Sənə yazmadım, Səni yazdım (14-cü bölüm)

Müəllif: Diablo
Şərhlər: 0
Baxılıb: 1 983
Səs ver:
(səs: 0)
Moskva ana və qıza çox yaxşı təsir eləmişdi, ikisi də yaşadıqlarını unutmuş kimiydi, kreml, Moskvanın ucsuz-bucaqsız parkları, ecazkar meşələri elə gözəliydi ki, burdakı
gözəllikdən valeh olan Səmranın bir anlıq ağlına gəldi ki,
belə gözəl mənzərəli yerlər heç də dərd çəkmək üçün deyil. Əminənin nikbin əhvalı Nailəyə də keçmişdi, ölçülübiçili Nailə elə bil xeyli dəyişmişdi, sanki burda daha sadə,
daha rahat idi. Bu aramsız gəzintilər hər gün davam edir,
evə gəldikdən sonra isə ayrı cür zövq alırdılar. Əminənin
Səmranın uşaqlığıyla bağlı söhbətləri bitib-tükənmirdi.
Əslində, Səmra özünün düşündüyü qədər də sakit uşaq olmayıbmış. Xalası anlatdıqca qəhqəhələrin, gülüşlərin səsi
qalxırdı. Amma belə səs-küylü anlarda belə Səmranın yavaşca cibindən telefonu çıxarıb baxması və üzünün mimikası belə dəyişmədən heç nə olmamış kimi telefonu təkrar
cibinə qoyması nə anasının, nə də xalasının nəzərindən yayınırdı.
Burda olduqlarının artıq altıncı günüydü, xala inadla
Səmrayla bir otaqda yatmağını istəyəndə anasıyla Günel
bir otaqda, Səmrasa Günelin yatağında yatası oldu, xalasıyla yatmaq Səmra üçün nə qədər xoşuydusa Günel üçün
də belə maraqlı xalayla yatmaq ondan az xoş deyildi. Nailə
maraqlı əhvalat, kino, kitab, nağıl, o yaşda uşağın maraqlanacağı nə varsa hamısını, çox şirin-şirin bu qıza anladırdı.
Əminə xala yatağında balışa dirsəklənib bir az Səmraya
yad olan ciddi ifadəylə:
– Səninlə söhbət etmək istəyirəm, – dedi.
Səmra:
– İstəyirsən, edək, – deyib, ürəyində söhbətin nə haqqında olacağını təxmin etdi, “yəqin anam mənim haqqımda
nəsə danışıb xalama” fikirləşirdi ki, xalası sözə başladı:
– Səninlə açıq danışmaq istəyirəm... Hələ siz Bakıda olanda anan mənə hər şeyi danışıb, – sonra bir az da
ciddiləşərək davam etdi: – Sənə ağıl vermək kimi niyyətim,
əlbəttə ki, yoxdu, sənin kifayət qədər ağıllı qız olduğunu
məndən yaxşı heç kim bilməz, uşaqlığın gözümün önündə
keçib. Səninlə, sadəcə, söhbət etmək istəyirəm öz həyatımı
anlatmaq istəyirəm sənə, bilmirəm niyə, amma danışmaq
istəyirəm. Bəlkə də ilk və son adam olacaqsan ki, həyatımı
beləcə danışıram. Anamı çox kiçik yaşımdan itirdiyimdən
anan mənə ikinci ana oldu. Onu nə qədər çox sevdiyimi
ifadə edə bilmərəm, anan məni 15 yaşımdan Gəncədən
gətirib, yanında saxladı, hazırlıqlara qoydu, universitetə
girməyimə və universiteti müvəffəqiyyətlə bitirməyimə, bu gün həkim kimi fəaliyyət göstərməyimə – hər şeyə görə
anana borcluyam. Hələ atana duyduğum minnət borcunu
demirəm, sənin atan əvəzsiz insandı. Ən kamil şəxsiyyət
nümunəsidi mənimçün. Bəs mən neylədim onlara? Elə birini tanıyıb sevdim ki, hər şeyi unutdum, gözümə heç nə
görünmürdü, ətrafda hər şey dumanlı görünürdü gözümə.
Özümü elə yüksəklərdə hiss edirdim ki... Düşünürdüm ki,
heç kimsə məni bu qədər sevməz, heç kimsə onun qədər
anlamazdı məni... Qəhrəman etmişdim onu gözümdə, ilk
dəfə onu ananla tanış edəndə, anan mənə “xoş adamdı,
amma bu adam sənin tayın deyil” dedi. Bu sözü nə üçün
dediyinin səbəbini belə soruşmağa gərək duymayacaq
qədər sevdim onu... Sevgi bilirsənmi nədir? Ən acı iztirabların, ən dəhşətli əzabların mənbəyidi. O əvvəlcə insanı
xoşbəxtlikdən öldürəcək bir hiss yaşadır, sonra da tam əksi...
səni bədbəxtlikdən öldürəcək bir əzaba sürükləyir. Səni
dəfələrlə öldürüb dirildir. Sonra bu insanla münasibətlərim
çox sürətlə irəli getdi, onlar bizə elçi gəldi və mən sənin
atana onu sevdiyimi, ondan başqasına ərə getməyəcəyimi
söylədiyimdə atan, anan istəməsələr belə mənim evliliyimə
razılıq verdilər. Valideynlərim həyatda olmasa da atanla
anan mənə gərçək valideyndən artıq olublar. Və mən bu insanların narazı baxışlarını, mənim üçün arzularını bilə-bilə
görməzlikdən gəldim. Və biz evləndik, tanımadan, bilmədən
ailəmi, işimi – o vaxt atan məni Bakıda yeni açılan klinikaya işə düzəltmişdi – hər şeyi arxamda buraxıb getdim. Elə
evliliyimizin ilk günlərində baxışlarımızın, dünyalarımızın
nə qədər fərqli olduğunu anlamağa başladım. Yanlış insanı sevəndə bütün həyatın yanlış olur. Bu insan da mənim
üçün yanlış oldu, onun öz mühiti, qanunları, öz doğruları
varıydı və bu da yavaş-yavaş məni boğmağa başladı. Ən birinci “işləməyəcəksən” deyə qoyduğu şərt mənimçün nə
qədər dözülməz olsa da sevgimin, ailəmin xətrinə dözdüm,
mən onu sevirdim, “sevgi hər şeyin öhdəsindən gələcək”
– deyə düşünürdüm. Sevgi adlandırdığım şey hər nə idisə
indi onu nifrətlə xatırlamadan keçə bilmirəm. – O, diksinirmiş kimi azacıq gülüb başını yellədi, sonra söhbətinə davam etdi. – Sevgi səni zövqün, həzzin, ən əsası xoşbəxtliyin
ən ali zirvəsinə qaldırır, o zirvə ki, sən bu zirvəni ömründə
görməyibsən, heç təsəvvürün belə olmayıb ki, insan bu
qədər xoşbəxt olarmı? Və həmən sevgi səni qaldırdığı kimi
də təpəsi üstündən tullayır. Başın bu zirvədə xoşbəxtlikdən
elə gicəllənir ki, verdiyin qurbanlar gözündə xırda zərrəcik
kimi görsənir, amma bu qurbanların sayı çoxaldıqca qarşındakı kiçilir. Sevgin əvvəlki qüdrətini itirməyə başlayır. Sən
sırayla ona istədiklərini verərsən, o da ala biləcəyi hər şeyini alar səndən, qürurunu, özünə inamını, özünə hörmətini
alar, dönə-dönə bağışlayarsan, sarılarsan, axı insanıq, əzab
çəkməkdən qorxarıq. Onsuz qalmaqdan qorxarıq. Bilirsənmi zaman-zaman hər şeyi unudub, hətta xəyanətini
belə unudub sevgimə, ailəmə sahib çıxmaq istədim, amma
qəlbin gözəllikləri hər vurulmuş yarayla yavaş-yavaş yoxa
çıxar, azalar. Sən verdiyin qurbanlar üçün, vaz keçdiyin
şeylər üçün mükafat gözləyərsən, o isə bağışlandıqca başqa
həyəcan axtarışında olar. Nə qədər cəhd etsən də alınmaz
ki, alınmaz. Bax beləcə bu adam həyatımı həbs etmişdi, evliliyimizin 3-cü iliydi, Günelin belə həyata gəlişi bu insanı
evə bağlamadı, artıq gecələr də evə gəlmirdi. Bu adamın
gözümdə dəyərinin itməsilə öz gözümdən düşdükcə düşürdüm, özümə olan güvənimi itirirdim. Günel olmasaydı
bəlkə intihar belə edərdim, artıq yaşamaq dözülməz hala
gəlmişdi, bu insanı özüm seçdiyim üçün anangilə bir söz də deyə bilmirdim. Amma bacım arif adamdı, nələrinsə
düz getmədiyini bilib gəldi yanıma, əvvəl-əvvəl gizlədim,
sonra öz gözlərilə şahid olduğu həyatımın qərarı artıq onun
əlindəydi, ilk təklifi o oldu ki, bu adamla ayrılım və onunla
Bakıya gedim. Ayrılmaq mənimçün ən ağıllı yol oldu, bu
əzaba son qoymalıydım, belə də etdim. 3 il Moskvada olmağıma baxmayaraq burda heç kimi tanımırdım, yəni anlayacağın nə dostum varıydı, nə tanışım. Boşanma məsələsilə
atanın burda vəkil tanışı varıydı, o, məşğul oldu, və çox tez
bir zamanda boşandıq. Amma Bakıya qayıtmaq istəmirdim,
seçimimdən, valideynlərinin fikirlərinə sayğısızlığımdan
dolayı atanın üzünə çıxa bilməzdim, xəcalət çəkirdim olanlar üçün. Anana “Bakıya yox, Gəncəyə gedim, ya da burda
qalım” deyəndə o, vəziyyəti çox gözəl başa düşdü. Gəncədə
mənə necə çətin olacağını anan da, mən də yaxşı bilirdik,
uzun zaman doğma yerindən oxumağa gedəsən, sonra da
qucağı uşaqlı boşanmış halda qayıdasan, kiçik şəhərdi, hər
kəs tanıyacaq, çoxusu qınayacaq, hər tərəfdə şübhəli baxışlar, bu da dərdinin üstünə bir dərd gətirəcəkdi. Bu üzdən
də anan Gəncəyə getməyin ağıllı fikir olmadığını söylədi,
atanla telefonda uzun-uzadı məsləhətləşdikdən sonra mənim burda qalmağıma razılaşdılar. Və az müddət sonra burda atanın tələbə yoldaşının klinikasında cərrah işləməyə
başladım. Ayrılar-ayrılmaz atan bu gördüyün evi mənə aldı,
və beləcə məni öz başıma açdığım bəlalardan xilas etdilər.
Valideynlərin uzaqgörən olduqları qədər də xeyirxah insanlardı, gözəl Səmram, – deyib gözlərindən axan yaşı silib
söhbətinə davam etdi, – həyatı dərk edəndən atanın mənə
etdiyi yaxşılıqları sadalamaqla bitməz, yaxşılıq çox adam
edər, ancaq ən əsası, yaxşılığın ən ali nöqtəsi sona qədər
yaxşı olmaqdı. Bax bu fərqli yaxşılıqdı. Atan da mənə sona qədər yaxşı oldu. O üzdən də mənim üçün bu dünyada etimad ediləsi bir nəfər varsa o da sənin atandır. O tükənməz
sevgi peşmançılıq, təəssüf hissilə bitdi. Ayrılan zaman
bilirsənmi son sözü nə oldu? “Ayrıldıq deyə öləsi deyilik,
unutmamalıyıq ki, ilk ayrılan da biz deyilik”. Vəssalam. Bir
zamanlar əlini tutmağa cəsarət edə bilməyən, sənin barmağına toxunanda xoşbəxtlikdən gözləri parlayan insan səni
bir soyuq baxışla süzər gedər.
Səmra xalasını az qala nəfəs almadan, səssiz-səmirsiz
dinləyirdi. Xalasının danışdıqları, həyatı, anasıgilin xalası
üçün elədikləri, hamısı onda qəribə çaşqınlıq yaratmışdı.
Ən çoxu da belə nikbin əhval-ruhiyyədə olan insanın qəlbində ağrını, şikayət etmədən, deyinmədən gizləməsi onu
heyrətləndirmişdi. 6 gündü deyib-gülən, söz-söhbətindən,
hərəkətindən qayğısızlıq yağan xalaydımı? Bir insan necə
gizlədər içindəkiləri? Xalanın yenidən danışmağa başlaması onu fikirlərindən ayırdı.
– Ağıllı qızım, danışdıqlarımı, sadəcə, xalanın dərdləşməyi kimi başa düş, mən, sadəcə, öz həyatımı danışdım,
istədim biləsən, bununla belə, bil ki, həyatımda baş verənlər
üçün özümü bədbəxt hiss etmirəm, şükürlər olsun ki, Günel var. Mən anayam. Heç bir eşq analıq məhəbbətindən
üstün deyil. Vəssalam, bir də elə başa düşmə ki, o oğlandan ayrıl deyirəm, bəlkə də onunla həqiqətən yaxşı olacaq,
hamıya eyni tale yazılmır ki... bircə onu demək istəyirəm
ki, – səsini bir az da yumşaldıb Səmranın əllərindən tutdu, – onu demək istəyirəm ki, qısamüddətli zövqü uzun
müddətli məqsədlərə qurban vermə, gəlib-keçici bir hiss
üçün həyatını alt-üst etmə, bu riski gözə almağa dəyməz.
Çox düşün, sonra qərar ver.

Müəllif:Dilşad Talıbova[/i]
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 983
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri