Bir cüt qanad (30-cu bölüm FİNAL)

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 2 768
Səs ver:
(səs: 0)
Tanrı...
Onun varlığına inanırsınızmı?
Yaxşı, bilirəm, çoxunuz buna inanırsız. Amma indi sizdən eyni sualı bir başqa formada soruşum. Deməli, sizə birdən ona qədər ədədlər verib “ Tanrının varlığına olan inancınızı bu rəqəmlərdən biri ilə təsvir edin” – soruşsam, cavabınız neçə olar?
Əgər məndən bu sualı soruşsanız, heç şübhəsiz ki, bir cavabını verərəm, daha doğrusu, verərdim. Çünki hər nə qədər etdiklərimə görə cəhənnəmə layiq görülsəm də, Tanrının yaratdığı iddia edilən mələk-iblislərlə qarşılaşsam da, Onun varlığına inanmırdım. Daha doğrusu, inanırdım, sadəcə bir tamaşaçı qismində rol aldığını düşünürdüm. Səbəbi sizcə də sadə deyilmi? Yaşadıqlarımı, yaşadıqlarımızı düşünün və əminəm ki, mənə haqq qazandıracaqsınız.
Amma indi...
İndi o suala heç düşünmədən yeganə bir cavab verəcəm –
on.
Bəli, Tanrının varlığına olan inancım artıq ondur. Çünki
Onun bir tamaşaçıdan artıq olduğunu gördüm. Urielin əmrləri çeynəyib bir günahsızın həyatını məhv etməsinə, iblislərin Cənnəti ələ keçirmək üçün plan qurmalarına və bu planı həyata keçirərək Cənnətə daxil olub müharibə çıxartmalarına göz yumurdu. Öz rahat taxtından əyləşib, kim bilir, bəlkə də qarşısında iri bir qab partlamış qarğıdalı ilə eyniylə bizim film izlədiyimiz kimi O da bizi izləyirdi.
Ancaq bu belə deyilmiş. Luciferin qanadlarını qazanıb bütün mələkləri paramparça etməyə hazırlaşdığı zaman ortaya çıxması, Lucifer və iblisləri, ardınca isə Urieli cəzalandırması əvvəlki düşüncələrimi altüst etməyə kifayət etmişdi.
Mən?
Mən indi dünyadayam. Və daha da dəqiqləşdirsək, Claranın yaşadığı küçənin sonundakı kiçik şirniyyat dükanına doğru gedirəm. Bilirəm, indi mənim necə burada olduğumu düşünərək beyninizdə ehtimallar yaradırsız. Bəxtiniz gətirib ki, bu gün çox yaxşı günümdəyəm və sizi çox gözlətmədən hər şeyi qısaca danışacam.
Tanrı iblisləri və Baş mələyi cəzalandırdıqdan sonra bütün cəsarətimi toplayıb Ona səsləndim. Parlaq işığının qarşısında gözlərimi aça bilmədiyim üçün necə bir görünüşü olduğundan bəhs edə bilməyəcəm. Amma düşündüyümdən də çox mərhəmətli olduğuna əmin ola bilərsiniz. Ona sahib olduğum qanadları artıq istəmədiyimi dedim. Onları alaraq məni yenidən cəhənnəmə göndərməsini, ancaq əvəzində isə Qızılsaçın heç nə olmamış kimi bütün yaşadıqlarını unudub tək parça halında normal həyatına davam etməsini xahiş etdim. Bilirsiz, nə oldu? Tanrı bunu qəbul etdi. Heç gözləmədiyim bu cavab qarşısında bütün bədənimə inanılmaz dərəcədə böyük sevinc
hissi hakim oldu. Sonrası isə...

Sonrasını xatırlamıram. Gözlərimi açdığım zaman özümü dözülməz işgəncələrə hazırlamışdım ki, ətrafıma baxdım və cəhənnəmdə olmadığımı gördüm. Bir otaqda, daha doğrusu, bir evdə idim. Ən qəribəsi isə artıq hər şeyi hiss edə bilirdim. İstini, soyuğu, ağrını, aclığı...
Sizə Tanrının necə mərhəmətli olduğunu demişdimmi?!
Yaz günəşinin bütün bədənimdə yaratdığı mükəmməl istiliklə artıq şirniyyat mağazasına çatmışdım. Çölə açılan iri pəncərələrinin yanından keçərkən onu gördüm.
Clara...
Önünə düşən qızılı saçları ilə qarşısındakı dəftərə nə isə yazmaqla məşğul idi. Dayanaraq onu seyr etdim. Qələmi vərəqin üzərində ahəngli bir şəkildə hərəkət etdirən incə barmaqlarını, düşüncəli üz ifadəsini, kiçik burnunu, gözəl gözlərini və azacıq yuxarıya doğru qıvrılan dodaqlarını izlədim. Onun hal-hazırda burada - düz qarşımda dayandığına inana bilmirdim. Sonuncu dəfə onu öpdüyümü, o lənətə gəlmiş bıçağı ürəyinə sapladığımı, cansız bədənini qollarım arasına aldığımı xatırladım. Amma indi yenidən həyatdaydı. Yenidən nəfəs alıb, yenidən gülümsəyirdi. Və ən əsası artıq normal bir həyatı olan gənc qız idi...
Uzaqda daha çox dayana bilməyib mağazanın qapısını açdım. Qapının üstündə çalınan kiçik zəngin səsi ilə içəri daxil oldum. Ətrafa yayılmış tünd qəhvə qoxusunu ciyərlərimə çəkdim. Arxası mənə tərəf oturan Claranın saçları, üzərinə düşən günəş şüalarında bir qızıl kimi parıldayırdı.
Yaxınlaşdığım zaman qələmini yerə qoyduğunu və önündəki kiçik masanın ətrafında əyləşərək çayından bir qurtum içən yaşlı qadını izlədiyini gördüm.

“ Ömür-gün yoldaşı ilə mükəmməl bir həyatı olduğuna əminəm. Artıq onu itirdiyinə görə yalnızlığa və onsuzluğa öyrəşmək üçün tez-tez bura gəlib sakit bir şəkildə çayını içərək xəyallara dalır.” – dedim Claranın qarşısına keçərək.
“ Mən də elə...” – dayandı. Səsi üçün o qədər darıxmışdım ki... “ Bu barədə düşündüyümü necə bildiz?”
Güldüm. “Tanımadığım insanlara baxıb onların həyatlarını təxmin etməyi sevirəm.” – deyə bir zamanlar Qızılsaçın eyniylə mənə verdiyi cavabı özünə qaytardım. “ Bu, mənə milyardlarla fərqli insan və milyardlarla fərqli həyatın qarşısında bizim bir toz dənəciyi qədər kiçik olduğumuzu və gözümüzdə böyütdüyümüz problemlərin bəziləri üçün bir hədiyyə ola biləcəyini xatırladır. ”
“ Sən axı...” – bir tutam saçı üzündən çəkib gülümsədi. “ Biz səninlə tanışıq? Çünki ilk dəfə gördüyümə dair and içə bilərəm. Ancaq mənə elə gəlir ki, səninlə əvvəllər haradasa qarşılaşmışıq. Yəni mən heç...”
“ Ah Qızılsaç, sən hər zaman belə səbirsizsən?” Əlimi irəli uzadaraq özümü təqdim etdim. “ Raymond... Raymond Harris.”
İncə barmaqları ilə əlimi tutaraq gülümsədi. “ Clara Pedersen.”

Yazar: Murad Cəfərov
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 768
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri