Bir cüt qanad (18-ci bölüm)

Müəllif: Sweet Candy
Şərhlər: 0
Baxılıb: 2 367
Səs ver:
(səs: 0)
Əgər buradan xilas ola bilib həyatıma davam etsəm və nə vaxtsa, öz şəxsi evim olsa, o zaman heç bir yerdə dəmir qapıdan istifadə etməyəcəkdim. Çünki bu bir neçə gün ərzində gördüyüm və hər dəfə səsini eşidib qorxu dolu baxışlarımı ona dikərək “görəsən, bu dəfə məni nə gözləyir?”- deyə düşündüyüm dəmir qapı özümə bu sözü verməyimə səbəb olmuşdu.
Luciferin – bəli, artıq onu Lucas adlandırmaq istəmirdim, çünki mənim tanıdığım Lucas bu deyildi – otağı tərk etməsindən bəlkə də bir neçə saat keçmişdi. İşıqlar söndürülmüş, mən isə qaranlıq otaqla baş-başa qalmışdım. Bir tərəfdən də Emmanueli düşünürdüm. Əslində onu düşünmədiyim bir an belə yox idi. Sevdiyimdən deyil, sadəcə buradan çıxış yolumun yalnızca o olduğunu bildiyimdən irəli gəlirdi onu düşünməyim.
Əslində başqa çıxış yolu daha var idi – yuxuda gördüklərimi iblislərə demək. Amma bunu etdiyim zaman yalnızca öz sonumu gətirməklə qalmayıb, dünyanın sonun belə gətirə bilərdim.
“ Emmanuel?”

Bunun işə yaramayacağına dair heç bir şübhəm yox idi, ancaq sınamaqla nə itirəcəkdim ki? Emmanuel məni görməsə belə, düşüncələrimə danışa bilirdi. Bəlkə mən də eynisini edə bilərdim. Bunu bacardığım təqdirdə nə deyəcəyimi belə bilmirdim, amma bu anda kiminsə səsini eşitmək artıq milyonuncu dəfə sönən ümidlərim üçün bir qığılcıma səbəb ola bilərdi.
“ Emmanuel? Məni eşidə bilirsən?”
Heç nə baş vermədi. “ Emmanuel?” Yenə də eyni nəticə.
“ Lənət olsun.” – deyə qışqırdım qaranlığa doğru. Əks-səda verən çarəsiz səsimi eşitdiyim zaman xilas ola bilməyəcəyimi artıq qəbul etməyə başladım.
Dəmir qapı yenidən açıldı. Bu dəfə işıqlar yanmadı. İçəri zülmət qaranlıq olduğu üçün kimin gəldiyini görə bilmirdim. Ancaq qarşımdakı bir neçə hərəkəti seçə bilirdim. Bir də səslər var idi. İnləmə səsləri...
Məndən bir az aralıda, sanki, biri yerə çırpıldı. Daha doğrusu, bu səs iki dəfə eşidildi. Lakin onlardan biri daha yüksəkdən gəlmişdi. Biri dolu, digəri isə yarımçıq bir kisə unun atılma səsini xatırlatdı mənə.
“ Clara...” Uzaqdan Luciferin səsi gəldi. “ ... sənin üçün böyük bir surprizim var.” - əlavə etdi. “ Üç deyəndə işığı yandıracam. Hazırsan?” Cavab vermədim. “ Əla, mən də belə düşünmüşdüm. Bir... İki...” Onların bir kisə sementdən artıq olduğunu bilirdim. Çünki bildiyim qədər kisələr inləmə səsləri çıxartmırdılar. O “3-ün” heç vaxt olmamasını istədim bir anlıq. Çünki içimdə qəribə bir hiss bu surprizin heç də ürəkaçan olmadığını deyirdi. Əgər qarşınızda Cənnətdən qovulmuş bir

mələk varsa, bunu anlamaq üçün altıncı hissin olması şərt deyil. “ ... və üç.”
“ Gözlərini aça bilərsən, Clara.” İnilti səsləri daha da
yüksəldi.
Dərindən nəfəs alıb gözlərimi açdım. Qarşımda əlləri və ağızları bağlı şəkildə dizi üstə oturanları gördüyüm zaman başıma qaynar su töküldü, elə bil.
“ Ana, Jessica...”
Anam və balaca bacım Jessica idi... Anamın saçları dağılmış, gözləri qızararaq yaşla dolmuşdu. Bacım isə qorxudan gözlərini belə açmırdı.
“ Bunu edə bilməzsən, əclaf!!!”
Çiynini çəkdi sadəcə. “ Artıq etdim.” Güldü. “ Səndən heç olmadığım qədər nəzakətli bir şəkildə bıçağın yerini istəmişdik.”
“ Sənin nəzakət anlayaşın əlimi bıçaqla deşik-deşik edib, bədənimə cərəyan buraxmaqdırsa, bəli, çox nəzakətli idiniz. ÇOX SAĞ OLUN.”
“ Nə edə bilərəm, Balielin işi budur.” – dedi və anama baxdı. Anam olduqca qorxmuşdu. Nə baş verdiyini isə anlamırdı.
Və bunların bir günahkarı var idisə, o da mən idim. Lənətə gəlmiş mən.
“ Baliel”
Qapı açıldı və Baliel öz təkərli masası və füsunkar oyuncaqları ilə içəri girdi. Mənə pis bir şəkildə baxıb gülümsədi. Luciferin yanında durarkən Baliel ondan daha yaşlı görünürdü.

Düzü, anlamadığım bir məsələ var idi. Necə olurdu ki, uşaqlığımız birlikdə keçib? Lucifer Adəmdən sonra qovulmamışdımı? O zaman bu necə baş verə bilərdi axı?
“ Qızı sərbəst burax, Baliel.” – dedi Lucifer.
“ Nə?” Günlər sonra ilk dəfə bu stuldan ayağa qalxacaqdım. Bunun yaşatdığı sevinc Luciferin məqsədinin nə olduğunu anlayan kimi yerlə-yeksan oldu.
Baliel qollarımın və ayaqlarımın dəmirlərini açıb kobudcasına qolumdan tutub məni yerə buraxdı. Ayağa qalxmaq istədim, ancaq bunu bacarmadım. Sürünərək anamın yanına gedib onu qucaqladım. Göz yaşlarını silib “ hər şey yaxşı olacaq.” – kimi klassik bir yalan işlətdim.
Lucifer Balielə işarə etdi və iblis anamı yerdən qaldırıb mənim əvəzimə stulda otuzdurdu. Ayaqlarını və əllərini dəmirlərlə bərkidib öz sevimli masasının yanına yaxınlaşdı.
“ Bunu edə bilməzsən.” – qışqırdım yerdən qalxmağa çalışaraq. “ Bunu edə bilməzsən.”
Lucifer aşağı əyilib mənimlə eyni məsafədə dayandı. Yaşıl gözlərinin bu qədər ürəkbulandırıcı olduğunu heç vaxt düşünməzdim. Əli ilə üzümə sığal çəkmək istəyirdi ki, başımı geri çevirdim. Havada qalan əlini yumruq şəklində sıxıb ayağa qalxdı. “ Əlbəttə, hər şey səndən aslıdır, Clara.”
Hər şey məndən aslıdır. Anamı xilas etmək də, dünyanın
sonunu gətirmək də.
Necə də gözəl iki seçim !!!
Baliel başıma keçirtdiyi iynələrlə dolu maskanı əlinə götürüb təhdidkar baxışlarını üzümə zillədi. Qırmızı gözləri cəhənnəmin nə dərəcədə dəhşətli bir yer olduğunu anlamağıma kifayət idi.
“ Baliel.”

Luciferin onun adını səslənməsi ilə Baleil dəmir maskanı anamın başına keçirtdi.
Bunu, həqiqətən də, edəcəkdi...
Baliel başlığı bağladı. Anam bunun nə olduğunu bilmədiyi üçün tərpənməyə başladı və hər tərpənişdə üzünə girən iynələrin ağrısı ilə qışqırdı. Ancaq bu, iynələrin daha dərinə girməsi və anamın daha çox acı çəkməsi demək idi. Jessica isə gözlərini açmadan hələ də olduğu yerdə ağlamağa davam edirdi.
“ Dayanın!!!” – qışqırdım içimdəki ani qorxu partlayışının qarşısını ala bilməyib. “ Dayan!!! Anamı buraxın. Bacımı buraxın. Onların heç nədən xəbərləri belə yoxdur.” Səsim getdikcə azalmağa və özündən əminlik çarəsizliyə çevrilməyə başladı. Gözlərimi Lucifer və Balielin arasında gəzdirdim.
Ayağa qalxıb Luciferin yaxasından yapışdım. Bir meydanoxuma deyildi bu. Bu bir yalvarış idi. “ Anamı burax. Sənə yalvarıram. Onu burax.”
Lucifer yaxasına yapışdığım əllərimi köynəyindən ayırıb məni geri itələdi. Müvazinətimi saxlaya bilməyib yerə yıxıldım. “ Sənin əlindədir, Clara. Ananın o masada əzab çəkməsi də, çəkməməsi də. Hamısı səndən aslıdır.”
Baliel bıçaq ilə anamın boğazından sinəsinə qədər bir kəsik açdı. Anam qışqırmaq istəsə də, başına keçirildiyi dəmir iynələrlə dolu maska sayəsində bunu edə bilmirdi. Onun nələr yaşadığını və o ağrıların necə dözülməz olduğunu çox yaxşı anlayırdım.
Kəsikdən axan qan anamın üzərini bütün qırmızıya boyamışdı və bu bir daha baş verərsə, anam buna tab gətirə bilməyəcəkdi.
Cənnət bıçağının canı cəhənnəmə...

“ Yaxşı... Qəbul edirəm. Deyəcəm. Amma yetər ki, anamı buraxın.” Baliel buna inanmadığı üçün baxışlarını gözlərimə zillədi. Üzümü Lucasa çevirdim. “ Söz verirəm.” – dedim ağlayaraq. “ Urielin göstərdiyi yazıları sizə verəcəm. Ancaq yalvarıram onlara heç nə etməyin.”
Lucifer bir müddət mənə baxdı. Yalan danışıb danışmadığımı bilməyə çalışırdı, deyəsən. Lakin bundan zərrə qədər də olsa, qorxum yox idi, çünki dediklərim həqiqət idi. Bıçağın yerini onlara deyəcəkdim. Heç nə anamın göz yaşlarından önəmli deyildi.
“ Qadını burax.”
Qadın...
Anam Lucasın əslində kim olduğunu, ya da burada nə işi olduğunu anlamırdı. Bəlkə də boğazındakı kəsikdən, ya da üzünə batan iynələrdən çox onu da bu sualın cavabı qorxudurdu.
Baliel başlığı açıb bir qırağa qoyduğu zaman anamın üzündəki iynənin batdığı yerlərdən axan qan onu tanınmaz bir hala salmışdı. Bir anda mənim üzümün də elə olduğunu anladım. Yaralarım çoxdan sağalsa da, üzümdəki qurumuş qan ləkələri qalmaqda idi. Və bir zamanlar saatlarla güzgü qarşısında vaxt keçirsəm də, indi bu halımdan zərrə qədər narahat deyildim. Çünki hər bir narahatlıq düşdüyümüz vəziyyətdən aslıdır.
Mənim vəziyyətimdə isə gözəlliyimə görə narahat olmaq ən son planda idi.
“ Eşidirəm, Clara.”
Balielin anamı o masadan düşürtdüyünü gördükdən sonra “ mənə bir vərəq və qələm lazımdır.” – dedim. Anamın əl- qolunu yenidən bağladı. Anam bacıma tərəf dönüb onu özünə

sıxdı. “ Sizə gördüyüklərimi yazacam, ancaq oxumaq artıq sizin işinizdir.”
“ Sən buna görə narahat olma.” Bu dəfə danışan Baleil oldu. Luciferə baxıb “ indi gəlirəm.” – dedikdən sonra otaqdan çıxıb bir neçə saniyə keçməmiş geri qayıtdı.
Dərhal mənə uzatdığı vərəq və qələmi götürdüm. Gözlərimi yumaraq beynimi bütün olanlardan boşaltmağa çalışdım. Bütün fikrimi yuxuda gördüklərimin üzərində cəmləşdirdim. Bunun olduqca çətin olmasına baxmayaraq, sevdiklərimin əzab çəkməsinin qarşısını almağın yeganə yolu idi.
Və məhz bu düşüncə mənə yetərli olmuşdu.
Urielin göstərdiyi bütün şəkilləri və şəkillərdə xatırladığım bütün yazıları bacardığım qədər dəqiqliklə vərəqə köçürdüm. İşimi bitirib vərəqi yanımda duran Balielə uzatdım.
“ Mələk dili.” – deyə mızıldandı.
Lucifer dərhal irəli gəlib Balieldən aldı yazını və başdan sona göz gəzdirdikdən sonra yüksək səslə oxumağa başladı. Mələk dilində oxuyacağını düşünsəm də, Lucifer onu tərcümə etməyi bacarmışdı. Əlbəttə, nə də olsa, o da bir mələk idi. Alovdan yaradılmış bir mələk...

“ Tanrının gözündə hər kəs eynidir Və yalnızca Mələyin əlinə toxunanlar İstədiyinə sahib ola biləcəklər.”

Oxuyub Balielə baxdı. “ Ah Uriel, Heç dəyişməmisən. Hər
zaman tapmacaları sevərdin.”
“ İndi bu nə deməkdir?” – soruşdu Baliel.
“ Bizi Cənnət bıçağına aparacaq bir tapmaca.” – deyə inanılmaz dərəcədə aydın bir açıqlama verdi. “ Amma Urielin

unutduğu bir məsələ var – bir zamanlar onunla necə yaxın olduğumuz.”
“ Yəni?”
“ Yəni, Baliel, bir neçə iblislə birlikdə maşını hazırla. Cənnət bıçağı səbirsizliklə yolumuzu gözləyir.” – mənə baxıb göz vurdu. “ Onu çox gözlətməyək.”

Yazar: Murad Cəfərov
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 367
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri