Sənə yazmadım, Səni yazdım (26-cı bölüm)

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 2 342
Səs ver:
(səs: 0)
Ata, belə danışma, – deyib kövrəlsə də o, sözünə davam etdi:
– Mən bu söhbəti sənlə çoxdan etməliydim, axır ki, bunu
etməyə özümdə cəsarət, güc tapdım. Bu səbəbdən dinlə
məni, sənin mənə və anana hörmətin, etimadın itib, bunu
mən çox gözəl anlayıram və buna sonsuz dərəcədə təəssüf
edirəm. Bizim aramızda bizi bir-birimizə bağlayan təbii
sevgi qalıb, dərin doğmalıq bağından doğan sevgi, valideyn
sevgisi, bu elə bir sevgidir ki, buna qarşı qoya bilmirsən,
buna rəğmən sevirsən. Hörmət və sevgi bir-birindən fərqli
şeylərdi, çox vaxt biri digərini istisna edir. Bunların ikisinin bir arada olması nadir olan şeydi, lakin mümkünsüz deyil... amma hər halda sevgisiz yaşamaq olsa da hörmətsiz,
sayğısız yaşamaq yaşamaq deyil, hörmət hissini itirmiş
ailə qırıq-qırıq, parça-parça olub dağılır. Bu zaman sevgi
nə qədər ilahiləşmiş olsa belə kömək edə bilmir. Ən azından mən belə düşünürəm. Sən onu sevirdin, – o, Atabəyin
adını bilsə də çəkmirdi, – ona olan sevgin nə qədər böyük
olsa da, bizə olan etimadından, bizim sözümüzün gerçək
olub-olmaması sənin üçün müzakirə mövzusu belə olmadı, əslində dönə-dönə yoxlamaq olardı, bu söhbətin gerçək
olub-olmadığını aydınlaşdırmaq, dərininə getmək olardı,
amma sən etmədin. Halbuki bütün bunları düşünüb edəcək
qədər sənin ağıllı olduğunu məndən yaxşı heç kim bilə
bilməzdi. Sən anana və mənə olan etimadından bizi yanlış
tərəfdə görmək istəmədin, insan görmək istədiyini görər,
eşitmək istədiyini eşidər, sən də əzab çəkmək bahasına
olsa belə bizi doğru yerdə görmək istədin, bizim yanımızda
oldun. Həqiqəti biləndə isə bircə dəfə də olsun üzümüzə
vurmadın, üsyan etmədin, bu şərə xeyirlə cavab vermək
kimi bir şey idi. Bu iki itkinin haqq-hesabını tələb etmədin;
səni boya-başa çatdıran valideyn və həyatında dəyər verib,
sevdiyin insanın itkisinin əzabını yalnız başına çəkdin. Və
istəyirəm biləsən ki, sən buna layiq deyilsən, sən həqiqətən
yaxşı qızsan, Səmra! Sən misilsizsən, sənin həddən artıq
böyük ürəyin var. – Son sözlərini deyəndə artıq onun səsi
titrəyirdi. Səmra atasını ilk dəfəydi belə çarəsiz görürdü,
həmişə onun gözündə dəmir iradəli bir insan olmuşdu
halbuki. – Bu illər ərzində sənin ruhi pərişanlığının, keçib getməyən kədərinin səbəbi heç kim yox, mən özüm
idim. Ananı günahlandıra bilmərəm, o qadındı, qadınlar
ərlərinə təsir edə bilirlər, amma son sözü onsuz da həmişə
kişilər deyir, hər dəfə sənin solğun, cansız üzünə baxanda
səndən əsirgədiyim xoşbəxt anlara görə, içimdə ilişib-qalmış günah hissi gün-gündən böyüyürdü. – Artıq ikisinin də
gözləri yaşarmışdı, o, bir az susduqdan sonra yenə danışdı: – Amma həyat ədalətsizdi, valideynin səhvinin cəzasını övlada çəkdirməməliydi, – deyib Səmraya mehriban
nəzərlərlə baxmağa davam etdi, – hər şeyin bir həddi var,
artıq xoşbəxt olmalısan. Və sən xoşbəxt olmaq üçün lazımi
qədər əzab çəkmisən. Həyat bizə xoşbəxt olmağa o zaman
izin verir ki, artıq səndən alacağını alıb və artıq səndən alınan alınıb, indi gəncliyinin xoşbəxtliyə ehtiyacı olduğunu
düşün, insan yalnız bir dəfə gənc olur. Heç nəyi, heç kimi
düşünmə, yalnız xoşbəxt olmağa çalış. Xoşbəxtlik səni
gözləyir. – Səmra onun ürəyindəki ağır yükü hiss edirdi, və
bu yük təkcə onu yox, Səmranı da atasıyla birlikdə əzirdi.
Söhbət əsnasında Səmra bir neçə dəfə “ata” desə də atası
danışırdı. Ata-bala arasında bu tərz söhbətlər nadir hallarda, bəlkə də ömürdə bir yol olur. Bir-birlərinə olan kövrək
baxışlarıyla hər ikisi bunu anlamaqdaydı. – Yox, bu haqda
gərək çoxdan danışaydım sənlə, – deyib qızına gülümsündü, – mən həmişə yaxşı ata olmağa çalışdım, düzdü, üzdə
bunu elə yaxşı göstərə bilmirdim, amma mən çalışırdım ki,
yaxşı ata olum, ümumiyyətlə, mən öz sevgisini başqalarına
asanlıqla bəxş edən insanlardan olmamışam heç vaxt. Bunu
ən yaxşı anan bilib. Qapanıq adam olduğumdan ürəyimdən
keçsə də mənə həyatda ən əziz olan insanla – öz qızımla
belə səmimi ola bilmədim. Amma bu gün sənlə bu söhbəti
edəndə düşünürəm ki, bu elə də çətin deyilmiş və sonda
onu anladım ki, bəzi həyati səhvlərin üzrü olmur, bu üzdən
də bağışla demirəm... – O bu sözlərlə nitqini başa vurduğunu
bildirmək üçünmü, yoxsa gözünün yaşını qızının görməməsi
üçünmü üzünü yana çevirdi. Səmra onun əzab dolu üzünü
özünə tərəf dönməsini gözləmədən onun boynunu qucaqlayaraq öpüb göz yaşları içində otaqdan çıxdı.
Atasıyla söhbət ona çox dərin iz buraxmışdı. Uşaqlığından bəri onunla heç vaxt bu qədər yaxın olmamışdı, o, duyğularını atası qədər saxlaya bilən ikinci adam tanımırdı. Bu qədər məsafəli olmalarının səbəbi bəlkə də anası olmuşdu, atasının qızı haqqında düşündüklərini, qızına çatdırılası hər hansı sözü vasitəçi kimi ancaq özü həll etmişdi.
Atası demək olar ki, qızına verəcək sevgini də arvadıyla
göndərmişdi Səmraya.
Ailənin bu ağır günlərində Sabirgil onlara ən yaxın qohum kimi dəstək oldular. Tahir xəstə olsa belə onların bu
canfəşanlığını görür, hələ də Səmrada gözləri olduğunu
dərk edirdi, bu üzdən ikisi də yatağında uzandığı vaxt arvadına:
– Nailə, bu Sabirgili neyləyək? Vallah adam lap utanır,
ər-arvadın etdiyi bir tərəfə, Rəşad kimi oğlanı itirmək isə
mənə çox ağır gəlir.
Bunu eşidəndə elə bil Nailənin dərdi açıldı:
– Gör mən nə çəkirəm indi. Solmazın üzünə baxa bilmirəm, deyirəm indi bizim haqqımızda fikirləşir ki, özlərini
naza çəkirlər; nə hə deyirlər nə yox. Bir də mən xəstəxanada
fikir verdim ki, Rəşad özü də Səmraya qarşı nələrsə hiss edir.
Rəşad hiss etdirmək istəməsə də mənim gözümdən elə şeylər
qaçmır, bir əli işdə olsa da bir gözü onun üzərindəydi həmişə,
bizimki də buz kimi fırlanırdı boş-boş, biz neyləyəcəyik bu
qızla?
– Neyləyəcəyik, get qızla danış, razı deyilsə sözümüzü
deyək, ayıbdı, adamları bu qədər gözlətmək düzgün deyil,
qoy getsinlər oğullarını evləndirsinlər.
Bunu eşidəndə Nailə:
– Bəs bizimkinin axırı nə olacaq?
– Nə olacaq, öz həyatına davam edəcək. Qolunu burub
verəsi deyilik ki, 25 yaşında qızdı, – o, daha qəti bir səslə
əlavə etdi: – Bax sənə yenə deyirəm, artıq söhbət etmə, qızın son dəfə fikrini öyrən, yox deyirsə yox, başqa söhbət
etmə.
Ərinin qəti şəkildə tapşırığına əməl etməkdən başqa
əlindən heç nə gəlməyən Nailə qızına necə təsir edəcəyini
düşünə-düşünə yuxuya getdi.
Səmra atasının xəstəliyindən sonra çox üzgün, yorğun
bir haldaydı, atasının başına gələnlərdə özünü də günahkar
sayır, bəzi şeyləri özünə bağışlamırdı, məsələn, o düşünürdü ki, hər şeyə rəğmən o “yaxşı qız” olsaydı valideynlərini
xoşbəxt edə bilsəydi, bəlkə atası da belə xəstələnməzdi.
İnsanın həyatı gərək əvvəldən səhv olmasın, doğru başlanğıclar insanı bir ömür izləyir, və sonda doğru yerdə
qərarlaşmasına gətirib çıxarır.
“Bəlkə də vaxtında mən sevgimə inansaydım, arxasında dursaydım, öz sevgimdən qorxmasaydım, zamanla
valideynlərim də məni bağışlayar, bir-birimizdən indiki
kimi əbədi qırılmazdıq... Bəs mən neylədim? Mən qorxaq
kimi özümü həyatın axarına buraxdım, həyat ürəyi istədiyi
kimi bataqlıqlarında boğdu ruhumu, təkrar-təkrar yenidən
diriltdi. Qorxaqların da axırı beləcə olur, nə onu bağışlayırlar, nə də o özünü bağışlayır. Həyatının hər səhifəsi
keşkələrlə başlayıb keşkələrlə bitir”.
Anası ondan hə, ya da yox qərarını öyrənmək istəyəndə
əslində çox ümidsiz gəlmişdi, lakin Səmranın qərarlı bir
şəkildə ona “mənə fikirləşməyə bir gün vaxt ver” deməsi
onu əməllicə çaşdırmışdı. Səmra bu “bir gündə” Rəşadla
danışmaq istəmişdi, gecədən Rəşada zəng vurub “imkan
olsa işdən sonra görüşək” deyəndə Rəşadın səsindəki sevinci hiss etməmək mümkün deyildi. Rəşadla danışıb yatağına uzanan Səmra sabahkı görüşü düşünməyə başladı. O
qərarlıydı, Rəşada hər şeyi anladacaqdı, hər şeyi, və hər şey də onun reaksiyasından asılı olacaqdı. Rəşad nə qədər müasir, nə qədər nikbin əhval-ruhiyyəli biri olsa da Azərbaycan
kişisi idi və evləndiyi qız haqqında hər şeyi bilmək onun
ən təbii haqqı idi, bunu bilməyinsə ən yaxşı yolu Səmranın
özündən eşitmək idi.
Danışdıqları kimi Rəşad saat 5-də onu gözləyirdi. Səmra
ona yaxınlaşanda Rəşadın üzü həmişə olduğu kimi gülərüz,
mehriban idi. Amma bu dəfə baxışlarında narahatçılıq varıydı. Salamlaşıb maşına oturduqdan sonra Rəşadın ilk
sözü:
–Tanıdığım yaxşı restoran var, bəlkə ora gedək?
– Gedək, mənim üçün fərqi yoxdu, – deyib razılıq bildirdi
Səmra. Yolboyu onlar Tahirin xəstəliyindən, evdə darıxmasından danışdılar, sonra Rəşad atasının da dincəlmədən hər
gün işləmək həvəsindən söhbət açdı, bir sözlə, özlərindən
başqa hər şeydən danışdılar. Restoran dənizkənarı açıq havada, gözəl mənzərəli yerdəydi. Səmra ilk dəfəydi görürdü
buranı, ümumiyyətə, atasıgil belə yerlərə gələndə həmişə
boyun qaçırmış, min bəhanə ilə gəlməmişdi. Gəzmək,
adam çox olan ictimai yerlərə getməkdən yeni bir kitab alıb
ləzzətlə oxumaq onun üçün daha üstün olmuşdu həmişə.
Onları görən kimi ofisiantın Rəşada yaxınlaşıb xüsusi ayrılmış yeri göstərəndə Səmra hiss etdi ki, Rəşad buranı arayıb-axtarıb, ən yaxşı yerlərdən biri olduğunu əvvəlcədən
öyrənib, sonra gətirib Səmranı. Yeməklər sifariş olduqdan
sonra Səmra söhbətə başlamaq üçün vaxtın gəldiyini
düşünərək ciddiləşib:
– Sənə deyiləsi sözüm var, – dedikdə:
Rəşad gülümsünüb:
– Bu sözü neçə aydı gözləyirəm, buyur, – deyib gözlərini
maraqla Səmraya dikdi.
O, heç nə gizlətmədən ona beş il əvvəl həyatında çox
sevdiyi birinin olduğunu, ailəsinin bu sevginin əleyhinə
olduğunu, sonradan hər şeyi birlikdə məhv etdiklərini,
sevdiyi şəxsin onun qərarsızlığına görə onu bağışlamadığını, sonrakı peşmançılığını, əzablarını həyəcanla anlatdı
Rəşada. Rəşad isə hansısa dəhşətli bir hadisəni eşidəcəkmiş
kimi nəfəs almadan onu dinləyirdi. Birdən Səmra dayandı,
elə bil ürəyini boşaldıb qurtarmışdı.
– Bəs əsgərlikdən gələndən sonra səni axtardı? – deyə
Rəşad sual dolu nəzərlərlə Səmraya baxdı.
– Yox, axtarmadı, heç xəbərim olmadı gəldiyindən də,
– o gözləri dolmuş halda, – bağışlamadı, birdəfəlik getdi, –
deyə cavab verdi.
– Sən dediyin qədər sevsəydi bağışlayardı, – deyən
Rəşada, Səmra adi baxışla baxıb:
– Bəlkə də... – dedi və ürəyindən keçəni ona demədi ki,
çox sevənlər bağışlamazlar, ayrılarlar. Demədi ki, sıradan
hamı kimi sevənlər bağışlayarlar, dərin sevənlər zərrə şübhə
etsələr bağışlamazlar... gedərlər Atabəy kimi...
Səmra danışdıqlarını nə qədər həyəcanlı, nə qədər ağır
hisslərlə anlatsa da bu Rəşada elə də əzablı eşq hekayəsi
kimi görünmədi. Səmra təkidlə “ola bilməz” deyəndə nəsə
dəhşətli bir hadisə gözləmişdi əslində, ürəyində “ola bilər
ki, kimsə aldadıb, nəsə pis oyun açıb başına, onun da oğlanlara güvəni itib, ya da utanır başına gələnlərə görə” – düşündü. Ancaq Səmranın anlatdıqlarından bu tipik varlı qızla kasıb oğlanın hekayəsi idi, və bütün hekayələrdəki kimi
ailə işə qarışmış, bəlkə də haqlı olaraq doğru yolu qızlarına
göstərmişdi, əlbəttə ki, Səmra da çox həssas olduğundan
uzun müddət ürəyinə salmış, əzab çəkmişdi. Oğlansa, görünür, qız düşündüyü qədər elə də ciddi yanaşmamış Səmraya, valideynlərini tanıdıqdan sonra ona hər hansı problem yaradacaqlarından bəlkə də qorxmuş, uzaq durmaqda görmüşdü
məsələnin həllini.
– Bunları ona görə sənə danışıram ki, mən qorxuram
səni xoşbəxt etməyəm, səhv etmirəmsə Romen Rollanın
sözüdü: “Başqalarına işıq saçmaq üçün özündə günəş olmalıdır”. Mənsə bu günəşi özümdə hiss etmirəm.
– Demə ki, başa düşmürəm, – deyərək Rəşad onun sözünü kəsdi, – amma məncə, sən çox ürəyinə salıbsan, bu hər
insanın başına gəlir, adamlar bir neçə dəfə sevirlər, alınmır,
yenidən sevib xoşbəxt ola bilirlər, – sonra gülümsünüb, – bu
təcrübələrdən də onlara müdriklik qalır, – deyə əlavə etdi.
Səmra ürəyindən “mən bir dəfə sevdim, o mənim ruhumdakı günəşi apardı, təbəssümümü, sevincimi, həyat eşqimi
apardı, görəsən, ikinci dəfə ayrılıq yaşayanların aparılmağa
nəyisə qalırmı” – sualını keçirsə də tamam başqa söz soruşdu:
– Sən neçə dəfə sevibsən?.. Yox... sualı düz qoymadım,
– deyib, – yaxşı, sən heç sevibsənmi?
– Rəşad bir az düşünüb:
– Çox sevmişəm, çox, – deyə zarafatyana bir cavab verdi, sonra ciddiləşib, – mən dərd çəkməyi sevən adam deyiləm, xoşuma gələn qızlar olsa da universitet illərində ciddi
münasibət yaşamışam, birinci ukraynalı qız olub, onunla
bir ilə yaxın görüşdük, ayrılandan sonra da türk qızla görüşürdüm, bura gəlməmişdən bir neçə ay əvvəl ayrılmağa
qərar verdik.

Müəllif:Dilşad Talıbova[/i]
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 342
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri