Həyatda oxşamaq istədiyim şəxs - İnşa

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1097
Səs ver:
(səs: 0)
Xalqa, Vətənə qəlbi, canı ilə bağlı olan, yaşadığı həyat boyu xeyirxah işlər görən, vətənpərvər, qayğıkeş şəxslər hər zaman insanlara, əsasən də gənc və yeniyetmələrə gözəl nümunə olmuşlar. Biz hər bir zaman belə insanlarla fəxr edib, onlarla öyünmüşük. Cəmiyyətimizdə, ətrafımızda belə insanlar çoxdur, lakin mən fürsət düşmüşkən yaxın keçmişimizə müraciət etmək istərdim. Bu şəxs-bütün ömrü doğma ana dilinin saflığı, Azərbaycanın bütövlüyü, azadlığı uğrunda mübarizə aparan, millətini bütün millətlər içində azad, firavan görmək istəyən odlu-alovlu şair Xəlil Rzadır. O, millətinə böyük türk xalqına dərin sevgi və ehtiramının ifadəsi kimi rəmzi olaraq ulutürk təxəllüsünü seçmişdir.
Xəlil Rzaya oxşamaq istərdim. Niyə? Çünki belə odlu-alovlu, vətənpərvər insanı Uca Yaradan çox nadir hallarda bəxş edər. Bu da XX əsrin Azərbaycan xalqına bəxş etdiyi alovlu şair Xəlil Rzadır.
Xəlil Rza simasında Azərbaycan dərdi, bütün bəlaları özündə birləşdirən bir ümman, bir dərya görərsən. Vətənin dərdini öz dərdi bilən alovlu şair ömrünün sonunadək Azərbaycan uğrunda söz silahı ilə vuruşmuşdur.
Şair 7 ildən sonra dünyaya gələn ilk oğlunun doğum günü münasibəti ilə yazdığı şeirində övlad sevgisi ilə yanaşı, vətənə olan sonsuz məhəbbətini, onun müqəddəsliyini belə ifadə edir. Şeir «Oğlum Təbrizə» adlanır.

Sən oğul, sən igid, sən ər oğlu ər,
İftixarla daşı sən öz adını.
Məğribə, məşriqə, cahana göstər,
Adında gizlənmiş istedadını.

Şair sanki öncədən duyurdu övladında olan o gizli istedadı. Bu istedad oğlu Təbrizdə olan qəhrəmanlıq, şəhidlik zirvəsi idi.
Xəlil Rza illərlə övlad gözlədi, Yaradan ona bir övlad bəxş etdi. Vətənpərvər şair ikiyə bölünmüş Azərbaycanın o tayda qəribsəyən qədim şəhərimiz Təbrizi oğluna ad seçdi.
Xəlil Rza bu adla təsəlli taparaq qələmini silaha çevirdi. Vahid Azərbaycan uğrunda, millətimizi illər boyu əsarətdə saxlayan dilimizə, dinimizə qarşı amansız olan Sovet imperiyasına, fars şovinizminə qarşı qələmi ilə alovlu şeirləri ilə döyüşdü, mübarizə apardı, qələbə çaldı.

Vətənin bir parçası, ayrılmaz hissəsi olan Qarabağımızın dərdi onun sinəsində bir ata, alovlu şair kimi dərin yaralar açdı. Bu yaralardan biri oğlu Təbrizin şəhid olması idi. Şair şəhid oğlu ilə, bütün Azərbaycan şəhidləri ilə fəxr edirdi.

1990-cı ildə Sovet Imperiyasının azğın qoşunları Bakını tar-mar etdiyi bir zamanda, minlərlə şəhidlər verdiyimiz anlarda Xəlil Rza meydanlarda, doğma millətinin arasında idi.

Xəlil Rza sevgi və ehtiramı Azərbaycanın müstəqilliyi uğrunda Sovet imperiyasına, onun qaniçən «liderlərinə» qarşı kəskin, alovlu çıxışlarından yaranır. Hayqıran şair azadlığı bu cür istəyirdi:

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,
Qolumdakı zəncirləri qram-qram, qram-qram.
Azadlığı istəmirəm bir həb kimi,
Istərəm bir səma kimi, günəş kimi, cahan kimi.

Azadlığı günəş kimi, cahan kimi istəyən alovlu şair özü mənfur imperiya və onun şərəfsiz məmurları tərəfindən azadlıqdan məhrum oldu. Lakin Xəlil Rzanın işıqlı, müstəqil Azərbaycan ideyaları həqiqətə çevrildi.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1097
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri