Sənə yazmadım, Səni yazdım (23-cü bölüm)

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 2 148
Səs ver:
(səs: 0)
Tahir müəllim qonaqlar gedən kimi yataq otağına getdi.
Səmranın da öz otağına getdiyini görən anası arxasınca otağa gəldi. Səmra anasının gəlişinin məqsədini bilirdi.
– Mən də elə bilirəm Rəşad psixologiyada oxuyur, sən
demə o tibbi bitirib, səhv başa düşmüşəm. Solmaz deyəndə
eyni ixtisas, sən demə bizi – atanla məni nəzərdə tuturmuş,
– deyib sözlərinin qızına necə təsir etdiyini bilmək üçün
diqqətlə ona baxdı.
Səmra susmuşdu, anasının bilərəkdən səhv adlandırdığı
bu mövzu üzərində durmaq istəmədi, yalanı üzünə vurub
hansı doğrunu ortaya çıxarasıydı ki...
Qızının sakitliyini görüb Nailə sözə başladı:
– Deyirəm Rəşad nə mədəni, nə alicənab oğlandı, çox
xoşum gəldi. Kitabxanada nə danışdız? Hiss etdinmi ki,
onunla dostluq, yoldaşlıq etmək sənə də pis olmaz? – deyib sual dolu nəzərlərlə qızına baxdı. Anasının nə demək
istədiyini çox gözəl başa düşən Səmra adi şəkildə:
– Kitabxanada nə danışarlar ki? Kitablar haqqında danışdıq, vəssalam.
– Rəşad bəyəndi kitabxanamızı?
– O barədə bir söz demədi, – sonra anasına baxıb güləgülə: – bilsəydim soruşardım.
– Zarafata salma, dedim görüm nə deyib, – qızının kefinin yaxşı olduğunu hiss edən ana tez: – Söhbətiniz də tutdu deyəsən, o dəqiqə hiss olunur ki, dünyagörüşlü müasir
gəncdi.
Səmra anasının boşuna ümidlənməsini istəmədiyindən,
əməlli izahat verməyə məcbur oldu. – Mənim onunla söhbətimin tutmağı hardan gəldi ağlına? Kitabxananı göstər dediz, nəzakət xətrinə göstərdim, bir də ki, o müasir dünyagörüşlü oğlandı deyə mənim onunla söhbətim tutası deyil, elə müasir oğlanlar universitetdə, işlədiyim klinikada nə qədər
desən var. Üzündəki bayaqkı sevincin yerini ümidsizlik alan
anasının üzünə baxaraq: – lazım deyil, mama, xahiş edirəm
özünü də, məni də yorma. Bu gün hansısa tanımadığım bir
tipi mənlə söhbət etdirərək nəyəsə nail olmayacağını anla,
xahiş edirəm.
Anası isə:
– Ola bilər ki, bu gün mən nəyisə düz eləmirəm, amma
bil ki, düz bildiyimi edirəm, sən özün ana olanda, bəlkə də
məni az da olsa anlayacaqsan, – deyib Səmranı öpüb getmişdi otaqdan.
Səmra anasına bu gün barədə səmimi olmadığına görə
əzab çəkirdi. Uşaqlığı yadına düşürdü, bir zamanlar nə qədər yaxın olduqlarını xatırlayırdı. O vaxtlar aralarında olan
ana-qız bağlılığının indi yox olması onu kədərləndirsə də,
o, vəziyyəti dəyişəcək hansısa addımı ata bilməyəcəyini
yaxşı bilirdi. Bu zaman Atabəy düşdü yadına, ailəsinin ona
qarşı etdiyi haqsızlıqlar düşdü, sonra öz-özünə düşündü nə
qədər qəribədi, onunla 5 ildir ki, ayrılmışıq, amma hələ də
ailə bağlarında hansısa dərin mövzu gedir Atabəyə dayanır.
Aramızda məsafədən başqa heç bir şey qalmayan Atabəy hələ
də həyatımızla bağlı çox mövzunun kökü olaraq qalmaqdadır. Və yenə də dodaqlarında Atabəyi xatırlayarkən həmişə
əzbərlədiyi “görəsən, indi nə edir” sözlərini pıçıldadı.
Səmra Rəşad haqqında anasına həqiqəti söyləməmişdi.
Valideynlərini tanıdığından daha köhnə fikirli şöhrətpərəst
birini gözləmişdi Səmra, ancaq Rəşadın çox tərbiyəli və
mədəni, anası demiş, müasir biri olduğu ilk dəqiqədən onun
nəzərindən qaçmamışdı. Onun haqqında düşündüklərini
anasından gizləməyinin əsas səbəbi anasını gərəksiz yerə ümidləndirmək istəmədiyi üçün idi. Çünki bu oğlan elə bu
qədər idi Səmra üçün, yaxşı oğlanıydı, vəssalam.
Rəşad evlərinə gələndən sonra anası nə qədər dilə tutub
qız haqqında soruşmaq istəsə də, heç nə öyrənə bilmədi.
Rəşad gah əsəbi halda “bu qızın adını yanımda çəkməyin”
dedi, gah lağla “bu qızdan ötrü öldüm” dedi, ancaq ciddi bir söz demədi. Amma Rəşad ürəyindən keçənləri heç
özü də anlamırdı ki, nə baş verir. O gündən sonra özü belə
bilmədən zaman-zaman özünün Səmrayla kitabxanadakı söhbətini xatırlayır, internetdə hansısa görkəmli şəxsiyyətlərin məktublarını axtarır, onları oxuyurdu. Bu arada o internetdə axtarıb Səmra üçün maraqlı olacaq kitab
tapmışdı, İngiltərədə çap olunmuş bu kitab “Dahilərin eşq
məktubları” (Ursula Doyle. Love letters of great men) adlanırdı, kitabı online sifariş vermək üçün çox gözləməsin
deyə qardaşı Rzaya zəng vurub kitabı daha tez bir zamanda
göndərməsini istəmişdi. Qardaşı da bu aralar onunla zarafatından qalmır, atasıgilin onu evləndirmə istəyinə ürəkdən
gülürdü. Sabirin oğullarının ailə bağları nə qədər möhkəm
olsa da, onlar xarici ölkələrdə təhsil aldıqları müddət daxili müstəqillik əldə etmişdilər. Müasir həyatın tələblərində
isə valideynin bəyənməsilə evlilik mövzu ola bilməzdi.
Bunu hamıdan yaxşı bilən böyük oğul Rza isə bu aralar qız
məsələsini o ki var dilinə dolayır, sonra daha ciddi şəkildə
“çıx yanıma gəl, onlar sakitləşəndə qayıdarsan” – deyirdi. Rəşadı məcbur evləndirəcəklərinə narahat olur, kömək
üçün variantlar təklif edirdi. İndi isə Rəşad kitab istəyəndə
qardaşı zarafatla yoxsa kitabı Tahir müəllimgilə alırsan?
Rəşad qardaşının zarafatını cavabsız qoyub bir müddət
telefonda susmuşdu, qardaşı da onun tutulmasına artıq
qız məsələsindən əməlli-başlı bezməyi kimi qiymət qoymuşdu. Kitab 3 günə Rəşada çatsa da onu necə verəcəyini
bilmədiyindən maşınında qalmışdı. Rəşadın təbiətində qız
sevmək, dərdindən dəli olmaq kimi bir xüsusiyyət yoxuydu, və indiyə qədər o hansısa qızla olan söhbətini bu qədər
təkrar-təkrar gözü önünə gətirməmişdi. Səmranın ağ üzü
sadə geyimdə belə olsa xanım-xatın duruşu, sakit təmkinli
baxışları gözü önündən getmir, tez-tez özünü onu düşünən
halıyla yaxalayırdı. Rəşad üçün çox yad olan bu hala o
acıqlanırdı, əslində bu qızda elə xüsusi gözəllik yoxuydu,
bəs bu qızda nə varıydı ki, Rəşadı özünə çəkirdi. Bir neçə
gün düşünməli olsa da cavabı tapmışdı Rəşad. Səmra hər
şeyi ilə özüydü. Boyasız üzüylə, solğun dodaqlarıyla, təbii
sadəliyilə özüydü, o, min cür bərbəzəkdən, sünilikdən, saxtalıqdan uzağıydı.
Səmranı tanıdıqdan 14 gün keçmişdi, hələ də anasına
düşündükləri haqda heç nə deməmişdi, bunu ən çox onunla bağlayırdı ki, Rəşad özünü valideynlərinin sözüylə oturub-duran “uşaq” kimi göstərmək istəmirdi, istəmirdi ki,
valideynləri ona “bax gördün, əsib-coşmağın özünə qaldı,
biz sənə demişdikmi necə qızdı, bilsəydik ilk gündən qızı
sənə göstərərdik elə görən kimi özün bənd oldun” kimi
sözlər desinlər, istəmirdi ki, biz sənə demişdik cümləsi başda olmaqla arxasınca min dənə cümlə gəlsin. Bəs Rəşad
necə, bənd olmuşdumu bu qıza? Heç özü də bilmirdi, amma
nəsə fərqli durumun içində olduğu bəlli idi.
Birdən onda qarşısıalınmaz bir hiss yarandı ki, bu qeyri-adi qızı yenidən görsün, anasıgilin danışığından bilirdi
ki, Səmra uşaq psixoloji mərkəzində işləyir. Rəşad üçün bu
ünvanı öyrənmək elə də çətin olmazdı. İnternetdə Bakıda
yerləşən bütün uşaq psixoloji mərkəzlərində işləyən psixoloqların siyahısına baxmaqla onu tapmaq olardı. Ünvanı beləcə öyrənən Rəşadın gecəynən yuxusu ərşə çəkilmişdi,
sabah iş vaxtı 9:00-da orda olsa, onu görəcəkdi. Rəşad bu
görüş üçün çox planlar qursa da, heç birinə əməl etmədi,
planlardan biri onun guya təsadüfən burdan keçməsi və
təsadüfən Səmraya rast gəlməsi, və ya hansısa tanışı üçün
yalandan psixoloq axtarışı, bütün bu planlar ona axmaq
bəhanə kimi göründüyündən qərar verdi ki, ən yaxşısı
uzaqdan, görünmədən onu görməkdi və bəlkə elə oradaca bu qıza olan mənasız marağı itər, bir də daxilində onu
görmək kimi axmaq arzu peyda olmaz. Rəşad gecə nə qədər
gec yuxuya getsə də səhər 7-də oyanmışdı. Bakıya gələndən
ilk dəfəydi tez qalxırdı, anasına Türkiyədə oxuduğu tələbə
yoldaşıyla görüşəcəyini deyib evdən çıxmışdı. Psixoloji mərkəz yerləşən küçənin baş tərəfində maşını saxlayan
Rəşad saatına baxdı ki, işçilər hələ indən belə gələcək,
son dərəcə diqqətli olmaq lazımıydı, o bu qızı ilk dəfə ev
şəraitində gördüyündən onu iş geyimində tanımaya bilərdi.
Bu binaya gedən yol dar olduğundan xoşbəxtlikdən maşın
keçmirdi. Bu o demək idi ki, binaya maşınla gələn adam
ya küçənin ayağında, ya da küçənin başında Rəşad maşını
saxlayan yerdə düşüb piyada gəlməliydi. Adamlar yavaşyavaş gəlməyə başladıqda Rəşad hər ehtimala qarşı tanınmasın deyə gözünə eynək taxdı. Birdən küçənin aşağısında
dayanan maşını tanıdı, bu Səmragilin sürücüsü idi, bu qara
BMW-ni Rəşad Səmragilə gedəndə görmüşdü. Onun ürəyi
çırpınmağa başladı, qızın maşından düşüb sakit addımlarla
binaya yaxınlaşdığını görürdü, Səmra o gün gördüyündən
daha gözəl, daha canlı görünürdü, qəşəng qısa qollu don,
boz rəng çantası və ayaqqabısı onu olduqca zərif göstərirdi.
Saçlarını yenə ogünkü kimi sadə yığmışdı. Səmra binaya
çatmamış Rəşad görünməkdən qorxub həmin yerdən tez uzaqlaşmışdı. O gündən sonra Rəşad özünə nə qədər qadağalar qoysa da, yenə səhərlər özünü burda psixoloji mərkəz
yerləşən binanın küçəsində tapırdı.
Rəşad Bakıya gələndən atası Tahirin klinikası başda olmaqla bir neçə yerdə iş təklif etsə də hələ bir qərar verməmişdi. Rəşad atasının dostunun, tanışının köməyi olmadan,
heç bir dəstək olmadan, yalnız öz hünərilə hədəfinə çatmağı, karyera qurmağı arzulamışdı, onun kitabında kiməsə
güvənib, arxalanıb hərəkət etmək yoxuydu, atası olsa belə.
Ancaq bu qanunlar Səmranı tanımadan öncəydi, və nəhayət,
Rəşad Tahir müəllimin klinikasında işləmək istəyini anasına dedi, xəbər elə gözlənilməz olmuşdu ki, ər-arvad nə
deyəcəklərini bilmədilər, bu tək iş məsələsinin yox, qız
məsələsinin də əlli faiz həll olunması demək idi.
Tahir Rəşadın öz klinikasında işləməsinə çox isti yanaşdı. Rəşad vaxt itirmədən həftənin birinci günündən işə çıxmalıydı. Yeni iş günündə Tahir ona bol-bol uğur, yüksək
nailiyyətlər arzulayıb, Rəşad üçün yenilik olan ən xırdalıqlarla belə onu tanış etdi və sonda isə iş otağını göstərdi.
Beləcə Rəşadın həkim kimi iş həyatı başladı. Günlər gəlib
keçir, Rəşad yavaş-yavaş işə bağlanır, burdakı ab-havaya
alışırdı. Bir aya yaxın idi ki, artıq burada işləyirdi. Zamanzaman qarşısına çıxan çətinliklər olanda Tahir müəllimə
müraciət edir, ondan məsləhət alırdı. Bir gün o, Tahir
müəllimin yanına gedib bir neçə problemli vəziyyətə onun
fikrini bilmək istəmişdi, qapıda tibb bacısı saxladı ki, müdirin qızı yanındadı, hələ gözləyin. Rəşadın ürəyi çırpınmağa
başladı, onunla söhbətindən hardasa iki ay keçmişdi. Teztez iş yerinə getsə də qızın gözünə görükməmişdi. İndisə
burda qapının o biri tərəfindəydi. Rəşad elə həyəcanlandı ki, burda qala bilməzdi, qapı açılanda ata-qız onun bu
həyəcanını görüb nəsə anlaya bilərdilər, axmaq vəziyyətə
düşə bilərdi. O üzdən də sürətlə öz otağına tərəf addımladı.
Otağına girib özünə yer tapa bilməyən Rəşad, otaqda
var-gəl etməyə başladı. Hərdən aynaya yaxınlaşıb heç kimin
olmadığını görüb onun hələ burda olduğundan əmin olurdu.
Elə bu zaman tibb bacısı otağa girib Tahir müəllimin onu
otağa çağırdığını söylədi. Rəşad özünü bir qədər ələ alıb
otağa girəndə, Nailə onu gülərüzlə qarşılayaraq:
– Bəs gəlibsən niyə qapıdan qayıdırsan? Gəl görüş, –
sonra üzünü ərinə tutub: – indiki cavanlar niyə belə soyuqdular, görəsən?
– Rəşad neylədiyini yaxşı bilir, yəqin düşünüb ki, bizim
söhbətimizə mane olar, – Tahir təbəssümlə özünü itirmiş
Rəşada baxdı.
– İş saatında adam ancaq işə aludə olur, kimləsə görüşmək, başqa mövzular ən yaxınlar olsa belə arxa plana keçir, – deyərək Səmra Rəşada nəzər saldı, sonra da, – Xoş
gördük, Rəşad.
– Yox, mən eşidəndə siz burdasız, mane olmaq istəmədim,
ona görə otağa keçdim, amma haqlısız, görüşmədiyim üçün
günahkaram, o, bir az günahkar baxışla Nailəyə baxdı.
– Yaxşı, biz sənin günahını yuyarıq, – deyib Tahir Rəşada
baxdı, – bizim sürücü Sadiq xidmətçimiz Afəti gözləyir,
onu bura müayinə etməyə gətirmişik, bir az narahatdı nəsə,
Nailə xanımı və Səmranı zəhmət olmasa, sən apar işə.
Rəşad tələsik otağında paltarını dəyişib çıxdı, maşında
oturub ana-qızın gəlişini gözləməyə başladı, budur, uzaqdan görsəndilər, o, yalnız indi qıza baxa bildi. Səmra hər
zamankı kimi sadə, təbii görkəmində idi. Qeyri-adiydi. Maşına oturan kimi Nailə nəzakətlə:

Müəllif:Dilşad Talıbova[/i]
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 148
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri