Sənə yazmadım, Səni yazdım (30-cu bölüm)

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 1 772
Səs ver:
(səs: 0)
Vətəniniz üçün qan, dostunuz üçün göz yaşı, ailəniz üçün tər tökün!
Fletcher Chirtain


2016-cı ilin yanvar-fevral ayları Azərbaycan və Ermənistan təmas xəttində erməni təxribatı gün-gündən güclənirdi. Təmas xətti ərazisi dayanmadan atəşə tutulur, Ermənilər mülki şəxslərə, kənd sakinlərinə atəş açırdılar. Neçə-neçə dinc sakin ölür, mülki şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri alırdılar. Ardı-ardına olan erməni təxribatlarından sonra təmas xəttində vəziyyət daha da dözülməz hala gəldi. Aprelin birindən başlayaraq cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriyaya məruz qaldı. Saysız-hesabsız dinc sakinlər düşmən gülləsinin qurbanı oldu. Hücumun qarşısını almaq və mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə Azərbaycan Silahlı Qüvvələri tərəfindən qərar qəbul edildi.
Azərbaycan və Ermənistan arasında 22 il sonra ən iri həcmli döyüş baş verdi. Hərbi münaqişə aprelin 1-dən 2-sinə keçən gecə başladı.
Azərbaycan ordusunun hər bir üzvü kimi Atabəy də düşmənin silahlı birləşmələrini dəf etmək üçün ön sıradaydı. Füzuli rayonu istiqamətində yerləşən Lələ təpə adlandırılan yüksəklik uğrunda gedən döyüşlərdə, iştirak edən hərbçilər içərisində Atabəy də öz adını tarixə yazdı. O, mühəndis idi, düşmənə ən sarsıdıcı zərbələr endirməyin yollarını tapır, və bunu öz mütəxəssis dəqiqliyi ilə yerinə yetirirdi. Döyüşdə Azərbaycan əsgərlərinin açıq-aydın üstünlüyü göz önündə idi. Bu döyüşdə Atabəylə çiyin-çiyinə döyüşən Toğrul Həsənov da varıydı, hansı ki, o da Atabəy kimi, Türkiyə Hərbi Hava Okulunun məzunu idi...
Döyüşdə Azərbaycan tərəfinin hərbi gücü və potensialı açıq şəkildə üstün idi. Ermənistan rəhbərliyi özü belə etiraf edirdi ki, Azərbaycan bu gün ən müasir silahlara sahibdir. Ermənistan isə hələ 1980-ci illərin silahlarından istifadə edir. Düşmən tərəfin bunu bilməsi orduda ruh düşkünlüyü yaratmış, əsgərlərin mənəvi psixoloji problemlər yaşamasına səbəb olmuşdu. O üzdən də orduda kütləvi yayınma halları, və fərarilik baş alıb gedirdi. Mövqelərimizin sürətlə irəli getdiyini görən düşmən tərəf çarəni qaçmaqda görürdü. Erməni əsgərləri çoxusu meyitləri, yaralı yoldaşlarını səngərdə qoyub İrana qaçırdılar.
Bu döyüşlərdə Azərbaycanın 93 hərbi qulluqçusu şəhid oldu və 33 nəfər yaralı verdi.
Ermənistan ordusunun itkiləri lap çox idi, hələ rəsmi açıqlamada 322 ölü, 500-dən artıq yaralı deyilirdi. Əlbəttə, bu doğru məlumat deyildi, Ermənistan rəhbərliyi məhv edilmiş hərbçilərin dəqiq sayını açıqlamırdı.
Sürətli əks həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis – istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri Ermənistan Silahlı Qüvvələrindən azad oldu. Müharibə dörd gün davam etdi. Azərbaycan hərbi qüvvələri erməni hərbi qüvvələrinin müdafiə xəttini qırıb bir neçə strateji yüksəklik üzərində nəzarəti ələ keçirdi. Dörd gündən sonra atəşkəs əldə edildi. Azərbaycan qarşıya qoyduğu məqsədə nail olmuşdu. Bu dörd günün özündə bir ömür yerləşirdi.

Çox yazıldı, danışıldı, bütün dünya mətbuatı Azərbaycanın bu döyüşdəki üstünlüklərini yazırdı. Cəmi dörd gün içində Azərbaycan ordusu nəinki düşmənə, bütün dünyaya öz qüdrətini sübut etdi. Azərbaycanlılar üçün əsl qələbə yaşandı. Deyirlər qəhrəmanlar döyüşlərdə doğulur, bu döyüşdə də neçə-neçə qəhrəmanlar doğuldu, Atabəy də onlardan biri idi. O bu döyüşlərdən sonra 26 yaşında polkovnik leytenant rütbəsi ilə mükafatlandırıldı.
Hərbi həyat Atabəyə çox şeylər öyrətmişdi, insan həyatının sevincini təşkil edən şeylərin ən birincisi vətən, son ra ailə olduğunu o, burada öyrəndi. Hələ illər əvvəl hərbi xidmətə getmək çox oğlanlarda olduğu kimi onun üçün də bir yük idi. Amma zamanla o, elə bir hərbi tərbiyə aldı ki, hərbi artıq onun həyatının əsas hissəsinə çevrildi. O, aprel döyüşlərinə gedərkən düşmənə amansız, vətən üçün uf demədən canını verməyə getmişdi. Döyüşlərdə əsl igidlik göstərib, əvvəlki həyatına sağ-salamat, qəhrəman kimi qayıtmışdı. Qəlbində vətəninə yaşatdığı qələbənin və hərbidə yüksəlişinin sevinci, bir də əbədiyyətə qədər sağalmayan yara varıydı. Həyatın qanunlarından biriydi, həmişə nəsə çatmırdı. O, həyatı boyunca dadmadığı duyğuyla qayıtmışdı. Bir neçə strateji əhəmiyyətli obyektlərə aviasiya zərbələri endirən zaman dostu Toğrulun Mi-24 ekipajı vurulmuşdu. Toğrul birlikdə yaşadıqları ağır günlər gözünün önündən getmirdi, ona görə yox ki, Atabəy zəif idi, hər şeyi ürəyinə salırdı. Əslində onun almış olduğu sərt hərbi tərbiyə hər şeyə dözəcək qədər idi. Amma əfsus ki, müharibə tamam başqa bir aləm idi. Müharibə haqqında nə qədər söz deyilib, nə qədər danışılsa da, bu aləmin dəhşətini ifadə edəcək söz hələ də tapılmayıb. Əgər dünyada bir neçə dil varıydısa bu dilin biri mütləq müharibə diliydi və bu dili də ancaq müharibədə olanlar anlaya bilərdi. Onun evə döndükdən sonra ilk işi Toğrulun böyüyüb boya-başa çatdığı rayona gedib, anasıyla görüşmək oldu. Toğrulun əşyalarını ona ən yaxın olan adam kimi Atabəyə vermişdilər. Əşyalar çanta, mobil telefon, bir də ki, saat idi, hansı ki, bu saatı ona Atabəy hədiyyə etmişdi. Toğrul Türkiyədə ticarət mərkəzlərinin birində bəyənmişdi bu saatı, bahalı marka idi, “ev tikdirməsəydim alardım” demişdi Atabəyə. Atabəy də həmin günün sabahı gedib saatı alıb Toğrula bağışlamışdı. Atabəy dərindən ah çəkərək öz-özünə: “Heç bir il keçməyib o gündən...” deyə pıçıldadı.
Toğrulun atası yoxuydu, o, hələ uşaq olanda vəfat etmişdi. Özündən böyük qardaşı, bacısı, bir də anası varıydı. Çox bağlıydı anasına, anasıyla danışmadan yatmazdı, elə uzun da danışmırdı: “Necəsiz? Yaxşılıqdı. Oldu”. vəssalam. Bu üzdən də Atabəy düşünürdü ki, anayla görüş çox ağır olacaq, ancaq düşündüyündən asan oldu, yazıq qadın, görünür, Atabəy üçün bu vəziyyətin nə qədər ağır olduğunu anlayıb onu daha sakit, daha təmkinli qarşılaşmışdı. Qapıda böyük mağar qurulmuşdu. Atabəy evə girəndə Toğrulun anasını həmin dəqiqə tanıdı, şəkillərini çox görmüşdü. Onu görəndə anasından başqa otaqda olan qadınların hamısı otaqdan çıxdı, görünür, onun gələcəyindən əvvəlcədən xəbərdar idilər. Otaqda Toğrulun böyüdülmüş gülərüzlü şəkli varıydı. Bu baxış, bu gülüş ona o qədər tanış idi ki... O, xoşbəxt olanda bax beləcə gülərdi... Atabəy get-gedə boğazında düyünlənmiş qəhərdən boğulurdu, gözləri dolmuşdu, bulanıq görürdü artıq ətrafı. Toğrul onu bu evə dəfələrlə dəvət etsə də, hər dəfə bəhanə edib gəlmirdi, tətilə gələndə onu Bakıda, öz evlərində saxlayırdı çox vaxt. Atabəy evi gözdən keçirəndə düşündü ki, keşkə gələydim o vaxt, indi gör nə qədər xatirəm olardı onunla bağlı... Bir müddət bir kəlmə belə söz söyləyə bilmədi. Toğrulun anası suallar verdikcə, o, ağzından yalnız, “hə, yox, bəlkə də” kəlmələri çıxarda bilirdi, özünü ələ ala bilmirdi, hara getmişdi o təmkin, soyuqqanlılıq, axı onun hərbçi dözümü indi hardaydı? Bu anaya niyə təskinlik verə bilmirdi? Yoxsa elə onun özünə təskinlik vermək lazım idi? O, danışmalı olduğu üçün danışmağa başladı:
– Toğrul əsl vətənpərvər, peşəkar hərbçi idi. Bir neçə strateji əhəmiyyətli araşdırmalarda əvəzsiz xidmətləri oldu.
– Atabəy yenə nəsə demək istəyirdi ki, birdən gözləmədiyi halda Xavər ana ona mehribanlıqla dedi:
– Bunları bilirəm, oğlum, bütün günü televizor deyir, bilmədiyimi danış, indi istəməsin, səni çox istəyirdi, danış görüm oğlumla aranızda olmuş son söhbətiniz nə olub, o gecədən əvvəl nə danışmışdız? Nə söyləmişdi sənə?
Atabəy öz söhbətindən utandı, doğrudan da bu nə söhbət idi edirdi axı? Dedikləri çox axmaq görükdü gözünə... Və bir anlıq fikrə getdi... həqiqətən son dəfə aralarındakı söhbət nə olub, görəsən? O, həqiqətən aralarında olan son söhbəti xatırlamaq istəyirdi və bu söz elə bir söz olmalıydı ki, ana bu söhbətin onu sakitləşdirmək üçün deyil, həqiqət olduğunu bilməliydi, uydurma olmadığını bilməliydi, bəlkə də bu onun Toğrula olan son dostluq, qardaşlıq borcu idi. Atabəy onu da anlayırdı ki, deyəcəyi sözün aprel ayının ikisinə aid olduğuna sübutu olmalıydı. O düşünürdü, doğrudanmı bir həftə əvvəl yaşadıqları insanın gözündə bu qədər tutqunlaşa bilər? Doğrudanmı o gecədən yalnız 7-cə gün keçmişdi? Xatırlamaq istədiyi gün ona elə uzaq gəldi ki, elə bil 7 gün yox, illər ötüb keçmişdi üstündən. Və birdən onun kədərə bürünmüş gözlərinə sevinc gəldi. O xatırlamışdı. Atabəy ilk dəfəydi ki, yaddaşından bu qədər razıydı, ilk dəfəydi ki, yaxşı hafizəsinə görə bu qədər xoşbəxt idi və tələsik dilləndi:
– Xavər xala, səhv eləmirəmsə sizlə telefonla danışmışdı, aprelin ikisi axşamtərəfi...
Xavər gözləri dolmuş halda təsdiqlədi:
– Hə, saat 7 idi, anası ölmüşlə son danışığımız onda oldu elə.
– Siz telefonda ona baxdığınız kinonun adını demişdiz, mən dəqiq xatırlayıram, kinonun adı “Ryanı qorumaq” idi...
– Xavərin gözünün yaşı sel kimi axırdı, amma Atabəyin son sözlərindən üzündə təbəssüm yarandı, oğluna aid olan son hadisələri ona danışan adam indi həyatda onun üçün ən yaxın, ən əziz insan idi. Deyirlər dərd insanları yaxınlaşdırır... Elə Atabəyin özü üçün də üzünü birinci dəfə gördüyü bu qadın çox doğma idi... Atabəy davam edirdi: – Toğrul mənə dedi ki, anam bu kinoya baxıb kövrələcək, indi elə biləcək bu müharibə, kinoda göstərilən müharibələrdəndi, qayıdan kimi anama danışacam, danışacam ki, o kinolar uydurmadı, danışacam ki, nə biz amerikalıyıq, nə də onlar alman. Danışacam ki, bu sən bildiyin müharibələrdən deyil. Bu, ümumiyyətlə, müharibə belə deyil, burda heç nə sən düşünən kimi deyil, oxuduğun kitablardakı, baxdığın kinolardakı kimi ağır deyil. Hər şey asandı, lap təhsil aldığımız illərdəki təcrübələrimiz kimidi... – deyərək susdu Atabəy, yalnız indi hiss etdi ki, gözlərindən yaş gəlir, hələ uşaq olanda atası ağladığına görə ona təpinmişdi ki, kişilər ağlamaz, Atabəy o gündən sonra heç vaxt ağlamamışdı, atası öləndə də ağlamadı. Səmradan ayrılanda belə ağlamadı. Əslində indi də ağlamırdı, təkcə gözlərindən yaş axırdı.
Xavərin üzündəki təbəssümlə gözünün yaşı bir-birinə qarışmışdı, başını yelləyərək:
– Hə, hə, bu onun, Toğrulumun sözləridi, o, gələ bilsəydi, beləcə də deyərdi... Atabəy sağollaşıb gedəndə Xavər ana:
– Yenə gəl, həmişə gəl bizə, oğlum, tez-tez gəl, – təkrarlasa da, Atabəy ancaq başını yellədi, heç bir söz deyə bilmədi nə təntənəli vədlər, nə də nə vaxtsa gələcəyi haqqında fikirlər söylədi. Ancaq ürəyində bilirdi ki, bu evi də, bu ananı da heç vaxt unutmayacaq.

Müəllif: Dilşad Talıbova
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 772
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri