Bir cüt qanad (29-cu bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 340
Səs ver:
(səs: 0)
Gözlərimi açdığımda xəfif isti küləyin bədənimə dolduğu və inanılmaz dərəcədə sakit bir yerdə olduğumu anladım. Ətrafıma baxdım.
Bir sahildəydim. Qarşımda sahil qumlarını yuyaraq özü ilə aparan və geridə kiçik balıqqulaqlarını yadigar buraxan təmiz mavi bir dəniz var idi. Dalğalar bir musiqi ahəngi kimi hərəkət edərək gözəl bir melodiya yaradırdılar. Əynimdəki paltarlarımı soyunub dənizin isti ağuşunda itmək üçün can atırdım, lakin belimdəki ağırlıq mənim nə olduğumu və buranın həqiqətdə hara olduğunu anlamağıma səbəb oldu.
Bir cüt bəyaz qanadlarımı çırpdım. Artıq bir mələk idim və bura isə... Bura isə Cənnət olmalıydı. Və mən bu yeri çox yaxşı tanıyırdım. Uşaq olduğum zamanlarda hər gün gəldiyim və saatlarla vaxt keçirdiyim həmin sahil idi.
Təmiz və duzlu qoxunu ciyərlərimə çəkərkən bir səs eşitdim. Geriyə döndüyüm zaman arxamdakı palma ağaclarının arasındakı xəyalım olan həmin kiçik taxta evin qarşısında dayanan yeganə dostumu gördüm – Basconu. Basco məni görcək pəncələri ilə qumun üzərində iz salıb hürərək mənə yaxınlaşdı. Hər zamankı kimi dizimi yerə qoyub qollarımı açdım və Basconu qucaqladım. Onun üçün bu qədər darıxacağımı təxmin edə bilməzdim. Öldüyü zaman bir neçə gün yemək yeyə bilməmiş və onsuzluğa məhz elə bu çimərlikdə öyrəşmişdim. İndi isə onunla yenidən burada idim.
“ Dostum, sənin üçün çox darıxmışdım.” Basco sulu dilini çıxardıb üzümü yalamağa başladı. Quyruğunu bulayaraq ətrafımda dövrə vurdu və arxama keçib qanadlarımı iylədi.
Günəşin şüaları altında parıldayan qızıl rəngli tüklərinə yenidən sığal çəkdim. Buranı çox sevmişdim. Demək ki, hər kəsin öz Cənnəti olduğuna dair eşitdiklərim doğruymuş. Bura mənim Cənnətim idi. Özümü rahat hiss edə biləcəyim tək yer...
Amma...
Amma bura gəlmək naminə belimdə çırpınan bir cüt qanada sahib olmaq üçün nələri etdiyimi düşündüm.
Qızılsaç...
Bura mükəmməl ola bilərdi və burada cəhənnəmdə çəkdiyim əzabların əvəzinə olduqca xoşbəxt yaşaya bilərdim, lakin içimdəki o hiss məni heç vaxt rahat buraxmayacaqdı.
Qızılsaç...
Əgər mən burada idimsə, bəs o zaman iblislər? Lucifer? Onlar indi Cənnətin harasındaydılar və nə edirdilər? Lucifer qanadlarına sahib ola bilmişdimi? Həsrətini çəkdiyi gücünə qovuşa bilmişdimi? Yaxud mələklər? Onun qarşısında dura biləcək dərəcədə güclü idilərmi? Ya belə deyildisə? Ya mələklər heç nə edə bilməzdilərsə? Onda nə baş verəcəkdi? Bütün Cənnət – mənim Cənnətim barmaqlarımın arasından bir qum tək süzülüb yoxa çıxacaqdımı?
Buradan getməliydim. Ən azından Luciferin planlarını yerinə yetirə bilmədiyinə əmin olana qədər buradan çıxmalı və mələklərə kömək etməli idim.

Qanadlarımı bir neçə dəfə çırpıb özümü havaya qaldırdım. Səmada süzərkən mənə baxan Basconun getdikcə balacalaşmasını və dənizin gözəl mənzərəsini yuxarıdan izlədim. Daha yüksəyə qalxaraq ətrafda dövrə etməyə başladım. Ancaq yenə eyni yerə gəlib çıxdım. Basco və həmin dəniz... Bu dəfə bir başqa tərəfə doğru uçaraq axtarışa çıxdım. Lakin yenə də alınmadı. Yerə enib qanadlarımı yığdım. Görünür, buradan çıxmaq mümkünsüz idi, eyniylə cəhənnəmdən çıxa bilmədiyim kimi.
“ Uriel” – deyə qışqırdım məni buradan çıxartması və Luciferin başını öz əllərimlə bədənindən ayırmağım üçün. “ Uriel !!!”.
Bir anda arxamdan gələn qanad səsləri ilə geri döndüm. Önümdə eyni uzun libası və eyni qanadları ilə dayanan Urieli gördüm. Uzun parlaq rəngli saçları ilə o, alovlar diyarında gördüyümdən çox daha gözəl idi.
“ Qanadlar yaraşıb.”
“ Qanadların canı cəhənnəmə.” – dedim. “ Buradan çıxmaq
və Luciferlə qarşılaşmaq istəyirəm.”
“ Bu qədər cəsur olduğunu bilmirdim.” – cavabladı həzin səsi ilə. “ Amma bura artıq bildiyin dünya deyil. İblislər əvvəl qarşılaşdığından belə güclü olacaqlar və Lucifer qanadlarını ələ keçirəndən sonra isə...”
“ Elə buna görə də qanadlarını ələ keçirməyə icazə verməməliyik.”
“ Biz də buna çalışrıq - bütün mələklər...”
“ Qanadlarım olduğuna görə mən də bir mələk sayılıram.”
“ Bunu istədiyinə əminsən?” Ətrafında fırlanaraq hər yerə nəzər yetirdi. Arxasını döndüyü zaman qanadlarının mənimkilərdən daha iri olduğunu gördüm. “ Burada istədiyin hər şeyə sahibsən.”
“ Amma Lucifer qalib gəldiyi halda bunlar əlimdə olmayacaq.”
Uriel başını sağa əyərək dayandı. Basconun ona doğru qaçmasına və qarşısında dayanmasına fikir vermədi. “ İstədiyin kimi olsun.”
Qanadlarını üç dəfə çırpdı. Yanında bir qapını xatırladan qara bir keçid açıldı və Uriel həmin qapıdan keçərkən gəlməyim üçün işarə etdi.

Bura az öncəki yerdən olduqca fərqlənirdi. Qırıq daş sütunlarla, yerdəki xüsusi arxlar boyunca axan lava qatı və uzaqdan görünən kiçik məbədi xatırladan sümüklərlə örtülü tikiliylə daha çox cəhənnəmə oxşayan bu yerdə, iri qara qanadları ilə öz qorxunc görünüşlərini geri qazanmış iblislər və bəyaz qanadlı mələklərin savaşı gedirdi. “ Bura...”
“ Bura Cənnətin qadağan olunmuş, mələklər üçün lənətli hesab edilən Luciferin yaradıldığı yerdir.” Qanadlarını tərpədib havaya qalxdı. Bir anda əlində peyda olmuş Cənnət bıçağını mənə tulladı.
“ Burada Cənnət bıçağının olmadığını düşünmüşdüm.”
“ Sadəcə müəyyən sayda var.” – dedi və öz əlində bir başqa bıçaq əmələ gəldi. “ Şansın üzünə güldü ki, sənin üçün biri artıq qalmışdı.” Sürətli bir şəkildə özünü döyüş meydanına atdı.
Onun arxasınca baxarkən bir qismi yerdə, digər qismi isə havada döyüşən qanadlı məxluqları seyr etdim. Mələklər iblislərdən sayca çox olsa da, Mələzlər, demək olar ki, hesabı bərabər edirdi. Çünki bir Mələzin ətrafında beşdən çox mələk uçuşurdu, amma yenə də onu asanlıqla məğlub edə bilmirdilər.
İçimdən bir səs “nə dayanmısan?” - deyə soruşub məni özümə gətirdi. Əlimdəki Cənnət bıçağı artıq qırmızı deyil, bir mələkdə olduğu kimi mavi rəgdə parıldayırdı və Günahkar ikən istifadə etdiyimdən belə daha xəfif idi. Hətta başımdan bir saç teli qopardıb hansının daha yüngül olduğunu belə ölçmək istərdim, lakin indi bundan daha vacib məsələlər vardı.
İblislərin dərsini vermək kimi, məsələn...
Qanadlarımı hərəkətə gətirib bıçağı əlimdə bərk tutaraq səmaya qalxdım. Əslində buranın səma olduğuna əmin belə deyildim. Cəhənnəmdə olarkən başımın üzərində adını tapa bilmədiyim bir qaranlıq hökm sürürdü. Dünyadakı mavi və göz oxşuyan səmadan qat-qat fərqliydi. Amma Cənnət belə deyildi. Səma adlandırdığım bu yer sadəcə sonsuz bir bəyazlıq idi.
İndi yanımda yay və oxlardan birinin olmasını istərdim, kiçik bir hərəkətlə iblisin başını, ya da qəlbini nişan alıb saylarını azalda bilərdim. Lakin əlimdəki bıçaqdan başqa bir seçimim olmadığına görə bunu düşünərək vaxt itirməyə belə dəyməzdi. Və görünür, iblislər də yalnızca bıçaqlarını Cənnətə keçirdə bilmişdilər, çünki ortalıqda bir yayı xatırladan heç nə gözə dəymirdi.
Arxası mənə tərəf və əlindəki bıçağıysa bütün bədəni kəsiklər içində olan mələyə saplamağa hazırlaşan iblis ilk hədəfimiydi. Qanadlarımı çırpıb tüfəngin lüləsindən çıxan bir güllə kimi iblisin üzərinə doğru istiqamət aldım. Qanad səslərinə geriyə dönən iblis gözləmədən havada hərəkət edən bir parıltı ilə qarşılaşdı ki, bu, onun başını bədənindən ayıran bıçağıma aid idi. Claranın həyatının qarşılığında qazandığım qanadlarım yanaraq külə dönən iblisin atəşində yanmaması

üçün dərhal geri sıçradım və başqa bir iblisi özümə hədəf seçdim. İblis məni görən kimi tanımışdı, çünki üzündə qəribə bir gülümsəmə yaranmışdı. Ya da onsuz da məni öldürəcəyinə inandığı üçün idi bu gülümsəmə, bilmirəm, ancaq bir daha o üzü görə bilməmək üçün hücuma keçdim. Ancaq zərbəmin qarşısı alındı və iblis bıçağı mənə doğru hərəkət etdirdi. Bir neçə zərbəsindən müdafiə olunsam da, bıçağın qolumu kəsməsinin qarşısını ala bilmədim. İblis bıçaqla çox məharətli bir şəkildə davranırdı, lakin olduqca yavaş idi və bunu gec də olsa, kəşf edib döyüşü öz lehimə çevirmək üçün ən vacib bir nüans olduğunu anladım. Sürətli bir şəkildə yanına keçib yumruqla böyründən vurdum. İblis bir qədər geriyə uçub yenidən üzərimə gəldi. Qapqara qanadları ilə qarşımda dayanan iblis yenidən bıçaqla qeyri-adi fəndlər göstərib üstünlüyü əlinə almağa çalışdı. Bundan qaçaraq başının üzərindən uçub arxasına keçdim və bıçağımı iblisin kürəyinə elə sərt bir şəkildə vurdum ki, onu, bədəni alovlanmağa başlamadan əvvəl çıxarda bilmək üçün ayaqlarımı kürəyinə dayayıb özümü geri itələdim.
Bıçağı havada fırladıb döyüşə davam etmək üçün özümü hazırlamışdım ki, bir anda bir əlin ayağımdan tutaraq məni aşağı çəkdiyini gördüm. Bunun iblislərdən biri olduğuna heç şübhəm yox idi, ona görə aşağıya baxmadan qanadlarımı tez- tez çırpıb özümü ondan xilas etməyə çalışdım, lakin, görünür, iblis olduqca inadkar biriydi.
İblis bütün qüvvəsini sərf edib məni özünə çəkdi və yarım dairə şəklində fırladıb yerə çırpdı. Özümü tarazlaşdıra bilməyib yerdə süründüm, axan alov çayına düşməmək üçün son anda dayana bildim. Buna baxmayaraq sol qanadımın ucu azacıq da olsa, yanmışdı və bu məni daha çox qəzəbləndirdi. Yanıma düşən bıçağa uzanıb əlimə aldım və ayağa qalxdım. Onun bu qədər güclü olmasından daha çox məni heyrətləndirən saçları oldu. Qırmızı saçları haradan gəldiyini bilmədiyim küləkdə dalğalanırdı. Bir anda gözümün qarşısında canlanan Claranın görüntüsünü dəf edə bilmək üçün xeyli mübarizə apardım.
“ Nə? Yoxsa mənə aşiq olmusan?” Claranın səsi çətinliklə eşidilirdi. “ Öldürmək üçün göndərildiyi birini sevmək heç də ağıllı iş deyil.”
Üzümə daha çox kədəri ifadə edən bir gülümsəmə yayıldı. Qırmızı saçları mənə Claranı xatırladan iblis, fikrimi döyüşə cəmləməyimə icazə vermədən ilk həmləsini etmişdi. Bütün bədənimə yayılan ağrının mənbəyinin qarnım olduğunu bir təpiklə yenidən yerə sərildiyim zaman anladım. Bizdən olduqca irəlidə Uriel Baliel ilə mübarizəsini davam etdirərkən, Luciferin öz insan bədəni ilə bir Mələzin arxasında gizləndiyini və məbədə daxil olmaq üçün can atdığını gördüm. Ancaq girişi qoruyan mələklər asanlıqda təslim olana bənzəmirdilər, bu isə Luciferin qanadlarını qazanmasını bir az da olsa, gecikdirir və hələ də qalib gələ bilmək üçün gec olmadığını qışqıraraq ifadə edirdi.
Qanadlarımı açıb üzərinə doğru qaçdım və çatmağa bir qədər qalmış qəfl havaya qalxaraq iblisin qara qanadlarından tutub dartdım. Bıçağı ilə qolumu kəsərkən məcburən onu buraxmalı oldum. Yerə enib ayaqlarımı açaraq hazır vəziyyəti aldım. Bildiklərim hər şey insanlara və qanadları olmayan iblislərə qarşı gəlmək üçün idi, lakin dünyadakı Mələzlər məni qanadlı məxluqlara qarşı hazırlasa da, görünür, bu kifayət etmirdi. İblisin üzərinə cumub onu yerə yıxdım. Qanadlarını çırpıb altımdan çıxmaq istəsə də, buna imkan vermədim və nahayət ki, bıçağı ürəyinə saplayaraq ondan qurtula bildim.

Düz önümdə yerə enən Mələz uzun caynaqları ilə bir zərbə endirdi. Qanadlarımla özümü qoruya bilsəm də, uçuşan tüklər qanadlarımın vəziyyətinin heç də yaxşı olmadığından xəbər verirdi. Lakin qanadlar qoparılmadığı müddətdə yenidən özlərini bərpa edə bilirdilər, buna görə də bu an üçün məni qanadlarımdan daha çox özümün sağ qala bilməyim narahat edirdi. Məndən bir qədər aralıda gözümə sataşan Cənnət bıçağına doğru qaçarkən – qanadlarım aldığı zərbə üzündən artıq məni daşıya bilmirdilər – nə etmək istədiyimi anlayan Mələz başımın üzərindən uçaraq düz bıçağın qarşısında dayandı. Alov saçan qanadları ilə dayanmadan sağ və sol tərəfdən zərbələr endirməyə davam etdi və yazıq qanadlarım yenidən məni qorumaq vəzifəsini öz üzərilərinə götürdülər. Geriyə doğru gedərkən ayağım mələklərdən birinin cəsədinə ilişib üzərinə yıxıldım. Mələz çirkin və iri ayaqlarını qollarımın üzərinə qoyub məni sabit saxlayaraq kükrədi. Əlləri ilə başımı tutarkən bunun sonunun mənim üçün heç də yaxşı qurtarmayacağını artıq qəbul edərək gözlərimi yumdum. Lakin heç nə baş vermədi. Qollarımın üzərindəki ağırlıqla yanaşı, Mələzin qanadlarının istisi tamamilə yoxa çıxdı. Göz qapaqlarımı açdığım zaman bir mələyin mənə doğru uzanmış əlini gördüm. “ Yaxşısan?” Əlini tutaraq ayağa qalxdım. Təşəkkür etdim və Mələzin qarnından bıçağımı çıxartdım.
Növbəti hücuma hazırlaşmışdım ki, gözüm məbədə sataşdı. Mələzlərin məbədi qoruyan mələklərə qalib gəlməsi və Luciferin içəri girərək qanadlarını qazanması an məsələsi idi. Ancaq görünür, Uriel də daxil olmaqla, digər Baş mələk və mələklər öz qarşılarındakı düşmənlərinə başları o qədər qarışmışdı ki, əsas qorunmalı olan yeri unutmuşdular.

Qanadlarımdan məni havaya qaldırmasını xahiş etsəm də, bunu edə bilməyəcəklərini bildirdilər hər çırpınışlarından yerə tökülən bəyaz lələklər ilə. Amma şans üzümə gülmüşdü ki, mələklər həm də sürətli qaça bilirdilər. Nə qədər bədənim yaralı olsa da, Luciferin qanadlarını ələ keçirəcəyi zaman nələr olacağını xatırlayıb lazimi gücü toplamağı bacardım.
Döyüşən iblis və mələklərin yanlarından sürətlə keçib yerdəki cansız bədənlərin üzərindən tullandım. Məbədə doğru yaxınlaşarkən iblislərin və Mələzlərin sayının həddindən artıq azaldığının fərqinə vardım.
Qaçaraq qarşından keçdiyim Urielə Baliel ilə mübarizəsində kömək etməyi düşündüm, lakin bu, sadəcə vaxt itirməyimə gətirib çıxardacaqdı.
“ Lucifer.” – qışqırdım arxadan.
Lucifer geriyə dönüb mənə və qırılaraq yerlə sürünən qanadlarıma baxdı. “ Qanadları necə qazandığını düşündüyüm zaman onlara daha çox dəyər verəcəyini zənn etmişdim.”
Clara ...
“ Amma sənin qanadlarına həddindən çox dəyər verdiyimə əmin ola bilərsən.” – dedim qarşısına keçərək. “ Buna görə də onlara toxunmağa icazə verən deyiləm.”
Ayaqlarını önə doğru əyib dizlərini titrətdi ələ salaraq.
“ Qorxudan ayaqlarım əsməyə başladı.”
“ Səndən fərqli olaraq başına gələcəkləri bildiklərindəndi.”
Lucifer üzərimə atılıb məni yerə yıxdı və bıçağı əlimdən salaraq üzümə bir neçə yumruq vurdu. Düşündüyümdən daha sürətli və güclü olduğunu qəbul etməli idim, bəlkə də iblislər kimi o da Cənnətdə öz güclərini geri qazanmışdı, təbii ki, qanadlarından başqa...

Qollarımı onun altından çıxardıb vuracağı növbəti yumruğu havadaca tutdum. Digər əlimdə qarın boşluğundan birini vurub Luciferi üzərimdən tulladım. Əlini yerə qoyaraq qəzəb dolu baxışlarını üzərimə zillədi. Bıçağı yerdən götürüb ona doğru nişan aldım. Asta bir hərəkətlə bıçağı havada tutub mənə doğru tulladığı zaman mələklərə məxsus sürətimdən istifadə etdim. Yuxarı tullanıb mənə havadan zərbə endirmək istəyən iblisə onun kimi qarşılıq verdim. Yerimdən atılaraq havadaca ondan yapışdım. Yerə düşənə qədər bir əlimlə sinəsindən tutub digəriylə də yumruqlamağa davam etdim.
Yerə çırpıldığımız zaman düz əlimin altında qalan bıçağı götürüb Luciferin boğazını kəsdim. Cəld tərpənən iblis kiçik bir cızıqla canını qurtarmağı bacardı. Yenidən ona qarşı hücuma keçəcəkdim ki, bir Mələzin Luciferin önünə keçməsi ilə gerilədim. Alovlu qanadlarını sürətlə çırpıb yaratdığı külək axınına qarşı gələ bilmədim. Üzərimə gələn Mələzə diqqətimi toplamazdan əvvəl Uriel və Balieli gördüm. Uriel yıxdığı Balielin üzərində oturmuşdu və onu yumruqlayırdı. Amma əlində bıçağı olmadığından öldürə bilmirdi. Dərhal öz bıçağımı ona atmaq istədim ki, bunu mənim yerimə bir başqa mələk etdi. Uriel bıçağı havada tutaraq Balielin ürəyinə keçirtdi. Dərhal üzərindən qalxıb qanadlarını çırparaq qələbəsini elan etdi.
Yerdə sürünərək mənə doğru gələn Mələzdən qaçmağa çalışmaq cəhdim uğurlu alınmamışdı. Mələz caynaqları ilə üzümü kəsdi. Bununla kifayətlənməyib birini daha vurmaq istəyirdi ki, başımın üzərində dayanan Urieli gördüm. Uriel əlindəki bıçağı Mələzin başına doğru nişan aldı və Mələz ondan yayına bilməyərək külə dönmüş qanadları ilə yerə sərildi.
“ Lucifer.” – deyə bildim çətinliklə. “ Məbədə...”

Uriel nə dediyimi anlayıb üzünü məbədə çevirdi. Uçaraq məbədə daxil olduğu zaman böyük bir partlayış oldu. Məbəd darmadağın olub bütün qırıntıları ətrafa səpələndi. Ən öndə olan Uriel qanadlarını özünə sipər edərkən, mən qollarımdan istifadə etdim. Məbədin olduğu yeri bürüyən qatı tozun arasından bir siluet görünməyə başladı.
Ən birinci gözə çarpan olduqca nəhəng qanadlar idi. Onların Urielin qanadlarından belə iri olduğuna heç bir şübhəm yox idi. Getdikcə daha da dəqiqləşən siluetin kimə aid olduğunu, nəhayət ki, görə bildim.
Lucifer...
Qıpqırmızı alov rəngində qanadları ilə buradakı hər bir varlıqdan daha böyük və daha əzəmətli görünürdü. Onun nə olduğunu bilməsəydim, Tanrı ola biləcəyinə inanaraq dualar etməyə başlayardım.
Lakin o, Tanrı deyildi. Milyon illər bundan öncə Cənnətdən qovulmuş və Tanrı tərəfindən lənətlənərək qanadları qoparıldıqdan sonra dünyaya göndərilmiş bütün iblislərin kralı olan, adı belə hər kəsin ürəyinə vəl-vələ salan Lucifer idi. Alovdan yaradılmış ilk Baş mələk...
İblislər və Mələzlər döyüşdükləri mələkləri unuduraq havaya qalxdı. Luciferin qarşısında yerə enərək ona baş əydilər. Üzündəki qaranlıq bir ifadə ilə iblisləri süzən Lucifer qanadlarını azacıq tərpədib onların arasından keçib önə çıxdı.
“ Artıq Cənnətin yeni Tanrısı mənəm.” Ardından tük ürpərdici bir gülüş eşitməyə özümü hazırlamışdım ki, bu baş vermədi.
“ Biz burada olduğumuz müddətdə sən lənətlənmiş iblisdən başqası deyilsən.” Bir mələk sözlərini deyən kimi Luciferin üzərinə hücum çəkdi. Lucifer olduğu yerdəcə dayanaraq mələyin ona yaxınlaşmasını gözlədi və aralarında bir addımlıq məsafə qalmış Lucifer əlini havaya qaldırdı. Mələyin ayaqları yerdən üzülərək yuxarı qalxdı. Luciferin irəli uzadılmış əlinin sağa və sola doğru hərəkət etməsi ilə mələyin əvvəlcə sağ, sonra isə sol qanadları qoparaq yerə düşdü. Bütün orada olanlar bu dəhşətli anları izləyərkən mələk qışqırmağa başladı, lakin Luciferin yumruq sıxdığı əlinin açılması ilə mələk hissələrə bölünərək hər tikəsi başqa bir yerə səpələndi.
“ Bunu yaşamaq istəyən başqa mələk varmı?”
Iki mələk yuxarıdan, ikisi isə aşağıdan bir-birlərinə işarə edib eyni anda Luciferin üzərinə cumdular. Ancaq onların da sonları eyniylə digər mələk kimi oldu. Yerlərində donmuş mələklər Luciferin yumruğunun açması ilə paramparça oldular. “ Bu göstərdiyin tamaşa ilə Tanrı olduğunu sübut etməyə
çalışırsan?” – dilləndi Uriel.
“ Onsuz da Tanrıyam.” – cavab verdi Lucifer.
Eyniylə Uriel kimi iri qanadları olan digər Baş mələk “ amma Tanrı yaratdığı heç bir varlığa zərər yetirməz.” – dedi bıçağını irəli uzadıb.
“ Sizi mən yaratmadığıma görə...” Yenidən eyni əl hərəkəti və bu dəfə qurban həmin Baş mələk oldu. “... belə bir zərurətim də yoxdur. Düzdü?” Arxaya dönüb artıq qələbələrini bayram edən iblislərə baxdı. Aralarında Tanrı, Lucifer kimi təzahürat edənlər belə var idi.
“ Sizə sadəcə üç saniyə vaxt verirəm.” – davam etdi Lucifer. “ Üç saniyənin sonunda mənə qatılmayanların axırı...” Əlini havaya açaraq yerə tökülən mələyin tikələrini ovuclarına düşməsinə icazə verdi. “ ... belə olacaq.” Barmağını bükərək saymağa başladı. “ Bir... ”

Mələklər arasında pıçıltılar yaranmağa başladı. Kifayət qədər güclü olduqlarına özlərini inandıran və qələbə qazanacaqlarına dair heç bir şübhələri olmayan mələk ordusu, artıq məğlubiyyətə özlərini hazırlamışdılar. Üzlərindəki ifadə çarəsizlikdən çox, qorxuydu. Və haqlı idilər də. Luciferin nələrə qadir olduğunu artıq hamımız görmüşdük. Nəinki onu öldürmək, heç yaxınlaşmaq belə mümkün deyildi. Belə olduğu halda ona necə qalib gəlmək olardı ki?
“ İki ”
Öndə duran bir neçə Baş mələk bir-birlərinə, sonra isə digər mələklərə baxdılar. Əllərindən heç nə gəlmədiklərini artıq qəbul etmişdilər.
“ Tanrı buna icazə verməz.” – dedi bir mələk.
Bunu eşidən Lucifer qəh-qəhə çəkərək güldü. “ Tanrı?
Məndən başqasını görə bilmirəm.”
“ Uriel?” Yanındakı Baş mələk ona baxdı. Görəsən, bütün bunların əsl səbəbkarının məhz Uriel olduğunu bilirdilərmi? Çünki Uriel axmaq hisslərin həsrətini çəkib onları yaşamaq üçün günhasız bir qızın bədənini ələ keçirməsəydi, bunların heç biri də baş verməyəcəkdi. Lucifer insan kimi yaşamını sürdürərkən Clara öz ailəsi ilə birlikdə normal həyatına davam edəcəkdi, Cənnət hal-hazırda təhlükə altında olmayacaqdı, mən isə... Mən isə cəhənnəm çuxurunda dəhşətli işgəncələrə məruz qalmağa davam edəcəkdim...
“ Və üç ” Lucifer qanadlarını çırpıb havada aslı vəziyyətdə dayandı. “ Sizi gözləyirəm.”
“ Bu heç vaxt olmayacaq.” – dedi bir Baş mələk irəli çıxıb. “ Siz bilərsiz.” Çiyinlərini çəkib əlini irəli uzatdı.
Mən də daxil olmaqla bütün mələklər ixtiyarsız bir şəkildə havaya qalxdıq. Tərpənərək azad olmağa çalışsam da, görünməz zəncirlər tərəfindən bütün bədənim bağlanmışdı,
sanki.
“ Məndən günah getdi.” Mələklər qorxmadıqlarını göstərmək üçün gözlərini Luciferə zillədilər. Lucifer irəli uzatdığı yumruğunu yavaşca açmağa başladı və ...
Və bir anda hər yer lərzəyə gəlməyə başladı. Lucifer başda olmaqla yerdə dayanan iblis və Mələz ordusu özünü tarazlaşdıra bilməyib yıxıldı. Alovdan yaradılmış mələyin yerə çırpılması ilə bədənlərimizə bağlanmış zəncirlər açıldı və zərbə ilə yerə dəydik.
Lucifer qanadlarını çırpıb əllərini yerə qoydu. Bütün gücünü ayaqlarına verib qalxmağa çalışdı. Ancaq zəlzələ o qədər şiddətli idi ki, qaranlıqlar şahzadəsi bunu bacarmadı. Getdikcə daha da güclənən titrəyişin ardından göy üzünü bir qaranlıq bürüdü. Qəfl çaxan şimşəklər qaranlığa bürünmüş ətrafı işıqlandırarkən uğultu səsi qulaqlarımızı kar etməyi öz qarşısına məqsəd qoymuşdu.
Haradan və necə gəldiyini bilmədiyimiz qara buludlar çəkilib öz yerini gözləri kor edəcək dərəcədə parlaq bir işığa verərkən zəlzələ də artıq kəsməyə başlamışdı. Gözlərimin kor ola biləcəyindən ehtiyat edib başımı yerə doğru çevirdim və qolumla üzümü tutdum.
Bu anda bir səs eşidildi. Qeybdən gələn güclü və qulaqbatırıcı dərəcədə yüksək bir səs.
“ YETƏR !!! ”

Yazar: Murad Cəfərov
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 340
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri