Salam Qədirzadə - 46 Bənövşə (1-ci dəftər - 6)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 269
Səs ver:
(səs: 1)
Birinci Dəftər
6

Atam səhər işə gedəndə dəhlizdə üz-üzə gəldik.
—Salam, pa,—dedim.
O dayandı. Portfelin sol əlindən sağ əlinə ötürərək, qapının dəstəyindən yapışdı. Bir an düşüncəli tərzdə gözləri yol çəkdi. Astadan, lakin xislətində xas ciddi ahənglə dilləndi:
—Bir kərə tapşırıram sənə, yadında saxla: hara getsən, axşam saat doqquzdan gec evə gəldiyin olmasın.
Onun nəyə işarə vurduğu məlum idi. Mən qorxa-qorxa başımı tərpətdim:
—Yaxşı...
Və elə bildim ki, nəzərləri biləyimə sataşsa, orda Dəryanın öpüşünün qızartısını sezəcəkdir. Sövqitəbiilə qolumu arxamda gizlətdim.
—Özün də gedəndə, yerini anana yox, mənə de.
Atam çıxmaq istəyəndə arxadan səslədim:
—Pa, bəs mənim salamımı niyə almadın?
Qapı çırpıldı. Dəhlizin ortasında donub qaldım. Həyəcandan dizlərim əsdi. Hələ atam, mənim Dərya ilə gəzdiyimdən xəbərdar deyildi. Gör, onu bilsəydi, neylərdi.
—Ma, deyə mətbəxdə nahar hazırlayan anamın yanına cumub gileyləndim.—Atama yenə nə olub, mısmırığı yerlə sürünür? Yoxsa… dünən evə gec gəldiyim üçün sənə də acıqlanıb?
Arvadın dərdi açıldı:
—Demişdin axı, yubansam, zəng çalaram, sizi nigaran qoymaram… Bəs niyə belə edirsən, qızım. Tək atan yox, mən özüm də hövsələdən çıxmışdım.
—Bağışla, ma. Təqsirimi boynuma alıram. Ikiniz də haqlısız.
Anamı sakitləşdirmək üçün elə bu etirafım kifayət idi. Qadın ürəyi yumşaq olur.
—Daha qanını qaraltma, qızım. Əyləş, çayını iç, çörəyini ye.
O gün institutun həyətinə girəndə tanış qızlardan, oğlanlardan yan keçirdim, onların üzünə baxmaqdan çəkinirdim. Elə bilirdim dünəndən gözlərimin giləsində Dəryanın əksi qalıb. Vestibüldə paltomu soyunurdum. Böyrümdən kimsə acı bir çimdik qopararaq, turac kimi qıqqıldadı. Gülüşündən tanıdım: Fəzilə idi. Mənimlə bir fakültədə üçüncü kursda oxuyan od parçası, dilli-dilavər qız. Yetənə yetirdi, yetməyənə daş atırdı. Uşaqlar əlindən zara gəlmişdi. Hərəyə bir şəbədə edirdi. Fəzilə al-qırmızı kofta, qısa, göy tuman geymişdi. Ayaqlarında qara, tor corab və totuq baldırlarına kip yapışan qırmızı, uzunboğaz çəkmə vardı. Zəfəran rənginə salınmış saçlarını oğlansayağı vurdurmuşdu. Fəzilə gəzəyən qız idi. Təzəliklə Həsənağa adlı birisi ilə əylənirdi. Son vaxtlar adət etmişdi: danışanda müsahibini inandırmaq üçün sözünün başında, ayağında "Həsənağam ölmüşü” deyirdi. İndi o, məni görcək saqqız çeynəyə-çeynəyə, sürməli gözlərini süzərək eyhamla dilləndi:
—Aaz… səni təbrik!
—Nə münasibətlə?—soruşdum.
—Özünü bilməməzliyə niyə qoyursan. Daha bizə yox da...
Düzü, onun nə demək istədiyini hələ anlamırdım. Fəzilə çiyinlərini əsdirə-əsdirə, nazik qaşlarını oynadaraq bic-bic gülümsədi:
—Aaz… dünən yanındakı o Herkules oğlan kim idi?
—...
—Amma yaxşıca da yer seçmişdiniz özünüzçün, paxıllığım tutdu sizə.
—Başa düşmürəm. Sən nə danışırsan, Fəzilə?
—Əlbəttə… Sərf eləmir axı. Aaz… lap dal cərgədə paltosunu çiyninə salıb, bir qəşəng oğlanla yanaşı oturan mən idim?
Fəziləni azdırmaq çətindi. Boynuma almağa məcbur qaldım:
—Hə… kinoda?
—Yox...hamamda.
Tutuldum.
—Sən də Həsənağayla gəlmişdin?
Bu sözü eşidəndə qızı sanki ilan çaldı, ağzını əyə-əyə söyləndi:
—Aaz… Həsənağanı itirib-axtaran kimdir? Allah vurmuşdu onu gündüzün günorta çağında, goburnat bağında. Hüseynağanın ölmüşü, keçən həftə o gedənin başına bir oyun açmışam ki, bundan sonra qələt edər qız tayfasına yaxın düşər. Mən kinoya Hüseynağayla gəlmişdim.
—Bunu tanımırsan: professor Talışxanlının kiçik oğludur.—Fəzilə sağ əlinin baş barmağını dikəldib, qabağa uzatdı:—Şik!
Yaxşı ki, onu çağırdılar. Yoxsa yaxamdan əl çəkməyəcəkdi.
İnstitutdan qayıdanda evə tələsirdim. Dərya zəng çalacaqdı. Yenə atamın zəhmi qəlbimi sarsıtdı... "...Özün də gedəndə yerini anana yox, mənə de!” —sözləri qulaqlarımda cingildədi. Bundan sonra neyləyəcəkdim?!.. Dərya ilə görüşməmək mənə dərd olardı. Sevgi nübarının dadını son iki-üç günd təzəcə tamsınmağa başlayırdım; həyatın, yaşamağın mənası dəyişmişdi, başqalaşmışdı mənim üçün. Bu tərəfdən də qarşımda atam dayanmışdı. Yeganə qızı olan məni naz-nemət içində qayğı və nəvazişlə böyüdüb, boya-başa çatdıran doğma atam!
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 269
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri