Sənə yazmadım, Səni yazdım (29-cu bölüm)

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 1 932
Səs ver:
(səs: 0)
Bütün gecəni yatmadı Səmra. Rəşada səhər yeməyini otaqda yemək istədiyini söylədi, Rəşad Antalyada olan bir neçə dostu ilə görüşmək istədiyini, sonra da bilet sifarişi ilə məşğul olacağını deyib oteldən getdi. Artıq Səmra hazırlıqlara başlamalı idi. Rəşad gedəndən sonra bir az eyvandan baxdı, özünü güclə ələ alıb hamama girdi.
Səmra duş aldıqdan sora çamadanları çıxarıb paltarla rı yığmağa başladı elə kövrəlmişdi ki, ağlamaqdan özünü güclə saxlayır, paltarları qatlayırdı, belə bir anda nə iləsə məşğul olmaq vəziyyətin ağırlığını yüngülləşdirirdi.
Atabəylə qarşılaşdığı an gözünün önündən getmirdi. Səmra bu anı o qədər gözləmişdi, o qədər xəyalında canlandırmışdı ki... O bu qarşılaşmada ondan soruşacaqdı niyə mənim mesajlarıma, zənglərimə cavab vermədin? Son dəfə 3 il əvvəl ad günündə təbrik göndərmişdim, niyə cavab yazmadın? Oxuduğunu belə bilmədim... Ən əsas, bu illər ərzində heç içindən bir səs gəldimi qalsam nə olardı? Səmra bir gün hər şeyi təkrar gözdən keçirməyi o qədər istəmişdi ki, ancaq o bu görüşü xəyalında heç vaxt indiki kimi canlandırmamışdı, Rəşadsız, Türkansız xəyal etmişdi bu qarşılaşmanı. Əlbəttə ki, tale bizim xəyallarımız, arzularımızla işləmir. Amma yenə də qarşılaşma nə qədər yersiz, zamansız olsa da, bu adam Səmraya elə doğmaydı ki...
Səmra ilə ayrılıq Atabəyi daha da qaradinməz, adamayovuşmaz biri etmişdi. Verdiyi ayrılıq qərarı tək Səmraya yox, onun özünə də cəza olmuşdu. İnsan övladının xislətindədir, öz yaralanacağını gözə alıb başqasını yaralamaq, öz bədbəxtliyinə rəğmən başqasını da bədbəxt etmək. Kamikadzelik kimi yəni... Atabəy ayrıldığı gündən, anası daxil olmaqla, heç kimin yanında ayrılıqlarından bir kəlmə belə söz açmamışdı. Halbuki əvvəllər hər dərdini anasına danışardı, anası bəzən bir kəlmə söz danışmadan, soruşmadan, səssizcə ona qulaq asardı. Hərdən anasının bir sığalı bəsiydi onun yenidən ayağa qalxmağı üçün. Əlbəttə, anaların doğmalığı bəzən ən böyük dərdi, ən kəskin ağrını belə unutdurur. Ancaq bütün bunlar Səmradan öncə idi. İndi o kimdən şikayət edəcəkdi? Kimi qınayacaqdı? Atabəyə görə insan öz seçimində yanılırsa, bax beləcə səssizcə qalıb, dinib-danışmadan özünə qapanmalıydı. Özəlliklə anasından utanırdı o. Ürəyində düşünürdü ki, yazıq anam mənim üzümdən neçə dəfələrlə atamla dava-dalaş edib, sırf mən istəyirəm, mənim ürəyimcə olsun deyə məni yerli-yersiz dəstəkləyirdi, Sara oğlu ilə Səmra arasında olanlara görə Səmranı qınamırdı. Səmra uşaq idi, onun gözündə, valideynlərinin təsiri altında olan uşaqdan oğlunun çox şey gözləməsini oğluna xatırladanda, Atabəy ona da acıqlanmışdı. İndi isə ən az o da oğlu qədər xəyal qırıqlığı yaşayır. Anası da artıq Səmra mövzusunun oğlu üçün ən həssas nöqtə olduğunu bilirdi, bilirdi ki, oğlunun qəlbi elə yaralanıb, bir də onu heç vaxt, heç kim belə yaralaya bilməyəcək, belə yaralar ya ömürdə bir yol, ya da heç olmur. Ən pisi isə nə qədər ürəkdən istəsə də o bu vəziyyəti aradan qaldıracaq çarə görmürdü. Əlindən heç nə gəlmədiyindən ancaq susur, belə bir hadisə sanki heç olmamış kimi davranırdı. Ana-oğul – ikisinin də içində Cəbrayılov ailəsinə qarşı elə hirs varıydı ki, onu düşdüyü bu ağır vəziyyətdən yalnız bir şey qurtara bilərdi, o da ki, güc idi. Güc onu alçalmaqdan, qürurunu yaralamaqdan qurtaracaqdı. Atabəyin məqsədi hər nə yolla olur olsun, anasını, ailəsini ayaqda saxlamaq idi, özü də elə-belə yox, lazımi şəkildə. Bu üzdən də o, az qala and içirdi ki, yüksək həyat standartlarına nəyin bahasına olursa olsun, çatacaq. Və günün birində hər kəsin – Cəbrayılovların belə hörmətini qazanmış bir insan olacaq. Hələ uşaqlıqdan idmanla məşğul olmağı, güclü iradəsi və dözümlülüyü əsgərliyin ilk günlərindən hərbidə yüksələcəyinə onda inam yaratdı. O, burda üstün zəkası, qeyri-adi məntiqi, və təhsili ilə seçilirdi. Əsgərlikdə olduğu bir il ərzində deyildi ki, Müdafiə Nazirliyinin sərəncamı ilə qeyri-adi üstünlüyü olan əsgərlər Türkiyə Hərbi Hava Okuluna oxumağa göndəriləcək. Bir neçə əsgər kimi Atabəy də seçimlərə qatılıb özünü sınadı və nəticədə o, Türkiyə Hərbi Hava Okulunda oxuma şansı qazandı. Respublika üzrə dörd nəfər seçilmişdi, bu təhsil ona hərbidə yüksəliş vəd edirdi. Bir də o insanlar tarix boyu iş həyatında uğur qazanmışlar ki, onlar qətiyyətlə inanmışlar, tale özü onlar üçün parlaq karyera hazırlayır. O, dörd il təhsili müddətində hərbinin sirlərinə mükəmməl yiyələnir, bu illərdə hərb artıq onun həyatının əsas hissəsinə çevrilir. 2015-ci ildə təhsilini bitirib vətənə qayıtdıqdan sonra Müdafiə Nazirliyində işlə təmin olunur. Türkiyədə oxumaq ona tək yüksək səviyyədə hərbi təhsil qazandırmır, oxuduğu müddətdə özünə ən yaxın dost qazanır. Toğrul Həsənov 4 il ərzində Atabəy üçün can yoldaşı, sevincini-kədərini böləcək tək insan olur. Vətənə qayıtdıqdan sonra da dostluqları davam edirdi.
Oğlunun artıq bəlli bir işi, karyerası olduğundan, son vaxtlar anasının tək dərdi Atabəyi evləndirmək idi. Atabəyin qardaşı Ramin evlənib, artıq bir qızı da var idi, qalırdı bir Atabəy... ona görə də Sara harda yaxşı qız görsə maraqlanır, gəlib yerli-yataqlı Atabəyə danışıb onu maraqlandırmaq istəsə də, niyyəti baş tutmurdu. Atabəyin dinməzliyi, Səmradan sonra onda yaranan gərgin, əsəbi vəziyyəti onun nəzərindən qaçmırdı. Atabəyin üzünü hərdən elə bir ifadə alırdı ki, ona “necəsən” deməyə belə qorxurdu. Hərdən də o, heç nə üçün əsəb keçirməyən, heç nədən narahat olmayan bir tip olurdu. Hər bir düşünən ana kimi Sara da, bu gərginlikdən oğlunu rahat, xoşbəxt bir ailə xilas edəcəyinə inanırdı. Atabəy bu mövzudan yayınmırdı, həqiqətdə də doğru-düzgün bir qız olsa evlənəcəyini lazım bilirdi. Amma sevgisiz-filan, bu, məntiq evliliyi olacaqdı, artıq əzab çəkmək, sevgi, həyəcan, ayrılıqlar ona görə bir iş deyildi. Atabəy nə qədər gənc, yaraşıqlı olsa da, yaşadıqlarından dolayı yeni bir sevgi üçün özünü yorğun hiss edirdi. O, sevgini Səmra bilirdi, Səmranı da sevgi. İllər keçməsinə baxmayaraq unuda bilməmişdi Səmranı. Ancaq Səmra ilə yaşadığı ən xoş anları xatırlayarkən belə bu xatirələr ona xoşbəxtlik gətirmirdi, onsuz da xatirələr nə qədər müqəddəs olursa olsun, zaman keçdikcə hamısı öz aydınlığını itirərək tutqunlaşır. Atabəy onu yaralayan, incidən anları unutmaq, yaddaşından, qəlbindən silib atmaq istəyirdi... O, yeni sevgi macərası istəməsə də, evlilik istəyirdi. Doğrudüzgün birisi ilə evlənmək idi fikri. Türkiyədə hələ tələbə ikən fərqli qızlarla görüşürdü, o qədər qızlar olmuşdu ki, həyatında, hətta onların adını belə xatırlaya bilmirdi. Ancaq bu görüşlər tam faydasız olurdu. Hamısı unudulub gedirdi. Geriyə boş, mənasız əyləncələr qalırdı. Görüşdüyü qızları Səmrayla müqayisə etməkdən özünü saxlaya bilmirdi. Səmra fərqliydi, hər şeyi ilə özəliydi, hərdən Atabəy ona elə həsrət duyurdu ki, az qalırdı uşaq kimi oturub ağlasın. O, ən çox qoxusunu sevmişdi Səmranın, ən çox ətrinə həsrət idi, belə anların birində şeirdə yazmışdı hələ:

İstər xəzri olsun, istər gilavar, Ətrini küləklər gətirsin, gülüm.
Görən yox, bilən yox, küləyə nə var, Ətrini küləklər gətirsin, gülüm.

Sənsiz nə gündüzüm, nə də gecəm var, Qoxuna dəlicə ehtiyacım var.
Kimdən istəyəcəm, axı kimim var? Ətrini küləklər gətirsin, gülüm.

Mən sənsiz kimsəsiz yetim tək qaldım, Sirrimi kimsəyə heç açammadım.
Gah yerə, gah da ki, göyə yalvardım, Ətrini küləklər gətirsin, gülüm.

Havada külək yox, yağış, dolu var, Külək bəlli deyil, sağı, solu var.
Ancaq bu həsrətin bircə yolu var, Ətrini küləklər gətirsin gülüm.


Səmranı unutduracaq qız tapmaq nə qədər istəsə də alınmırdı, hərbi məktəbi bitirən ili artıq acı gerçəyi tam anlamışdı ki, Səmradan qurtula bilmir. Ondan sonra həyatındakı bu mənasız görüşlərə də son qoydu. O, Səmranı unutduracaq qızı axtarmaqla deyil, taleyin yenidən üzə güləcəyi kimi bu qızın öz gələcəyinə inanmağa başladı. Bu arada özünə qadağan etsə də Səmranın tvitter səhifəsinə baxır, və heç bir dəyişiklik sezmirdi. Səmra da Atabəy kimi sosial şəbəkədə aktiv iştirakçı deyildi. O, Səmra haqqında tamam məlumatsız idi. Bir-iki dəfə Bakıya gedəndə dos tu Üzeyirdən soruşub bilmişdi ki, universiteti bitirib, artıq magistraturada oxuyur, hələ də ərə getməyib, vəssalam. Atabəy dostu da olsa soruşa bilmirdi necədi, məsələn, eşitmək istəyərdi ki, ayrılığı ürəyinə salıb xarab olubmufilan. Qəribəydi, insan sevdiyi haqqında başqasından soruşanda aldığı ümumi cavablar onun əzabını daha da artırır, heç vaxt istədiyin cavabı almırsan. Elə ən yaxşısı odur ki, heç kimdən heç nə soruşmayasan. Atabəy hərbi təhsilinin ikinci ilində ayrılıqlarının 3-cü ilində Səmradan bir mesaj almışdı, özünün adlandırdığı kimi qupquru mesaj idi, “ad günün mübarək”. Nə qədər sevinsə də cavab yazmamışdı mesaja, ona görə yox ki, o, Səmrayla təkrar bir araya gəlməyəcəyini bilirdi, ona görə cavab vermədi ki, o, Atabəyə nəsə daha çox söz yazmalıydı, bu üzr gecikmiş olsa da Səmra Atabəyin ürəyini yumşaldacaq üzrü ona borcluydu. Bircə kəlmə “ad günün mübarək” bu nə demək idi axı, o bilmirdimi bu mənə yetməz, xatirəyə dönmüş birinin varlığını xatırlatmağın gərəksizliyini bilmirdimi? Susuz birinə suyu göstərib verməmək kimi deyildimi? Bu mesajdan sonra Atabəy iki gün telefonu əlindən yerə qoymadı nə Səmra bir kəlmə yazdı, nə də özü... Elə görüb-görəcəyi də o mesaj oldu. Hərdən Atabəy düşünürdü ki, gərək elə həmin mesaja cavab verəydim, aramızda təkrar heç nə olmasa da bir-iki kəlmə bir-birimizdən hal-əhval tutmuş olardıq. Belə düşmən kimi qalmaq da düz deyil, bircə dəfə, heç olmasa ad günlərimizdə-filan danışmaqla ən azından bir az sakitləşmək olardı, səbəbini belə bilmədiyim, varlığımda vərdişə çevrilmiş hüznə kömək edərdi. Hərdən də “yaxşı ki, cavab vermədim, yoxsa köhnə ağrılar təzələnəcək hərə özünü haqlı çıxarmağa çalışacaqdı” düşünürdü. Həm də o dəfn olunmuş olmasa da, sakitcə qəlbinin küncünə çəkilib qalmış bir hissin canlanmasından, çəkdiyi əzabların yenidən yaşayacağından qorxurdu. Atabəy çəkdiyi əzabların ağrılarını indi-indi unutmağa başlayırdı. O, daha sakit, daha güvənli bir həyat istəyirdi. Fırtınalı bir eşq yaşamış birinin ən təbii haqqı deyildimi sakit, güvənli bir həyat? Bu üzdən də o mesaj məsələsinin üstündən ötüb keçdi.

Müəllif: Dilşad Talıbova
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 932
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri