Sənə yazmadım, Səni yazdım (13-cü bölüm)

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 1 760
Səs ver:
(səs: 0)
Təkadamlıq idimi bu şəhər, sən gedincə bomboş qaldı?!
Özdəmir Asəf

Səmra çox narahat idi, düşünürdü ki, “görəsən, Atabəygildə yas yerində nələr oldu, valideynləri orda necə qarşılandı, atası evə gələndə nə deyəcək” – deyə fikirləşəfikirləşə otaqda gəzişirdi ki, anasının gəlişini sezdi. Onun
qapıda xidmətçi Afətlə söhbətini eşitdi. Atası onunla çox
tutqun salamlaşıb yataq otağına keçdi, həmişə mülayim,
mehriban sima, yəqin ki, hansısa çox ciddi səbəbdən belə
çönmüşdü. Daha sonra Səmra anasının üzünə diqqətlə baxdı, sanki keçirdiyi görüşün izlərini onun üzündə axtardı.
Anası da əsəbi görünürdü. O, Səmranın sual dolu baxışlarını görüb işarə ilə ona susmağı göstərdi. Səmra bir söz
demədən öz otağına girdi, ürəyi partlayırdı ki, görəsən, nə
baş verib? Və o, ürəyinin dərinliyində nəsə pis bir şeyin
baş verdiyinə əminiydi. Elə bu an anası içəri girib Səmraya
qəzəbli nəzərlərlə baxaraq dedi:
– Sənin Atabəyin gör bizi nə hala salıb?
– Necə yəni? – qorxmuş Səmra təəccüblə soruşdu.
– Bu bizim alicənablığımız, bu da onun bizə, sənin atana
hörməti.
– Nə olub axı, mama? Danış görüm, heç nə başa düşmürəm.
– Mən evə girdim, atan mağara, – deyərək anası yavaşyavaş söhbətə başladı. – Sən gördün də dünən biz necə ona
qarşı səmimi idik, elə indi də gedib yanında oturub başsağlığı
verdi, dayısı da yanındaymış. Bir az sizin münasibətlərdən
danışıblar, atana saymazyana “qızınız məni sevir, siz razı
olsaz da, olmasaz da birlikdə olacağıq” deyib. Atan çox
əsəbiləşib, heç bilmirəm sonra dəqiq nə olub, dayısı da atanın üstünə gəlib ki, “yiyəsiz-filan deyil, biz varıq”, guya
atan onu döyməyə gedib, ya nə? Yolboyu atan əsəbdən nə
günə düşüb, bircə onu deyir ki, indiyənə qədər necə olub ki,
Səmra onu tanımayıb. Mən də sakitləşdirmək üçün dedim
ki, Səmra onu hardan tanısın iki-üç dəfə görüşüblər, – sonra
bir az yavaş səslə, – sən bilirsən də atana dünənə qədər,
yəni sizi bir yerdə görənə qədər heç nə deməmişdim, axşam
dedim ki, sözləri tutur, bu oğlan ürəyinə yatır Səmranın,
heç nə bilmirdi sizin yaxınlığınız haqqında. Sinif yoldaşı
olduğunuzdan başqa heç nə deməmişdim əvvəllər.
Səmra elə bil anasının danışıqlarını eşitmirdi. Necə ola
bilərdi axı Atabəy, illərdi tanıdığı, tanıdıqca daha çox sevdiyi Atabəy bu gün onun atasına belə hörmətsizlik etmişdi,
“bəlkə atası onu nəsə acılayıb” – deyə ağlına gətirdi. Bu
fikir ağlına gələn kimi də qovdu Səmra. Hələ uşaq vaxtlarında atası Səmranın ətrafında gördüyü uşaqlara çox
qayğı, mehribanlıqla yanaşardı, nə qədər ciddi adam olsa
belə onun istəklərinə qarşı çıxa bilmirdi. O üzdən də Səmra
əminiydi ki, atası onun xətri üçün heç vaxt Atabəyə qarşı nəsə tərs bir hərəkət edib acılamazdı. Anasının səsi onu
düşüncələrindən ayırdı.
– Hələ anası da mənə eyhamla söz eşitdirdi ki, hələ
Atabəyi evləndirəsi deyiləm, qabaqda böyük qardaşı var,
guya elə biz qızımızın başından keçmişik. Bir bilsən bizi
necə peşman etdilər getməyimizə, – deyib anası başını bulaya-bulaya Səmraya baxdı.
– Yaxşı, mama, artıq mən dözə bilmirəm, heç nə eşitmək
istəmirəm. Atabəylə danışmamış heç nə deyə bilmərəm.
– Əlbəttə, danış, danış görək necə açıqlayacaq bu hərəkətlərini, – deyib anası otaqdan çıxdı.
Səmra anası otaqdan çıxan kimi tez telefonu götürüb
Atabəyə yazdı:
“Danışmalıyıq!”
Beş dəqiqə keçməmiş cavab gəldi:
“Məncə də danışmalıyıq, sabah universitetə gələrəm!”
Bütün gecəni fikirdən yata bilməyən Səmra, səhərin
açılmağını səbirsizliklə gözlədi. Gecə yarısı Atabəyə mesaj yazdı ki, bu gün universitetə getməyəcək, səhər tezdən
görüşək. Parka çatanda artıq Atabəy ordaydı. Səmranı görən
kimi qarşısına gəldi. Kədərli olduğu bəlli olsa da Səmranı
görən kimi üzündə təbəssüm yarandı. Yaxınlaşan kimi
Səmra salamsız-kəlamsız Atabəyə sərt baxışla baxıb dedi:
– Atamgillə aranızda nə olub, əməlli-başlı əvvəldənaxıra kimi mənə danış.
Səmranın belə soyuq rəftarından, hal-əhval sormamış
sorğu-suala başlamasından Atabəy tutulsa da ona hiss
etdirmədi. Səmra eyni simada onun gözlərinə baxıb cavab
gözləyirdi.
– Sənə nə deyiblər bilmirəm, amma mən heç vaxt inanmazdım ki, sənin o cür valideynlərin olsun.
– Bu nə deməkdi? Nə danışdığını bilirsən?
Atabəy düz Səmranın gözlərinin içinə baxaraq dedi:
– Mənə inanırsan?
Səmra ürəyində nələrdənsə əmin olmasa da ona baxıb
“inanıram” söylədi.
– Atan bizə başsağlığı üçün yox, mənə qızımdan uzaq
dur deməyə, daha doğrusu, məni hədələməyə gəlmişdi.
– Ola bilməz, – deyə Səmra onun sözünü kəsdi.
– Qulaq as mənə, inanırsansa qulaq as mənə, – deyib
Atabəy sözünə davam etdi, atan ağzını açan kimi mən başa
düşdüm ki, onun gəlişi hansı məqsəd daşıyır, sən təsəvvür edirsən ki, o mənə açıq, kəskin şəkildə “sən bizim tayımız
deyilsən” dedi, ən dəhşətlisi isə atamın 3-ü günü, onun
həbsdə öldüyünü vurğulayıb, onun düzgün yolda olmadığını işarə etdi.
– Yox, inanmıram, bu qədəri də yox artıq, – deyən Səmra
dəhşətə gəlmişdi, axı o, atasını tanıyırdı, uşaqlıqdan belə
atasının alicənablığına, onun yardımsevərliyinə, nə qədər
haqsız vəziyyətlə qarşılaşsa belə, insanlara qarşı güzəştə
getmək bacarığına heyran idi, bəs indi necə ola bilərdi axı
o, kimisə belə alçaldıb incidə bilsin, hələ bu kimsə onun
övladı yaşda olsun, yox, əlbəttə, burda nəsə anlaşılmazlıq
olub. O bu düşüncələr içində Atabəyin gözlərinə baxaraq:
– Bəs sən ona nəsə dedin?
– Niyə demədim?! Dedim ki, Səmraya hörmətimdən
sizin qolunuzdan tutub eşiyə çıxartmıram, yoxsa sizi bu
dəqiqə burdan qovaram.
Səmra dəhşət içində ona baxıb:
– Sən mənim atamla necə elə danışa bilibsən, bəs məni
düşünmədin heç?
– Dedim axı səni düşündüyüm üçün onu qovmadım, onsuz da dayım qovdu, mən deyə bilmədiyimi o dedi.
– Sənin dayın kimdir axı mənim atamı hardansa qovsun,
– deyib ayağa qalxdı Səmra.
– Bəs sənin alicənablığın yüksək zirvəsi kimi görünən
atan kimdir ki, gəlib bir ölünü oğlunun gözü qarşısında
təhqir eləsin? – O, daha sərt bir səslə desə də tez səsinin tonunu aşağı saldı, özünə xatırlatdı ki, Səmranın bu olanlarda
zərrə qədər günahı yoxdu.
– Səmra, yenə deyirəm, onlar bizə başsağlığı üçün gəlməmişdilər, sadəcə, mənə yerimi bildirmək üçün gəlmişdilər, anan da içəridə anama bəzi sözlər deyib, ay nə bilim hər kəs öz tayını tapmalıdır-filan... – bir anlıq hər ikisi susmuşdu, Səmra üzünü kənara tutub ağlayırdı, Atabəy əsəbdən, gərginlikdən nə deyəcəyini artıq bilmirdi, bir müddət
keçdikdən sonra Atabəy sükutu pozdu:
– Atan bizim görüşdüyümüzü əvvəldən bilirmiş.
Bunu eşidən Səmra diksinən kimi oldu.
– Ola bilməz, bu lap ağ oldu.
– Atan özü dedi ki, mən sizin münasibəti o gecəyə qədər
ciddi hesab etmirdim.
– Atam o gecə görmədin ki, bizi necə mehribanlıqla danışdırdı, sənə oğlum dedi, bunu da inkar edəcəksən?
Atabəy təəssüf hissilə başını yırğaladı:
– Bunlar hamısı hazırlanmış ssenari idi, özləri haqlı,
mən haqsız çıxım deyə.
Səmranın artıq səbri çatmırdı ki, söhbəti davam etdirsin.
– Bu qədəri çox oldu, mənim atamla anamı təhqir etdin,
yetər, sənə dayanıb qulaq asası deyiləm.
Atabəysə onun gözlərinə dik baxaraq dedi:
– Heç bu mövzuda mən də həvəsli deyiləm uzun-uzadı danışım, sadəcə, sənə bir sözü deyirəm, unutma, mənim
atamın ruhunu gəlib onun öz evində təhqir edən insanlar
sənin valideynlərin olsa belə mənim üçün artıq yoxdular...
Mənim üçün bir tək Səmra var. Nə dediyimi yəqin ki, başa
düşürsən.
Səmra evə gəldikdən sonra da bütün günü ağladı. Çox
çətin, anlaşılmaz bir vəziyyətdə idi, anasıyla da bir söz danışmırdı, heç nə olmamış kimi dərsə gedib-gəlir, sıradan
günlər keçirirdi. Nə atası ondan bir söz soruşub maraqlanırdı, nə də anası. Maraqlansalar da ən azından özlərini elə
göstərirdilər. Valideynləri əvvəlkindən daha şən idilər, daha
çox vaxt keçirib, daha çox maraqlanırdılar Səmrayla. Axı valideynin övladdan əziz nəyi var? Hələ bu övladın ruh halının belə ağır vəziyyətə düşməsi onlarla bağlıdırsa... Günahkar və ya günahsız övladlarının bu vəziyyəti onlardan
qaynaqlanırdı. Səmra kimsəni qınaya bilmirdi; bir tərəfdə
valideynləri, digər tərəfdə isə Atabəy... Haqlı, ya da haqsızın kim olduğunu ortaya çıxarası halda deyildi, sadəcə, hər
iki tərəfə küskün idi, valideynlərinə də, Atabəyə də. Ona
qarşı ədalətsizlik etmişdilər, onun hisslərini nəzərə almadan
bir-birlərinə ağır sözlərini demişdilər. Hər iki tərəfə qarşı
susurdu, bilirdi ki, bu mövzuya qayıtsa, hansı tərəfsə haqsız
çıxmalıdı, ona görə də o bu söhbətin açılmasını istəmirdi,
ancaq qəlbinin dərinliyində onu nə qədər ağrıtsa da, Səmra
hiss edirdi ki, iki tərəfdən biri – haqlı, yaxud haqsız, artıq
onun həyatından itmək üzrəydi...
O gündən artıq 3 ay keçmişdi, valideynləri Səmranın
yaşadığı gərginliyi, psixoloji vəziyyətinin ağırlığına çox
narahat olurdular, və birlikdə qərara gəldilər ki, anası Səmranı Moskvaya xalası Əminənin yanına aparsın. Moskvaya
getmək xəbərini ilk dəfə Səmraya deyəndə o, getmək istəmədiyini desə də, xalası Əminə telefonda onu güc-bəlayla razı salmışdı, 10 gün qalıb gələcəkdilər, dərslərdə tətil
olduğundan Səmra xalasının təkidini rədd edə bilmədi.
Əminə Səmranın uşaqlığından ən çox sevdiyi insan idi qohumlarının içində, yumor ruhlu, şirin söhbətli bu qadın tibb
universitetində oxuduğu müddətdə 6 il Səmragildə qalıb,
sonra da Moskvada yaşayıb orada işləyən bir biznesmenlə
ailə qurmuşdu, və qəfildən onların həyatından çıxıb getmişdi. Təzə ərə gedən vaxtlar bir neçə dəfə əri ilə onlara qonaq
gəlirdi, amma son 6 il idi ki, o, ümumiyyətlə, Azərbaycana
gəlmirdi, əvvəllər gəlməməyinin səbəbini Səmra anasından
soruşanda anası hər dəfə “uşaqlıdı, işləyir” desə də sonradan anasının atasıyla söhbətlərindən xalasının ərindən ayrıldığını anlamışdı. Səmranın uşaqlığı xalasıyla bağlı əyləncəli
xoş xatirələrlə doluydu. Bu illər ərzində onu görməsə də
telefonla danışar, xalasının da ona olan qayğısını səsindən
anlardı. Hiss olunurdu ki, anasının Əminəyə bəslədiyi
məhəbbət digər bacılarına, qardaşına olduğu kimi deyildi.
Evin sonbeşiyi olduğundanmı, ya da Əminənin əziyyətini
bacı yox, bir ana kimi çəkdiyindənmi, o Əminəni daha çox
sevirdi, bu illər ərzində Əminə gəlmədiyindən Nailə ona
baş çəkməyi unutmamış, bir neçə dəfə Moskvaya bacısının yanına getmişdi. İndisə Səmra üçün harasa gəzməyə
getmək mümkün olmasa da, Əminə xalanın yanına getmək
olardı, həm də 10 gün nə müddətdi axı, tez keçib-gedəcək,
o öz-özünə deyib, Əminənin ona necə məhəbbətlə sarılıb
“nastinkam” dediyi günləri xatırladı.
Hava limanında onları xalası Əminə və onun 9 yaşlı
qızı Günel qarşıladı. Anasıyla Səmra Əminəgili görüb çox
sevindilər, birinci Səmranı qucaqlayan xalası “Ay aman, bu
qız nə zaman belə gözəlləşdi, Nailə? Xala sənə qurban, sən
nə gözəl olubsan, mənim nastinkam” deyib təkrar-təkrar
qızı qucaqlayırdı, bu müddətdə Nailə bacısı qızını öpüb
bağrına basırdı. Yolu beləcə qucaqlaşa-qucaqlaşa, sevinəsevinə evə çatdılar. Xalanın xoşbəxt əhval-ruhiyyəsi elə bil
evə çökmüşdü. Yad yer insana bu qədər doğma gələrmi?
Bina evinin 5-ci mərtəbəsiydi, 3 otaqlı bu evi Tahir baldızı ayrılandan sonra kirayədə qalmasın deyə almışdı. Onlar Əminəyə nə qədər “Bakıya gəl” desələr də o, həmişə
“Artıq işim, karyeram burda irəliləyir, ora gəlib hər şeyi
yenidən başlamaq istəmirəm” demişdi. Evə girən kimi ən
çox Səmranı şəkillər cəlb elədi, hər yerdə – soyuducunun
belə üzərində Səmranın şəkilləri varıydı, burda Səmranın ən kiçik yaşlarından tutmuş indiki vaxtlarının belə şəkilləri
varıydı, öz-özünə “maraqlıdı, anam bu şəkilləri nə vaxt
göndərir, bəs niyə heç vaxt mənim xəbərim olmayıb” desə
də, sonradan son zamanlar anasıyla aralarında yaranmış soyuqluq yadına düşdü, “əlbəttə, biz də bir-birinə yaxın olan
ana-qızlardan olsaydıq indi mənim də hər şeydən xəbərim olardı” – deyə düşündü. Gecə saat ikiyə qədər söhbət
etdilər. Əminə işindən, burda yaşamağın müsbət-fərqli
tərəflərindən bolluca danışdı, hələ Səmraya da “universiteti bitir, qaç bura” deyəndə, Nailə elə bu an olacaq iş
kimi tez ciddiləşib bacısına “bircə o qalıb” dedi. Əminənin
səmimiyyəti Səmranın olmayan bacısı kimi ona yanaşması
Səmraya o qədər xoş gəlmişdi ki, gecə yatanda Səmra özözünə düşündü ki, yaxşı ki, gəldim, hələ 10 gündən artıq da
qalmaq olar, yeni şəhər, yeni ev şəraiti, illər sonra yenidən
gördüyü qohumu ona hər şeyi unutdurmuşdu, hələ Atabəylə
arasında olan gərginliyi də. O özünü quş kimi yüngül hiss
edirdi.

Müəllif:Dilşad Talıbov[/i]
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 760
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri