Sənə yazmadım, Səni yazdım (20-ci bölüm)

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 2 156
Səs ver:
(səs: 0)
- Ağbəniz hündür, qaraqaş, qaragöz bu oğlan Sabirin kiçik oğluydu. Oğlanın üzündəki xeyirxah ifadə onun nəcib
qəlbindən xəbər verirdi. Sabir üçün Rəşadın başqa yeri
var idi. Bu o demək deyildi ki, o biri oğlunu çox istəmir,
valideyn uşaqların hamısını sevir, sadəcə, bəlli bir vaxtdan sonra o, övladlar arasında onların xarakterindən irəli
gələn məziyyətlərə görə seçim edir. Onların biri sənin dostun ola bilir, biri sənin güvəndiyin dağ, biri anan, bacın,
biri də elə ancaq övladın özü olur ki, o da həmişə səndən
nəsə gözləyir. Rəşad da Sabirin güvəndiyi dağıydı. Hələ
uşaq yaşlarından ailə işlərilə maraqlanan, atasının çox
işləməsinə ürəyi yanan, ailəcanlı övladıydı Rəşad. İndisə
əgər Rəşad bilirsə ki, bu qızı atası onunçün bəyənib, əlbəttə
ki, onunla evlənəcək, o bilir ki, atası onunçün həmişə hər
şeyin ən yaxşısını istəyər. Sabir bu düşüncələrlə oğlunun
gəlməyini səbirsizliklə gözləyir, 25 yaşlı müasir bir oğlanın
öz zövqünə, seçiminə görə evlənmək istəyəcəyini hesaba
qatmırdı.
Rəşad universiteti bitirdikdən sonra Türkiyədə çox az
qala bildi. Hər gün zəng gəlirdi, ya atası, ya da anası axtarırdı ki, qayıt gəl. Geri qayıtmaq isə heç ürəyindən deyildi
Rəşadın. İnsan hansı şəhərdə tələbəlik keçirirsə ora onunçün doğmalaşır. Müəllimləri artıq bir ailə kimi olmuşdu,
tələbə yoldaşlarıyla doğmalaşmışdı. Burda qalmaq Rəşadın
arzusuydu. Böyük şəhərlərdə işləmək ona öz sahəsində
daha artıq inkişaf vəd edirdi, burada karyera imkanları
daha geniş görsənirdi, nəinki vətəndə. Amma valideynləri bu arzuya qarşı çıxdıqdan sonra onun qalmağı qeyri-mümkün idi, Rəşada görə isə o nə qədər yüksəlir yüksəlsin,
valideynləri onun yanında olmayacaqsa bu yüksəkliyin bir
mənası yoxuydu. Onun yeri valideynlərinin yanıydı.
O, Bakıya gələn günü evləri doluydu qonaqla – xalaları, bibiləri, əmiləri, onların hamısının uşaqları – bilmirdi
kimlə görüşsün, hamıyla qucaqlaşıb görüşür, bir görüşdüyü
ilə unudub bir də görüşürdü, çoxdandı bu mühitdən ayrıldığı bəs-bəlliydi, amma həmin axşam öz-özünə etiraf etdi
ki, qoyub gəldiyi yer nə qədər gözəl olsa da öz evindəki
istilik dünyanın heç yerində yoxdu. Atası qonaqlarla yeyibiçməkdən yorğun düşüb tez yatsa da anası həmişəki anaydı, yorğun da olsa onun otağına girməmiş gözünə yuxu
getməzdi. Hələ əvvəllər qardaşı evdə olan günlərdə həmişə
anası otaqlarına girib günün sonunda bir az söhbət edər,
sonra onları öpüb yatmağa gedərdi, illər keçmişdi, ancaq
adət dəyişməmişdi, anasının gəlişini görən Rəşad əslində
onunçün çox xoş olan bu adəti xatırlayıb, çarpayısından
qalxıb balışına dirsəkləndi.
O, “Çox şükür ki, sağ-salamat gəldin” deyib onu qucaqlayan anasına sığındı. Bir müddət beləcə qalan anasını Rəşad özündən ayırdı. Onun səssizliyini həmin dəqiqə
başa düşdü, o ağlayırdı, nə vaxt ki anası onları belə səssizsəmirsiz qucaqlayır, o zaman kövrəlirdi.
– Mama, yaxşı da, nə olub axı, belə eləmə.
– Sevincdəndi, fikir vermə, – deyib gözlərini sildi.
Bir müddət söhbət etdikdən sonra bayaqdan yorğun olan
Rəşadın yuxusu qaçmışdı artıq. Anası olan-bitən şeylərdən
maraqla danışır, tez-tez onun gəlişinin sevincini təkrar yaşayıb oğlunun əllərini dodaqlarına sıxıb kövrəlirdi. Danışadanışa anası gəlib çıxdı qız söhbətinə, bəs demə valideynləri qız tapıblarmış, bu çağırışların da əsas səbəbi elə qız məsələsi
imiş. Bayaqdan şirin-şirin söhbət etdikləri yerdə Rəşadın bütün kefi pozularaq, anasına üzünü tutub:
– Deməli, məni gətirmək məqsədiniz buna görəydi? –
dedi.
Anası Rəşadın belə reaksiyasını görüb ürəyində “gərək
bu gün deməyəydim” deyə düşünsə də olan olmuşdu daha.
Rəşad cavab tələb edirdi.
– Bilirsən, qız qəşəng qızdı, ailəsini demirəm hələ, – danışmaq istəyirdi ki, Rəşad ona:
– Atam bilməsə də sən ki məni tanıyırsan, sən ki bilirsən
belə işlər atamın, sənin bəyənməyinlə həll olmur. Nədi bu,
paltardı? Universitet seçimidi, nədi ki, siz mənim əvəzimə
qərar verirsiz? – danışdıqca daha çox əsəbiləşirdi Rəşad.
Anası onu sakitləşdirmək məqsədilə ona:
– Biz heç nəyə qərar verməmişik, əlbəttə ki, qərarı sən
verəcəksən, sadəcə, qız bizim ürəyimizə yatıb, istəmişik ki,
sən də baxasan, vəssalam.
– Məndən əlinizi üzün, hansı əsrdən qalmışam ki, bu
şəkildə evlənəm, – deyib işığı söndürərək yatağa uzandı.
Anası söhbəti artıq davam etdirə bilməyəcəyini görüb,
gözlərini əsəbiliklə tavana zilləyən oğlunun üzərindəki adyalı düzəldib otaqdan çıxdı.
Yataq otağına girəndə bilərəkdən səsli girdi ki, heç olmasa bir az Sabirlə söhbət etsin, ərinin yatdığını görüb fikirli-fikirli yatağa uzandı.
Rəşadın yuxusu artıq qaçmışdı, yerin içində fikirləşirdi.
Valideynlərinin onun həyatına bu qədər qarışmasına acıqlıydı, düzdü, Türkiyədə olduğu 7 il müddət ərzində o, sözün əsl mənasında kef eləmişdi. Tələbələr yataqxana kirə
şəraitində yaşayan zaman atası onun oxuduğu universitetə yaxın ərazidə ev belə almışdı. Bu illər ərzində pul gücünə
əldə edilə bilən hər cür zövqü o, atasının hesabına əldə etmişdi. Bununla belə, heç nə haqq vermirdi ki, valideynləri
onun evliliyinə qarışsınlar. Çox fikirləşdikdən sonra belə
bir qərara gəldi ki, vəziyyət ciddiləşsə Türkiyəyə qayıdar,
müəyyən müddət orda qalıb ara sakitləşəndə yenidən Bakıya gələr. Atasının onun üçün necə darıxdığını düşündü.
Rəşad verdiyi bu qərardan sonra bir az yüngülləşdi, anasıyla
söhbətdən sonra onun sanki canı sıxılırdı, həm də ki, Rəşad
bu tezliklə evlilik istəmirdi axı, 26 yaşı olmasına baxmayaraq qarşısına hələ haqqında ciddi fikirləşəcəyi bir qız çıxmamışdı. Görüşdüyü qızlar onda xoş təəssüratlar yaratsalar
da bu, müvəqqəti olmuşdu, türklər demiş, bir neçə yaz aşkı
yaşamışdı, vəssalam. İndisə karyera qurub yüksəklərə qalxmaq arzusu var idi içində, valideynləri isə onun arzuları,
planları barədə heç maraqlanmadan elə “evlən” deyirdilər,
evləndirəcəkləri qızısa heç görmək belə istəmirdi, az-çox
o ailə haqqında eşitmiş, atasıyla iş birlikləri olduğunu bilirdi Rəşad. Qardaşı Rzanın toyunda Tahirgilin gəldikləri
yadındaydı, amma nə qədər çalışsa da onların yanında qızları olduğunu yadına sala bilmədi, sonra öz-özünə düşündü
ki, ya qızı gətirməyiblər, ya da yadda qalası qız olmayıb.
Ümumiyyətlə, belə bir fikrin irəli sürülməsində ailəsi qədər
qız tərəfini də qınayırdı, əsəbiləşərək deyinirdi ki, bu qızı
alan yoxdumu elə mənə sırımaq istəyirlər...
Nailə Sabirgilin gələcəklərinə görə iki gün əvvəldən
hazırlaşmışdı, çünki bu gəliş həmişəki gəlişlərdən deyildi, bu dəfə Sabirin yaraşıqlı, təhsilli, bəlkə də Səmraya
tam uyğun olan oğlu gələcəkdi. O, yeməklərin siyahısını
hazırlayıb xidmətçilərə versə də ürəyi durmayıb qollarını çırmayıb özü mətbəxdə işləyirdi. Tahir baş verənləri dərk
etsə də, Nailənin təlaşının səbəbini başa düşsə də, özünü o
yerə qoymur, təmkinini qoruyub saxlayırdı. Ona görə Nailə
hər bir qız anası kimi təbii olaraq qızın həyatının qayğısına qalırdı, o ki qaldı hər hansı izdivacın baş tutmasına, əgər alınsa
niyə də olmasın, əvvəl-axır bu qız biriylə ailə qurmalıydı, ya
yox? Sabirsə zəhmətkeş, çalışqan adamdı, yaxşı atadı, belə bir
adamın oğlu da pis olmaz. Ot kökü üstə bitər düşünürdü Tahir.
Səmra da artıq anasının onun üçün münasib kürəkən axtarışlarından və namizədlərə düşünmədən yox deməsindən
bezmişdi. Son zamanlar Səmranın əvvəlki sakitliyi, susqunluğu da getmişdi, dərsləri yaxşı gedir, evdə çox şey qaydasına düşürdü. Yaşadığı eşq əzabının da ağrıları əvvəlkitək
dözülməz deyildi. Valideynlərilə tez-tez xarici ölkələrə
səfərlər edir, ürəyinin dərinliyində onlara qarşı qırılan hansısa tellərin varlığını bacardığı qədər gizləyirdi. Ayrıldıqlarının ilk illəri valideynlərilə münasibətləri lap pis idi. Onunla danışmaq istəyəndə, istənilən mövzuya münasibətini soruşanda onlarla söhbət etmir, susub otağına çəkilirdi. “Siz
necə istəyirsiz... özünüz bilərsiz” deyib onlarla söhbətdən
yayınırdı.
Səmra hər dəfə yeməyini mətbəxdə yeyib otağına
çəkilirdi. Valideynləri çox vaxt beləcə tək yeyirdilər yeməklərini. Səmra onlarla süfrəyə oturanda da könülsüzkönülsüz yeyib stol arxasında olan söhbətlərə qoşulmurdu.
Nailəni üzən ən çox ərinin və qızının susqunluğuydu. Ərini
hər kəsdən yaxşı tanıyan Nailə əslində bu susqunluğun altında ərinin nə qədər əzab çəkdiyini çox yaxşı anlayırdı. Tahir
qədər emosiyalarını, zahiri sakitliyini qoruyub saxlamağı
bacaran ikinci bir adam ola bilməzdi. Bir gecə yenə Səmra
onlarla birlikdə nahar etmək istəməmişdi, atası qızının otağına girib: “Mənim qızım çörək yemək istəmirmi?” – deyə
soruşduqda, qızı tələsik: “Yeyin, mən artıq yemişəm” demişdi. Qızın üzü, danışmaq istəmədiyini göstərən bir ifadə
almışdı. Tahir tutulduğunu büruzə vermədən stola keçib arvadına: “Qızımız yeyib, tək yeyəcəyik” deyərək köksünü
ötürmüşdü. Atabəylə ayrılıqlarının beş ili artıq keçmişdi.
Səmra özünü ələ almalıydı. Nailə öz-özünə: “bu belə davam edə bilməz, bir dəfə açıq söhbət etməliyəm onunla”
deyə qərar verdi. Əslində bir neçə dəfə söhbət etmək istəsə
də alınmamışdı, ya nəsə bundan betər vəziyyət alınar deyə
özü cəsarət etməmiş, ya da qızı buna imkan verməmişdi.
İndisə o özündə bir az qüvvə toplayıb Səmranın otağına girdi, anasını görən Səmra adi baxışla ona baxıb:
Nə lazımdı, ana? – soruşdu.
– Heç, bir az danışmaq istəyirdim sənlə, – deyib söhbətə
başlamaq üçün ətrafa baxdı. Hiss olunurdu ki, təsirli başlanğıc axtarır. Səninlə söhbət etmək istəyirəm neçə vaxtdı, istəyirəm deyəm ki, belə gedə bilməz, sən bizə – atana,
mənə, hətta özünə qarşı bu qədər amansız ola bilməzsən.
Sən düşünmürsənmi ki, bütün bu olanları bağışlamaq olar?
– deyib anasının səsi titrədi.
Səmra gözlərinə inana bilmirdi, anası ağlayırdı, onun
hələ uşaqlığından yadına gəlmirdi ki, anasının göz yaşını
görsün, bir-iki dəfə uşaqlıqda Səmra xəstələnən vaxtlar olmuşdu ki, anası kövrəlsin. Səmra onun gözlərinin yaşardığını hiss etmiş və bu o qədər ani olmuşdu ki, ona aydın
olmamışdı ki, anası həqiqətən kövrəlib, ya yox, hər halda
onun hafizəsində ağlayan ana yoxuydu. Bəs indi necə olmuşdu ki, anası onun qarşısında ağlayırdı?! Səmra anasını
yaxşı tanıyırdı. Bu göz yaşları nə Səmranı yenidən qazanmaq, nə də onun ürəyini ələ almaq üçünüydü, sadəcə, bir
günahkarın peşmançılıq etirafları idi. O, anasını yaxşı tanıyırdı, nə olursa olsun, anası zəifliyini büruzə verməzdi.
Səmra nə qədər anasının onun qarşısında ağlamağına özünü
pis hiss etsə də, digər tərəfdən o, belə ananı daha çox sevdiyini anladı, nəinki öz təmkinini, məğrurluğunu, qürurunu
düşünüb addım atan ananı. Səmra ilk dəfəydi düşünürdü ki,
bax indi anam özüdü. Ən təbii halıdı anamın, ürəyi olan,
ruhu olan anaydı, onun da hissləri varıydı.
Anası göz yaşları içində danışırdı:
– Sən də, biz də heç nəyi geri qaytara bilmərik, başa
düş ki, artıq olan olub, sən öz həyatını da, bizim həyatımızı
da məhv edirsən, artıq dözə bilmirəm, atanın halı get-gedə
pisləşir.
Səmra kövrəlmişdi, birdən anasının sözünü sakitcə kəsib
az qala pıçıltıyla dedi:
– Onu sevirdim...
Eyni pıçıltıyla, güclə eşidiləcək bir səslə anası:
– Bizi də sev, – dedi, – bilirəm sevdin onu, çox sevdin, amma bizi də sev, – bu elə bil ah idi, yalnız indi bu
məsələlərdə o, anasının, hətta atasının nə qədər əzab çəkdiyini anlayırdı, həmin gecə anasına bir kəlmə də söz demədi
Səmra. Nə onu günahlandırdı, nə təsəlli verdi, sakitcə sükut
içində anasına baxdı, anası da bir müddət sonra qızından
səs çıxmadığını görüb otaqdan çıxıb getmişdi.
Anası onun üzündən yanıqlı-yanıqlı ağlamışdı, bu elə
ürək ağrıdan mənzərəydi ki, o bu anı, yəqin ki, ömrü boyu
unutmayacaqdı. Tək ona görə yox ki, anasının ağladığını
ilk dəfə görürdü, əsas ona görə ki, anası onun üzündən ağlamışdı. Həmin gecədən sonra Səmra bacardığı qədər özünü
lazım olan kimi aparmağa çalışırdı, lazım olan kimi, yəni
əvvəlki vaxtlardakı kimi, ondan əvvəlki vaxtlardakı kimi...

Müəllif:Dilşad Talıbova[/i]
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 156
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri