” Soyuducunun qapısını örtdü. “...düşünürəm ki, bunlar da kifayət edər.”
Barmağındakı üzüyü çıxardıb tərəvəzləri yuduqdan sonra mətbəx dəzgahının üzərinə düzüb doğramağa başladı. Onu tanıdığım və mənə bu lənət həyatı bəxş edən digər mələklə müqayisə etməyə çalışdım. Amma bunu edə bilmədim. Çünki

o, Urieldən fərqli olaraq bir Tanrı olmalı idi, ya da mələklər arasında ən şərəfsizi elə məhz Uriel idi.
Xiyar və pomidorları doğrayıb çörəyin arasına düzərkən başını qaldırıb mənə baxdı. “ Mənim kim olduğumu və burada nə işim olduğunu bilmək istədiyinə əminəm.” – dedi. “ Adım Masondur, daha doğrusu, artıq beş ildən çoxdur ki, bu adı daşıyıram.”
“ Amma mələk olduğunu demişdin və...”
Qaşları yuxarıya doğru qalxaraq üzünə düşən qara saçlarının arxasında gizləndi. “ Bir zamanlar mələk idim.” Çörəyin arasına son olaraq azacıq zeytun yağı töküb boşqabların içinə qoyduqdan sonra mətbəxdən çıxdı. Birini mənim əlimə verib digəri ilə yanımdan keçdi və kresloda əyləşdi. “Ambriel…” Sandviçdən bir diş götürdü. “ Adım belə idi, ancaq az öncə də qeyd etdiyim kimi artıq Mason adından istifadə edirəm və mənə belə səslənsən şad olmuş olardım.”
Ağzındakı tikəsini çeynəyib udduqdan sonra əlimdəki sandviçi dişlərim arasında qoyaraq bir tikə qopartdım. “ Mələklərin aclıq çəkmədiklərini bilirdim.” – dedim ağzımdakını çeynəyərkən.
“ Əlbəttə, haqlısan. Mələklər insanlar kimi aclıq hissinə
malik deyillər.”
“ Yəni, mələk deyilsən?” Heç nə anlamırdım və sanki, olanlar azmış kimi Masonun danışıqları başımın daha çox qarışmasına səbəb olmuşdu.
Boş kreslonu işarə edib “ otursan, yaxşı olardı, çünki yorğun olduğunu görürəm.” – dedi. Bayaqdan niyə ayaqüstə dayandığımı anlamayaraq sakitcə kresloda əyləşdim. “ Səkkiz il bundan öncə, yəni buradakı zaman anlayışı ilə səkkiz il, Uriel ilə birlikdə dünyaya göndərilmişdik.” Gözlərini uzaqlara dikib

danışmağa başladı. “ Sadəcə bir neçə saniyəlik işimizi görüb yenidən Cənnətə qayıdacağdıq, amma... Amma birini gördüm. Bir insan qızı. Qara qıvırcıq saçları, iri gözləri, dodaqları, burnu... Cənnətdəki mələklərdən belə daha gözəl idi. Bilmirəm, bəlkə də ilk dəfə dünyaya göndərildiyim və ilk dəfə bir insan qızı belə yaxından gördüyüm üçün idi, lakin ona qarşı içimdə ilk dəfə yarandığına əmin olduğum bir hiss baş qaldırdı. Əgər ətrafda Erosu görsəydim, onun oxlarından birinə hədəf alındığıma dair iddia irəli sürə bilərdim, lakin o anda nəinki Eros, gözümə heç nə görünmürdü. Bütün hər şey onun üzərində cəmləşmişdi, sanki. Urieldən bir neçə dəfə xahiş etdikdən sonra mənə yenidən dünyaya qayıtmağa icazə verdi və onunla tanış oldum. Danışığı, gülüşü... Cənnətin ən gözəl guşəsində idim, elə bil. Bilmirəm...” Dərindən ah çəkib sandviçini dişlədi və qarnımın qurultusunu yatızdırmaq üçün mən də eynisini edib ona dinləməyə davam etdim. “ ... siz insanlar aşiq olduğunuz zaman necə olur, bilmirəm, amma mən onun yanından başqa hər yerin cəhənnəm olduğuna inanmışdım. Lakin onu hiss edə bilmirdim. Nə toxunuşunu, nə qoxusunu... Bu uzaqdan dayanıb bir heykəli seyr etməyə bənzəyirdi daha çox. Uriel mənə dəfələrlə xəbərdarlıq etdi. İnsanların sahib olduğu hisslərin bizdə olmadığını, bir insanla mələyin heç vaxt birlikdə ola bilməyəcəyini dedi dəfələrlə mənə.”
“ Düşünürəm ki, artıq bilirsən. Mələklər yalnızca bir insanın bədənini onun istəyi ilə ələ keçirdiyi zaman hiss edə bilərdi və mən belə yaşamı seçmək istəmirdim. Sırf öz xoşbəxtliyim üçün bir başqa Adəm oğlunun həyatını əlindən almaq istəmirdim. Ondan getdikcə uzaqlaşmağa, artıq bir neçə il dünyaya enməməyə başladım. Lakin alınmırdı, onu unutmağım

mümkünsüz idi. Və mən də bir qərar qəbul etdim. Cənnətdəki hər kəsin ağılsızlıq adlandırdığı bir qərar – qanadlarından imtina etmək.” Bir cüt qanad üçün hər şeyi gözə almağa hazır olan Emmanuel ilə Lucifer və öz istəyi ilə qandlarından imtina edən Ambriel. “ Qanadlarımın əvəzində bir ölümlü olaraq dünyaya enib onunla yaşamağı seçdim.”
Sandviçi bitirib qabı yanına qoydu. Barmağındakı üzüyə kiçik sığal çəkib “artıq onun hər toxunuşunu, qoxusunu, bədəninin hərarətini hiss edə bilirəm. Bu sadəcə olaraq möhtəşəmdir.” – gülümsədi.
Sevgisi uğruna Cənnətdən imtina edən bir mələk görə
bildiyimə inana bilmirdim.
Mənim əlimdəki boş qabı da götürüb mətbəxə keçdi. “ İndi niyə burada olduğumu bilmək istəyirsən.” Arxası mənə tərəf olduğundan məni görə bilməsə də, başımı tərpətdim. “ Bir insan kimi yaşamağa başladığımda Uriel məni ziyarətə gəldi və onunla söhbətimiz əsnasında hiss etmənin necə bir duyğu olduğunu ona danışdım. Görünür, danışdıqlarımı bircə dəfə də olsun, yaşamaq üçün insan bədənini ələ keçirdib.” Mənə tərəf dönərək “ sənin bədənini” – deyə əlavə etdi. “ Bu, Cənnətdə bir mələyin qovulması ilə nəticələnən hərəkətdir, ancaq, görünür, qısa müddətlik Adəm övladının bədənində bir insan kimi yaşayıb yenidən o bədəni tərk etməyin təhlükələrini nəzərə almayıb. İblislərin belə bir səhvi min illər boyu səbirsizliklə gözlədiyini unudub. Luciferin qanadlarını ələ keçirdib Cənnəti məhv etmək istəməsini yaddan çıxardıb.”
“ Sonra da bədənim iblislər tərəfindən ələ keçirildiyi zaman Uriel bədənimi tərk etməli olub və bu gözlənilmədən baş verdiyi üçün geridə öz ruhundan izlər qoyub. Hansı ki, bütün həyatımı məhv edəcək həmin izlər.” Urielə olan nifrətim

yenidən artmağa başlasa da, qarşımda ona bu fikri verən biri dayanmışdı. Masonun üzərinə hücum edib dərsini vermək istəsəm də, onun burada bir günahı olduğunu düşünmürdüm. Bunların tək səbəbkarı var idisə, o da Uriel idi. “ Səbəb olduğu bu tərslikləri düzəltmək üçün cəhənnəmdən bir Günahkarı vəzifələndirib. Qarşılığında isə ona, bir cüt qanad sahib edəcəyinə dair söz verib. Nəyin qarşılığında, bilirsən? Cənnət bıçağı ilə həyatımı sonlandırmağın qarşılığında...”
Mason gözlərindəki özünü günahlandıran ifadə ilə yanıma gəlib yanağımdan süzülən bir damla yaşı sildi. “ Uriel hər şeyi qaydasına salmaq üçün yenidən geri qayıda bilməzdi. Çünki Cənnətdəki qaydalar düşündüyündən də sərtdir. Etdiyi səhvləri düzəltmək üçün Raymondu seçdi. O bilirdi ki, heç bir Günahkar belə təklifi geri çevirməyəcək. Və düşündüyü də oldu. Raymondla bir başa əlaqəyə girə bilmədiyi üçün Cənnət bıçağının yerini sənə göstərməyə çalışdı. Bilirsən, o işarələr, pıçıltılar...” Əlini uzun saçları arasında gəzdirib kresloya söykəndi. “ Raymond məni kafedə tapmasaydı, vərəqdəki mələk dilində yazılmış o yazını göstərməsəydi, bunlardan xəbərim olmayacaqdı. Düzünə qalsa, bu işə qarışmaq belə istəmirdim. Lakin Urielin etdiyi səhvlik üzündən bir insanın əziyyət çəkməsinə göz yuma bilmədim. Və sizi axtarıb tapdım.”
“ O insan hal-hazırda əziyyət çəkir və bunları sonlandırmaq
isə onun həyatı bahasına başa gələcək.” – dedim.
Mason içini çəkərək “ təəssüf.” – deyə mızıldandı dodaqlarının altından. “ Kaş ki, başqa bir yolu olsaydı.”
“ Yəni bura məni öldürməyə kömək etmək üçün gəldiyini deyirsən?”

Başını tez-tez iki tərəfə sallayıb “ ailəni xilas etmək üçün.”
– dedi. “ Onları xilas etmək və ... və... iblislərin Cənnətə getmək üçün keçidin açmalarına mane olmaq üçün.”
Hər necə olursa, olsun, sonda sənin ölümünlə nəticələnən bir savaşın ortasında olmaq insana heç də müsbət düşünməyə icazə vermirdi...

Artıq bir gündən çox vaxt keçmişdi. Emmanuel düşündüyümüzdən daha tez müsbət irəliləyiş göstərirdi. Bədəninin demək olar ki, üçdə ikisi yanıq izlərindən azad olmuş, öz əvvəlki yaraşığına geri qayıtmışdı. Danışa, hərəkət edə bilirdi. Masonun gəldiyini və bizim tərəfdə - əslində mən tam mərkəzdə idim və məni tərəfim deyə bir şey yox idi – olduğunu eşitdiyi zaman üzündə bunun yaxşı xəbər olduğuna dair bir ifadə yarandı. Mason isə artıq bir neçə saatdır ki, ortalıqda görünmürdü. Mənə getməli olduğunu və bacardığı qədər kömək gətirəcəyini demişdi. Kömək dediyi zaman özü kimi Cənnəti tərk etmiş mələkləri nəzərdə tutduğunu düşünürdüm.
“ Yaxşısan?” Otaqdan Emmanuelin başı üzərində dayanmışdım. Əslində ona yemək hazırlamağı belə düşünmüşdüm, amma sonra onun yeməyə ehtiyacı olmadığını xatırladığım zaman özümə əziyyət verməyin bir nəticəsi olmayacağı qərarına gəldim.
Emmanuel dikələrək günlər öncə eyniylə mənim etdiyim kimi arxadakı yastığa söykəndi. “ Yaraşıqlı simam getdikcə öz formasına qayıtdığına görə artıq daha yaxşıyam.” Üzünün bir hissəsi hələ də qızardılmış əti xatırladırdı, amma bu qəribə bir şəkildə ürəyimin bulanmasına, ya da gözlərimi ondan çəkərək

yaxınlaşmamağıma səbəb olmurdu. Onun üçün daha çox narahat olub daha tez sağalmasını istəyirdim.
“ Yox, görürəm, həqiqətən də, sağalmaq üzrəsən.” – deyib
otaqdan çıxmağa hazırlaşarkən Emmanuel məni dayandırdı.
“ Qızılsaç...” Bir an belə çağrılmaq üçün darıxdığımı anladım. “...şey...çox...sağ...ol...” Bunu, sanki, ayıb bir sözmüş kimi çəkinərək demişdi. Görünür, təşəkkür etmək onun üçün bir ayıb imiş. “ Çox sağ ol.” – təkrarladı, amma bu dəfə səs tonu daha qərarlı və tanıdığım Emm kimi özgüvənli idi.
Mason yanımıza qayıdarkən qapını açıb içəri girdiyi zaman çölün qaranlığa qərq olduğunu görməsəydim, zamandan xəbərsiz idim. Bir tərəfdə ölümdən dönən Emmanuel, digər tərəfdə isə, çox güman ki, ölümə yaxınlaşan ailəm... Belə bir düşünüləcək mövzunuz ( mövzularınız ) olduğu zaman vaxtın necə gəlib-keçdiyini hiss etmirsiz.
“ Vəziyyət düşündüyümdən də pis imiş.” Mason soyuducudan bir şüşə qazlı su götürüb başına çəkdi. Demək olar ki, bir dəfəyə şüşəni boşaldıb masanın üzərinə qoyduqdan sonra zala keçib əyləşdi.
“ Sənin pisi düşünmək dərəcəndən aslıdır.” – dedim özümü ağıllı göstərməyə çalışaraq. Artıq buradan, bütün olanlardan sıxılmışdım.
“ Cənnəti tərk etmiş, ya da qovulmuş bir neçə mələklə görüşməyə getmişdim.” – dedi Mason. “ Ancaq eşitdiklərim şübhələrimi doğru çıxartdı.” Davam etməsi üçün başımı tərpətdim. “ İblislər xüsusən də cəzalandırılaraq Cənnətdən qovulmuş mələkləri öz tərəflərinə çəkməklə məşğuldular və qisas üçün onları...Cənnətdə bir əfsanə olduğuna hər kəsin inandığı məxluqlara çevirirlər – Mələzlərə.”

Tanrım... Bircə Mələzlərimiz çatmırdı. “ Onun nə olduğunu
izah etməyini xahiş edə bilərəm, Mason?”
“ Tanrı ilk olaraq nurdan Michealı və alovdan isə Luciferi yaratmışdı. Sonra isə torpaqdan yaradılmış Adəmi qısqanan Luciferin həddini aşdığını görüb, onun qarşısını almaq məqsədi ilə Cənnət bıçaqlarını hazırlamışdı – Luciferin yaradılışında istifadə edilmiş alovlarda döyülən həmin bıçaqları. Və əfsanəyə görə o bıçaqlar Luciferin əlində bir dağıdıcı rolunu oynayırdı. Bunu kəşf edərək həmin bıçaqlardakı güclə Mələzlər yaradıb üsyan çıxartmaq istədəyini görən Tanrı Luciferin qanadlarını alıb sürgün etmişdi.” Üzündəki ifadə dünyanın sonunun gəldiyindən xəbər verirdi, sanki. “ Cənnətdəki hər bir mələk bunun yalnızca bir əfsanədən ibarət olduğunu düşünürdü, amma bu gün eşitdiyim o Mələz xəbərləri bunun bir əfsanədən daha artıq olduğunu göstərdi.”
“ Axı Lucifer bir insandan fərqli olduğu halda o lənətə gəlmiş Mələzləri necə yaradıb? Və onları bu qədər qorxunc edən nədir?”
“ Birincisi, Lucifer bu dünyada insandan fərqsizdir, amma Cənnət bıçaqları həmin Cənnət bıçaqlarıdır. İlk alovdan yaradılmış mələyin əlində yaradıcı silahdan başqa bir şey deyil. İkincisinə gəldikdə isə, Mələzlər...”
Sualımın bu hissəsinə artıq əvvəlkindən belə daha sağlam görünən Emmanuel cavab verdi otaqdan çıxaraq. “ Alovdan qanadları olan, iri kəsgin dişləri ilə qan ovçusu bir vampirə çevrilmiş, öldür deyə kodlaşdırılmış varlıqlar.” – dedi. “ İblisin beynində səyahətə çıxıb onların gizləndikləri yeri tapdığım zaman gördüm həmin məxluqları.”
“ Amma öldürülməsi mümkündür, düzdü?” – dediyim zaman bir anda Emmanuelin dediklərini anladım. İblislərin

gizləndikləri yeri öyrənə bilmişdi və bu o demək idi ki, artıq ailəmi xilas edə biləcəkdim. Mason cavab vermək üçün ağzını açmışdı ki, dayandığım yerdən Emmanuelin yanına gedib önündə durdum. “ Ailəmi gördün? Onlar... onlar yaxşıdırlar?”
“ Həyatda olduqlarını öyrənmək istəyirsənsə, yaşayırlar.
Amma yaxşı olduqlarını deyə bilməyəcəm.”
Gözümdən düşən bir damla yaş, sanki, bir kərpiclə əvəz olunub məni yerə doğru çəkirdi. Balaca Jessicam, canım anam...
“ Onları xilas etməliyik. Onları xilas etməliyəm.” Geriyə dönüb Masona baxdım. “ Ailəmi onların əlindən qurtarmaq üçün köməyinizə ehtiyacım var.” Səsim təsəvvür belə edə bilməyəcəyim dərəcədə aciz çıxmışdı. Əslində aciz idim. Bunu qəbul edirdim. Mələk və iblislər ( bir də yeni ortaya çıxan Mələzlər ) arasında özümü təsvir edəcək yeganə kəlmə məhz bu idi – aciz...
“ Bunun üçün üçümüzdən daha çoxuna ehtiyacımız var.” – dedi Mason. Sonra göz yaşımı nəzakətli bir şəkildə silib gülümsədi. “ Narahat olma, bütün mələklərə bura gəlməsini tapşırmışam.” Tanrım, niyə yaratdığın hər varlıq Mason kimi deyildi? “ Onlara köməyə ehtiyacımızın olduğunu və nə bahasına olursa, olsun, Cənnəti qorumalı olduğumuzu dediyim zaman hər biri qəbul etdi.” Üzünü Emmanuelə tutaraq davam etdi. “ Sadəcə geriyə oranın xəritəsini çıxartmaq və plan qurmaq qalır.”

Yazar: Murad Cəfərov
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 321
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri